İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi erməniləri “xəstə” adı ilə aradan çıxırlar: Vardanyan rejimindən xilas yolu

2238 28.12.2022 12:30 Yazarlar A A

 

Elə yazını yazmağa başlamışdım ki, erməni teleqram kanalları Qarabağdan ağır vəziyyətdə olan daha bir xəstənin – 4 aylıq uşağın Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri tərəfindən İrəvana aparıldığı barədə xəbər yaydılar.

Rəsmi məlumat Qırmızı Xaçqın Ermənistan təmsilçisi Zara Amatuni tərəfindən açıqlanıb. Bu, artıq neçənci xəstədir və ya “xəstə”dir? Sayını itirmişik artıq. Son iki həftədə davamlı şəkildə Xankəndidən İrəvana xəstələr daşınır ki, bu, da şübhə və haqlı sual yaradır: nə oldu Qarabağdakı ermənilər kütləvi şəkildə azarladı?

Ekofəallarımızın dinc aksiyaya başladığı tarixdən, 12 dekabrdan bəri İrəvan tərəfə daşınan xəstələr qədər bəlkə heç son iki ildə xəstə aparılmayıb. Uşağın "ağır xəstə" olduğunu əsas gətirib, ailələr aradan çıxır...Yoxsa bunlara nə oldu belə? Bəlkə də Qarabağ erməniləri separatçı-terrorçu rejimin caynağından xilas olmağın yolunu “xəstələnməkdə” görürlər. Ayrı əlac yoxdur. Anlayırlar ki, Azərbaycanla “döyüşmək”də qərarlı olduğunu iddia edən Ruben son nəticədə aradan çıxacaq, qırılan, məhv olan yenə də burdakı bədbəxt ermənilər olacaq...

Düzdür, azərbaycanlıların etiraz aksiyasının başlandığı ilk günlərdə Ruben Vardanyan Təcili Yardım maşınlarının Xankəndidən buraxılmayacağını da anons etmişdi. Azərbaycan tərəf rəsmən Qarabağ ermənilərinə humanitar yardım etməyə hazır olduğunu, etirazçılarımızsa mülki sakinlərin gediş-gəlişinə hər hansı problem yaratmayacağını elan edəndən və hətta Prezident köməkçisi səviyyəsində “Laçın yolunu Rusiya hərbçiləri bağlayıb” bəyanatı səsləndikdən sonra avantürist Vardanyan Belə bir iddia irəli sürmüşdü ki, guya o, xəstələrin aparılmasına etiraz etmir, amma “etirazçılar” buna imkan verməyəcəklər. Yəni həyasızlıq sərhədsizdir...

Diqqət edin, elə erməni mediası rəsmilərə istinadən xəbər yayır ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin daha üç avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib. Guya avtomobillərdən birində Ermənistana təxliyə edilən 3 nəfər erməni milliyyətli ağır xəstə olub. Ardınca isə iddia olunur ki, 12 dekabrdan “azərbaycanlılar Laçın yolunu bağlayıblar” və avtomobilləri buraxmırlar. Abırsızlıq başqa necə olur ki? Xankəndi istiqamətinə humanitar yardım daşıyan Rusiya yük maşınlarının sayı-hesabı yoxdur artıq. Qırmızı Xaçın yük maşınlarından da istifadə olunur. Eyni zamanda İrəvan istiqamətinə də getmək istəyənlər üçün heç bir problem yoxdur, özləri də vaxtaşırı bu haqda məlumat yayırlar, amma son sözləri bu olur ki, “azərbaycanlılar yolu bağlayıb”.

Vardanyanın iddialarına Rusiya tərəfinin də “züy” tutması işləri bir az da qəlizləşdirir, həmçinin erməni separatçılara stimul verir. Ötən gün Rusiya Müdafiə Nazirliyi yenə də məlumat açıqlayıb ki, Azərbaycan və Ermənistan tərəflə Laçın yolunun açılması istiqamətində danışıqları davam etdirirlər. Yolu bağlayan, magistrala hərbi texnika, yük maşınları, daş maneələr düzən, hətta tikanlı məftillər çəkən özləri, yolun açılması üçün Azərbaycan tərəflə danışıq aparırmışlar guya...Hələ Ermənistanı da qoşurlar. Azərbaycanın içərisində baş verənlərlə bağlı Ermənistanla niyə danışılsın ki? Başdan-ayağa absurd, yalan... 

Dinc aksiyanın ilk günündən Rusiya sülhməramlılarının komandan Andrey Volkovla görüş tələb edən, həmçinin azərbaycanlı mütəxəssislərin Canyataq və Gülyataq mədənlərində montorinq aparılmasına şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoymalarını tələb edən, həmçinin Ermənistanla sərhəddə, Laçın istiqamətində cinayətkarların, terrorçuların sərbəst-giriş çıxışının əngəllənməsi üçün sərhəd postunun, təhlükəli yüklərin, silah-sursat, mina daşınmasının qarşısını almaq məqsədilə gömrük nəzarəti məntəqəsinin yaradılmasını tələb edən azərbaycanlılar bəlkə haqsızdır?!

Rusiya rəhbərliyinin ölkənin gerbindəki qartalsayağı, ikibaşlı siyasəti katalizator rolunu oynayır bu məsələlərdə. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Laçın yolu ətrafında baş verən bu kimi hadisələr sülh müqaviləsi də daxil olmaqla, ümumi müzakirə mühitini çətinləşdirir. Deyir ki, Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Sitat: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və bütün istiqamətlərdə birgə işin tezliklə bərpasını gözləyirik”. Qaluzin əlavə edib ki, bu halda sənədin təsdiq olunma tarixi o qədər də vacib deyil: “Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”. Yəni göründüyü kimi, 10 noyabr 2020-ci il üçtərəfli anlaşmasının azı iki bəndinə əməl olunmaması, silahlı dəstələrin, terrorçuların Qarabağdan çıxarılması qalır bir tərəfdə, Qaluzin folklor nümunələrinə keçid edir.

Qaluzindən soruşmaq lazımdır: “Samur" gömrük-sərhəd buraxılış məntəqəsindən sərbəst keçə bilərikmi Rusiya ərazisinə? Niyə ermənilər mənim ölkəmin ərazisini “aşsüzən”ə döndərməli, istədikləri vaxt girib-çıxmalıdır? Hətta bunlara humanitar məqsədlə yol açıqdır, kiməsə maneə yoxdur deyilsə də, deyirlər yox e, siz ərazidən çəkilin, kefimiz istəyən kimi gedib-gələk. Yəni İrandan, Suriyadan terrorçu, narkotika, silah-sursat daşıyaq, sonra da qəsdinizə duraq! Buna hansı ölkə, hansı xalq göz yumar? Bəlkə Ukrayna ərazisində “terrorçu axtaran” Qaluzinin ölkəsi dözərdi?

Ermənilər üçün niyə ayrıca status olmalıdır? Dünyada hansı xalqın başqa ölkənin ərazisində dəhlizi var?! Ona qalsa, Dərbənd də azərbaycanlıların kompakt yaşadığı ərazidir, Rusiya dəhliz açsın, rahat şəkildə, yoxlama olmadan gedib-gələk soydaşlarımızın yanına. Amma baxın, pandemiya başlayandan minlərlə azərbaycanlı Dağıstan tərəfdən çöllərdə qalıb, quru yol bağlı olduğundan ölkəmizə daxil ola bilmir, hələ onlara qarşı dəfələrlə zorakılıqlar da baş verib, həbs edilənlər də olub. Niyə “humanitar” məsələlər Rusiya rəhbərliyinin yadına düşməyib, amma Qarabağdakı bir ovuc erməniyə gələndə dərhal sentimental hissləri baş qaldırır? Rusiya istəmir ki, burdakı ermənilərin sayı azalsın, məhz bu niyyətlə yolu bağlayıb, “yolbağlayan” adını da bizə qoymağa çalışır...

Və...Rusiyanın Vardanyan ətrafında oynadığı oyunların nəticəsidir ki, Xankəndidə aksiya şousu yaradıldı, əvvəl Şuşa istiqamətinə, ardınca Rusiya hərbi kontingentinin qərargahına yürüş təşkil edildi...Həyasızcasına Volkovla görüş tələb edirlər, hətta onlar da gecə ocaq qalayıb, ətrafına toplaşıblar...Vaxtilə Zori Balayan “Ocaq” adlı mənfur kitabı ilə çatmışdı nifrət “tonqalı”nı, indi yenidən o illərə qaytarmaq istəyirlər prosesləri. Bu işin arxasında duranlar, xüsusən də Qarabağda müvəqqəti olan rus hərbçilər daha çox gərginliyin yaranmasına şərait yaradırlar ki, 2025-dən o tərəfə də qalsınlar burada...Dövlətimiz sözünü deyib, xəbərdarlığını edib, Xankəndi vazkeçilməzdir! İrəvan uğrunda yol xəritəsinin ən yüksək səviyyədə təqdim olunduğu dönəmdə kimsə düşünürsə ki, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Kərkicahan, Əsgərandan...vaz keçəcəyik, başını daşa döyür!

Bu gün Xankəndi şəhərinin, Kərkicahan qəsəbəsinin işğalının ildönümüdür. Ermənilərin Gorusa gedə bilməməsinə görə yaxasını cırıb, hay-küy sayanlar Kərkicahan sakinlərinin yolunu niyə kəsib, özü də 16 gün yox e, 31 ildir?! Hələlik bu tarixi ərazilərimizin adının qarşısına azad olunduğu tarixi yaza bilmirik, erməni terrorçuları, onlara zəvər verənlərin sayəsində. Amma o gün də gələcək, dost da bilsin, düşmən də!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR