İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən gətirən mallar ölkədə bahalıq yaradır - ekspert 

1284 30.08.2019 09:40 İqtisadiyyat A A

İdxalın əvəzlənməsi proqramının əks effekti: İdxalın həcmi niyə ilbəil artır?

Azərbaycan hökumətinin iqtisadi fəaliyyətinin prioritet istiqamətlərindən biri də idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması və idxalın yerli istehsalla əvəzlənməsidir. Lakin son 1 ilin statistikasında biz idxal rəqəmlərinin artmasının şahidi oluruq. Yerli istehsalın, hətta ixracın artması ilə paralel olaraq idxal da artır. Bu artımı bəzi ekspertlər gömrük sistemində şəffaflığın təmin olunması və ölkəyə gətirilən bütün məhsulların dövlət qeydiyyatından  keçməsi ilə əlaqələndirirlər. Lakin təbii ki, digər səbəblər də az deyil.

Mövzunu “Yeni Müsavat” üçün şərh edən iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, idxalın əmtəə strukturuna nəzər salsaq, statistik göstəricilər üzrə bütün növ mallarda artımın müşahidə olunduğunu görərik: “Diri heyvan, ət və ət məhsulları, balıq və balıq məhsulları, süd məhsulları, quş yumurtası, təbii bal və heyvan mənşəli digər ərzaq məhsullarının idxalında davamlı artım müşahidə olunur. 2015-ci ildə 19 mln. 858 min ABŞ dolları məbləğində ət və əlavə ət qida məhsulları idxal olunmuşdusa, 2018-ci ildə bu rəqəm 70 mln. 75 min dollara yüksəlib. İribuynuzlu heyvan əti 2016-cı ildə 5 mln. 257,9 min ton (13 mln. 782,6 min ABŞ dolları) idxal edilmişdisə, 2017-ci ildə 9255,4 ton (26 mln. 472,6 min ABŞ dolları) idxal edilib. O cümlədən, quş əti, təzə və dondurulmuş balıq ətinin idxalında artım var. Ət və balıq konservlərinin idxalı 4607  tondan (2016-cı il) 5925 tona (2017-ci il) yüksəlib. 2016-cı ildə 5463 ton (8 mln. 34 min ABŞ dolları) süd və qaymaq idxal edilmişdisə, 2017-ci ildə bu rəqəm 8 mln. 872 tona (14 mln. 344 min ABŞ dolları) çatıb. Bütün bunlardan əlavə təzə meyvə və tərəvəz, qoz-fındıq, sitrus bitkiləri, toxum, taxıl, un və un məmulatları, süd məhsulları, qənnadı məmulatları, kakao, spirtli və spirtsiz içkilər, sirkə, duz və s. ərzaq məhsullarının idxalında artım olub”.

İqtisadçı ekspertin sözlərinə görə, Azərbaycanın kifayət qədər təbii imkanlarının olmasına baxmayaraq, kənd təsərrüfatı məhsullarının idxalının ildən-ilə artması təəssüf doğurur: “Ət və ət məhsulları hər keçən gün bahalaşmaqda davam edir. Milyonlarla pullar xərclənərək Hollandiya, Afrika, Fransadan yeni cins iri və xırda buynuzlu heyvanlar gətirildi. Ancaq heç bir faydası olmadı. Digər tərəfdən də, milyonlarla manat sərf olunaraq ölkəyə aqrotexnika vasitələrinin gətirildiyi deyilir, ancaq yenə də fermerlər ən çox texnika çatışmazlığından əziyyət çəkirlər. Beləcə dövlət büdcəsinin vəsaiti havaya sovrulur. Azərbaycanın ümumi torpaq fondu 8,6 milyon hektar təşkil edir ki, bunun cəmi 50 faizi əkinə yararlı torpaq sahələridir. Torpaqların 40 faizi eroziyaya uğrayıb. Dövlət Statistika Komitəsinin hesabatında bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2017-ci ildə cəmi 1665,7 milyon hektar təşkil edib. Respublika ərazisinin 3,240 milyon hektarı və ya 37,4 faizi istifadə olunmayan şoranlaşmış ərazilərdir. Kənd təsərrüfatında bütün işlər innovativ texnologiyaya əsaslanmalıdır ki, bu cür yararsız torpaqlar istifadə olunan vəziyyətə gətirilsin”.

Əhmədova ölkəyə buğda idxalının artmasından da danışaraq bunun yerli istehsalla əvəz edilməsinin vacibliyini vurğuladı: “Dövlət Gömrük Komitəsinin məlumatlarında bu ilin birinci rübündə ölkəyə 518 min 704,31 ton buğda gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,5 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyi hər il taxıla olan tələbatın yerli istehsal hesabına ödəniləcəyini vəd etsə də, reallıq tam əksini göstərir. Taxıl idxalımız ildən-ilə artır. Azərbaycan əhalisinin illik ərzaq buğdasına olan tələbatı təxminən 1,7 milyon tondur ki, biz bu miqdarı tam olaraq yerli istehsal hesabına ödəyə bilmirik”.

İqtisadçı onu da vurğuladı ki, bazarda idxal məhsullarının həcminin artması bahalaşmanı şərtləndirən əsas faktorlardan biridir: “Rəsmi statistikaya əsasən, 2019-cu ilin yanvar-iyun ayları üzrə ərzaq məhsullarında 2,7 faiz bahalaşma qeydə alınıb. Bir sıra ərzaq məhsullarında isə bahalaşma daha yüksəkdir. Məsələn, keçən ilin analoji dövrü ilə müqayisədə düyünün qiymətində 38%, kartofun qiymətində 133%, soğanın qiymətində isə 83% artım baş verib. O cümlədən meyvə və tərəvəzlərin qiymətlərində kifayət qədər yüksəlmə qeydə alındı. Bu cür bahalaşmanı aqrar məhsulların istehsal xərcinin olduqca yüksək olması, daşınma xərclərinin çox olması, süni qiymət artımı ilə əsaslandırmaq olar. Hazırda ölkəmizin kənd təsərrüfatı sektoru suvarma suyunun çatışmazlığı, saxlayıcı anbarların azlığı, tədarük məntəqələrinin olmaması, məhsul satış bazarında yaradılan inhisar, fermerlərin istehsal və satış sahəsində qarşılaşdıqları süni maneələr, münbit torpaq sahələrinin azlığı, texnika çatışmazlığı, xaricdən alınan aşağı keyfiyyətli gübrələr və sair kimi problemlərlə qarşı qarşıyadır”.

Vüsalə Əhmədovanın sözlərinə görə, ölkəmizdə insanların qida rasionunda ət və ət məhsullarının xüsusi yeri var, bu səbəbdən də ilk öncə ölkənin heyvandarlıq sahəsi üzrə problemləri həll olunmalıdır: “Bu sektora xüsusi makro yanaşma, uzunmüddətli rasional inkişaf strategiyası formalaşdırmaq tələb olunur. Heyvandarlıq sektorunun əsas problemi, yemdir hansı ki, xərclərin 70 faizə yaxın hissəsini təşkil edir. Yem üçün otlaq  və yem bitkiləri sahələri yaradılmalıdır. Danılmaz faktdır ki, Avropa ölkələrindən fərqli olaraq ölkəmizin əksər bölgələrində quraqlıq hökm sürür, bunun üçün də otlaqların təkmilləşdirilməsi və idarəetmə təcrübəsi öyrənilməlidir. Yonca və s. yem bitkilərinin otlaq sahələri genişləndirilməli, yem xərclərinin maliyyələşdirilməsi tələb olunur. Kiçik ölçülü heyvandarlıq müəssisələri qurulmalı, bu sahədə fəaliyyətə başlayacaq gənclərə və ailə müəssisələrinə qrantlar ayrılmalı, avadanlıqlardan ortaq istifadə təmin olunmalıdır. Sovet dönəmindəki kimi qoyunçuluq və maldarlıq bölgələri fərqləndirilməməli, əksinə, qarışıq heyvandarlıq təşviq edilməlidir. Çobanlıq və heyvan baxıcılığı ilə məşğul olan peşəkar müəssisələrin qurulması məqsədəuyğundur”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR