İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətənpərvərliyi o şəxslər təbliğ etməlidir ki...”

1916 13.10.2022 08:40 Media A A

Rey Kərimoğlu: “Düşmən ölkələr Azərbaycan gənclərinin Vətən sevgisinə xələl gətirmək istəyirlər”

44 günlük Vətən müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi: Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Sükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Azərbaycan tarixi qələbəni həm də gənclər sayəsində qazandı. O gənclər ki, bir an belə tərəddüd etmədən irəli atıldılar. Bu qürurlu tarixi şəhidlərimiz qanları ilə yazdılar. Amma son proseslər göstərir ki, arxayınlaşmaq olmaz. Düşmən hər zaman təxribata əl atmağa, sərhədlərimizi pozmağa hazırdır. Onlara qarşı ilk növbədə ruhumuzla mübarizə aparmalıyıq. 

Qarabağ qazisi Rey Kərimoğlu “Yeni Müsavat” a açıqlamasında dedi ki, Azərbaycanda Vətən müharibəsindən sonrakı dövrdə gənc nəslin Vətənə münasibəti, əlbəttə, hamını qane edir: “44 günlük müharibədə gənclərimiz nəyə qadir olduqlarını aydın göstərdilər. Qarabağın azad edilməsi üçün döyüş meydanında şəhidlər verdik, qazilərimiz çoxdur. Arxa cəbhədə informasiya savaşında da gənclərin rolu danılmazdır. Vətən müharibəsindən sonra da gənclərin vətənpərvərlik ruhunu qorumaq üçün çox böyük işlər görülür. Şəhid ailələrinə, qazilərə dövlət dəstəyi kifayət qədərdir. Torpaqlarımızın bir qismi hələ də bizim nəzarətimizdə deyil. Bu baxımdan hər zaman döyüşə hazır olmaq lazımdır. Belə bir deyim var, sülh istəyirsənsə, müharibəyə hazır ol. Bu kontekstdən yanaşdıqda gənclərin Vətənə münasibəti, vətənpərvərlik ruhu məni qane etsə də, dayanmaq olmaz. Təbliğatı davam etdirmək, hətta daha da genişləndirmək lazımdır. Çünki düşmən ölkələr Azərbaycan gənclərinin Vətən sevgisinə xələl gətirmək istəyirlər. Min bir yolla onları başqa istiqamətlərə yönləndirmək istəyirlər. Lakin buna nail ola bilməyəcəklər. Çünki gənclərimiz ayıq-sayıqdırlar, dövlətin, ordunun yanındadır, Vətəni müdafiə etməyə hər zaman hazırdırlar. Bu ruhu saxlamaq üçün tədbirləri davam etdirmək lazımdır. Orta məktəblərdə, ali təhsil müəssisələrində, kolleclərdə müxtəlif tədbirlər keçirilməli, vətənpərvərliyin təbliği ilə bağlı müvafiq işlər görülməlidir. Hərbi-vətənpərvərliyin təbliğatı təcrübəli şəxslərin - müharibə iştirakçılarının, şəhid ailələrinin, o cümlədən Azərbaycanın ilk hərbi diktoru, hərbi-vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının, ziyalıların iştirakı ilə davam etdirilməlidir. Hərbi hissələrdə görüşlər keçirmək lazımdır”.

Rey Kərimoğlu Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin sədri kimi mina probleminə də diqqət çəkdi: “Bilirsiniz ki, müharibə bitdikdən sonra 259 nəfər mina qurbanı olub.  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək konfransının keçirilməsi" layihəsinin icrasına başlanıb. Sentyabrın 1-dən  icrasına başlanan layihə dekabrın 1-dək davam edəcək. Üç ay davam edəcək layihədə minadan, müharibədən zərərçəkən 50 nəfər və onların ailə üzvləri seçilərək konfransa dəvət ediləcək. Biz layihə çərçivəsində Tərtər, Ağdam və Bərdədən olan minadan, müharibədən zərərçəkənlər və onların ailə üzvləri ilə görüşlər keçirəcəyik. Onların arasından 50 nəfəri konfransa dəvət edəcəyik. Hazırda layihənin icrası fəaliyyət planına uyğun həyata keçirilir. Noyabrın 15-də Tərtər rayonunda həmin zərərçəkənlərin iştirakı ilə konfrans keçiriləcək".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Hazırladı:  Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR