İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xankəndidə separatçılara qarşı əhali arasında narazılıqlar artmağa başlayacaq”-ŞƏRH

865 09.01.2023 11:26 Siyasət A A

 

 

“Xankəndində yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və istəklərinin azərbaycanlılar tərəfindən yerinə yetirilməsi, həmin şəxsin məmnunluqla geri qayıtması hadisəsinə bir neçə prizmadan baxmaq olar”.

Bu barədə Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Ç.Qənizadənin sözlərinə görə, birincisi, baş verən hadisə onu göstərdi ki, Xankəndi, Xocalı və Xocavənddə yaşayan mülki ermənilərə qarşı separatçılar tərəfindən ciddi təzyiqlər var. Mülki əhalini sülhə getməyə qoymurlar. İnsanların normal yaşamaq hüquqları separatçılar tərəfindən pozulur, insanları səfalətli vəziyyətlə üz-üzə qoyublar. İkincisi, görünən budur ki, azərbaycanlı ekofəalların keçirdikləri aksiya humanitar aksiyadır, mülki əhaliyə qarşı hər hansı qərəzli niyyətimiz yoxdur, Azərbaycanlılar erməni millətindən olan mülki sakinlərə qayğı ilə yanaşmağa hazırdır: “Bu fakt azərbaycanlıların və Azərbaycan dövlətinin Qarabağdakı dinc mülki erməni sakinlərinə münasibətinin, necə münasibət göstərəcəyinin bir sübutu oldu. Dünya gördü ki, Azərbaycan öz erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin etməyə, onlara qayğı ilə yanaşmağa hazırdır. Hesab edirəm ki, bu hadisədən sonra Xankəndinin özündə ciddi müzakirələr olacaq və separatçılara və onlara rəhbərlik edənlərə qarşı əhali arasında narazılıqlar artmağa başlayacaq”.

Politoloq Asif Nərimanlı isə bildirib ki, Xankəndində yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və ehtiyaclarının ödənərək, yola salınması görüntüləri bir neçə kontekstdə əhəmiyyətli faktdır. Bu görüntüləri beynəlxalq müstəviyə çıxararaq, Laçın yolundakı aksiya haqda “humanitar fəlakət” iddialarına qarşı istifadə edə bilərik: “Qarabağdakı erməni əhali ilə üçüncü tərəf, yaxud separatçı-terrorçu rejim olmadan da təmaslar qura bildiyimizin təsdiqidir. Bu, həm də Qarabağdakı erməni əhali üçün siqnaldır və istisna deyil ki, belə ermənilərin sayı arta bilər;

Həmin erməninin sonrakı taleyi ilə də maraqlanmaq lazımdır, çünki inteqrasiya prosesinin qarşısını almaq üçün separatçıların onu “xain” çıxaracağı, həbs edəcəyi istisna deyil. Beynəlxalq təşkilatlara həmin mülki erməninin qorunması üçün müraciət etmək olar”.

 

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR