İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzur dəhlizinin açılmasında maraqlı dövlətlər də Ermənistanın cığallığına dözməyəcək”-siyasi şərhçi

794 05.01.2023 14:55 Siyasət A A


“Paşinyanın yeni il müraciətində daha çox 2022-ci ildə Ermənistanın diplomatik uğurlarına işarələr var idi. Ermənistanın hökumət başçısı belə hesab edir ki, Qarabağda yaşayan ermənilərin durumunu və onların “öz müqəddəratını təyinetmə haqqı”nı dünya ictimaiyyətinə çatdıra biliblər”.

Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Qeyd edək ki, Nikol Paşinyan yanvarın 5-də hökumətin iclasında növbəti dəfə destruktiv mövqeyi ilə diqqət çəkib. “Laçın dəhlizinin davam edən blokadası Dağlıq Qarabağda və Laçın dəhlizində beynəlxalq faktaraşdırıcı missiyanı daha da zəruri edir”-Paşinyan avantürist, heç bir əsası olmayan iddia ilə çıxış edib. 

Baş nazirin sözlərinə görə, bu istiqamətdə səy göstərmək lazımdır. “Ermənistan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara, habelə bu bəyanatlarda qeyd olunan 6 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüşün razılaşmalarına sadiqdir,”-deyə vurğulayıb. Paşinyan deyib ki, “Qarabağ xalqı”na qarşı “humanitar böhran”ın aradan qaldırılmasında dəstək olmaq üçün işçi qrup yaradılıb və bu qrup artıq bir neçə görüş keçirib və mövcud vəziyyətdən irəli gələn humanitar qərarlar qəbul edib. Ermənistanın baş naziri əlavə edib: “Və o, öz fəaliyyətini nə qədər lazımdırsa, davam etdirəcək”.

Qafar.jpg (15 KB)

N.Paşinyanın Yeni il müraciətinin ardınca hökumətin iclasında da səsləndirdiyi iddialar gərginliyin tətiklənməsinə xidmət edir heç şübhəsiz. Q.Çaxmaqlının sözlərinə görə, şübhəsiz ki, Ermənistan bu il də məsələnin beynəlmiləlləşdirilməsi, beynəlxalq birliyin diqqətini özünün avantürist iddialarına cəlb etmək istiqamətində siyasət aparmağa ümidlidir: “Ermənistan Qarabağı Azərbaycanın tərkibində görsə və bunu dilə gətirsə də, bütün münasibətlərin bununla bağlı olacağı görüntüsü verir, yəni Azərbaycanla bütün danışıq və razılaşmalarda Qarabağda yaşayan ermənilərin durumu ələ alınacaq. Bu mənada müharibədən sonra gözlənilən sülh prosesini mümkün qədər uzatmağa çalışır. Zəngəzurdan Naxçıvana açılması nəzərdə tutulan yolun və ya dəhlizin də Qarabağdakı ermənilərin haqları ilə bağlı olduğu ovqatı yaradır və dediyim kimi, bu məsələni erməni diplomatiyasının uğuru kimi qələmə verməkdədir. Amma unudulur ki, 10 noyabr 2020-ci il razılaşmasında bu dəhlizin açılması öhdəliyi var və Azərbaycanın da səbri tükənir”. Q.Çaxmaqlı qeyd etdi ki, Zəngəzur dəhlizinin açılmasında maraqlı dövlətlər də Ermənistanın bu cığallığına dözməyəcəklər: “Məncə, 2023-də Ermənistanı bu işə məcbur etmək tədbirləri işlənməlidir. Yoxsa müəyyən gözləntilər içərisində olan bu ölkə sülh və sabitlik prosesinə zərbələr vurmaqda davam edəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR