İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “ağ bayraq qaldırmaq” çağırışı: “Bakı istədiyini alacaq...”

1492 30.12.2022 09:36 Siyasət A A

Erməni ekspertlər artıq reallığı düzgün qiymətləndirməyə başlayıb, hətta ən sərt mövqeyi ilə seçilən Aleksandr İskəndəryan da “ağıllanıb”

Erməni tərəfi artıq qəbul edir ki, Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. Bunu erməni politoloqlarının açıqlamaları fonunda da görmək olar.  Məsələn, erməni politoloq Aleksandr İsgəndəryan qeyd edir ki, Azərbaycan bu aksiya ilə Qarabağda kimin əsl ev sahibi olduğunu göstərdi: “Yol açılacaqmı? Bu konkret problemin həlli üçün nəsə baş verəcəkmi? Məncə, bəli. Azərbaycanlıların Qarabağdakı erməni icmasını "acından öldürmək" niyyəti yoxdur. Azərbaycan, sadəcə, ev sahibinin kim olduğunu göstərmək istəyir və rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır".

İsgəndəryanın fikrincə, azərbaycanlıların aksiyası Qarabağ ermənilərinə deyil, sülhməramlılara qarşı yönəlib: “Hesab etmirəm ki, bu, çox davam edəcək - danışıqlar gedir, həm də çox sıx gedir. Ancaq bu heç də o demək deyil ki, belə bir hadisə sonuncudur”.

Ekspert bu addımı Azərbaycanın strategiyası adlandırıb və bildirib ki, Bakı Ermənistana, Rusiyaya və Qarabağdakı ermənilərə müxtəlif vasitələrlə təsir etməyə davam edəcək: “Hələlik Ermənistanda, Rusiyada və Qarabağda vəziyyət dəyişməyəcək, ancaq Bakı bu addımlara davam edəcək, diplomatik, ictimai, hərbi təzyiqi davamlı tətbiq edəcək”.

Ermənistanın “Region” araşdırma mərkəzinin direktoru Laura Bağdasaryan isə vurğulayır ki, indi beynəlxalq ictimaiyyət də bu məsələdə Azərbaycanı yolundan döndərə bilməz: “BMT Təhlükəsizlik Şurasının çağırışlarının İlham Əliyevin planlarını həyata keçirməsinə mane olacağını düşünmürəm”.

Onun sözlərinə görə, Azərbaycan özü üçün mühüm vəzifəni yerinə yetirir, bu vəzifə Qarabağda öz yurisdiksiyasını yaratmaqdır: “Azərbaycan belə vəziyyət yaratmaqla öz siyasi məqsədini reallaşdırır. Azərbaycan Laçın dəhlizində siyasi məsələni həll edir. Qarabağ sakinlərinin hüquqları Rusiya sülhməramlılarının yurisdiksiyasına daxil deyil”.

Erməni politoloq Armen Vardanyan da qeyd edir ki, indiki halda Rusiya sülhməramlıları fəaliyyətsizdir. Onun sözlərinə görə, Ermənistan tərəfi Laçın dəhlizində hüquqi-siyasi həllə çalışır, humanitar həll Bakının qələbəsi olacaq. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan isə məsələnin başqa tərəflərinə də diqqət çəkir. Onun sözlərinə görə, Fransa Prezidentinin Azərbaycan Prezidenti ilə telefon danışığı olub, söhbətin əsas mövzusu, gözlənildiyi kimi, Cənubi Qafqazdakı və xüsusən də Qarabağdakı ağır vəziyyət olub: “Telefon danışığı ilə bağlı Fransanın rəsmi açıqlamasından fərqli olaraq, azərbaycanlılar Azərbaycan Prezidentinin 8 kəndə qarşı təqdim etdiyi ərazi tələbləri ilə bağlı açıqlamaya daha bir cümlə əlavə ediblər. Ekoloji tələblər tədricən genişləndi: Ermənistanı Qarabağa bağlayan dəhlizə Azərbaycanın nəzarəti, Ermənistan ərazisi vasitəsilə dəhliz, indi də 8 kəndə qarşı ərazi tələbləri”.

 

O qeyd edir ki, Azərbaycan nəticə əldə etməkdə israrlıdır. Bu arada bir mühüm məqamı da qeyd edək ki, Laçın-Xankəndi yolunda qeyri-hökumət təşkilatlarının və ictimai fəalların etiraz aksiyaları fonunda Qarabağdakı separatçı rejim mülki əhaliyə təzyiq göstərir. Hətta iş o yerə çatıb ki, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir və təftiş edilir. Onlara təzyiqlər edilir, hətta döyüb işgəncə verilməsi haqqında məlumatlar var. Beləliklə, Vardanyan və Arutyunyan kimi cinayətkarlar Qarabağın mülki ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmağa çalışır və bunun üçün hər cür təxribatlara əl atmaqdan çəkinmirlər. Çünki bilirlər ki, sadə ermənilər arasında Azərbaycan qanunları əsasında yaşamağa hazır olanlar az deyil. Ermənistan Helsinki Komitəsinin sədri, erməni hüquq müdafiəçisi Avetik İşxanyan bu fonda bildirir ki, Ermənistan hökuməti Qarabağı Azərbaycanın tərkibində buraxmaq üçün hər şeyi edir. Amma Ruben Vardanyan prosesə əngəl olmağa çalışır: "Rusiya da diplomatik davranaraq Vardanyanın artıq Rusiya vətəndaşı olmadığını bəyan etdi. Belə qənaətə gəlmək olar ki, Vardanyanın bu “vəzifə”yə təyinatı Rusiya hakimiyyəti ilə razılaşdırılıb. Amma Rusiya göstərməyə çalışır ki, sualın ünvan sahibi o deyil. Bütün bu hərəkətlər, Ararat Mirzoyanın üçtərəfli görüşdə iştirak etməməsi, Rusiya əleyhinə İrəvanda verilən bəyanatlar Azərbaycanın maraqlarına uyğundur. Proseslər ona səbəb olacaq ki, rus sülhməramlılar getdikdən sonra Qarabağ Azərbaycanın nəzarəti altında qalacaq və Ermənistandakı anklavlar Azərbaycana təhvil veriləcək. Üstəlik, növbəti mərhələdə Azərbaycana dəhliz, yəni Zəngəzur veriləcək. Bu məsələdə Türkiyədən qəti dəstək var və bir çox Qərb ölkələri də bu prosesi dəstəkləyir. Rusiya isə bu prosesi başa düşür".

Belə görünür ki, ağıllı erməni politoloqları nə baş verdiyinin fərqindədir və “ağ bayraq qaldırmaq” çağırışı edirlər.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli artıq erməni politoloqların reallıqları qəbul etməyə məcbur qaldıqlarını qeyd etdi: “Erməni politoloqların mülahizələrində yer alan bəzi məqamlar istiqamətləndirici xarakter daşısa da və müəyyən qədər təbliğat elementlərini əks etdirsə də, reallığı əks etdirir. Bənzər fikirlər müharibədən öncə də, sonra da dilə gətirilib, amma erməni siyasətçilərin əhəmiyyətli hissəsi reallıqları dərk etməyi, dəyərləndirməyi bacarmayıblar, mif və əfsanələrdən qaynaqlanan qəzəb və nifrətə, yüz illik təbliğata yenik düşüblər. Ermənilər 44 günlük müharibənin gedişatında, təkcə döyüş meydanında yox, qlobal informasiya məkanında, diplomatik arenada baş verənlər də daxil olmaqla, prosesləri düzgün dəyərləndirməyi bacarsaydılar, ən yaxşı halda vaxt itkisinə məruz qalmaz, geridə buraxılan zaman kəsiyindən Ermənistanın bir dövlət olaraq mövcudluğunu, regional iqtisadi proseslərə inteqrasiyasını təmin etmək üçün faydalanardılar. Çünki perspektivi olmayan manevrlərin, qütblərarası manipulyasiyaların, beynəlxalq vəziyyətin dəyişəcəyinə ümid bəslənilərək vaxt qazanılmasına, əslində isə vaxt itkisinə edilən cəhdlərin heç bir nəticəsi olmayacaq. Köhnə geosiyasi konfiqurasiyalar üzərindən aparılan hesablamalar mövcud reallıqlarla uzlaşmır, 44 günlük müharibədən və Rusiya-Ukrayna savaşından sonra geosiyasi proseslərin alqoritmləri dəyişib. Bir yox, yüz Emmanuel Makron gəlsə də, bu alqoritmlərin içərisindən Ermənistanla və Cənubi Qafqazdakı maraqları ilə bağlı arzuladıqları konfiqurasiyanı formalaşdıra bilməyəcək. Azərbaycan, erməni politoloqların iddia etdiyi kimi, "istədiklərini" deyil, beynəlxalq hüquqla ona mənsub olan nə varsa, geri alacaq. Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərimiz üzərində suveren hüquqlarımız bərpa ediləcək. Anklavlarla bağlı məsələ də millimetrinə kimi delimitasiya prosesində öz həllini tapacaq, Zəngəzur dəhlizi də açılacaq. Bütün bunlar Azərbaycanın bərqərar edəcəyi ədalətin müəyyən bir hissəsidir. Əgər biz tarixi ədaləti tamamilə bərqərar etməyə qalxsaq, o zaman bölgədə “Ermənistan” adlı dövlət olmamalıdır. Qənaətimə görə, erməni politoloqları, separatçı meyllərin davam edəcəyi və daha aqressiv xarakter alacağı, Ermənistanın bu prosesdə hər hansı bir formada iştirak edəcəyi təqdirdə onları gözləyən perspektivin nə qədər acınacaqlı olacağını anladıqları üçün reallıqları qismən də olsa ictimai rəyə çatdırmaq istəyirlər. Yəni bu gün Azərbaycanın təklifləri ilə razılaşmamağın sonu qısa bir zamandan sonra eyni təkliflər üçün diz çöküb yalvarmaqla yekunlaşa bilər".

Ekspert daha bir vacib məqama da toxundu: “Qeyd edim ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1998-ci ildən etibarən erməniləri masa üzərində olan prinsipləri qəbul etməyə çağırırdı. Azərbaycan torpaqlarında başlatdıqları separatizm hərəkatı və işğal üzərindən Ermənsitanda hakimiyyətə sahiblənən müharibə caniləri Robert Köçəryan və Serj Sərksiyan bu reallıqları saxta "qəhrəman" obrazlarını, qanunsuz yollarla əldə etdikləri varidatlarını itirəcəklərindən, cinayətlərinə görə cavab verəcəklərindən qorxaraq, qəbul etmək istəmədilər və nəticəsi də göz önündədir".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bunun ermənilər tərəfindən Azərbaycanın gücünün etiraf olunması anlamına gəldiyini söylədi: “Erməni ekspertlər artıq reallığı düzgün qiymətləndirməyə başlayıb. Hətta ən sərt mövqeyi ilə seçilən Aleksandr İskəndəryan da "ağıllanıb". Onların dediklərində bir məqam diqqəti xüsusi çəkir ki, Azərbaycan iradəsini ermənilərdən daha çox ruslara göstərir. Bu, ermənilər tərəfindən Azərbaycanın gücünün etiraf olunması deməkdir. Deməli, Azərbaycan düz yoldadır. Nəticənin daha tez əldə olunması üçün təzyiqi bir qədər də artırmalıyıq. Ekspertlər səviyyəsində həqiqətin dərk olunması yaxşı haldır. İndi bu həqiqəti siyasilər də başa düşməli, kütləni aldatmaq praktikasına son qoymalıdır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR