İnsanlara hürriyət, millətlərə istiqlal!

Volkov Qarabağdakı 10 min rus hərbçini necə gizlətdi?

1874 10.12.2022 10:02 Yazarlar A A

Neçə gündür ki, Rusiya hərbi kontingentinin komandanı general-mayor Andrey Volkovun sələfi volskisayağı özbaşınalıqlarından bəhs edirik. Onun Şuşa-Xankəndi yolunda, kameraların “gözü” qarşısında nümayişkaranə şəkildə Azərbaycan qanunlarına və beynəlxalq hüquqa zidd davranış sərgiləməsi təbii ki, səbəbsiz deyildi.

Volkov görürdü ki, jurnalistlərimiz onu çəkirlər və heç bir etiket qaydalarına sığmayan davranışlarını davam etdirirdi. Heç şübhəsiz ki, bununla ermənilərin daha çox xoşuna gəlməyə çalışırdı. Bəli, bəli! Bundan bir neçə gün əvvəl rus general separatçıların xətrinə dəymişdi, Azərbaycan rəsmilərinin monitorinqi ilə əlaqədar Xankəndi-Gorus yolunda saatlarla davam edən tıxacı aradan qaldıra bilmədiyinə görə... Xüsusilə də toponimlərlə bağlı sözləri ilə. O zaman demişdi ki, biz Qarabağdakı toponimləri Azərbaycanın tələb etdiyi kimi yazırıq, Rusiya Müdafiə Nazirliyi bülletenlərə sonradan düzəliş edir, ya da hansısa sayt...

Volkov bununla özünü təmizə çıxarmağa cəhd göstərmişdi, amma erməni separatçılar tez başının üstünü kəsdirdilər, ondan izahat istədilər. Laçın yolunda Azərbaycanla birgə mini gömrük postunun yaradılacağı barədə dediklərinə görə də incikliklərini nümayiş etdirdilər. Dərhal Volkov sözlərini geri götürdü, sözlərinin yanlış anlaşıldığını utanmazcasına söylədi. Heç şübhəsiz ki, Ruben Vardanyan Volkova verdiyi pulları, Arutyunyan yolladığı axçiləri xatırladıb. Bəlkə elə Volkova aid videogörüntülərin ictimailəşdiriləcəyi xəbərdarlığı da olub. Axı ermənilər şantaj üzrə bəşər ustalarıdırlar. Bəs necə, hansı ikinci millətin ərazisini 30 il işğalda saxladığı ölkəni məhkəməyə verib, ondan təzminat tələb etməyə üzü gələrdi? Ermənilər bunu sırtıqcasına edirlər, özü də dəfələrlə. Hər dəfə burunları daşa dəyir, qayıdırlar, yenə də...

Bu mənada Volkovun necə çətin duruma düşdüyünü də təsəvvür etmək çətin deyil. Neçə vaxtdır Qarabağda ermənilərin hesabına özü də, hərbçiləri də kef çəkir. Təkcə ona görə yox ki, Volkov və əsgərləri Rustam Muradov kimi Ukrayna cəbhəsində əsir-yesir deyillər. Həm də “qa” deyəndə ət, “qu” deyəndə su gəlir onlara. Üstəlik, də axçi hədiyyələri. Digər tərəfdən də Rusiya ona Ruben adında milyarder yollayıb. Belə olan halda rus komandan erməniçiliyin iradəsini necə qıra bilər? Onda gərək hər şeydən məhrum olsun. Görmədinizmi rus baş leytenant Azərbaycana aid mobil operatorların xidmətindən nə səbəbə istifadə etmədiklərini necə əsaslandırdı. Dedi ki, əgər Azərbaycan mobil operatoru təklif etsə, ondan istifadə edərlər. Yəni bütün istiqamətlərdə ermənilərdir onların xidmətində...

Belə olan təqdirdə rus komandanlıq Azərbaycan telekanallarına necə deyə bilər ki, buyurun, gəlin, bizim iştirakımızla erməni separatçıların necə talançılıq etdiyini çəkin, yayın, bütün aləm görsün. 

Bu arada, polkovnik Üzeyir Cəfərov deyib ki, general Volkovun sadəcə, Xankəndidə qərargahı olmalı olduğu halda, onun Xocalı və Ağdərədə də separatçılarla görüşmək üçün ofisləri var. Diqqət edin, buraya müvəqqəti xidmətə gələn rus general özü üçün cənnət yaradır. Anlamır ki, Qarabağ cənnətdir, amma yadlara yox! 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından 2 ildən artıq vaxt keçib, amma bu günədək nə rus hərbi kontingent, nə də Ermənistan hakimiyyəti öhdəliklərinə əməl etməyib. Separatçı-terrorçu rejim təmsilçiləri hələ də sülənirlər torpaqlarımızda, hətta kameralar qarşısında, “sülhməramlı”ların dalında dayanıb, oğrun-oğrun baxırlar.

Bu mənada 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşü məkrli planların ifşası baxımından çox faydalı oldu. Amma İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında qeyd olunduğu kimi, görüşün konstruktiv ruhda keçməsi ilə kifayətlənmək olmaz!

Erməni quldurlar torpaqlarımızı 30 ildən çoxdur talayırlar. Kəlbəcər rayonundakı Zod, Zəngilan rayonundakı Vejnəli qızıl yataqlarından milyardlar qazanıblar, xaricdəki havadarları ilə birgə. Azərbaycan bu qızılları işğalçıların burnundan “piltə-piltə” gətirəcək heç şübhəsiz. Ermənilər azı bir əsr Azərbaycana təzminat ödəməlidirlər, ya da ki, tarixi torpaqlarımızın bir hissəsini kompensasiya olaraq geri qaytarmalıdırlar, əbədi dərs olsun deyə!

Amma bunlar təslimçi sazişə imza atdıqları halda, keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq və Dəmirli mis-qızıl yataqlarını da çapıb-talayırlar. Bu özbaşınalığa şərait yaradan isə “sülhməramlı”lardır! Laçın yoluna təkbaşına nəzarət bunlara ona görə lazımdır ki, ermənilərin qanunsuzluqlarına, cinayətlərinə, talançılığına rahat şərait yaratsınlar! Bu talançılıqda, terror planlarında ermənilərin “bacı”ları fransızlar da iştirakçıdır, nikolların “ağa”ları - İrandan göndərilən muzdlular da. Diqqət edin, Volkov 14+13 İran vətəndaşının Qarabağda nə ölümünün olduğu barədə - hələ bu, bilinənlərin, ifşa olunanların sayıdır - sorğuya cavab verməyib bu günədək. Jurnalistlərimizin qarşısında sədd çəkməklə həm də diqqəti bu kimi mövzulardan yayındırdı bir neçə günlük. Amma istənilən halda, fədakar həmkarlarımız Volkov və onun hərbçilərini ifşa etdilər! Davamı isə mütləq gəlməlidir. Növbəti dəfə daha böyük nümayəndə heyəti araşdırma işlərinə cəlb olunmalıdır. Özü də bu araşdırmalarda, danışıqlarda Vitaliy Balasanyan kimi Qarabağ quldurlarının iştirakı yolverilməzdir! Rus komandan bizim jurnalistlərin qarşısına sədd çəkir, amma canini başda oturdur, buna son qoyulmalıdır! Burada diktə edən bir güc varsa, o da Azərbaycandır!

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR