İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəritədə axtardığımız Göyçə gölünə binoklsuz baxmaq səadəti

4541 27.12.2022 13:30 Yazarlar A A

“Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər. SSRİ Nazirlər Sovetinin sədri: İ.Stalin. SSRİ Nazirlər Soveti İşlər İdarəsinin rəisi: Y.Çadayev”

Qərbi Azərbaycanlıların 1948-1953-cü illər deportasiyası ilə bağlı Türk xalqlarının cəlladı İosif Stalinin 1947-ci il dekabrın 23-də imzaladığı Qərarın tam mətnindən götürülüb yuxarıdakı hissə... SSRİ Nazirlər Sovetinin qərarını oxuduqca adam dəhşətə gəlir. Düz 100 min əhalinin, Azərbaycanın tarixi torpaqlarından, öz dədə-baba yurdlarından deportasiya edilmiş əhalinin, “100 min kolxozçu və başqa azərbaycanlı əhali könüllülük əsasında” Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi faktiki olaraq soyqırım aktı kimi düşünülmüş xain plan idi. Dağların qoynunda yaşayan əhalini ilan mələyən ərazilərə, Kür-Araz ovalığına köçürməyin özü onların məhvinə hesablanmışdı. Siyahıya baxın: 10 min nəfər - 1948-ci ildə, 40 min nəfər - 1949-cu ildə və 50 min nəfər - 1950-ci ildə. Təsəvvür edin, azərbaycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə daşınması “xüsusi düzəldilmiş eşalonla dezinfeksiya edilmiş və avadanlıqla təchiz olunmuş vaqonlarda təmin edilməsi” nəzərdə tutulmuşdu guya...Amma yük qatarlarında qısa müddətdə mənzilbaşına çatmalı olan əhalini həftələrlə yollarda ləngidirdilər, qəsdən. Yolda nə qədər soydaşımız xəstəlikdən, şəraitsizlikdən məhv oldu. Dünya ölkələrindən erməniləri bu ərazilərə köçürmək, say çoxluğuna nail olmaq üçün düşünülmüş alçaq planı günahsız insanlarımızın həyatı bahasına gerçəkləşdirdilər. Bu, soyqırım deyildimi? Amma kimə deyirsən? İmperialis güclərə saxta “erməni soyqırımı” nağılı lazım idi...

stalin_stalin3 (1).jpg (72 KB)

Gəlin görək müasir dünyada bu faktlardan bəhs edən varmı? Yox! Bundan əvvəlki, 1918-ci il soyrımını da görməzdən gəlir dünya birliyi dediyimiz ədalətsiz cəmiyyət. Deyək ki, bütün bunlar keçmişdə baş vermişdi, xəbərsiz qalıblar, bəs, 1988-91-ci illərdə həyata keçirilən sonuncu deportasiya aktı? Ermənistan adlı qondarma ölkədən azərbaycanlıların sonuncu nümayəndələri düz 33 il əvvəl, dekabrın 28-də öz evindən didərgin salındı – 300 minə yaxın soydaşımız! Təkcə son yarım əsrdə yarım milyona yaxın azərbaycanlı cəlaye-vətən edildi, dünyanın gözü kor, qulağı kar oldu bu cinayətlərə, əvəzində Qarabağa iki əsr əvvəl köçürülmüş bir ovuc erməniyə pərəstiş gördük hər zaman! İrəvan mahalından, Göyçə-Zəngəzurdan, Vedibasardan, Dərələyəzdən...qovulan, zorla köçürülən, qətlə yetirilən azərbaycanlıların sayı 5 milyondan çoxdur! Bu, dəhşətli rəqəmdir! Hələ Qərbi azərbaycanlıların xeyli hissəsi xilas olmaq üçün Arazı adlayaraq Türkiyəyə qaçıb, hələ onların müsibətindən özümüzün də düz-əməlli xəbərimiz yoxdur...Gerçək soyqırım!

209846.jpg (70 KB)

Qarabağın işğalda qalması başımızı çox qatdı, bilmədik hansı dərdimizdən, itkimizdən danışaq, birdimi, ikidimi?.. Zəfərimizdən sonra dünyanın gözünün içinə şax deməkdəyik sözümüzü, ən yüksək tribunalardan, uca səslə, qətiyyətlə! Prezident İlham Əliyevin 24 dekabrda Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə səsləndirdiyi fikirlər, tariximizə istinadən dilə gətirdiyi həqiqətlər nəinki Qərbi Azərbaycan İcmasının iqamətgahının divarları arasında qalmadı, hətta Azərbaycanın sərhədlərini də aşdı, düşmənlərimiz dərhal narahatlıqlarını büruzə verməyə başladılar, hay-küy saldılar. Xüsusilə də Ali Baş Komandanın “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”-deməsi düşmən ölkədə çoxlarının yuxusunu pozdu, üstəlik də onların havadarlarının... Dövlət başçımızın fikirlərinin kontekstdən çıxarılması halları da oldu. Bu ilin avqustunda Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrilməsi barədə qərarın verilməsindən sonra mübarizənin yeni mərhələsi anons edilmişdi, artıq əməli addımların şahidiyik: Qərbi Azərbaycana Böyük Qayıdışın addım səsləri eşidilməkdədir.

lll.jpg (36 KB)

Erməni qaniçənlər bir əsrdə azı üç dəfə deportasiyaya məruz qoyulan xalqın bu qayıdışından çox əndişələnirlər, hətta Azərbaycanı Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edənlər də tapılır, sərsəmcəsinə...Amma dövlət başçısının məramı, məqsədi aydındır, dinc qayıdışdan söhbət gedir, savaşdan, qanlı keçiddən yox, çünki Azərbaycan sülh tərəfdarı olan ölkə olduğunu tarix boyu sübuta yetirib. Öz yurdlarına qayıtmaq azərbaycanlıların təbii haqqıdır və ədalət öz yerini tapmalıdır! Necə ola bilər ki, gəlmə ermənilər dünyanın aparıcı ölkələrinin əsas mövzusuna çevrilir, amma azərbaycanlıların yurd həsrətinə diqqət yetirilmir? Əgər gəlmə ermənilərin Azərbaycan ərazisində təhlükəsiz yaşamaq hüququna dövlətimiz tərəfindən ən yüksək səviyyədə təminat verilirsə, o halda niyə heç olmasa ilkin mərhələdə Qarabağdakı ermənilərin sayı qədər, - məsələn, 25-30 min – azərbaycanlı Qafan, Zəngəzur, Göyçə bölgəsindəki evlərində təhlükəsiz yaşamamalıdır? Niyə Ermənistan hakimiyyəti yüksək səviyyədə təminat vermir? Birgəyaşayışın təmin olunması üçün elə birinci buradan başlamaq daha ədalətli deyilmi?

qafan-480x350.jpg (44 KB)

Təbii ki, hazırda bu, o qədər də real görünmür, amma mümkünsüz də deyil. Böyük Qayıdışa aparan yolla bağlı maneələrin dəf edilməsi üçün prioritetləri də dövlət başçısı elan etdi. İlk öncə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Həmçinin əminliklə bildirdi ki, Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq. Komanda formalaşıb, sistemli şəkildə işlər başlayıb, rəhbərlyində Qərbi Azərbaycanı “ovuc içi” kimi tanıyan şəxslər var. Digər mühüm hədəf: hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Dövlət başçısı tamamilə haqlı olaraq qeyd etdi ki, bu prosesə beynəlxalq hüquqşünaslar cəlb edilməlidir: “Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər”. Bəli, Ermənistan adlanan ölkənin Azərbaycanın tarixi ərazilərində yaradıldığını sübut edən faktlarımız var, amma bütün bunları dünyaya, aparıcı təsisatlara, paytaxtlara qəbul etdirmək üçün çalışmaq lazımdır.

WhatsApp Image 2022-12-27 at 10.15.18.jpeg (204 KB)

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”-söylədi ölkə Prezidenti. Bu tarixi həqiqətlərin isə sərhədlərimizi aşaraq bütün dünyaya yayılması üçün 44 günlük Vətən Müharibəsində olduğu kimi, vahid komandanlıq şəklində haqq mübarizəmizi aparmalıyıq. Düşməndən azı on dəfə çoxuq, çalışsaq, bütün hədəflərimizə nail olacağıq! Zəngəzura da qayıdacağıq, Göyçəyə də, İrəvana da!

16718747995574314219_1000x669.jpg (258 KB)

Dövlət başçısı çıxışında “Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır. ADR doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı”-söyləməsi Şərqin ilk demokratik dövlətinə, qurucularına böyük dəyər verdi. Amma onu da xüsusi vurğuladı ki, tarix təhrif olunmamalıdır. Bu mənada 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin bizim tarixi şəhərimizin – İrəvanın Ermənistana bağışlamasını da qəbulolunmaz fakt olaraq vurğuladı. Bu mövzuda sosial şəbəkələrdə xeyli müzakirələr oldu. Amma hesab edirəm ki, dövlət başçısı bununla heç də Cümhuriyyət qurucularının xidmətlərini azaltmaq niyyətində deyildi, zatən, bu xidmətlər öncədən dəyərləndirildi, qeyd etdiyimiz kimi...Azərbaycan Prezidenti bununla əslində xarici auditoriyaya, aparıcı paytaxtlara, Ermənistandan maşa kimi istifadə edənlərə mesajını çatdırdı. Bununla demək istədi ki, mən Azərbaycan Prezidenti olaraq nəinki nə vaxtsa rəhbərlik etdiyim ölkənin bir qarışını güzəştə getmərəm, hətta vaxtilə güzəştə gedilmiş ərazilərimizə görə də Cümhuriyyət qurucularımızın özlərinə belə, bəraət qazandırmıram. Bu, diplomatik dildə varislik ənənəsidir, həm də Azərbaycan Demokratik Respublikasının ərazilərinə haqq etmək mənasında səslənmiş fikirdir. Azərbaycan Prezidenti hər il 28 Mayda İstiqlal Bəyannaməsinin qurucularına həsr olunmuş abidəni ziyarətlə, Cümhuriyyət qurucularının yubileyi ilə bağlı sərəncamları ilə dövlətçi babalarımıza münasibətini nümayiş etdirir.

WhatsApp Image 2022-12-27 at 10.15.17.jpeg (199 KB)

Amma tarixi olduğu kimi təqdim etmək lazımdır, sözsüz ki... Eyni məntiqlə gərək Nəriman Nərimanovun Azərbaycana rəhbərlik etdiyi dönəmdə Zəngəzurun ermənilərə verilməsini də dilə gətirməyək, yaxud tarixi reallığı əsas gətirib susaq. Dövlət başçısı Qəbri Azərbaycan İcması ilə görüşdə bir daha xatırlatdı ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər.

Sitat: “Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.

Ağrılıdır, amma dilə gətirilməlidir, bu, bizim taleyimizdir. Taleyimizə, ömrümüzə balta çalanlar yenə də Domokl qılıncını başımızın üstündən asıblar. Kifayətlənmək istəmirlər, Xankəndiyə belə dil, əl uzadırlar. Əllərini, dillərini kəsməyin bir yolu da daha uzaq və bəzilərinin reallıqdan uzaq saydığı ünvanlara doğru yol almağımızdır. Üç il əvvəl çoxlarına desəydin tezliklə Zəngilanın Ağalı kəndində övladlarımız bağçaya, məktəbə gedəcəklər, yaxınlaşıb, adamın qızdırmasını yoxlayardı. Baxın, bu gün Zəngəzur dəhlizinin üstündə həyat qaynayır. Bir azdan Qərbi Azərbaycanın, Qərbi Zəngəzurun sonuncu kəndi, 1929-cu ildə qoparılıb, Ermənistana pərçim edilmiş Nüvədiyə köç edəcək o ellərin sakinləri!

w_161658240439714230163_1000x669.jpg (462 KB)

Prezident insanlarımızın yurd həsrətində olduqlarını bu şəkildə ifadə etdi: “Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.

Bəli, inam qələbənin tən yarısıdır. 1918-20-də, 1948-53-də, 1988-91-də didərgin salınanların övladları, nəvə-nəticələri, kötücələri qayıdacaqlar o yurdlara! İlahi Ədalət var, bu, mütləq baş verəcək, hamılıqla inanaq! Amma oturub, gözləməyək, çalışaq, Böyük Qayıdış naminə informasiya mübarizəsində, diplomatiya savaşında hər kəs öz sözünü deməli, müqəddəs mücadiləyə töhfəvini verməlidir! Baş Komandan demişkən, bu gün biz artıq Bala Göyçənin sahilindəyik, Göyçə gölünü binoklsuz görürük...Xəritədə axtardığımız doğma Göyçəyə binoklsuz baxmaq səadəti!!!

Azərbaycan tarixində yeni mərhələ başlayıb. Qərbi Azərbaycana Böyük Qayıdışa haqq etmək üçün hamılıqla milli mücadiləyə!

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR