İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyanla işləməyin xəfif sirri

3100 20.06.2023 09:01 Yazarlar A A

 

Gör, neçə ildir açılıb, işləyir, amma mən hələ Şahdağ Yay-Qış Turizm Kompleksində olmamışam. Qış turizmindən xoşum gəlmir, uşaq vaxtı qar yağanda sürüşdüyümdür, amma ən pisi odur ki, yayda da Şahdağa getməmişəm.

Bunun çox üzrlü səbəbləri var, düz 40 dənə. Birincisi odur ki, Şahdağdakı turizm kompleksinin tariflərinin çox, olduqca, fantastik bahalı olduğu barədə çoxsaylı informasiyalar almışam, fikirləşmişəm ki, o pulun yarısına xarici ölkədə dincəlmək olar. (Yerdə qalan səbəbləri saymasam da olar).

Amma yayda da, qışda da Şahdağın füsunkar qiynundakı istirahət-əyləncə mərkəzində olanlar and içirlər ki, hər iki sezonda iynə atsan, orda adam əlindən yerə, qara, ora-bura düşməz. Demək, heç də hamı bizim kimi tarif haqq-hesabı eləmir, deyir, 3-5 min xərc çıxacaq, cəhənnəmə çıxsın, həyata bir dəfə gəlirik, pul da var, gedək xərcləyək, kanat vaqonetkasına minək, xizəkdə sürüşək, hokkey oynayaq.

Bir sözlə, oralar kasıb işi deyil. Kasıbın qışdan, qardan zəhləsi gedər. Çünki ya arıq canıyla buzlamış səkidə yıxılıb qıçını-qolunu qıracaq, qazandığını aparıb verəcək travmatoloqlara, ya da qapısının ağzında köhnə maşınını gəlib vuracaqlar, yaxası qalacaq ustaların əlində.

İndi bir halda ki, Şahdağ Yay-Qış Turizm Kompleksi varlıların, imkanlıların məskənidir və onlar hər il orda bir ətək pul xərcləyirlər, nədən bu kompleks ziyanla işləsin?

Belə bir məlumat yayılıb. Özü də fərqli rəqəmlər səslənir, guya ki, kompleksin indiyədək düşdüyü ziyan 100 milyona çatmaq üzrədir. Kompleks təkcə bu il 8 milyon 687,5 min manat xalis zərər edib.

100 milyon gözünüzə çox göründüsə, güclü valyutaya çevirək, anlaşıqlı olsun. Bu, 50 milyon avroya bərabərdir. 50 milyon avro heç Avropada da balaca pul deyil.

Bəs bu xizəklə sürüşənlərin, qarda dombalaq aşanların, otellərdə sevgili cananlarla gecələyən səxavətli oğlanların ödədikləri pul hara gedir?

Bir şey ki, İsveçrədə, Avstriyada, Almatıda, Türkiyənin Uludağında qış tətili bundan ucuzdur, hər şey məhz burada bahadır, bəs necə olur ki, onlar gəlirlə işləyirlər, bunlar ziyanla? Babat iqtisadçı lazımdır ki, paradoksi izah eləsin.

Nədir, yoxsa xizək cütləyənə, vaqonetkaya adam mindirənə, oteldə təmizlik işlərinə baxana, kokteyl düzəldənə ayda 5 min avro maaş verirlər? Elə olsa da, ziyan 50 milyon avro olmaz, uzağı 50 min olar.

Sosial şəbəkədə bu barədə yazılan statusun altına bir nəfər belə bir şərh yazıb: “Bir dəfə getmişəm, getdiyimə də pesmanam. Pul tələsindən basqa bir sey deyil. Ox atirsan, adi bildiyimiz ox, 1 atış 10 manatdır. Vuranda da hədiyyə yoxdu. Qaqaşa deyirəm, qaqa, gedəndə oxu özümüzlə aparırıq ki? Bu nə qiymətdir?”

Əlbəttə, oxverən qaqaşda günah yoxdur, ona deyiblər ki, müştəriləri bu qiymətə loxlayacaqsan, o da həm oxlayır, həm də loxlayır. “Pulları çoxdur, ox yeyirlər, neçə desən, verəcəklər, bas getsin”, - təlimat təxminən belədir.

Amma necə olursa, obyekt ziyanla işləyir. Belədirsə, ta keçib, qeyri-rentabelli müəssisəni saxlamağın adı, mənası yoxdur, bağlasınlar, qayıtsınlar şəhərə, toyxana açsınlar. Toyxanada ziyan yoxdur. Bir gecədə 100 min manat qabağa düşənlər var. Hansı şadlıq sarayından dınqıltı səsi gəlirsə, bilin ki, sahibi gecədə ən azı 10-15 qabağadır.

Düzdür, belə saraylar çoxalıb deyə, bəziləri rəqabətə davam gətirə, çox qazana bilmirlər, amma onlar da işin çəmini tapırlar, iaşə müəssisənin profilini dəyişib edirlər mərasim evi. Məsrəfi, təmtərağı az olduğuna görə daha çox xeyir qalır. Allahdan, məmləkətdə evlənəndən çox ölən var, müştəri korluğu yoxdur.

Tərs kimi, bir sözügedən turizm kompleksi deyil, başqa dövlət şirkətləri, konsernləri, iri holdinqlər də tez-tez ağlaşma qururlar ki, guya ziyanla işləyirlər – hamısı da milyon-milyon. Az ziyanla işləyən yoxdur, hamısının ziyanı 10 milyonun üstündə olmalıdır.

Bu, nə ölkədir, bu nə bazar iqtisadiyyatdır? Hansı mənfur, çürüməkdə olan kapitalist ölkəsində ziyanla işləyən müəssisəni saxlayarlar, ziyana düşməkdə davam edərlər? Heç birində. Müəssisə ziyan gətirirsə, ləngimədən ya bağlayırlar, ya da elə bir islahat aparırlar ki, gəlirlə işləməyə başlayır.

Bir oxumuş adam var, deyir, qardaş, sən belə nağıllara inanma, onlar əslində milyon qazanırlar, amma özləri qəsdən belə məlumat yayırlar ki, dövlətə vergi verməsinlər. Mən də deyirəm, a kişinin oğlu, verəcəkləri vergi o tərəfə dursun, milyon-milyon dotasiya alırlar dövlətdən, əsas məsələ budur.

Bir nəfər də var, deyir, istənilən ziyanla işləyən şirkəti, konserni, holdinqi versinlər, onu yarım ilə gəlirlə işlətməsəm, dədəmin verdiyi çörək haramım olsun.

Bunu deyən adama yaxşı bələdəm, 20 ildir bizneslə məşğuldur, həmişə gəlirlə işləyib, arada, təhlükəsizlik generallarının bərk gedən vaxtında ziyan etdiyi də olub, amma özünü tez düzəldib. Adını çəkərdim, qorxuram işlətməyə şirkət verdikləri deyil, elə yerə apararlar ki, ziyana düşər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR