İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vakansiyaları gizlədən dövlət qurumlarını bu cəza gözləyir..." - DİM sədri AÇIQLADI ÖZƏL

5397 19.10.2023 20:20 Təhsil A A

İlk yayımlanma saatı: 13:42

"Vakansiyaları gizlədən dövlət qurumları haqda Prezidentə xəbər veririk".

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Musavat.com-un əməkdaşı ilə söhbətdə dövlət qulluğuna imtahanla bağlı yaranan narazılıqlara aydınlıq gətirib. 

Musavat.com həmin müsahibəni təqdim edir:   

- Məleykə xanım, son dövrlər dövlət qulluğuna keçirilən imtahanlarla bağlı narazılıq edənlərin sayı artıb. İmtahanların olduqca çətin olduğu bildirilir...

- Ümumiyyətlə, imtahana hazır olmayan insanlar həmişə öz uğursuzluqlarını sualların çətinliyinə ünvanlandırırlar. Yaxşı olardı ki, konkret faktlar olsa araşdıraq. Biz bütün müraciətlərə individual olaraq baxırıq, hələ ki bununla bağlı problem yoxdur.

- Əsasən, müsahibə mərhələsindən keçənlərin sonradan işlə təmin olunmasında problemlərin olduğu deyilir.  DİM olaraq sonradan imtahandan keçənlərin işlə təmin olunmasına nəzarət edə bilirsinizmi?

- İmtahandan keçənlər sertifikat alırlar, onlar öz sertifikatlarına və təhsillərinə uyğun olaraq elan olunan yerlərdə müsahibələrdə iştirak edirlər. Müsahibələrin proqramları əvvəlcədən çap olunur. Və o sahəyə gedən insan gərək proqramla tanış olsun və o müsahibəyə hazır olsun. Çox vaxt müxtəlif qurumlara müaciət edirlər. Halbuki, bu təşkilatlar bir-birilə çox fərqlidirlər. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyindən tutmuş Mədəniyyət Nazirliyinə qədər hamısına sənəd veriblər. Buradan anlaşılır ki, bu şəxs nə kənd təsərrüfatından, nə də mədəniyyət sahəsindən xəbərdardır. Bu yalnız iş axtarır, onun üçün fərqi yoxdur harada işləsin. Amma həmin qurumlar istəyirlər, konkret öz sahəsinə uyğun olaraq mütəxəssisləri seçsinlər.

- Bəzi hallarda dövlət qurumları vakansiyaları gizlədərək öz mütəxəssislərini o vəzifəyə təyin edirlər...

- Biz buna daima nəzarət edirik. Nazirliklər vaxtında vakansiyaları vermirlərsə, onlara mütləq hər üç aydan bir müraciət edirik. Əgər onlar vakansiyaları elan etmirlərsə, hər yarım ildən bir ölkə rəhbərliyinə xəbər veririk. Onlar çalışırlar ki, versinlər. Burada bir məsələ də var ki, bir sertifikatla beş müsahibədə iştirak edirlər, amma 15 yerə sənəd verirlər. Bununla da müsahibələrin sayı çoxalır. Bu amil həm dövlət orqanları, həm DİM, həm də insan resurslarının vaxtını alır. Müsahibələrin təşkil olunması da kifayət qədər mürəkkəb bir işdir. Biz onlayn müsahibələr keçirirk ki, heç olmasa müsabiqədə iştirak edən işçilər, əməkdaşlar işdən çox uzaq olmasınlar. Bunlar texniki məsələlərdir, amma bu ildən-ilə daha da mürəkkəbləşir. 

Hazırda dövlət qurumları ilə bağlı çox ciddi islahat proqramları həyata keçirilir. Səriştə modelinə keçiləndən sonra səriştə əsasında imtahanlar keçirəndən sonra, ikinci mərhələnin də prosesini sadələşdirməyə çalışacağıq. Bir-iki ilə çalışırıq ki, bu proses başa çatsın, belə bir planımız var. İndi işlə təmin olunmayan, sertifikatı əlində olanlara isə məsləhət görərdim ki, müsahibəyə getmədən əvvəl hansı təşkilatın vakansiyasından olan müsahibəyə qatılmaq istəyirlərsə, müsahibə proqramını öyrənsinlər. Bilsinlər ki, doğurdanmı bu iş onlar üçün yararlıdırmı, yoxsa yox.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR