İnsanlara hürriyət, millətlərə istiqlal!

Yadplanetlilərlə canlı yayım videosu...

3908 14.02.2023 10:45 Yazarlar A A

 

Ağlımız söz kəsəndən eşidirik ki, yadplanetlilər tez-tez “uçan boşqab”larla dünyamıza qonaq gəlirlər. Bir çox adamlar onları öz gözüylə gördüklərini iddia edirlər, amma heç kəs onlara inanmır.

Hətta yadplanetlilər tərəfindən qaçırıldığını, təxminən 1 həftə onların əlində əsir qaldıqlarını deyənlər də olub, di gəl, yenə heç kim onlara inanmayıb, üstəlik, adamları dəli hesab ediblər. Bu üzdən, ola bilər, bəzi adamlar “uçan boşqab” görsə də, yadplanetlilərlə ünsiyyətə girsə də, boynuna almır, bilirlər ki, onsuz da heç kəs inanmayacaq, ara yerdə üstlərinə dəli adı qoyacaqlar.

Bir-iki il əvvəl özcə həmvətənlərimiz Bakının səmasında, Xəzər dənizinin üstündə gecənin qaranlığında asimanda lal-dinməz dayanmış, işıq saçan naməlum obyektin videosunu çəkmiş, internetdə yaymışdılar. Baxırdın ki, yastı boşqabdan çox küftə kasasına oxşayan bir şeydir. Ən maraqlısı o idi ki, həmin o işıqsaçan obyekt bir-iki saniyənin içində uçub gözdən itdi.

1122.JPG (28 KB)

Belə olanda adam mat-məəttəl qalır, bilmirsən, inanasan, ya şəkk edəsən.

Yuxarıda dediyim kimi, bu, dünənin-srağagünün söhbəti deyil, hələ ötən əsrin 60-70-ci illərində kinematoqrafçılar bu barədə fantastik və komik filmlər çəkiblər. Məsələn, məşhur fransız aktyoru Lui de Fünesin polis inspektoru rolunda çəkildiyi bir film (“Jandarm və yadplanetlilər”) var. O filmdə fransız jandarmlar yadplanetlinin birini hərləyib qısıxdırırlar, o da bir dəfə yanacaqdoldurma məntəqəsində motor yağı içir, özünə gəlir, amma sonra yağı qurtarır, cığıdaya-cığıldaya yeriyir, yerə yıxılır, çatırlar ki, yerdə dəmir skeleti qalıb.

00099.JPG (44 KB)

Bu barədə çəkilənlər, yazılanlar, əlbəttə ki, elmi-fantastika janrındaydı. Amma yazıçı Aleksey Tolstoyun 1927-ci ildə yazdığı “Mühəndis Qarinin hiperboloidi” əsərində bəhs etdiyi lazer şüası əsrin ortalarında kəşf olunmadımı? Həmin yazıçı insanın Marsa uçmasından bəhs edən “Aelita” romanını da 88-90 il əvvəl yazıb. Budur, NASA artıq Marsa videoçəkən cihaz uçurub, bu gün-sabah, bir də görəcəyik, İlon Maks özü ağılda 15-20 nəfər yığıb Marsa gedir.

Yəni elmi-fantastik janrda yazılmış, çəkilmiş əsərlərdə deyilən şeylər 30-40 və ya 50-60 ildən sonra reallaşır. Bizim kinematoqrafçıların 1964-cü ildə çəkdiyi “Sehirli xalat” filmində də belə bir epizod var: uşaqlar Marsa uçmaqdan-filandan, elektron kitablardan, innovativ şeylərdən danışırlar, hətta gələcəyə “uçmuş” Rəşid gələcək uşaqların şəkilini sovet aparatı ilə çəkəndə onlardan biri deyir, çəkdiyini göstər, baxaq, Rəşid cavab verir ki, uzun işdir, gərək neqativ çıxarım, kağıza çap edim. Amma “gələcəyin uşağı” onun və digərlərinin videosunu çəkir və dərhal nümayiş etdirir. Bax, biz artıq həmin əsrdəyik, hamımız şəkil də, video da çəkirik və bunu dərhal hamıya göstərə bilirik. 1964-cü ildə isə bu, fantastika idi.

İndi xəbər yayılıb ki, ABŞ öz ərazisində, Alyaskada və Kanadada yadplanetlilərin “uçan boşqab”ını vurub. Düzü, bəşəriyyət əhli bu işə görə bir az qorxur. Çünki bizim 5 min ilə gedəcəyimiz yolu 3-4 saata (bəlkə də tez və ya bir az gec) gələn yadplanetli Yer əhlinə nə etməz. Kim bilir, nə cür silahları var. Qayıdıb iki zərbə qoysa ABŞ darmadağın olar. Ara yerdə Panama boş qalar.

owl_detail_240_708edc3729ca8ed10f5b8672f42e804d.jpg (11 KB)

Ona görə də ümid edək ki, ABŞ-ın vurduğu “uçan boşqab” yadplanetlilərə məxsus kosmik gəmi deyil, “kitayski uçan boşqab”dır. O vurulan şey Çin malıdırsa, qorxusu yoxdur. Çinlilər qəzəbli camaat deyil.

Bir də ümid edək ki, onların yeniləri və çox sayda gəlməsinlər, gəlib bizi əsir-yesir edərlər. Çox da ağ gündə deyilik. Heç nə yox, gəlib İrəvanda düşərlər, 1-2 gündən sonra bizə qərəzgün olarlar. Di gəl, sonra onlara Azərbaycan həqiqətlərindən, Qarabağ münaqişəsinin tarixindən danış, başa sal ki, ermənilər haqlı deyillər. Budur, Yer planetindəkilərİ 30 ildir anlada bilmirik, yadplanetliləri necə başa salarıq?

Hər halda, əziz oxucular, işdir-şayəd bu günlərdə yadplanetliyə ürcah olsanız, videosunu çəkin, mümkün olmasa, selfi edin, canlı yayım açın, nə bilim, “boşqab”a dəvət etsələr, minin və konum atın. Biz əvvəl-axır onların mövcud olduğunu bilməliyik və işimizi etibarlı tutmalıyıq.

P.S. Bu arada “Sehirli xalat”da bir səhv var, deyirdilər, gələcəkdə, yəni 21-ci əsrdə xan-filan olmayacaq. Ancaq N qədərdir. Hələ birini də keçən ay güclə zərərsizləşdirdilər, gələcəyə uçmaq istədiyi yerdə xalatı əynindən çıxardılar, amma sadiq əyan-əşrəfi, vəzir-vəkili hələ də iş başındadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR