İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsindəki Zəfərin "sirli iksiri" – dünya idman arenasından Şuşayadək keçilən yol

768 10.01.2023 15:00 Yazarlar A A

İdman yarışı da Vətən savaşı kimidir: qazanılan qələbənin sonunda ökənin bayrağı qaldırılır! Üstəlik, qələbənin ardınca məmləkətin himni ayaq üstə oxunur, dinlənilir, hətta həmin ölkəni sevməyənlər də ayaqda olmağa məcbur qalır, idmançı alqışlanır, daha da populyarlaşan dövlətin, millətin adına müsbət xallar əlavə olunur.

Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan idmanına bu qədər böyük önəm verməsi, bu sahənin inkişafını birbaşa nəzarətində saxlaması təbii qarşılanmalıdır. Müstəqillik illərində keçirilən beynəlxalq yarışlarda iştirak edən hər bir idmançımızın qazandığı qələbələrin sonunda onların idman arenasında üçrəngli bayrağımızı başı üzərinə qaldırıb arenada sevincini bölüşməsi, bu uğuru göz yaşları içərisində qeyd etməsi, himnimizin sədaları altında Azərbaycan bayrağının bayraqlar içərisində, öndə yer almasını izləyib o qədər fəxr duymuşuq ki...Amma hər dəfə ürəyimizdən bir istək, duyğu, arzu keçirdi ki, kaş ay-ulduzlu bayrağımız günün birində işğaldan azad olunmuş Qarabağımızda, Şuşamızda dalğalanaydı! Şükürlər olsun, qəlbimizdəki ən şah arzumuz çin oldu, bu gün bayrağımız nəinki Şuşada dalğalanır, hətta Şuşa beynəlxalq idman yarışlarına evsahibliyi edən ünvanlardan birinə çevrilib! Azərbaycan idmançıları artıq qazandığı qələbələri əsgər salamı ilə, Qarabağın azadlığı yolunda canlarından keçmiş şəhidlərimizə ərməğan edirlər, qüruryaradan bu kimi səhnələr hər birimizin gözləri önündədir.

Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq  edib Xalqqazeti.com

Azərbaycanın idman sahəsində uğurlarının ilbəil artması həm ölkəmizin tanınmasına, nüfuzunun artmasına töhfəsini verməkdədir, həm də gənc nəslin idmana olan marağının artması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da qeyd etdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Dövlət başçısı bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət verdi. Xüsusi vurğuladı ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilib, Azərbaycanın dinamik inkişafı təmin olunub. Prezidentin qeyd etdiyi kimi, idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Çox maraqlı təqdimat və tanınma nişanıdır: idman ölkəsi! İdman insanın sağlam ruhunun rəhni olan sahədirsə, onun bütövlükdə ölkənin həyatına transfer olunması ümummilli sağlamlığa verilən töhfə olmaqla yanaşı, eyni zamanda beynəlxalq miqyasda müsbət imic qazanılmasında əsas şərtlərdən biridir. Bu mənada idmanın inkişafına xüsusi diqqətin dövlət siyasətinin prioritetləri sırasında yer alması kifayət qədər məntiqlidir. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb ki, onlardan 300-ə yaxını qızıl medaldır. Ölkə başçısı bu statistikanı fəxarətlə dilə gətirdi. Yeri gəlmişkən, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizin idman sahəsindəki uğurlarında çox önəmli bir hadisə kimi xarakterizə olunmalıdır. Bu mənada Prezidentin Azərbaycan idmanının yüksək nəticələrini idman ictimaiyyəti qarşısında elan etməsi həm də aparılan uğurlu idman siyasətinin hazırki mərhələyədək keçilən yolunun hesabatı kimi də dəyərləndirilə bilər. Çünki bu dönəmdə Azərbaycanda idmanın bütün sahələri inkişaf etdirilib, idmançılara yüksək dövlət qayğısı və diqqət olub ki, bu da stimullaşdırıcı tədbir kimi önəmli rol oynahyıb. Eyni zamanda idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması, Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün bütün infrastrukturun yaradılması beynəlxalq arenaya çıxış imkanlarını genişləndirib.

İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının  iştirakçılarını qəbul edib » Azərbaycan Prezidentinin Rəsmi internet  səhifəsi

Dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etməsini ölkə rəhbəri də xüsusi vurğuladı. Beynəlxalq yarışlar arasında xüsusilə Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır heç şübhəsiz. Prezident xatırlatdı ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olub. “Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir”- "-deyə, dövlət başçısı qeyd etdi. Prezident zəruri əlavəsini də etdi. Bildirdi ki, Bhəmin Oyunları izləyib və “əfsuslar olsun yenə də qeyd etməli oluruq ki, hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir”. Azərbaycana qarşı hakim ədalətsizliyi artıq adi hal alıb, futboldan tutmuş, idmanın ayrı-ayrı sahələrinədək hər zaman bunu görmüşük. Amma bu, bizi təəccübəndirmir artıq. Çünki biz 30 ildən artıqdır Qarabağ məsələsində “vasitəçilik” funksiyasını öz üzərinə götürmüş “beynəlxalq dərəcəli hakimlər”in – həmsədrlərin ədalətsiz münasibəti ilə üz-üzəyik, hətta onların bu, mənasız missiyasından imtina etdiyimiz halda, Azərbaycandan əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Nə isə, qayıdaq idman arenasına...

 Ölkə rəhbəri də məmnunluqla söylədi ki, qazandığımı böyük nailiyyətlər bir daha Azərbaycan idmanının gücünü təsdiqləyir və Azərbaycanda idmanın inkişafının ardıcıl xarakter daşıdığını göstərir. Sitat: “Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir”. Nəsillər arasında rabitənin davamlı xarakter alması idman arenasında da özünü büruzə verir ki, bu da mühüm olmaqla yanaşı, sevindirici amildir. Bu, dövlət başçısının gənclərə, yeni nəsil idmançılara tövsiyəsi olmaqla yanaşı, həm də onların üzərində qoyulan məsuliyyət yüküdür. Yəni nəsillərdən-nəsillərə keçən ənənənin, bayrağımızın, dövlətimizin, himnimizin şərəfinin qorunması ənənəsinin qırılmasına imkan vermək olmaz!

Sözügedən toplantıda ölkə başçımız həm də idman sahəsinin inkişafına cavabdeh qurum və şəxslərə də zəruri tapşırıqlarını, tösviyələrini verdi. Xüsusi vurğuladı ki, gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. “Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq”-dövlət başçısı qeyd etdi. Prezident tamamilə haqlı olaraq buyurdu ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq. Bəli, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar mövcuddur. Belə ki, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub və bu işlər davam etdirilir. Amma yenə də görülməsi zəruri olan işlər var. İdman ölkəsi Azərbaycanın bütün bölgələrində idmanın inkişafı və dünya miqyasında nailəyyətlərə aparıb çıxaran göstəricilərin əldə olunması üçün işlər görülməlidir. Ali iradə var, dövlət qayğısı davam edir, idmanda yüksək nəticələr qazanmağa qadir oğul və qızlarımız da kifayət qədərdir. Deməli, sadəcə bu sahədəki nöqsan və çatışmazlıqların aradan qaldırılması, idmanımızı daha da irəli aparacaq təşəbbüslərin irəli sürülməsi, səlahiyyət sahibindən tutumuş, idmançıya, məşqçiyədək, eyni zamanda idman arenalarındakı çalışan texniki işçilərədək hər kəsin öz “post”unda üzərinə düşəni etməsi lazımdır. İdmanın uşaqlar arasında geniş yayılması, övladlarımızda sağlamlığın rəhninə marağın artırılması, vərdişlərin aşılanması onların yeniyetməlik və gənclik dövrlərində zərərli vərdişlərə aludəçilikdən də xilas edə bilər. Yəni idmanın dövlət siyasətinə çevrilməsi həm də vətəndaşlarımızın narkomaniya, siqaret və içkidən asılılıq kimi bəlalardan da hifz etməsi deməkdir ki, bu mənada fövqəladə əhəmiyyətə malikdir. Asudə vaxtın təşkilində idmanın oynadığı rolu başqa hansı məşğuliyyətlə əvəz etmək olar ki, həm sağlam həyata töhfəsi olsun, həm də pis vərdişlərin yaxına buraxılmamasına səbəb olsun? Sualın cavabı bəlliidir.

Vətən müharibəsindəki Zəfərin "sirli iksiri" – dünya idman arenasından  Şuşayadək keçilən yol

Azərbaycan Prezidenti sadəcə idmanın əhəmiyyətindən bəhs etmir, həm də bu sahədəki möhtəşəm nümunələri ilə hər kəsi heyrətləndirməyi bacarır. 60 yaşını adlamış dövlət başçısının azı 15 dəfə turnikdə dartınmasını, ağır çəkili idman alətləri ilə məşq etməsini görən yeniyetmə və gənclərimiz heç şübhəsiz ki, Prezidentə bənzəməyə cəhd göstərəcəklər. Dövlət başçısı şəxsi nümunəsi ilə də çox gənclərimizə yol göstərmiş olur, dövlət səviyyəsində idmana qayğını bir kənara qoyaq...

Yəqin xatırlayırsınız, azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olarkən hərbçilər üçün nəzərdə tutulan idman kompleksinə baxış keçirdi və idman alətləri ilə məşq etdi. Çoxlarımız heyrətləndik...Amma idman ölkə başçısının həyatının bir hissəsidir və bu, biz vətəndaşlar üçün gözəl örnəkdir.

Dövlət başçısının idmana qayğısı, idmançılarımıza yüksək münasibəti, idmanın inkişafına xüsusi önəm verməsi yuxarıda qeyd etdiyimiz kimi, dövlətimizin adını daim zirvələrə daşımaq niyyəti, üstəlik Azərbaycan vətəndaşlarının sağlam həyat tərzi sürməsini prioritet hesab etməsilə bağlıdırsa, həm də sağlam təməllər üzərində qurulmuş güc strukturlarının, silahlı qüvvələrin, əsgər və zabitlərimizin varlığı, torpaq bütünlüyümüzün əmin əllərdə olması ilə birbaşa əlaqəlidir. İdman, sağlamlıq həm də xüsusi təyinatlılar, komandoslar, “Vaşaq”lar, “Gürzə”lər, “Yarasa”lar, “Dəniz pişikləri”, “Yaşma” igidləri deməkdir! Bu gün düşmən adlarını çəkdiklərimizin kölgəsindən belə, çəkinir. 44 günlük savaş dönəmində igidlərimizin düşmənə necə qan uddurduğu barədə çoxsaylı nümunə var, düşmən etiraf edirdi ki, Azərbaycan hərbçiləri sanki canlı deyildilər, robot kimi şığıyırdılar, güllənin gözünün içinə dik baxaraq. Bu, həm cəsurluq nümunəsiydisə, həm də sağlam bədənin düşmənə göz dağı idi. İdmana yetərincə önəm verilməsəydi, Şuşanın sıldırımlarını qalxa bilərdimi Şuşa fatehləri? Bir anlıq o səhnəni göz önünə gətirək, gecə-gündüz ağır məşqlərə, təlimlərə sinə gərilməsi bu ağır və şərəfli döyüş yolunda hərbçilərimizə yar oldu! İdmana böyük önəm verilməsinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan əsgəri Böyük Göyçə gölünə yuxarıdan, zirvədən aşağı baxır, İstusu, Qafan şəhərləri ayaq altında qalıb. O zirvəyə yüksəlməyin yolu həm də idmandan keçirdi...Silahlı Qüvvələrimiz də cəmiyyətimizin bir hissəsidir. İdmanı həyat tərzinə çevirən yeniyetmə sabahın əsgəri və son nəticədə qürurverici nəticələri olan hərbçisidir. Kəsəsik, 44 günlük Vətən müharibəsində Zəfərin “sirli iksiri”dir – dövlət siyasətinə çevrilən idman...

Vətən müharibəsində şəhid olmuş idmançıların SİYAHISI

Qarşıda isə hələ çox dəf olunası maneələr var. Həm Vətənin bütövləşməsi yolunda, həm də idman arenalarındakı yarışlarda qazanılması mühüm qələbələr gözləyir bizi. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu, işğal dövründə Ağcabədi rayonunda yaradılan Qarabağ Atçılıq Kompleksi əzəli yerinə - Eyvazxanbəyli kəndinə qayıdacaq. Həmçinin Azərbaycanın fəxri, dünyada doğma meydanı olmadan illərlə zəfərlər qazanan və meydançası olmayan tək komanda olan “Qarabağ” da günün birində İmarət stadionuna dönəcək! Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulan bütün məntəqələrində idman kompleksləri, arenaları olacaq. Son nəticədə gənclərimiz qızılı təkcə Ağdərənin qızıl yataqlarından, digər ünvanlardan gözləməyəcək, həm də dünya yarışlarında himnimizin müşayiətilə təqdim olunan qızıllarımızın sayı ilə fəxr edəcəyik. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb, onlardan 300-ə yaxını qızıl medaldır. Azərbaycanın 44 günlük Vətən savaşında düşməndən azad etdiyi yaşayış məntəqələrinin sayı da 300-ə yaxındır, bəlkə də qanunauyğunluq var burada...

Dövlət başçısı da qeyd etdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Sitat: “Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.

Yol xəritəsi təqdim olundu.

Hər kəs iş başına!

Yeni-yeni zəfərlərə doğru, Azərbaycan!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR