İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsində qələbəmiz İranın maskasını yırtdı

1857 25.10.2022 10:15 Media A A

Tehran rejimi Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilmiş zəfəri həzm edə bilmir, ermənidən betər məyusdur - səbəblər

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəni Ermənistandan daha çox İran həzm edə bilmir. Tehran rejimi erməni faşizmini məhv etməyimizi, Qarabağın azad edilməsini, regiondakı yeni reallıqları qəbul etmək istəyində görünmür. 2020-ci il oktyabrın 22-də İranla olan cənub sərhədlərimizin tam bərpa olunmasına baxmayaraq, bu iki ildə Azərbaycanın dost əlini uzatmasını geri çevirib Ermənistanla qardaşlaşırlar.

Bunun bir sıra siyasi-iqtisadi səbəbləri var və Tehranın İrəvanla cütləşməsinin arxasında bəzi nüanslar dayanır. Lakin heç bir faktor İran rejiminə əsas vermir ki, ermənipərəst siyasət yürütsün, bizə dil uzatsın, mehriban qonşuluğa kölgə salsın. Ən azından dünənə qədər müəyyən malalanmış siyasət var idisə, indi İran tam simasını açmaqda, tərəfini müəyyən etməkdədir. Yəni artıq maska cırılıb və İran Ermənistan siyasətini gizlətmir, hətta xarici işlər naziri bu ölkənin təhlükəsizliyini İranın təhlükəsizliyi hesab edir. Bütün bunlar o zaman qabarıq şəkildə özünü büruzə verdi ki, Vətən müharibəsində qalib gəldik, düşmənin başını əzdik, Zəngəzur koridorunun açılmasını prinsipial məsələ olaraq gündəliyə gətirdik. Habelə, İrandan Xankəndinə qanunsuz daşımaların qarşısını aldıq və Tehran bu addımlarımıza dözə bilməyərək ermənidən yana siyasətini özü faş etdi. Ona görə 44 günlük zəfər həm də kimin kim olduğunu üzə çıxardı. Bunun ardınca Bakıdan Təbrizə mesaj var. Prezident İlham Əliyevin “taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılar” mesajının ünvanı bəllidir.

Güneydəki soydaşlarımıza müjdə var: Azərbaycan onların problemlərini Türk Dövlətləri Təşkilatında qaldıracaq. Prezidentin “qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik” sözləri bunun anonsu hesab edilə bilər.

 

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

 Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, 10 noyabr razılaşmasına görə Azərbaycandan Naxçıvana Ermənistan avtomobil və dəmir yolu keçidi - dəhliz verməlidir: “Ukrayna müharibəsi qlobal təchizat yollarında ciddi problemlərə səbəb olub. Enerji, ərzaq və istehlak mallarının Şərqdən Qərbə daşınmasında böyük əngəllər meydana çıxıb. Çünki Avropa Rusiyanı qlobal tədarük yollarından kənarda saxlamaq üçün alternativlər axtarışına baş vurub. BTC bunlardan biri olsa da Qərb Gürcüstan vasitəsilə həyata keçirilən yolun aqibətinin uzunmüddətli təhlükəsiz olacağına inanmır. ABŞ sanksiyaları və zəif nəqliyyat təminatı da İranı ciddi tərəfdaş hesab etməyə imkan vermir. Bir sözlə, dünya elə bir vəziyyətə gəlib ki, Sakit okeandan Atlantik okeanına gedən qlobal yolunun reallaşması üçün Zəngəzur dəhlizi açılmaq məcburiyyətindədir.

Bunu bilən Rusiya və Avropa bölgədə üstünlük əldə etmək üçün rəsmən savaşa daxil olublar. Bu mübarizədə isə bir narahat tərəf var: İran - türk ölkələri arasında əsas əlaqə onun vasitəsilə həyata keçirilir və rentabelli deyil", - deyə ekspert düşünür. Onun fikrincə, bütün dünya üçün ən vacib dəhliz olan Zəngəzuru açmaq əvəzinə İran-Ermənistan-Hindistan yolunun çəkilməsinə dair müzakirələrə start veriblər: “Ayrı-ayrılıqda bu ölkələrin yola dair strateji potensialları bərbaddır, o heç. Ən gülməli olan odur ki, eyni quru yola paralel hazır okean var da. Nəhayət, son nöqtə Ermənistanda bitir axı - oradan o tərəfə Qaradəniz limanıdır ki, gəlib boğazlarda Türkiyəyə dirənir”.

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli isə deyir ki, artıq dindarlarımız da molla rejiminə inamını itirir. Onun fikrincə, İran Azərbaycana qarşı düşmən mövqedə dayanıb, öncə bu düşmənçiliyi ustalıqla ört-basdır etməyə çalışırdısa, artıq buna heç ehtiyac da duymurlar: “Birmənalı şəkildə Ermənistanın yanında yer alıblar. Ermənistana dəstək vermək üçün min cür hoqqadan çıxırlar. İndi vəziyyət belədir ki, İranın fars şovinist rejiminin nə etməsindən asılı olmayaraq hər şey enində-sonunda Azərbaycanın xeyrinə çevrilir. Məsələn, İran Zəngəzurda Ermənistana dəstək anlamında konsulluq açır. Guya bu konsulluqla Zəngəzur dəhlizinin açılmasının qarşısını alacaqlar. Və ya Ermənistana dron satmaqla hərb meydanında balansı dəyişə biləcəklərini düşünürlər. Hesab edirəm ki, İranın açıq şəkildə Ermənistanın yanında yer alması Azərbaycana ciddi üstünlüklər verir. Artıq Bakıda dövlət səviyyəsində də Güney məsələsi gündəmə daşınır. O da bəllidir ki, Şimalı Azərbaycanda mövcud olan aşırı dindar kəsimin böyük bir hissəsi aydın şəkildə başa düşür ki, İran Azərbaycana qarşı xəyanət yolunu tutub. Təbii ki, biz vətənimizə düşmən olan xain ölkə ilə dost ola bilmərik. Xainlə necə rəftar etmək lazım olduğunu isə biz çox yaxşı bilirik”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanıb.

Hazırladı: Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR