“Xocalıya qar yağanda keçmişə dönürəm və həmin faciəli günü xatırlayıram. Yanvar, fevral aylarını ümumiyyətlə, çətin keçirirəm. Bu günlərdə Xocalıya yenə qar yağdı və mən uşaqlığımı, çəkdiyim əziyyətləri bir daha gözümün qabağına gətirdim”.
Bunu Musavat.com-a ailəsi ilə birgə 9 yaşında ermənilərə əsir düşən və əsirlikdən qaytarıldıqdan sonra Milli Qəhrəman Çingiz Mustafayevin çəkərək bütün Azərbaycana tanıtdırdığı Lətifxanım Mahmudova deyib. O bildirib ki, bir ildir ki, Əsgəranda xidməti evdə yaşayır və Xocalıda bağçada texniki işçi kimi çalışır.
“Buraya oğlumla birgə köçmüşəm. Oğlum Xocalıda Fövqaladə Hallar Nazirliyinin işçisi kimi çalışır. Digər oğlum isə Naxçıvanda ali təhsil alır. Qızım isə evlidir. Həyatımızdan razıyıq. Xocalı mənim evimdir, vətənimdir. Mənim yerim buradadır. Neçə ildir ki, Xocalının həsrətində idik.
Doğrudur, Xocalıda həmin hadisələri xatırlamadan yaşamaq olmur. O faciə mənim yaramdır, böyük travmamdır. Hətta əsir düşdüyümüz tövləyə də getmişəm. Bu hissləri sözlə anlatmaq çətindir”.
Lətifxanım deyir ki, Xocalıda onlara ev veriləndən sonra şəhərə tam yerləşəcəklər:
“Evimizi ermənilər yandırmışdılar, amma daşı, divarı qalır. Bir neçə dəfə gedib ziyarət etmişəm. Mən Daşbulaq kəndində anadan olmuşam. 1989-cu ildə bizi ermənilər qovduğu üçün Xocalıya köçdük. Mən həmin kəndə də gedirəm. Oraya bacım və qardaşımı köçürüblər.
Goranboyda qohumlarım, qonşularım var. Bəzən onlar üçün darıxıram. Amma Xocalıya köçmək, adaptasiya olmaq mənim üçün çətin olmadı. Olduğun torpaq başqadır. Oğlum da buraya tez öyrəşdi. Harasa gedəndə deyir, ana , Xocalıya qayıdaq. Xocalıda da dostlar, tanışlar var. Burada elə bir insan yoxdur ki, ona faciə zamanı zərbə dəyməyə. Bu gün qar yağırdı və mən iş yoldaşımla birgə gedirdim. Ona dedim ki, elə bil ki, həmin günü yaşayıram. Qar və çovğun olanda yenə yadıma düşür. Bu, elə bir yaradır ki”.
Milli Qəhrəman Çingiz Mustafayevin 1 saat əvvəl Xocalı əsirliyindən azad edilən 9 yaşlı Lətifxanımla o zamankı müsahibəsi:
- Adın nədir?
- Ləfxanım (Lətifxanım).
- Ləfxanım, haradansan sən, hansı kənddən?
- Daşbulaqdan gəlmişik.
- Kənddən necə oldu gəldiniz, niyə çıxdınız?
- Ermənilər qovdu.
- Ləfxanım, ayağına nə olub?
- Meşədə qaçanda oldu.
- Nə oldu ayağına?
- 3 gün qarın içərisində qaldıq, onun üçün belə oldu.
- Buzladı hə ayağın?
Səssizcə başını tərpədir...
Şahanə Rəhimli
Musavat.com






