Koronavirus pandemiyası dünyada öz arealını genişləndirməyə davam edir. Daha çox yoluxucu sayılan virusun Britaniyadan yayılan yeni forması artıq 50 ölkədə açşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib. ÜST qeyd edib ki, dünyada bir həftə ərzində rekord sayda - 5 milyona yaxın insan COVİD-19-a tutulub.
Koronavirusdan ölənləri yandırmaq üçün Almaniyada artıq yer qalmayıb. İngiltərə isə pandemiyanın başlamasından bəri ən ağır günlərini yaşayır. Londonda fövqəladə vəziyyət elan edilib. Braziliya xəstəxanaları artıq xəstə axınının öhdəsindən gələ bilmir. Xəstələr evlərində ölürlər. Koronavirusla bağlı çətin vəziyyətə səbəbindən Fransa hökuməti komendant saatının uzadılmasına qərar verib. Ölkədə 15 dekabrda tətbiq olunan məhdudiyyətlər 20 yanvar tarixinədək qüvvədə olacaq.
Karantin rejimi ilə bağlı Ukraynada da məhdudlaşdırıcı tədbirlər 24 yanvaradək qüvvədə olacaq. Hollandiyanın Baş naziri Mark Rutte isə ölkədəki ümumi təcrid rejiminin 9 fevrala qədər uzadıldığını elan edib.
Polşada da koronavirusun qarşısını almaq üçün tətbiq edilən sərt karantin rejimi yanvarın 31-dək uzadılıb. Ölkənin səhiyyə naziri Adam Nedzelski bildirib ki, məhdudiyyətlərə baxmayaraq, ibtidai sinif şagirdləri 18 yanvardan etibarən ənənəvi təhsil sisteminə keçəcəklər. Alış-veriş mərkəzləri, otellər, restoranlar və mədəni, idman mərkəzləri fəaliyyət göstərməyəcək. Dini ibadətgahlar, marketlər bəzi məhdudiyyətlərlə işləyəcək. Həmçinin 5 nəfərdən çox insanın toplaşması qadağandır.
Dekabr ayında Azərbaycanda da vəziyyət kritik idi. Bu səbəbdən sərt karantin rejiminə keçməyə qərar verildi. 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla, digər sahələrdə iş və xidmətlər dayandırıldı. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
Eyni zamanda, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırıldı.
Bu qapanmadan sonra yoluxma sayında xeyli azalma müşahidə edildi. Elə bu yazını hazıladığımız zaman koronavirus infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb. Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı isə 11607 nəfərə enib. Bəs yoluxma sayı azalırsa, karantin qaydaları ilə bağlı tələblər yumşaldıla bilərmi? Belə olarsa, virusa yoluxanların sayında yenidən artıma səbəb olmaz ki?
Bu və digər suallarla bağlı ilk olaraq ekspertləin rəyini aldıq. Bizimlə söhbətdə həkim-ekspert, professor Adil Qeybulla bildirdi ki, karantin rejiminin uzadılması, yumşaldılması və digər bu kimi qərarların qəbul olunması yanvarın 18-də bilinəcək: “Situasiyaya uyğun olaraq qərar veriləcək. Məsələ bundan ibarətdir ki, əlbəttə, müəyyən güzəştlər ola bilər. Amma birdən-birə karantin rejimini tamamilə ləğv etmək indiki durumda məqsədəuyğun deyil. Düzdür, Abşeron yarımadasında xeyli insan xəstələnib, bunun özü "kollektiv immuntet"in formalaşmasına gətirib çıxarıb. Əslində azalma tendensiyası buna bağlıdır. İstənilən halda biz mümkün qədər yeni yoluxma potensialının qarşısını almalıyıq. O baxımdan müəyyən bir perioddan sonra yumşalmalarla bağlı müəyyən qərarlar olacaq. Amma yenə də yanvarın 18-i vəziyyətə baxılıb qərar veriləcək”.
Mərdan Əliyev
İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı fikirlərini bildirdi: “Qərar hökumət tərəfindən veriləcək. Amma xəstələrin sayında xeyli azalma var. Statistika da açıqlanır, biz özümüz də pasiyentlərin sayından görürük. Ehtimal olunur ki, karantin rejiminin yumşalmasına gedilə bilər. Fikrimcə, artıq bundan sonra yoluxma sayı azalmağa doğru gedəcək. Bundan sonra peyvəndləmə işləri də aparılacaq. Yəni karantin tətbiq edilməsə də, problem olmayacaq”.
Gülnarə Əhmədova
İnfeksionist Gülnarə Əhmədova da məsələdə tələsməməyin tərəfdarıdır: “Yoluxma sayı 500-ə düşüb, karantin rejimində yumşalmalara gedilə bilər. Amma karantin rejiminin tamamilə götürülməsi təhlükəli ola bilər. Çünki birdən-birə hər yer açılsa, infeksiyaya yoluxanların sayı daha da arta bilər. Hələ peyvənd vurulmamış bu təhlükəlidir. Hətta peyvənd vurulandan sonra da karantin davam etməlidir. Çünki peyvənd vurulandan sonra orqanizmdə immunitet yaranması üçün ona müəyyən vaxt lazımdır. Peyvənd olunandan sonra insan virusa yoluxa bilər, adam özünü mütləq qorumalıdır. Çünki hələ onun orqanizmində immunitet yaranmayıb. Vaksin bir dəfə vurulur, 14 gündən sonra təkrar biri də vurulur. Yəni peyvənd olunan şəxs bir ay gözləməlidir. Maska ilə gəzməli, bütün qaydalara əməl etməlidir”.
Mövzu ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla da danışdıq. O, “Yeni Müsavat”a yanvarın 18-dən ölkəmizdə tətbiq olunan sərt karantin qaydaları ilə bağlı hələlik rəsmi qərarın olmadığını bildirdi.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”