İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “5 min rusun blokadada qalması” yalanı

1093 06.01.2023 11:58 Siyasət A A

Separatçılar o rəyi yaratmağa çalışırlar ki, guya buradakı rusların həyatına da ciddi təhlükə var və Rusiya sülhməramlıları bunu təmin edə bilmirlər...

Özünü “Dağlıq Qarabağdakı rus icmasının hüquq mərkəzi” adlandıran “Qrajdanin” Rusiya Federasiyası Prezidentinin Administrasiyasına müraciət edib.

“Yeni Müsavat” xəbər verir ki, müraciətdə  hazırda  5 mindən çox Rusiya Federasiyası vətəndaşının “blokadada” olduğu bildirilir. Müraciət müəlliflərinin iddiasına görə, “hazırda çarəsiz qalan Rusiya Federasiyasının vətəndaşları arasında xərçəng xəstələri və əlillər var, onların Beynəlxalq Qırmızı Xaç Təşkilatına, habelə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciətləri isə nəticə verməyib”.

Ekofəalların Laçın yolunda haqlı tələblərə aksiya başlayan gündən qondarma “rus icması” “Rusiya, bizi qoru” ritorikasına keçib. “Rus icması”na  sədrlik edən FTX agenti  Aleksandr Bordov bəyan edib ki, “Dağlıq Qarabağ”da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər’’.

Amma bu dəfə “Rus icması” ilə bağlı gediş daha absurd və gülüncdür. Belə ki, müraciətə əlavə edilmiş sənədlərin tam əksəriyyəti hələ də SSRİ-yə aiddir və Rusiya vətəndaşları" deyilən şəxslər SSRİ pasportlarını daşıyırlar. Hətta onlardan biri Gəmiqayıranların Həmkarlar Təşkilatının üzvüdür, 100-dən artıq yaşı var. Digərinə isə sovet pasportu 1998-ci ildə, SSRİ dağılandan 8 il sonra verilib. Bu da həm “rus icması”nın  saxta olduğunu bir daha təsdiqləyir. 

Üstəlik, hüquqi olaraq  Ermənistan və ya Rusiya pasportlu şəxslər heç bir halda Azərbaycan ərazisində qanunsuz məskunlaşa bilməzlər. 2015-ci ildə keçirilmiş son siyahıyalınmada Qarabağda cəmi 238 rusun yaşadığı halda, Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra 5 min rusun Qarabağda “blokadada” qalması məntiqəuyğun deyil. 

Məlumdur ki, aksiya davam etsə də,  yoldan humanitar yükləri aparan sülhməramlıların və  “Qırmızı Xaç”ın avtomobilləri ilk gündən sərbəst şəkildə hərəkət edə bilir. Bu o deməkdir ki, Ermənistanda bəzilərinin haray-qışqırıq saldığı kimi Azərbaycanın yolu bağladığı barədə deyilənlər yalandır və bu sübut olunur.

“Rus icması”nın yenidən ortaya atılması oyununun səbəbi də aydındır. Xankəndidəki separatçı rejimin “liderləri” bu cür saxta sənədlərə əsaslanaraq Rusiya Prezident Administrasiyasına müraciəti ilk növbədə Moskvaya qarşı yönəlmiş siyasətdir. Separatçılar o rəyi yaratmağa çalışırlar ki, guya buradakı rusların həyatına da ciddi təhlükə var və Rusiya sülhməramlılarını bunu təmin edə bilmirlər.

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

Şəhla Cəlilzadə 

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə son günlərdə Ermənistanda anti-Rusiya təbliğatının daha da gücləndiyini diqqətə çatdırdı: “Artıq 25 gündür ki, Laçın yolunda ekoloqlarımızın aksiyası davam edir, Xankəndinə gedən nəqliyyat vasitələrinə nəzarət olunur. Yəni 25 gündür ki, ermənilər Qarabağa qeyri-qanuni silah-sursat daşıya bilmirlər. Onları narahat edən əsl məqam da məhz budur. Ermənistanın və BQXK-nın humanitar yardım maşınlarının hərəkətinə isə heç bir maneə yoxdur. Ermənilər Laçın dəhlizindəki vəziyyəti süni şəkildə dramatikləşdirərək beynəlxalq qurumlar və dövlətlər önündə məsələ qaldırır, bunu "humanitar böhran" adlandırmağa çalışırlar. Onların təqdim etdikləri hesabatlarda guya 120 min insanın Qarabağda blokadada (1100 insanın isə yolda) qaldığı qeyd olunur, halbuki heç orada o qədər insan da yaşamır. ABŞ-da və Rusiyada məsələni tamamilə anlayırlar, Fransa isə təbii ki, “Ermənistanın böyük bacısı” olaraq “erməni işini” maksimum dəstəkləyir, anti-Azərbaycan qətnamələri gündəliyə çıxarır. Qərbpərəst Ermənistan hakimiyyəti və Paşinyan Rusiyanı və rus sülhməramlı qüvvələrini maksimum diskreditasiya etməyə, böhranın baiskarı kimi təqdim etməyə çalışır, bu işdə isə onlar revanşist erməni dəstələrinin maksimum dəstəyini alır. Vardanyan isə ötən gün Rusiya Müdafiə Nazirliyinin “Laçın dəhlizindəki vəziyyətə dair Rusiya sülhməramlı qüvvələrinin komandanlığı tərəfindən tərəflər arasında danışıqlar aparılır” açıqlamasını rədd edərək, “heç bir danışıqlar aparılmır” deməklə, birbaşa Rusiyaya zərbə vurmuş oldu. Onun növbəti avantürası isə guya “Qarabağda rus icması”nın qorunmasına dair Rusiya qarşısında qaldırdığı tələblə bağlıdır. Rusiyanın xüsusilə postsovet coğrafiyada geniş rus icmalarının olduğu ərazilərə dair müstəsna davranışları, təbii ki, Vardanyana da məlumdur və o, “Donbas ssenarisini” Qarabağda stimulyasiya etməyə çalışır. Lakin aydındır ki, Qarabağda geniş rus icması yoxdur, olmayıb və olmayacaq. Orada yalnız 5 illik müddətdən sonra fəaliyyət müddəti bir tərəfin razılığı ilə uzadılmazsa, bölgəni tərk edəcək rus sülhməramlı kontingenti var. Rusiya isə Azərbaycanla müttəfiqlik qarşılıqlı əlaqələrini Vardanyanın avantüralarına qurban verməyəcək qədər ağıllıdır. Odur ki, bu cür çağırışların hər hansı bir nəticə doğuracağını düşünmürəm. Vardanyanın daha bir-iki yanlış davranışı onun “fəaliyyətinin” birdəfəlik başa çatmasına gətirib çıxara bilər".

Beş dəqiqə... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hazırda İrəvanı narahat edən əsas məsələyə toxundu: “Ermənistan hakimiyyəti azərbaycanlı ekofəalların Xankəndidən keçən Şuşa-Laçın yolundakı aksiyalarından ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışır. Rəsmi İrəvanın iddialarına görə, yolun bağlanması nəticəsində qondarma respublikada humanitar böhran yaranıb. Əlbəttə, bu, absurddur. Ermənistanın iddialarının əsassız olduğu BMT Təhlükəsizlik Şurasına ünvanladıqları müraciətlərinin puça çıxması zamanı bir daha üzə çıxdı.  Moskva Şuşadakı hadisələrə ciddi reaksiya vermir. Bu İrəvanı narahat edir və təəccübləndirir. Çünki Ermənistan uzun illər Rusiyanın "çətiri altında gizlənməyə öyrəşib". Məsələ isə ondan ibarətdir ki, Kreml hansısa müdaxilənin yersiz olduğunu anlayır. Çünki ekofəalların etirazlarının səbəbi ermənilərin qanunsuz fəaliyyəti, o cümlədən törətdikləri ekoloji terrorla bağlıdır. Bundan başqa, həmin yoldan keçən humanitar təyinatlı maşınların hərəkətinə şərait yaradılır. Bunu sübut edən onlarla kadr var. Deməli, nəinki ruslar, heç ermənilər üçün də hansısa təhlükədən, aclıqdan söhbət gedə bilməz. Bunu Azərbaycan da istəmir.  “Qrajdanin” müraciəti təsadüfi deyil. Ermənilər bu yolla, nəhayət, Rusiyanı proseslərə çəkmək istəyirlər. Onlara elə gəlir ki, rusların “taleyindən” Kremlə qarşı “sarı sim” kimi istifadə etmək olar.

 Sülhməramlılarla bağlı tənqidi fikirlər isə təəccüblü deyil. Əvvəllər baş nazir Nikol Paşinyan və digər rəsmilər dəfələrlə oxşar məzmunlu bəyanatlar veriblər.

 Rusiyanın Ermənistanın çağırışlarına müsbət cavab verəcəyinə inanmıram.

Hərçənd tərəflər arasında gizli razılaşmanın olduğunu da istisna etmək olmaz. Bəlkə də, Moskva proseslərə “dirijorluq” edir. Məqsəd isə ola bilsin, sülhməramlıların sayını və ya fəaliyyət müddətini artırmaqdır. Hər halda, bunu həm Moskva istəyir, həm də İrəvan.  Bütün bunlarla belə, təxribatçı səylər nəticə verməyəcək. Düşünürəm ki, aksiyalar həmin ərazilərdə Azərbaycanın dövlət orqanlarının, o cümlədən DGK, DİN və DSX-nın nəzarət postlarının qurulması isə nəticələnəcək. Bu isə həm Ermənistan hakimiyyəti, həm də qondarma respublika üçün “soyuq duş” olacaq. Nəticədə Qarabağ erməniləri vətəndaşlığımızı qəbul etmək, yaxud torpaqlarımızdan çıxmaq barədə düşünməli olacaqlar".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR