İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə erməni “liderlər” arasında qırğın: bir-birilərinə güllə atacaqları gün yaxındır

1399 28.12.2022 08:35 Siyasət A A

Araik və dəstəsi bir güllə səsi eşitməyən, Rusiyada kef edən Vardanyanın tez bir zamanda “əsas söz sahibi” olmasını qəbul etmir, mitinq üçün yekdil mövqe belə olmayıb, Balasanyanın tədbirlərində isə “gəlmə” Ruben gözə dəymir...

Bir neçə min adamın iştirakı ilə keçirilən Xankəndi mitinqi qondarma rejim rəhbərliyi arasında ciddi fikir ayrılığı yaradıb. Mitinqi kukla qurumun “dövlət naziri” Ruben Vardanyan təşkil edib və o, səhər saatlarında Qarabağ sakinlərinə müraciət edərək onları şəhərin mərkəzi meydanına gəlməyə çağırıb. O qeyd edib ki, heç də bütün həmkarları mitinqin keçirilməsi ilə razı deyil. Ruben ad çəkməsə də, sonradan bəlli olub ki, “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyandan başqa separatçıların bütün liderləri aksiyada iştirak ediblər.

Vitali Balasanyan o adamdır ki, Qarabağdakı ermənilərin lideri sayılan Araik Arutyunyan müharibədən dərhal sonra onu “təhlükəsizlik şurasının katibi” postuna qaytarıb. General-leytenant Vitali Balasanyan 2016-cı il noyabrın 3-dən 2019-cu il iyunun 11-dək o zamankı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” olub.  1959-cu ildə Əsgəranda doğulan Balasanyan separatçı rejimdə diviziya komandiri, “müdafiə nazirinin müavini” olub. Daşnaksutyun partiyasının üzvüdür. 2012 və 2019-cu illərdə “Qarabağ prezidenti” vəzifəsinə namizədliyini irəli sürüb. Onun “vəzifəyə təyinatından” dərhal sonra Araik Arutyunyanın vəzifədən gedəcəyi ilə bağlı xəbərlər yayılmağa başlamışdı. Balasanyan separatçıların tör-töküntülərini dərhal başına toplayaraq demişdi ki, “Qarabağ ordusu” artıq onun rəhbərlik etdiyi “təhlükəsizlik şurasının” nəzarəti altına keçib. 

“Yeni Müsavat” qeyd edir ki, Vardanyanın gəlişi isə Xankəndidə  “liderlər” arasında “gəlmə-yerli” narazılığını artırıb. Şuşadan ayaqyalın qaçsa da, Araik və ona sadiq qalan dəstəsi özlərini hələ də “müharibə qəhrəmanı” hesab edirlər və bu illərdə bir güllə səsi eşitməyən, Rusiyada kef edən Vardanyanın tez bir zamanda “əsas söz sahibi” olmasını qəbul etmirlər. Vardanyan Arutyunyanın bir neçə “nazirini” öz “idarəetməsinə” daxil etdikdən sonra istədiyini edir ki, bu da digər separatçılarda narazılıq yaradır. Balasanyanın iştirak etdiyi bir çox tədbirlərdə Vardanyan gözə dəymir. Vardanyan son müsahibələrində də özünü Xankəndidə “situasiyanın ağası” kimi təqdim etməyə çalışır. Vardanyanın “heç də bütün həmkarları mitinqin keçirilməsi ilə razı deyil” deməsi də situasiyanın qəlizliyini göstərir. İstisna deyil ki, hələ də Araikin ətrafında qalan başıpozuq silahlı dəstələr ya Qarabağda təxribata əl ata, ya da Vardanyanı qorxuda bilərlər. Amma fakt faktlığında qalır ki, Xankəndidə ermənilərin bir-birilərinə güllə atması uzaqda deyil...

Erməni politoloq Edvard Antinyanın sözlərinə görə, Vardanyan öz şəxsi problemlərini həll etmək üçün Qarabağdadır: “Onun hazırkı hərəkətləri Qarabağa gələcək vəd etmir. Həddindən artıq təhlükəli oynayır. Üstəlik, adam Rusiyanın agenti olaraq tanınır. Ruslarsa onu şübhəsiz qurban verəcəklər. Çünki Azərbaycana qarşı çıxa bilməyəcəklər. Və çox keçməz Ruben Ermənistan pasportunu da götürüb Qarabağdan gedəcək. Lakin onun nə Ermənistanda, nə də Rusiyada yaşamaq imkanı yoxdur. Son 30 ildə biz onun kimi "qəhrəman"ları çox görmüşük".

“Hraparak” nəşrindəki material da bu faktları təsdiqləyir. Nəşr hesab edir ki, qondarma “dövlət naziri” Ruben Vardanyanın Azərbaycana heç bir güzəşt olmayacağı vədi “mühüm siqnal” olub.

 “Və  prezident Araik Arutyunyanın çıxış etməməsi onu göstərir ki, Qarabağda tədricən hakimiyyət dəyişikliyinə başlanılıb və Paşinyana müqavimət göstərə bilməyən Arutyunyanın yerinə onu rədd edə bilən Vardanyan hakimiyyətə gəlir... Yeri gəlmişkən, mənbələrimiz xəbər verir ki, Artsax və Artsax xalqının hesabına güzəştə getməyə hazır olanların heç biri yeni yaradılmış nazirlər kabinetində yer almayacaq”, - deyə nəşr bildirir.   Erməni qəzetinin yazdığına görə, hazırda Putinin milyarder “desantı” Ruben Vardanyanla  qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.  “Əgər əvvəllər Vito ruslarla və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs idisə, indi o, ikinci plana çəkilib və son mitinqdə belə iştirak etməyib. Vardanyan deyir ki, "ya mən, ya da Balasanyan. Və ola bilsin ki, Vito postla vidalaşsın", - deyə Ermənistan nəşri bildirir.

 Hətta V.Balasanyanın varisləri  sırasında qanunsuz “müdafiə qüvvələri”nin keçmiş komandanı Levon Mnatsakanyanın adı da hallanır.  Eləcə də separatçı rejimin  keçmiş rəhbəri Bako Saakyanın. “B. Saakyan hökumətin yenidən təşkilində fəal iştirak edir və Ruben Vardanyanı dəstəkləyir”,- erməni qəzeti belə yazır.

Şair Ramaldanov: “Əmr gəlsə ki, döyüşləri davam etdirmək lazımdır davam  edəcək”

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a qeyd etdi ki, separatçılar arasında baş verən gərgin proseslər təbii haldır: “Terrorçu rejimin başında dayananlar Vardanyanı ilk gündən qəbul etməmişdilər. Sadəcə, bu adam istək yox, məcburiyyətdən bölgəyə yerləşdirilib. Vardanyan nə erməni əhalisi tərəfindən seçilib, nə insanlarla daimi ünsiyyətdə olub. Onu görməyiblər, təmasları olmayıb və birdən Qarabağa gəlir. Ona görə öz var-dövlətini qorumaq üçün vətəndaşlıqdan imtina edib Rusiyadan köçüb gəlibsə, deməli, bu onun daxili aləmindən xəbər verir. Ermənilər başa düşürlər ki, Ruben vətənpərvər ola bilməz, erməni xalqını da düşünmür, onun yeganə istəyi pullarını qorumaqdır. Odur ki, mitinqdə üç yol göstərib, pafosla "döyüşəcəm" deyərək insanları çaşdırmağa, qırğına yönəlik çağırışlar edib. Halbuki Vardanyan heç zaman döyüşməyib, bundan sonra da savaşmayacaq".

Ş.Ramaldanov hesab edir ki, qondarma rejimdə vəzifə tutan Balasanyan və Arutyunyan oturuşmuş şəxslərdir: “Hər kəsin öz klanı var. Vardanyanın gəlişi isə bu klanlarda narazılığı artırıb, qüvvələr arasında qarşıdurma yaradıb. Məlum idi ki, belə də olacaq. Bu rəhbərlər arasında yaşanan gərginlikdir. Vardanyan təsir mexanizmini genişləndirmək fikrindədir. Belə olan halda maraqlar toqquşur. Lakin düşünürəm ki, Vardanyan Qarabağda üzləşdiyi vəziyyətini anlamağa başlamalıdır. Hətta onun Qarabağı tərk edəcəyini gözləyirəm. Çünki bu qarşıdurma onun fiziki məhvinə gətirib çıxara bilər. Ona görə üç yoldan birini seçəcək - çıxıb getməyi”.

Polkovnikin sözlərinə görə, Azərbaycan tələbini sərt şəkildə qoyub: “Sülhməramlılar vəzifəsini icra etməlidirlər, Qarabağda dinc erməni əhalisi vətəndaşlığı qəbul etməlidir, Azərbaycan və Ermənistan cəmiyyətini yaxınlaşdırmaq, Qarabağdakı terrorçu dəstələri tərk-silah etmək, Laçın yoluna nəzarət və digər bizi gözləyən məsələlər var. Ümumiyyətlə, qarşıda ciddi proseslər olacaq, vaxtımız da çox deyil. Digər tərəfdən, Azərbaycan ərazisində yaşayan ermənilərin yorulduğu hiss olunur. Çünki nə ermənistanlı deyillər, nə Azərbaycan vətəndaşlığını qəbul edirlər, bu da parçalanmaya gətirib çıxaracaq. Azərbaycan dövləti bundan faydalana bilər və işlər də aparılır. Rəsmi səviyyədə Vardanyana edilən xəbərdarlıqlar da göstərir ki, məsələyə olduqca ciddi yanaşılır”.

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

İlham İsmayıl 

Təhlükəsizlik eksperti İlham İsmayıl hesab edir ki, düşmən havadarlarının və onların emissarlarının verdikləri vədlər heç də qulaqardına vurulmayıb: “İşimizi, siyasətimizi reallığa əsasən qurmalıyıq, istək və arzularımıza görə yox... İstəyimiz, marağımız dövlətimizin ərazi bütövlüyüdür, bu yolda Azərbaycan üç mindən çox şəhid verib, qan töküb torpaq azad edib. Vardanyan qan istəyirsə, onu da alacaq! Separatçı rejimin aqressiv siyasətinə bugünlərdə daha kəskin cavab vermək zəruri tələb həddinə çatıb”. İ.İsmayıl hesab edir ki, ilk addım kimi dövlət sərhədində Azərbaycanın sərhəd nəzarət məntəqəsi yeni ilin ilk günündən qurulmalıdır: “Ermənilər çətin olsa da, gizlicə Xankəndinin arxasındakı Kərkicahan yolundan istifadə edirlər. Ona görə də sərhədin özündə nəzarətimiz yaradılmalıdır”.

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

 Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəyli isə məsələyə başqa aspektdən yanaşır: “Bu adamın dünənə qədər Azərbaycan ərazisini tərk etməyə imkanı vardı. Hətta Ceyhun Bayramov nazir səviyyəsində müraciət etdi ki, bölgəni tərk etsin. İlk növbədə onun varlığından Qarabağ erməniləri əziyyət çəkir. Amma Ruben Vardanyan Qarabağda qalmağı, hətta mitinq təşkil etməyi, yəni savaşmağı seçdi. Bizim üçün o, terror hədəfi və kimliksiz varlıqdır. Həqiqətən heç bir ölkənin vətəndaşı deyil və şəxsiyyət vəsiqəsi belə yoxdur. Azərbaycan torpağı isə böyük və dərindir. Ruben kimilərini rahat basdırmaq olar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR