İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi ya açılacaq, ya açılacaq - Prezidentin “nida” kimi mesajının şifrələri

1886 06.01.2023 08:54 Siyasət A A

Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılar Azərbaycanı “Dəmir yumruq”a əl atmağa vadar edirlər

Prezident İlham Əliyevin Yeni il müraciətində bir çox mühüm məqamlar var. Bu yazıda onlardan ikisi barədə yazmaq qərarına gəldik. Dövlət başçısı Ermənistanla imzalanacaq sülh müqaviləsi haqda danışarkən deyib ki, oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb: “Hesab edirəm ki, bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər”. Dövlət başçısının daha bir mühüm mesajı Zəngəzur dəhlizi ilə bağlı dediklər oldu. Prezident bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.

Azərbaycanı əsassız yerə Laçın yolunu bağlamaqda ittiham edən Ermənistan və Qarabağdakı separatçılar özləri-özlərini təkzib edirlər davamlı şəkildə. Elə Laçın yolundan hər iki tərəfə humanitar məqsədlərlə keçən yük maşınları və minik avtomobilləri ilə bağlı xəbərləri, o cümlədən xəstələrin maneəsiz daşınmasını tirajlamaqla saxtakarlıq etdiklərini dünyaya yayırlar. Bu arada, Qarabağda cinayətkar fəaliyyətini davam etdirən Ruben Vardanyan bu dəfə “havalı” açıqlama verib. Musavat.com erməni mediasına istinadən bildirir ki, separatçıların başçısı bu dəfə başından böyük danışaraq Xankəndi hava limanının açılması zərurətindən danışıb. “Biz əminik ki, hava dəhlizinin açılması vəziyyəti həqiqətən də köklü şəkildə dəyişə biləcək qərardır”- Vardanyan Ermənistan mediasına deyib. Onun sözlərinə görə, Xankəndi hava limanı orta ölçülü təyyarələri qəbul etməyə hazırdır. “Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək. Bu vəziyyətdə qış aylarında normal şəraitdə yaşamağa imkan verəcək yeganə çıxış yolu hava körpüsünün açılmasının mümkünlüyüdür”, - R.Vardanyan bildirib.

Xatırladaq ki, Xocalı rayonu ərazisində yerləşən hava limanı artıq 31 ildir ki, fəaliyyətini dayandırıb. Ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər, amma bu vaxta qədər oradan uçuşlar həyata keçirilməyib. Bir neçə dəfə buna cəhd etsələr də, Azərbaycanın beynəlxalq təşkilatlara sərt xəbərdarlıqları ermənilərin arzusunu gözlərində qoyub. Görünür, pulu çox olsa da, siyasətdə naşı olan Vardanyan Serj Sərkisyanın hələ prezidentliyi dövründə dilə gətirdiyi “Xankəndi hava limanına enəcək təyyarənin ilk sərnişini olacağam” - arzusunun gözündə qalmasından bixəbərdir.

Bütün bunlar Azərbaycanı növbəti dəfə “Dəmir yumruq”a əl atmağa vadar etmək niyyətində olduqlarını ortaya çıxarır. Bu yerdə qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan isə müraciətində regionun gələcəyinə mühüm töhfə verə biləcək sülh razılaşması və üzərlərinə götürdükləri Zəngəzur öhdəliyi haqda bir cümlə də danışmayıb. Halbuki ölkəsi üçün bundan vacib heç bir mövzu yoxdur, ya da digər məsələlərin həlli birbaşa və ya dolayısı ilə məhz sülh müqaviləsindən asılıdır. Xalqın güzəranının yaxşılaşdırılması, regionun inkişafı da, iqtisadi potensialın artması da həm sülh müqaviləsinin imzalanması,  həm də regional kommunikasiyaların açılması ilə bağlıdır. Amma bunlara rəğmən Paşinyan çıxışında erməni xalqına heç də tam aydın olmayan bir mesaj verib. Ermənistanın baş naziri “regiondakı vəziyyətlə bağlı bütün erməni xalqının düşünməsi üçün müstəsna vaxt yetişib” deyib.

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

“Laçın dəhlizinin davam edən blokadası Dağlıq Qarabağda və Laçın dəhlizində beynəlxalq faktaraşdırıcı missiyanı daha da zəruri edir”. Bunu isə Nikol Paşinyan yanvarın 5-də hökumətin iclasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə səy göstərmək lazımdır. “Ermənistan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara, habelə bu bəyanatlarda qeyd olunan 6 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüşün razılaşmalarına sadiqdir”, - deyə vurğulayıb. Paşinyan deyib ki, “Qarabağ xalqı”na qarşı “humanitar böhran”ın aradan qaldırılmasında dəstək olmaq üçün işçi qrup yaradılıb və bu qrup artıq bir neçə görüş keçirib və mövcud vəziyyətdən irəli gələn humanitar qərarlar qəbul edib. Ermənistanın baş naziri əlavə edib: “Və o, öz fəaliyyətini nə qədər lazımdırsa, davam etdirəcək”. Bu da erməni baş nazirin qeyri-konstruktivliyinə daha bir nümunə...

 Maraqlıdır ki, Amerikanın nüfuzlu “Foreign Policy” nəşrinin ekspertləri bugünlərdə yayılmış sensasion hesabatında Paşinyandan fərqli olaraq Zəngəzur dəhlizinin əhəmiyyəti haqda da söz açıblar. Amerikalı analitiklər hesab edirlər ki, Zəngəzur dəhlizinin reallaşdırılmasına dair sazişlərin həyata keçirilməsi regionda iqtisadi vəziyyəti yaxşılaşdıracaq, ticarətin genişləndirilməsi üçün yeni imkanlar açacaq, həmçinin Qarabağ kimi “incə məsələnin tezliklə həllinə öz təsirini göstərəcək”. Göründüyü kimi, Prezident region üçün vacib olan iki mühüm məsələdən danışsa da, Paşinyan susmağa üstünlük verib. Bu o anlama gələ bilərmi ki, 2023-də Ermənistanı sülh müqaviləsini imzalamaqdan yayınmağa ümid edir? Zəngəzur dəhlizi ilə bağlı Prezidentin “Ermənistan istəsə də, istəməsə də” əminliyinin şifrələri nələrdir?

Bakupost.az - Bu, böyük qayıdış üçün vacibdir - Arzu Nağıyev

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında dövlət başçısının fikirlərinin mühüm əhəmiyyətə malik olduğunu söylədi: “Cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama tək Ermənistana və ya onların havadarlarına deyil, dünya ictimaiyyətinə bir mesajdır. Dəfələrlə qeyd edilib ki, məhz Zəngəzur dəhlizi tək iki dövlətin istəyi ilə reallaşan məsələ kimi düşünülməməlidir, bu, artıq bütün dünya iqtisadiyyatına töhfə verəcək bir məsələdir, reallaşması mütləqdir və belə də olacaqdır. Sadəcə olaraq, ermənilər nəzarət mexanizmini öz əllərində və ya havadar qüvvələrin əlində saxlamağa çalışırlar, bu isə mümkün olmayan bir işdir. İstər Çin, istər ABŞ və ya digər super güclər Ermənistanın istəyi ilə iqtisadi münasibətlər qurmurlar, hər dövlətin öz maraq və məramları var. Bundan başqa, dünyanın aparıcı analitikləri 2023-cü ilin məhz Türk Dövlətləri Təşkilatı və GUAM-la işbirliyi qurulmasını ön plana çəkirlər. Təbii ki, regional konfliktlər nəzərə alınacaq və maneə törədə biləcək istənilən addımlar lokallaşdırılacaq”. A.Nağıyevin sözlərinə görə, buraya təbii ki, Ermənistan da daxildir: “Ermənistan və ya Fransa, başqa dövlətlər tərəfindən verilən qeyri-adekvat bəyanat və addımları da bura aid etmək olar”. Deputat istisna etmir ki, Zəngəzur dəhlizinin açılması son nəticədə hərbi yolla da reallaşa bilər: “Zəngəzur dəhlizinin açılması tək regionda deyil, ümumiyyətlə, dünyada istər Avropada, Asiyada, hətta bu gün ən maraq doğuran region olan Afrikada belə iqtisadi vəziyyətin yaxşılaşmasına xidmət edəcək və ticarət imkanlarını daha da artıracaq. Deməli, əsas məsələ tezliklə sülhün imzalanmasından keçir. Bunun əngəllənməsinə, müxtəlif bəhanələr gətirilə bilər, lakin bütün hər bir verilən bəyanat faktlara əsaslanmalıdır”. A.Nağıyevin fikrincə, Paşinyan ilk növbədə daxili auditoriyanı sakitləşdirməli, sonra da Rusiya ilə bağlı qeyri-adekvat addımlardan çəkinməlidir: “Ermənistanın baş naziri Fransanın regiona gələcəyinə xalqını inandırmağa çalışsa da, bunun çıxış yolu olmadığını dərk etməlidir. Bir sözlə, regionun gələcək inkişafı məhz Azərbaycanla bağlıdır və bunu da Ali Baş Komandan öz çıxışında bildirdi”.

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov

Strateji Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılovun sözlərinə görə, birmənalı şəkildə aydın olmalıdır ki, Ermənistanın sülhdən başqa heç bir yolu yoxdur: “Ermənistan hazırda işsizliyin və yoxsulluğun səviyyəsinə görə dünyada lider ölkələrdən biridir. Eyni zamanda Ermənistanın bütün dilənçiliklərinə rəğmən əvvəlki formada yardımlar ala bilmir. Qarabağın işğaldan azad olunması ilə Ermənistan dövlət büdcəsinə daxil olan qeyri-leqal gəlirlərin bir çoxu sıradan çıxdı. Belə olan təqdirdə Paşinyan hakimiyyətinə də yaxşı bəllidir ki, Azərbaycanla sülhə alternativ yoxdur. Azərbaycanla sülh həm də Ermənistanın Türkiyə ilə yaxınlaşması deməkdir. İki sərhəd ölkə ilə ədavət və əbədi düşmənçilik bir ölkəyə yaxşı nə perspektiv vəd edə bilər ki? Sadəcə olaraq, Ermənistan daxilində ictimai fikir faşizmdən və türk düşmənçiliyindən uzaqlaşdırılmağı üçün heç bir ideoloji iş aparılmır”. T.İsmayılov həmçinin əlavə etdi ki, müxalifət radikal milliyyətçiliyin Ermənistan cəmiyyətində trend olmağını öz mövcudluğu ilə ekvivalent görür: “Paşinyan hakimiyyəti isə xalqdan qorxduğu və çəkindiyi üçün inqilabi addımlar ata bilmir. Həmçinin Azərbaycanla sülh Ermənistanın türk dünyası ilə münasibətlərində böyük bir yeniliklər vəd edir. Tarix boyu Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə maşa kimi istifadə edən qüvvələr sülhü sabotaj etmək istəyirlər. Bu baxımdan Ermənistanı sülhdən yayındırmaq üçün bütün vasitələrdən istifadə edəcəklər”. Politoloq bildirdi ki, eyni zamanda Zəngəzur dəhlizi regional faktor deyil, həm də qlobal kommunikasiya layihəsidir: “Bu layihənin gerçəkləşməsində bütün böyük güclər öz maraqlarını artıq ehtiva edib. Zəngəzur dəhlizi təkcə Azərbaycanın digər regionları ilə Naxçıvan arasında quru əlaqəsi deyil, həm də postpandemiya dövrünün mühüm iqtisadi gələcəyidir. Cənab Prezident dəfələrlə bildirib ki, ya xoşluqla, ya da zorla Zəngəzur dəhlizi açılmalıdır. Bunun başqa heç bir şərhi yoxdur. Bütün basqılara rəğmən, Azərbaycan layihə ilə bağlı artıq işlərə başlayıb, Zəngəzur dəhlizi mütləq formada reallaşacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR