İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaxtsız və yersiz banlayan “xoruz”un aqibəti: bəli, dünya beşdən böyükdür

2778 01.01.2023 14:20 Yazarlar A A

Bu dəfə Pariji Dərviş Məstəli şah partlatmadı, Fransanın ermənipərəst siyasət(çilər)i külü götürüb başına əndərdi, dünyada rəzil oldu. Prezident Emmanuel Makron Fransa kimi,  dünyanın aparıcı dövlətini, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən birini, Avropa İttifaqının aparıcı paytaxtlarından birini göydən yerə vurdu.

Soruşan gərək, Makron, bu, sənə lazım idimi? Bundan sonra Fransa rəhbərliyinin hansısa təşəbbüslərinin qarşılığında bu ölkənin BMT-dəki rəhbərliyinin rüsvayçı məğlubiyyəti xatırladılacaq, başına qaxınc ediləcək. Di, get!

sove.jpg (62 KB)

Son aylar, xüsusilə də 44 günlük müharibədən sonrakı dönəmlərdə Fransa rəhbərliyi yerə-göyə sığmırdı, xüsusi canfəşanlıq edirdi. 20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda Təhlükəsizlik Şurasınını sədri kimi - daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur - Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. 10 gündür ki, mətn üzərində sözün əsl mənasında qırğın gedirdi. Bundan əvvəl Fransa Senatının hər iki palatasında Azərbaycana qarşı qərəzli, heç bir əsası olmayan qərtnamələr qəbul edilmişdi. Azərbaycan əraziləri 28 il işğalda qaldığı dönəmdə bircə dəfə toplantı keçirib, “kiçik bacı”sını düz yola dəvət etməyən Fransanın gözünə yuxu getmirdi bu aylarda...   

Gah prezident Makron Azərbaycanın enerji ehtiyatları ilə bağlı yersiz çağırışlar edirdi, gah fransız siyasətçilər, deputatlar ölkəmizə qarşı sanksiya təklifləri səsləndirirdilər, gah da digər ermənisifətlilər “vaxtsız banlayan xoruz” statusunda davranırdılar. Vaxtsız banlayan xoruzun taleyi barədə ulularımız gözəl deyib vaxtilə...Bir daha təsdiqini tapdı! Prezident əbəs yerə “banlayan”lara ismarıc yollamamışdı...

Bundan sonra hansı ölkəni, xalqı Avropanın aparıcı dövləti olan Fransanın “ədaləti”nə inandırmaq olar? Kimsə inanmaz, etibar etməz! Deyəcəklər ki, filan illərdə əraziləri işğal altında, əhalisi qaçqın-köçkün, sərvətləri talanmış Azərbaycanı deyil, təcavüzkar, terrorçu, uşaq qatili Ermənistanı müdafiə edən ölkə getsin...işinin dalınca! Bir ölkənin imicini darmadağın etdilər!

BMT çərçivəsində cərəyan edən prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdılar. Özü də yeni məsələ deyildi. Makron administrasiyası Azərbaycanın cəzalandırılmasını qarısına məqsəd kimi hələ 2020-ci ilin oktyabrında qoymuşdu, Ermənistanın təcavüzkar siyasətinə, “yeni ərazilər uğrunda” başlatdığı hərbi əməliyyatın qarşısı qətiyyətlə alındığı günlərdə, Azərbaycan Ordusu əks-hücuma keçdiyi, ildırım sürətilə ərazilərini azad etdiyi zaman! O zaman Makron hətta Azərbaycana “Dağlıq Qarabağı işğal etmək imkanı verməyəcəyini” demişdi. Təsəvvür edin, ölkəsinin də səs verdiyi 4 BMT TŞ qətnaməsində işğalçıya Azərbaycan ərazilərini dərhal, qeyd-şərtsiz azad etmək tələbi qoyulduğu halda, Makron Azərbaycanı “işğalçı” adlandırmışdı. Özü siyasətçi adlandıran şəxs gərək bu qərəzindən sonra gözə görünməyə utanaydı...Amma nəinki utanmaq ağlına gəlmədi, hətta daha irəli məsafə qət etməyə cəhd göstərdi...44 günlük müharibə dönəmində heç nəyə nail ola bilmədi, odur ki, növbəti dəfə bu il ərzində davamlı şəkildə BMT müstəvisində anti-Azərbaycan fəaliyyətini gücləndirdi. Özünü ciddi adam və siyasətçi sayan şəxs üzdə “barış tərəfdarı”, “tərəfsiz vasitəçi” kimi göstərib, arxada Nikol Paşinyanla “min hoqqa”dan çıxmazdı. Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlayan andan Paşinyan Makrona, Makron da İlham Əliyevə zəng etməyə başlamışdı. Təsəvvür edin, Fransa prezidenti cəmi bir neçə saat dözə bilmişdi, elə yuxudan oyanan kimi, 27 sentyabrda Bakıya telefon açmışdı. Ermənistan Tovuz rayonuna təcavüz edəndə Fransa prezidenti Paşinyana zəng edib, “bacıcan, belə etmə, axırı pis olar” söyləməyi ağlının ucundan keçirməmişdi.

Fransa daxil, Ermənistanı, Qarabağdakı separatçıları himayə edənlər, onları maliyyələşdirənlər, qızışdıranlar elə düşünürdülər ki, təzyiq yolu ilə Azərbaycanı yolundan saxlaya  biləcəklər. Amma gördülər ki, yox, Azərbaycan Prezidenti ilə təzyiq dili ilə danışmaq əks-effekt verir, təhdid etdik, Azərbaycan ordusu bayrağı Göyçə gölünün qənşərindəki dağlara sancdı, Əliyevin üstünə bir az da üstünə getdik, Sarıbaba, Fərrux yüksəkliklərindəki terrorçular pərən-pərən salındı, indi də Xankəndi yoluna nəzarət XALQın əlindədir, hətta orduya əziyyət vermək istəmir qüdrətli liderin, fədakar xalqı...

qerb.jpg (46 KB)

Bir müddət öncə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bəzi beynəlxalq təsisatlarda Azərbaycana qarşı mərklli işlərin aparıldığına eyham vurmuşdu. 

Azərbaycan bundan əvvəl də Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu bəyanlayan dövlət başçısı açıq şəkildə bildirmişdi ki, bunların heç bir mənası yoxdur, yalnız irəli!

Nəticə ortada! Ermənistanın sonuncu ümid yeri Fransanın cəhdləri iflasa uğradı. Fransa düşünürdü ki, heç olmasa BMT miqyasında bir bəyanat qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da Təhlükəzlik Şurasında qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi. Erməni mediasına göz gəzdirdim, dedim görüm Qriqoryan və digərlərindən nə xəbər? Sanki qurbağa gölünə daş atılıb, səssizdirlər, lal sükut hakim olub, başlarına qaynar su səpilib. Yəqin ki, çox keçməz İrəvandakı Fransa səfirliyinin qarşısına yığışıb “bizi türklərə satdınız, rədd olun” - deyəcəklər.

Bəzi müşahidəçilər hesab edir ki, Fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi.  Hardasa bu fikirlərlə razılaşmaq olar. Fransa bölgəyə təkbaşına soxulmaq istəyirdi, iştahı böyük idi. Təsadüfi deyil ki, Avropa İttifaqı adından Ermənistana “müşhidəçi” göndərdilər, ermənilər toy-bayramla qarşıladılar. Amma bu özfəaliyyətin Ermənistana baha başa gələcəyi əvvəldən bəlli idi. Hələ bu, azmış kimi, son günlər Qarabağa, ermənilərin mövcud olduğu bölgələrə də heyət göndərməklə bağlı sərsəm iddialar ortaya atılmışdı. Belə yerdə deyirlər: “Sən saydığını say, gör fələk nə sayır”. Son hadisələr sözün əsl mənasında Fransa üçün bu proses böyük rüsvayçılıq oldu. BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu.

bmt.jpg (108 KB)

Qeyd edək ki, Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn 30 dekabrda BMT Təhlükəsizlik Şurasının qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyulmuşdu. Bu, o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi. Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransaının necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf edirdilər. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür. Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı. Beləliklə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib.

İlin hadisəsidir! Bu, həm də 2023-cü il ərəfəsində Prezident İlham Əliyevin növbəti qələbəsi, dövlət başçımızın Azərbaycan xalqına hədiyyəsidir! Bu, bir daha “İlham Əliyev dediyini edir”-deyiminin əməli fəaliyyətdə təsdiqlənməsidir! Makron son iki ildə Azərbaycan Prezidentinə dəfələrlə telefon açıb. Sonuncu zəng 23 dekabrda oldu. Rəsmi məlumatdan aydın sezilirdi ki, telefon danışığı elə də sakit məcrada davam ertməyib. Azərbaycan Prezidentinin Laçın yolundakı dinc aksiyaya müdaxilə etməyə çalışan fransalı  həmkarına Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını deməsinin rəsmi məlumatda əksini tapması çox mətləblərdən xəbər verirdi. Yəni sən özünü söz sahibi sayırsansa, əvvəlcə get, bacına denən əyri yoldan yığışsın, sonra Laçın yolunu danışarıq! Qətiyyət sözünü dedi və Makron dirəşməyin mənasız olduğunu, belə davam edərsə, Fransanın Azərbaycanda çalışan 50 şirkətinin də taleyini Qarabağdakı avstraliya şirkətinin taleyinin gözləyəcəyini anladığı üçün “ərizəsini geri götürdü”. Bununla həm də böyük Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” deyimi növbəti dəfə təsdiqini tapdı!

Sözsüz ki, burada Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniyanın mövqeyi də öz təsirini göstərib. Şübhəsiz ki, onların hərəsinin öz marağı var. Məsələn, Rusiya Fransanın Qarabağ bölgəsinə burun soxmasını qəbul etmir. Xüsusilə də fransız müşahidəçilərin bölgədə peyda olması, Ermənistan XİN başçısının Lavrovun üçtərəfli görüş təklifinə məhəl qoymadığı halda, Ermənistan XİN başçısının fransalı həmkarı ilə məsləhətləşməsi, hətta Qarabağdakı qonadrmarejim mənsublarının Parisə qaçıb, orada xilaskar axtarmaları Rusiyanın maraqlarına xəyanət kimi dəyərləndirilir. Ümumilikdə bu ölkələr son günlər Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər və haqq-ədaləti dəstəklədiklərinə görə, bu ölkələrə xüsusi minnətdarlıq düşür. Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni qeyd edərkən Fransa Prezident Administrasiyasının xarici siyasət-diplomatiya şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında Daimi nümayəndəsi və onun müavininin bu rüsvayçılığa görə geri çağırılmaq məsələsi var. Ekspertlərin söylədiyi kimi, fransızları mundialda “qanına qəltan edən”Argentinadan fərqli olaraq, Azərbaycan Fransanı neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir. Argentina yığmasına məğlub olduqdan sonra Makronun düşdüyü eybəcər vəziyyət hamının yadındadır. Həmçinin ardınca Fransa küçələrindəki toqquşmalar da...İndi gözləyək, görək Azərbaycanla döyüşdəki məğlubiyyətin ardınca nələr baş verəcək. Heç olmasa bundan sonra ermənilər və erməniçilik baş verənlərdən dərs alaydı. Anlamalıdırlar ki, onlardan sadəcə, istifadə edirlər, maraqları naminə. Erməniləri xilas edəcək ölkə varsa, o da hansısa Fransa, ya başqa Avropa ölkəsi deyil, Azərbaycandır! Tövbə vaxtıdır, bacarsalar!

nikol esas.jpg (60 KB)

Son söz əvəzi: Üç il əvvəl Fransanın qərbindəki Şaranta departamentində erkən banlayan xoruzun məhkəməsi keçirilmişdi. Belə ki, qonşuluqda yaşayan yaşlı Bironlar ailəsi Moris adlı xoruzu və onun sahibi Korin Fessonu məhkəməyə verərək iddia etmişdilər ki, uzun müddət həmin qadından vaxıs banlayan xoruzla bağlı tədbir görməsini istəyiblər, lakin nəticəsi olmayıb. “Zərərçəkən”in vəkili təzminat olaraq 1000 avro tələb edirdi. Yekunda məhkəm iddianı əsassız sayıb “ay pipiyi qan xoruz”un tərəfini tutdu.

Bəlkə elə Azərbaycan dövləti də “vaxtsız və yersiz banlayan xoruz”la bağlı beynəlxalq məhkəmə qarşısında iddia irəli sürməlidir.  Biz bu “xoruz”u

“Gözləri mərcan xoruz, qoymayırsan yatmağa...” -,

deyə, nazlayası deyilik ki... Terrorçu Ermənistan bir sıra hallarda məhz Fransa kimi ölkələrin stimullaşdırıcı, təhrikedici addımlarına görə gərginliyi artırır, nəticədə sentybar döyüşlərindəki kimi qanlı hadisələr baş verir, oğullar itiririk.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR