İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xankəndiyə böyük bir həsrətlə baxdım” -Ziya Zakir Acar FOTO VİDEO MÜSAHİBƏ

1882 27.04.2022 13:40 Müsahibə A A

“İqdırda Zəngəzur dəhlizinin açılmasını həsrətlə gözləyirlər”

Əslən İrəvandan olan soydaşımız babalarının başına gətirilən müsibətlərlə bağlı “Yeni Müsavat”-a dəhşətli faktları açıqladı

Ötən həftə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edənlər arasında İqdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma Dərnəyi sədri və Beynəlxalq Qarabağ Forumunun Türkiyə təmsilçisi Ziya Zakir Acar da var idi. Əslən İrəvan azərbaycanlısı olan Ziya bəy böyük Türk ziyalısı, Azərbaycan həqiqətlərinin yayılmasında on illərdir yorulmadan çalışan dəyərli soydaşımızdır. Şuşa ziyarətindən sonra Bakıda görüşmək fürsəti əldə edəndə Ziya Zakir Acarla Musavat.com üçün müsahibə aldıq.

-Ziya bəy, Şuşada keçirilən Zəfər Qurultayı ilə bağlı böyük təəssüratlarınızın olduğuna şübhə etmirik, elə sosial şəbəkələrdəki paylaşımlardan da bunu gördük. Musavat.com oxucularına bu müqəddəs ziyarət, möhtəşəm tədbir haqda nə deyə bilərsiniz?

- Sağ olsun Azərbaycan dövləti, bizi dəvət etdilər, gəldik, Şuşamızı görmək nəsib oldu. İlk dəfə Şuşada oldum. Şuşa bizimçün ayrı bir məkandır. Türk dünyasının Mədəniyyət Mərkəzidir. Bizi ora bağlayan sevrli hava var nədənsə. Mən Şuşa torpağına ayaq basdığımda çəkildim bir köşəyə, 10-15 dəqiqə ağladım, içimi boşaltdım, daşına-torpağına üz sürtdüm. Xurşudbanu Natəvanın yurdu, hansı ki, nə qədər böyük insanlar orda yetişmiş, oranın ruhani havasını uddum, Cıdır düzündən keçib, Xan qızının çeşməsində su içdim, daha sonra camiləri, məscidləri ziyarət etdim. Mən araşdırmaçı-yazar olduğum üçün oraları başqa bir gözlə incələdim.

3217fb6e-4286-4004-925e-9637f057e242.jpg (217 KB)

- Yəqin ki, Xankədi tərəfə də baxmaq imkanı oldu, eləmi?

- Bəli, Xankəndiyə böyük bir həsrətlə baxdım. İnşallah orda da eyni duyğuları yaşayacağıq. Xarı bülbülü aradım, əfsanəvi Qafqaz orkediyasını. Bu gün başqa coğrafiyada yetişmir, sadəcə Şuşanın düzlərində yetişir. Bu münvalla böyük bir qürur içərisində oldum. Bu qüruru bizə yaşadan yetkililərə, başda Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə və Diasporla iş üzrə Dövlət Komitəsinə, Fuad bəy Muradova böyük sevgilərimi, sayğılarımı, minnətdarlığımı bildirirəm. Çox böyük hal içərisində Şuşanı gəzmək imkanımız oldu.

- Bu il Şuşanın 270 illiyi və bir sıra digər mədəni tədbirlər keçiriləcək. Gələn il Türk dünyasının paytaxtı elan olunub və inşallah daha gözəl illər qarşıdadır, sizləri də o tədbirlərdə görməyi arzulayırıq. Şuşa Qurultayında cənab Prezeidentin möhtəşəm çıxışı oldu. Erməniçiliyə və havadarlarına xəbərdarlıq etdi ki, davranışlarından əl çəkməzlərsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Söhbət tarixi Azərbaycan torpaqlarından gedir. Bilirik ki, siz əslən İrəvanlısınız və ata yurdu ziyarət həyatınızın ən böyük arzusudur.

- Təbii ki, İqdırda yaşayanların yüzdə səksəni, yüzdə doxsanı keçmişdə Arazın o tayından gəlib. Yəni İğdır Sürməli çuxuru, Arazın o tərəfi isə hazırda ermənilərin məskunlaşdığı Saat çuxurudur. 1920-ci illərədək oralar Türk yurdu idi. Ağrı dağdan Alagözə qədər hamısı Türk məskəniydi. 1918-20-ci illərdə ermənilər böyük qətliamlar, zülümlər həyata keçirdilər. Mən ermənilərin törətdiyi qətliamlarla bağlı geniş araşdırmalar aprmışam. Mən 22 kitab müəllifiyəm. Amma özəlliklə ermənilərin törətdiyi qətliamlar haqqında ayrıca kitablar yazmışam. Biri “İçimdəki sızıltı-gerçək” hekayə, onun filmi də çəkilib. İkincisi də “Görənlərin gözü ilə-İğdırda erməni qətliamı” adlı kitabım. Minə yaxın insanı dinlədim. Baxın, şahidlərin ifadələrinə görə, biz toplu məzarlıqlardan üçünü mətbuatın qarşısında açdıq. İğdırın Oba köyü, Haqməmməd köyü və Tuzluça rayonunun Gədikli köyünü beynəlxalq media qarşısında açdıq. Orda insanların necə zülmlərlə öldürdüklərinin hər kəs şahidi oldu. Məsələn, Haqməmməd köyündə Qurban bayramı ərəfəsində “müsəlmanların qurbanını kəsirik” deyə, 95 nəfərin başını kəsib, quyuya doldurublar. Bu fakt bEynəlxalq medianın gözü qarşısında açıldı. Oba köyündə insanları bir dama doldurub, orda vəhşicəsinə yandırıblar. Orda sakinlərdən biri deyirdi ki, uşaq idim, üzüm tağlarının arasına girdim, məni görmədilər, amma anamı, babamın, digər insanların yandıqca, qurşunlara tuş gəldikcə ucalan fəryadını eşidirdim.

574c3b61-376d-4f1e-9e8d-a117d5d28151.jpg (181 KB)

- Bildiyimizə görə, ermənilər sizin böyüklərinizə də zülmlər ediblər...

- Bəli, mənim ata babam İrəvanın Qurduqulu məhəlləsinin Canfəda kəndindən olub. İndi o ad dəyişdirilib, əraziləri birləşdirib Oktemberyan rayonu adlandırıblar. Mənim babam ordakı döyüşlərə qatılıb. Qurşaqdan aşağıdan yaralanıb. Sonra güllələnən adamları quyuya doldurublar. Həm yarası nisbətən yüngül olduğu üçün, həm də mənəvi cəhətdən özündə güc taparaq sağ qala bilib. Hər dəfə ermənilər meyitləri quyuya doldurduqları zaman babam meyitlərin üstünə çıxırmış, xilas olmaqdan ötrü. Hətta o quyunun sahibi Hacı Fəttalını da vurub quyuya atıbmışlar. Quyu meyitlərlə dolandan sonra babam ordan çölə çıxır, sürünərək gəlir, Araz çayını keçir, xilas olur. Amma yaralı halda cəmi 3-4 il yaşaya bilir. Hadisə 1918-ci ildə baş verib. Yəni ailəmiz də çox böyük zülümlərlə üzləşiblər. Bundan başqa, Məmməd İrəvanlı adlı doğmamız olub. 12-13 yaşındaymış. O, gecə anası və bacısıilə birlikdə qaçarkən ermənilər onları atəşə tutur, bu zaman o, gecənin qaranlığından bacısından və anasından ayrı düşür. Digər böyüklər yardım edir, Araz çayını o tərəfə adlaya bilir. Onun hekayəsi çox uzundur, bir hissəsini danışım. Daşburun yaxınlığındakı bir kəndlinin yanında qalır, onun heyvanlarına baxır. Bir gün heyvanları bağlarkən çarşablı qadının və kiçik uşağın diləndiyini görür. Yaxınlaşarkən görür ki, anası və bacısıdır. İrəvanda itirdiyi anası və bacısı gəlib onun yaşadığı evdən çörək dilənirkən onlar qovuşur. Uşaq ağasına yalvarır ki, mənim anam və bacımdır, burda qalmalarına icazə ver. Yer olmadığı üçün damda yatıb qalırlar. Deyir ki, bacım üşüyürdü. Ağamın bir köpəyi vardı, onun altındakı keçəni götürüb qardaşımın altına sərdim ki, üşüməsin. Aradan 5-10 gün keçəndən sonra anası deyir ki, oğlum, əmilərin Canfəda köyünə dönüblər, kəndimizi ermənilərdən qurtarıblar. Deyir səhərə vədələşdik, qarşıdakı körpünün yanında görüşəcəyimizlə bağlı anlaşdıq. Uşaq da kimsə şübhələnməsin deyə, gizlincə çıxıb, körpüdə gözləyib, gözləyib, axşam olub, anasıgil gəlməyib. Gecə düşüb, ağasının ona heyvanları niyə buraxıb gedib, deyə, bir şey edəcəyindən geri dönməyib. Deyir ki, hamı gəldi, anam və bacım gəlib çıxmadı. Sonra onu əsgərlər görüblər. Kazım Qarabəkir Sarıqamışda kimsəsiz uşaqlar üçün toplanma mərkəzi yaradıbmış. Onu da aparıb uşaq evinə yerləşdiriblər. Sonradan anasını və bacısını axtarmağa başlayıb. Bəkir Çavuş adlı bir amasiyalı deyib ki, oğlum sən iki ildir burdasan, nə ananı tapdın, nə babanı, gəl səni atın tərkinə alım, oğlum ol! Razılaşır, 21 günə Amasiyaya, Slovayaya gedirlər. Orda böyüyür, əsgərə gedir, bəlli yaşa gəlir. Sonra bir bərbər deyir ki, sən niyə ata-ananı axtarmırsan? Deyir necə arayım? Oxuyub-yazmağı da bilmirmiş. Məsləhət əsasında qəzetə elan verirlər. Bu elanı babamın İğdırdakı əqrəbaları görürlər. Teleqraf yollayırlar, sonra gəlib İqdırda görüşürlər. İndi də qohum-əqrəbalar ordadır.

- Ermənilərin minlərlə ailələrin taleyini bu şəkildə tar-mar etməsi onların nə qədər alçaq xislətə malik olduğunu bir daha təsdiqləyir. Amma bütün bu cinayətlərinə rəğmən, ermənilər qondarma “soyqırım” iddiası ilə çıxış edirlər. Bu günlərdə Türkiyə və Azərbaycan bayraqlarını yandırdılar. Erməni zülmlərinə məruz qalmış irəvanlı ailənin üzvü olaraq necə hesab edirsiniz, bundan sonra ermənilərlə, Ermənistanla necə davranmaq lazımdır?

- Bu xislət ermənilərin ruhundadır. Biz bunu 1917-18-də, 1920-ci illərdə, Xocalıda, bütövlükdə Qarabğda gördük. 44 günlük savaşda Azərbaycan ordusu böyük bir zəfər qazandı. Mən Şuşaya gedərkən də yolboyu törədilən qətliamların şahidi oldum. Ermənilər bu illər ərzində torpağa, yaşayış məskənlərimizə dəhşətli zərbələr vurublar. Bunların ruh halına bələdik. Mən şahidləri dinləyərkən o qədər dəhşətli faktlar eşitdim ki...Toplu məzarların açılmasında Avstriyadan gələn bir araşdırmaçı da iştirak edirdi. Oturub ağlayırdı. Soruşurdular ki, sən niyə ağlayırsan? Dedi ki, orada bir ananın 7 və 3 yaşındakı cocuqlarına sarıldığı zaman öldürüldüyünü əks etdirən skeletlər var idi. Yəni o qədər dəhşətli faktlar var ki...

a0b63d6e-f333-4f8e-848e-fc11a17efac2.jpg (203 KB)

- Amma bütün bunlara rəğmən, ermənilər Türkiyəni ittiham edirlər...

- Heç bir əsası yoxdur. 24 apreldən bəhs edirlər. Vanda yüzlərcə insanı qətlə yetirdilər. Osmanlı bunlara hər cür şərait yaratmışdı, hətta xəzinəni təslim etmişdi. Lakin ermənilər xəyanətə başladılar. Osmanlı da onların köçürülməsinə qərar verdi.

- Bütün bu faktlar arxivlərdə də var. Amma ABŞ prezidenti ikinci dəfə ermənilərin guya “genosid”ə məruz qaldığını iddia etdi. Dünya niyə ermənilərin nazı ilə oynayır?

- Dünya çox yanlışlıq edir. Baxın, Xocalı soyqırımına diqqət yetirmədilər. Ermənilərə münasibətdə tərəfli davranırlar. Xüsusilə də müsəlman toplumuna, türklərə, Türk dünyasına qarşı baxışları qeyri-obyektivdir, qərəzlidir.

- Ziya bəy, Zəngəzur dəhlizi açılarsa, İğdırla Zəngilan arasında birbaşa körpü qurular. Amma hələ ki, ermənilərin havadarları buna da imkan vermirlər. Sizin qənaətiniz necədir? Zəngəzurla bağlı gözləntiləriniz necədir?

- Biz intizarla gözləyirik. Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də “Zəngəzur dəhlizi açılmalıdır” dedi. İnşallah anlaşmalara əməl olunar.

- Azərbaycanla yanaşı, Türkiyədə də dəhlizlə bağlı artıq işlərə başlanılıb, elə deyilmi?

- Bəli. Bizim hökumət quru və dəmir yolu üçün büdcə ayırdı, 15 yanvarda bununla bağlı qərar verildi. Bu, çox önəmli məsələdir. Biz hazırıq. Zatən Mustafa Kamal Atatürkün dönəmində də İğdırdan Naxçıvana açılan qapının qarantorluğunun Türkiyədə olması prinsipial məsələ olaraq irəli sürülmüşdü. Naxçıvan Türk qapısı adlandırılıb. Stalinin vaxtında Atatürkün göndərdiyi heyət tərəfindən anlaşma da o şəkildə əldə olunmuşdu. Stalin buna gərək olduğunu soruşub. Amma Atatürkün böyük bir coğrafiyaya hakimliklə bağlı mövqeyi var idi. İndi bu qapının önəmi anlaşılır. Lakin o zaman Zəngəzuru qapatmaqla yenə də Türk dünyasının əlaqəsini kəsdilər. Bunu xüsusilə düşünmüşdülər. İndi çox şükür, Zəfər sonrası Zəngəzur dəhlizinin açılmasına qərar verilib. Açılarsa, Türk dünyasının bağı genişlənəcək, Türk dünyası arasında əlaqə asanlaşacaq. Zatən, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannamə ilə iki dövlət arasındakı qardaşlıq növbəti dəfə elan olunub. Zəngəzur dəhlizi isə bu əlaqələri daha da sıxlaşdıracaq. Quru yolu, İpək yolu, Turan yolu açılacaq. İqdirda da o günü həsrətlə gözləyirlər. Mən Novruz bayramında bir proqram hazırladım, Türk dünyasına açılan qapı-İqdırda, Türk dünyasından dəvət etdiyimiz nümayəndələrlə birgə Novruzu bayram etdik. İnşallah daha gözəl şeylər olacaq!

Elşad Paşasoy,
“Yeni Müsavat”

2feb1516-76bf-45c0-895e-795966fbf738.jpg (148 KB)

b4a32b95-e64e-49e7-9c6a-73576101ff9e.jpg (113 KB)

58deb9b3-6c63-482a-be82-14706f0ff1c3.jpg (94 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR