İnsanlara hürriyət, millətlərə istiqlal!

“Volkswagen” Daşkəndə gəldi, Azərbaycan isə “UAZ”dan əl çəkmir

10218 22.06.2026 14:45 Son xəbər A A

Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in Daşkənddə yeni yığım zavodunu işə salması postsovet məkanında növbəti sənaye müzakirələrinə yol açıb. Zavodun açılışında Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Almaniya lideri Frank-Valter Ştaynmayer şəxsən iştirak ediblər.

Musavat.com xəbər verir ki, layihə ilkin mərhələdə yarım yığma (SKD) üsulu ilə işə başlasa da, tezliklə tam istehsal (CKD) modelinə keçəcək və 7-8 qlobal model sahələrdən konveyerə axışacaq.

Özbəkistan son illərdə özünü o dərəcədə “çətinə” salıb ki, ölkəni az qala qlobal avtomobil sərgi salonuna çevirib. Hazırda ölkədə “Chevrolet”, KIA, “Hyundai”, BYD kimi markalar istehsal olunur, indi də bu sıraya “xalq avtomobili” “Volkswagen” əlavə edilir. Özbəklər yüzlərlə yerli müəssisəni avtomobil hissələri istehsalına cəlb edərək, işi o yerə çatdırıblar ki, artıq avtomobilin sadəcə təkərini bağlamır, onu sıfırdan yaratmağa çalışırlar.

Hələ bu harasıdır, layihənin ikinci mərhələsində Anqren Sənaye Zonasında qaynaq, rəngləmə və komponent istehsalını əhatə edən tam bir ekosistem qurulur. Yəni özbəklər qonağa sadəcə çay vermir, çaydanı da özləri düzəldirlər.

Azərbaycanda isə hələ də avtomobil istehsalı xoş xəyaldır. Üstəlik, rus maşını nostalji və romantizmi də canımızdan çıxmaq bilmir. İlin-günün bu vaxtında, dünya avtomobil istehsalı texnoloji sıçrayış yaşadığı bir çağda, azərbaycanlı rusun Ulyanov Avtomobil Zavodunun qluşitelinin “bolt-qaykası” ilə oynayır, adını da istehsal qoyur. Bizdə avtomobil sənayesinə yanaşma daha çox sənətkarlıq və fəlsəfə xarakteri daşıyır. Biz xarici texnologiyanın soyuq robot əllərinə güvənmir, köhnəlib əldən çıxmış, müasir tələblərdən milyon kilometrlərlə uzaq düşən brendlərə öz yaradıcı toxunuşumuzu əlavə edirik.

Yerli sənayemizin flaqmanları olan “Azərmaş” və Gəncə Avtomobil Zavodu unikal bir missiyanı yerinə yetirirlər. Hacıqabul sənaye zonası son illərdə canlansa və “UzAuto Motors” ilə illik 30 minlik istehsal gücü hədəflənsə də, bizim qəlbimizin sultanı yenə də “UAZ”dır. Dünya avtomobil sənayesi kosmik gəmilərin idarəetməsini tətbiq edib süni intellektli idarəetməyə keçə bilər, bizlərsə ölmüş, cəsədini yemiş qarışqaların belə həyatını başa vurduğu sovet mühəndisliyinin şah əsəri olan “UAZ”dan iki əlli yapımışıq.

“Patriot” və “Pickup” modellərinin o xorulddayan mühərriki olmasa, bizim sənayenin nə dadı olar?

“Volkswagen”, “Hyundai” və ya KIA kimi qlobal brendlərin tam istehsal xəttini ölkəyə gətirib başımızı ağrıtmırıq - axı hazır gələn maşını sürmək, onu sıfırdan düzəltməkdən daha rahatdır.

Bu gün Özbəkistanda istehsal olunan KIA, “Hyundai” və gələcək “Volkswagen”lər turbo mühərriklər, hibrid sistemlər və mürəkkəb elektronika ilə yüklənib. Qorxulu nağıllardakı kimi, hər tərəfi sensor və kompüterdir.

Azərbaycanda yığdığımız “UAZ”ların isə texnoloji tərəqqiyə ehtiyacı yoxdur. Klassik konstruksiya, yəni 4 təkər, bir də kibrit qutusuna oxşar dəmir korpusun cazibəsindən çıxa bilmirik. Müasir avtomobillərdə adaptiv kruiz-kontrol, zolaqda saxlama sistemi, 360 dərəcə kamera və çoxsaylı dəstək funksiyaları var. “UAZ” isə 1956-cı ildən bu yana dəyişməyib. Bu atsız arabanın əsas özəlliyi yerindən tərpənməsi və hər hansı bir çuxurdan sağ-salamat çıxmasıdır.  Keçilməzlik qabiliyyəti o dərəcədə yüksəkdir ki, yolda diskomfortu unudursunuz.

Alman və Koreya mühərrikləri qənaətcillik adı ilə yanacağı damcı-damcı işlədir, sanki “Hacı Qara”lıq edirlər. “UAZ” isə əsl “bəy” maşınıdır, yanacaq sərfiyyatında heç vaxt xəsislik etmir, benzini doya-doya içir. Biz neft ölkəsiyik, az yandıran maşın bizim sənayenin fəlsəfəsinə ziddir.

“Volkswagen”in Daşkəndə gəlişi sübut edir ki, Özbəkistan sənayedə darıxdırıcı və yorucu bir inkişaf mərhələsinə qədəm qoyub. Orada zavodlar, konveyerlər, ixrac planları və daimi iş rejimi olacaq. Azərbaycan isə avtomobil sənayesində öz unikal fərdiliyini qoruyub saxlayır. Daşkənd Almaniyanın “Volkswagen”i ilə gələcəyə doğru sürət qatarına minib. Azərbaycan hələ də dayanacaqda dayanıb, “böyük sıçrayış” üçün ən rahat və komfortlu marşrutun gəlməsini gözləyir. Tələsmirik, çünki əsl sənaye təmkin tələb edir!

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR