İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ərəb ölkələrinə “atıb”: neft qiymətləri buna görə düşür

1497 01.06.2023 08:53 İqtisadiyyat A A

Səudiyyə Ərəbistanı Moskvaya xəbərdarlıq etdi

Dünya neft bazarında qiymətlər yenidən 75 dolların altına düşüb. Mayın son günlərində Brent neftinin bir bareli 73 dollardan aşağı, WTI nefti isə 69 dollara ticarət olunub. Ayın sonuncu ongünlüyündə neft bazarı Çin və ABŞ-dan gələn məlumatların təsiri ilə bədbinləşib. Çində iqtisadi canlanma gözləntiləri getdikcə azalır, ABŞ isə defolt təhlükəsi ilə üzləşmişdi. ABŞ-da hökumətlə Konqresin dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı uzun çəkən müzakirələri mayın 31-də razılaşma ilə nəticələnsə də, bunun bazara hər hansı müsbət təsiri olmadı. Çünki Çində açıqlanan məlumat bazarda tələbatın artacağına olan ümidləri xeyli zəiflətdi.

Çin Dövlət Statistika İdarəsinin açıqladığı məlumata əsasən may ayında ölkədə istehsal sənayesində Satınalma Menecerləri İndeksi (PMI) 49,2 bənddən 48,8 bəndə qədər azalıb. Bu, son beş ayda ən aşağı səviyyədir. Ekspertlər indeksin 49,4  bəndə qədər artacağını proqnozlaşdırırdılar. İndeksin 50 bənddən aşağı olması sənaye sektorunda aktivliyin azalmasının göstəricisidir və artıq ikinci aydır ki, 50 bənddən aşağıdır. Bu indeks Çin sənayesi üçün aktivliyin əsas indikatoru hesab olunur, menecerlər növbəti mərhələ üçün alışları onun əsasında planlaşdırırlar.

İndeksə daxil olan istehsal altindeksi mayda apreldəki 50,2 bənddən 49,6 bəndə, yeni sifarişlər altindeksi 48,8 bənddən 48,3 bəndə, ixrac satışları altindeksi 47,6 bənddən 47,2 bəndə düşüb. Bundan əlavə, sənayedə optimizmi müəyyən edən göstərici 54,7 bənddən 54,1 bəndə, ticarət və xidmət sektorunda PMI 56,5 bənddən 56,4 bəndə qədər azalıb.

Neft bazarında qiymətlərin enməsində təklif bolluğu da ciddi rol oynayır. Belə ki, OPEK+ ölkələrinin apreldə elan etdiyi hasilatın gündəlik azaldılması öhdəliyinə əməl olunmayıb. Daha doğrusu, ərəb ölkələri öhdəliklərinə əməl etsələr də, Rusiya bu məsələdə tələsməyib.

Qərb Səudiyyə Ərəbistanını Moskvanın qucağına sıxışdırdı - 07.10.2022,  Sputnik Azərbaycan

Xatırladaq ki, Qərbin neft embarqosu ilə üzləşən, neftini yanvar-fevralda 48 dollara satmağa məcbur olan Rusiya fevral ayında martdan etibarən gündəlik hasilatı 500 min barel azaldacağını elan edib. Bunu bazardakı neft təklifini azaltmaq məqsədilə izah edən Moskva eyni zamanda şübhəli şəkildə martdan etibarən hasilat göstəricilərinin açıqlanmasını dayandırıb. Daha sonra məhz Rusiyanın təklifi ilə OPEK+ razılaşmasının digər tərəfləri - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digərləri də ümumilikdə gündəlik hasilatı 1,66 milyon barel azaldacaqlarını elan ediblər. Tərəfdaşları hasilatı və ona uyğun ixracı azaldığı bir dövrdə Rusiya hasilatı elan etdiyinin yarısı qədər azaldıb.

Aprel-may aylarında Rusiyanın neft satışını izləyən beynəlxalq şirkətlər azalmanın olmadığını müəyyənləşdiriblər. "Refinitiv Oil Research" beynəlxalq şirkətinin məlumatına əsasən, may ayında Rusiyanın Çinə boru kəməri və dənizlə neft çatdırılması gündəlik 2 milyon barelə qədər artıb. Apreldə bu göstərici 1,74 milyon barel idi. Hindistana ixrac isə apreldəki gündəlik 1,68 milyon bareldən mayda 1,97 milyon barelə çatıb. Beləliklə də Rusiya may ayında da Çinə neft satışında OPEK+ razılaşması çərçivəsində “müttəfiqi” olan Səudiyyə Ərəbistanını geridə qoyur. Səudiyyə Ərəbistanının Çinə neft satışı apreldəki gündəlik 2,07 milyon bareldən mayda 1,95 milyon barelə düşüb.

Hindistanda isə Rusiya nefti ümumi idxalda 38,6 faiz paya sahiblənib. İkinci yerdə gündəlik ixracı apreldəki 900 min bareldən 890 min barelə düşən İraq, üçüncü yerdə 690 min bareldən 570 min barelə qədər azalan Səudiyyə Ərəbistanı gəlir.

Azerbaijani Energy Ministry highly appreciates decision of ministers at OPEC  and non-OPEC Ministerial Meeting

Maraqlıdır ki, Rusiya OPEK+-dakı “yaxın müttəfiqlərini” keçən ilin payızından Asiya bazarında sıxışdırmağa başlayıb. Belə ki, mart 2022-mart 2023-cü maliyyə ilində Hindistana 50,84 milyon ton neft satan Rusiya bu ölkənin ən böyük təchizatçısı olub. Qiymət endiriminə görə bu satışdan ruslar 31,02 milyard dollar əldə ediblər. Hindistana 50,31 milyon ton neft satan İraq isə 33,37 milyard dollar qazanc əldə edib. Üçüncü yerdə 39,37 milyon tonla Səudiyyə Ərəbistanı gəlib.

Beynəlxalq Enerji Agentliyi də bu qənaətdədir ki, Rusiya hasilatı azaltmaq öhdəliyinə əməl etmir. Təşkilatın may hesabatında qeyd olunur ki, bu ilin aprelində Rusiyanın gündəlik neft və neft məhsulları ixracı Ukraynaya hücumundan bəri ən yüksək səviyyəyə - 8,3 milyon barelə çatıb. Bu zaman xam neft ixracı 250 min barel artmaqla neft məhsullarındakı 200 min barellik azalmanı tam kompensasiya edib. Beləliklə, apreldə Rusiyanın neft satışından gəlirləri 1,7 milyard dollar artaraq 15 milyard dollara çatıb.

BEA-nın hesablamalarına əsasən, apreldə Rusiyada gündəlik neft hasilatı 9,6 milyon barel təşkil edib. Bu, martla müqayisədə heç bir dəyişiklik olmaması, fevralla müqayisədə isə cəmi 270 min barel azalma olması deməkdir.

BEA ilə yanaşı, "S&P Global Platts" şirkəti də bu qənaətdədir ki, Rusiya OPEK+ çərçivəsindəki tərəfdaşlarını aldadır. Şirkətin hesablamalarına əsasən, marta Rusiyanın gündəlik neft hasilatı fevralla müqayisədə 260 min barel azalmaqla 9,6 milyon barel təşkil edib.

Bundan əlavə, "Bloomberg" agentliyi də eyni mövqedədir.

Beləliklə, bütün ciddi mənbələrin açıqladığı rəqəmlər açıq şəkildə göstərir ki, Rusiya hasilatı gündəlik 500 min barel azaltmaqla bağlı elan etdiyi öhdəliyə əməl etməyib.

Hazırda Rusiya Asiyanın digər böyük alıcısı olan Pakistana neft ixracını yoluna qoymağa çalışır. Bunun üçün İslamabada ciddi qiymət endirimi təklif olunub. Pakistanın neft naziri Musadik Malikin mətbuata verdiyi məlumata görə, Rusiyanın təklif etdiyi qiymət onlar üçün çox əlverişlidir və yaxın bir həftə ərzində ilk Rusiya nefti ölkəyə çatdırılacaq: “Gəmilər artıq Omandadır və ucuz Risiya nefti bir həftədən sonra Pakistana çatdırılmağa başlayacaq”.

Neft və neft-kimya məhsullarının 84 faizini idxal edən Pakistan indiyədək bu ehtiyacını əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ödəyib. Belə görünür ki, Rusiya öz “müttəfiqlərini” bu ölkədən də sıxışdırmaq niyyətindədir.

İki aya yaxın müddətdə xarici mənbələrin xəbərdarlıqlarını ciddiyə almayan Səudiyyə Ərəbistanı artıq Rusiyanın kələyinin fərqinə varmaqdadır. "The Wall Street Journal"ın yazdığına görə, Ər-Riyad rəsmiləri Moskvadakı həmkarlarına hasilatın azaldılması öhdəliyinə əməl etməmələri ilə bağlı narazılıqlarını çatdırıb. Onlar Rusiyanı öhdəliyə əməl etməyə çağırıblar. Qəzetin mənbələrinin məlumatına görə, iki ölkə arasında bu məsələdə ciddi fikir ayrılığı yaranıb.

Qeyd edək ki, iyunun 4-də OPEK+ ölkələrinin  nazirləri Vyanada görüşəcəklər. Onlar ilin ikinci yarısı üçün istehsal planlarını müzakirə edəcəklər. Görüş ərəfəsində BEA-nın rəhbəri Fatih Birol ərəb ölkələrinə qiyməti yüksəltmək siyasətində ehtiyatlı olmağa çağırıb. O bildirib ki, neft qiymətləri yüksək olan zaman elektromobillərə investisiyalar sürətlə artır. Bu isə yaxın illərdə neftə tələbatı kəskin şəkildə azalda biləcək əsas amildir.

Rusiyanın öz müttəfiqlərinə “atması”nın arxasında Ukraynada apardığı işğalçı müharibənin getdikcə artan xərclərini qarşılamaq istəyi dayanır. Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, yanvar-apreldə ölkə büdcəsində 3,4 trilyon rublluq kəsir yaranıb. Büdcə gəlirləri sürətlə azalır: yanvar-apreldə büdcəyə 7,8 trilyon rubl daxil olub. Bu, ötən ilin eyni dövründəkindən 22 faiz azdır. Bu zaman neft-qaz gəlirləri ötən illə müqayisədə 52 faiz azalıb. Xərclər isə sürətlə artır. May ayında gündəlik xərcləmələr azalsa da, büdcə kəsirində artım baş verib. Mayın 18-də kəsirin həcmi 4,1 trilyon rubl təşkil edib.

Bir tərəfdən də Belarus “Drujba”nın hər iki qolu ilə öz ərazisindən neft nəqlinə görə ödənilən haqqın 84 faiz artırılmasını tələb edir. Buna səbəb kəmərlərə texniki qulluğu həyata keçirən şirkətin böyük zərərlə işləməyə başlamasıdır. Belə ki, Polşa və Almaniya Rusiya neftindən imtina etdiyinə görə yanvardan etibarən kəmərlə neft nəqli 4,7 dəfə azalıb. Bu zaman Polşa və Almaniyaya nəqldə 12,1 dəfəlik azalma var. Hazırda bu ölkələr istiqamətinə yalnız az miqdarda Qazaxıstan nefti nəql olunur. İlin sonunadək bu ölkələrə 1 milyon ton Qazaxıstan nefti çatdırılmalıdır ki, bu da Rusiyanın ötürdüyü həcmdən 20 dəfə azdır.

Kəmərin sahibi olan “Transneft”dən Belarusdan iyulun 1-dən nəql tarifinin artırılması təklifi aldıqlarını təsdiqləsələr də, onu şərh etməyiblər.

Qeyd edək ki, 2022-ci ilin dekabrında da Belarus tərəfi tranzit haqqının 39 faiz artırılmasını təklif etmiş, lakin Moskvanın kəskin reaksiyası ilə üzləşmişdi. Bu ilin martında Minsk ölkə ərazisindəki bütün kəmərlər sistemi ilə nəql haqqını 9 faiz artırıb - daxili ötürücü kəmərlərdə də.

Rusiya ekspertləri bildirirlər ki, Belarusun təklifi qəbul edilərsə, kəmərlə nəql olunan neft yalnız Almaniya və Polşa üçün deyil, Rusiyadan boru nefti almalarına icazə verilən Çexiya, Slovakiya və Macarıstan üçün də bahalaşacaq. Nəticədə bu ölkələr digər mənbələrə üz tutacaqlar. Bu isə Rusiyanın hazırkı vəziyyətində böyük itki deməkdir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR