İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “Vəzifəli şəxslər dedilər ki, ”sən partiya yarat, maliyyələşdirəcəyik

8414 11.04.2015 08:49 Müsahibə A A

Bu bölümdə istiqlalçı deputatla ilk dəfə ictimailəşdirilən bir sıra ilginc faktların da yer aldığı söhbətimizin sonuncu bölümünü təqdim edirik. Vahid müəllim eks-prezident Heydər Əliyevlə SSRİ-nin saxlanması barədə etdiyi söhbəti xatırladır: “Hələ SSRİ dağılmamışdı, biz martın 17-də referenduma səs verirdik. Dedi heç nədən qorxub-eləmə, səs ver, getsin. Elə dediyi kimi də oldu... O kişi çox zəhmli idi. Nazirlər onun kabinetinə girib çıxanda çox vaxt heç lifti tapmırdılar”... 

Və davam edir:


- ... Cənab İlham Əliyev çox humanist adamdır. Özü də qarşıdakını dinləyir, nə təklif verirsən, ona qulaq asır, təbii ki, öz fikrini də deyir... 

- Vahid bəy, Qubadan danışmışkən, qubalı milyarderlər yada düşür. Bunların əllərində kifayət qədər vəsait var. Sizin onlarla hər hansı təmasınız, əlaqəniz varmı?

- Əlaqə deyəndə ki, hamısı məni tanıyır, mən də hamını tanıyıram. Açığını deyim ki, bizim onlarla maliyyə söhbətlərimiz yoxdur. 

- Yox, söhbət ölkəyə investisiya qoyulmasından gedir...

- Bunlar əsasən Rusiyada işləyirlər, bütün var-dövlətləri düzdür, başqa ölkələrdə də çoxdur, amma əsasən şimal qonşumuzdadır. Əsasən də Putinlə işləyirlər. Qubanın da bütün xeyir-şərində iştirak edirlər, camaata da kömək edirlər. Amma onların Azərbaycanda investisiya yatırımları yoxdur...

- İran-Qərb anlaşmasının Azərbaycana müsbət və mənfi təsirləri barədə çox danışılır. Belə hesab edənlər də var ki, İranın mövqelərinin güclənməsi Azərbaycana növbəti təhdidlər vəd edir. Sizin düşüncələrinizi bilmək maraqlı olardı...


“Əsrin müqaviləsi” səviyyəsində ikinci müqaviləni İlham Əliyev imzaladı”


- Mən onu qəbul etmirəm. İranla əlaqədar uzun müddətdir bu danışıqlar gedirdi. Çalışırdılar ki, İranı nüvə istehsalı yolundan çəkindirsinlər. Hələ demək olmaz ki, buna nail olunub, çünki çərçivə sazişi imzalanıb, yekun saziş isə iyulun əvvəli imzalanmalıdır. O sazişin imzalanmasından sonra nəsə demək olar. Amma ümumi götürəndə əlbəttə, İranın nüvə silahının istehsalından əl çəkməsi, bu ölkənin üzərindən müəyyən sanksiyaların götürülməsi, İranın Avropaya açılması müsbət haldır. Birincisi, bizim orda 30 milyondan artıq azərbaycanlımız yaşayır, vəziyyətləri də o qədər yaxşı deyil, müəyyən problemlər var. İranda demokratik proseslər getsə, bu, onlar üçün çox yaxşıdır. İkinci tərəfdən, İran-Azərbaycan münasibətlərində bizim elə bir gərginliyimiz yoxdur. O da İslam dövlətidir, biz də. Əlaqələrimiz də yüksək səviyyədədir. 

Lazım gələrsə, İranın müəyyən məhsullarını Azərbaycan vasitəsilə də Avropaya çıxartmaq mümkün olar. Məsələn, mən belə təsəvvür edirəm ki... Bu yaxınlarda cənab prezident Bolqarıstana getmişdi. Orda Bolqarıstan vasitəsilə qazın Avropaya ixracını danışdılar. O cümlədən Nabukkonun bir hissəsi olan layihənin həyata keçirilməsi üçün müəyyən anlaşmalar imzaladılar. Ola bilər ki, vaxt gəlsin, İran qazı da bizim kəmər vasitəsilə Avropaya çıxarılsın. İran neftinin dünya bazarına çıxarılmasından danışılır. Ümumiyyətlə, İran dünyada neft və qaz ehtiyatlarına görə ən iri üç dövlətdən biridir. İran, Qətər və Türkmənistan dünya qazının 42 faizini ixrac edir. Bayaq qeyd etdim, ola bilər İran, yaxud Səudiyyə Ərəbistanı neftin qiymətlərini artırmaq istəsinlər. Lakin ABŞ-ın neft ehtiyatı o qədər böyükdür ki, istənilən vaxt bunun qarşısını alacaq. O vaxta qədər ki, Rusiya Ukrayna ilə əlaqədar öz problemlərini həll edəcək. Ona görə də İranın “Altılıq”la görüşləri, danışıqları, razılaşma imzalaması bizə yalnız müsbət çalarlar gətirəcək, mən bunun mənfi tərəfini qəbul etmirəm. 

- İrandan Azərbaycana iri pullar gələ bilər? Heç danışılırmı ki, Tehranın hansı sahələrə yatırım qoyması real və mümkündür?

- Bəli, pullar, investisiyalar gələ bilər. Mən 1993-cü ildə baş nazirin 1-ci müavini işləyəndə İranın müdafiə naziri mənə bütün obyektləri göstərdi. O zaman mən İranda 10 gün olmuşdum.


“Nazirlər Heydər Əliyevin kabinetinə girib çıxanda çox vaxt heç lifti tapmırdılar”


- Hətta nüvə obyektlərini də?

- Bəli, hamısını. İranın çox güclü hərbi potensialı var. Razılaşma elə-belə olmadı ki. Dedilər Amerika bu gün-sabah hücum edəcək, İsrail belə edəcək, amma... İran çox güclü dövlətdir. Həm dini, həm də hərbi cəhətdən. Bir çox adamlar qəbul etmək istəmir, amma mən şəxsən müşahidə etmişəm. Ona görə də İran dövləti ilə bizim aramızda əməkdaşlıq haqda sazişlər imzalansa, çox ciddi müsbət nəticələr gətirəcək. Məsələn, İranda çox gözəl bankçılıq sistemi var, halal bankçılıq. Sadəcə biz o bankçılıq sistemini Azərbaycanda tətbiq etmək istəyirik, burada konfranslar keçirilir, mən orda iştirak edirəm. Çox gözəl sistemdir, niyə onu burda tətbiq etməyək, inkişaf etdirməyək? 

- Amma burda İran bankının filialları var idi, lakin onların inkişafına imkan verilmədi...

- İnkişafına imkan verilmədi, çünki bizim banklar özü də hamısı monopoliyadadır. 
 
- Bəy, bunları niyə parlamentdə açıq demirsiz,  mümkün deyil?

- Sizə açıq deyim, parlamentdə şəxsən mənə təzyiq yoxdur, istədiyimi deyirəm, istədiyim məsələyə fikir bildirirəm. 

- Heç xahiş olunurmu ki, hansısa məsələni deməyin?

- Azərbaycandır da. Elə şeysiz mümkün deyil. (Gülürük)

- Həmin xahişlərə əməl edirsinizmi?


- Əməl etdiyim vaxtlar da olur. Məsələn, bu yaxınlarda biz Mərkəzi Bankın İdarə Heyətinin sədrini təsdiq edəndə mənim fikrim başqa cür idi. Elman Rüstəmova hörmət edirəm, amma mən devalvasiyanı qəbul etmədim. Amma təklif cənab prezidentdən gəlmişdi ki, o, təsdiq olunsun, Oqtay Əsədov da razılıq vermişdi. Oqtay Əsədovla biz uzun müddətdir, hələ zavod direktoru işləyəndən dostuq, həmkarıq, yoldaşıq, ona hörmətim də böyükdür. Cənab prezidentə də dediyim kimi, böyük hörmətim var. Ona görə də biz səs verdik, təsdiq etdik. Yəni belə hallar olur.

- Bayaq dediniz ki, parlamentdə YAP çoxluğu var. Vahid Əhmədovun özünün bir partiya yaratmaq niyyəti varmı, belə təkliflər olubmu?

- Olub. Hətta 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra böyük vəzifəli şəxslər mənə dedilər ki, partiya yarat, maliyyələşdirəcəyik. Dedim mən bir partiyanın üzvü olmuşam, bundan sonra heç bir partiyanın üzvü olan deyiləm. Heç vaxt hansısa partiya qurmaq fikrində olmamışam. 


- Hiss olunan budur ki, müxalifətin də sizə böyük hörməti var. Onların tanınmışları ilə münasibətlər varmı?

- Münasibətlər hamı ilə var. Xeyirdə-şərdə iştirak edirik, görüşürük. Əksəriyyəti ilə bir yerdə işləmişik, rəhbər vəzifədə olublar, nə qədər çətinliklər görmüşük. İndi 92-93-cü illər barədə deyirlər e... İnanın mənə, ağır illər idi. Siz də o illəri bizimlə yaşamısınız. Mən 1993-cü ildə baş nazirin 1-ci müavini işləyəndə hökumətin kassasında 1 manat yox idi, taxılı, heç nəyi yox idi. Allah rəhmət eləsin Əbülfəz Elçibəyə, yaxşı kişiydi, məndən soruşdu ki, bəs nə edək, taxıl yoxdur. Məcbur oldum Rusiyaya getdim, orda 10 günə qədər oturdum. Bizə kömək etdilər, 7 milyard kredit götürdük, taxıl alıb gətirdik. Çətin vaxt idi. İndi nə var işləməyə, dövlətdə pul var, nefti var. 


“Azərbaycan bu gün çox dövlətlərə lazımdır”


(Haşıyə çıxır) Heydər Əliyev 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri olanda yanacağın İran vasitəsilə Muxtar Respublikaya çatdırılması üçün 80 dənə maşın təşkil etmişdik. O maşınlar yanacağı Azərbaycandan Naxçıvana İran vasitəsilə daşıyırdı. O cümlədən Şəmsəddin Xanbabayev, Eldar İbrahimov həmişə bu məsələlərlə əlaqədar mənimlə təmasda olublar. Həmçinin o ağır vaxtlarda biz Naxçıvana Türkiyədən taxıl gətirirdik. Türkiyədən gələn taxılı Poti limanı vasitəsilə Batumidən daşıyırdıq, Naxçıvana verirdik. Gürcülər məhsulun müəyyən hissəsini götürürdü, bizə qulaq asmırdılar, heç vəsait də ödəmirdilər. Bütün bunları mən və Heydər Əliyev telefon danışıqları ilə həll edirdik. Çalışırdıq o taxılı ordan götürsünlər ki, Gürcüstan özü üçün daşımasın. Yəni belə əlaqələr də olub... 

Mən bir şeyi də demək istəyirəm, 1994-cü il “Əsrin müqaviləsi”ndən danışılır. Bu müqavilə olmasaydı, bizdə vəziyyət çox gərgin olardı. Bəlkə də heç bu gün Azərbaycan olmazdı. İkinci belə müqaviləni də İlham Əliyev imzaladı. 

- TANAP? Ona bu qədərmi önəm verirsiniz?

“Mərkəzi Bankın İdarə Heyətinin sədri təsdiq olunanda mənim fikrim başqa cür idi”



- Bəli. Çox böyük önəm verirəm. Bu kontrakt Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən onun iqtisadi faydasını bir kənara qoyuram. Avropa dövlətlərinin qazla təminatında bu müqavilənin çox böyük əhəmiyyəti var, bizimçün olduqca əhəmiyyətlidir. Bura hardasa 45 milyard dollara yaxın investisiya qoyulacaq, bu, məni o qədər maraqlandırmır. Amma o dövlətlərə marağı var ki, Azərbaycan qazını Avropaya çıxartsın. Dövlətimizin müstəqilliyi üçün bu, çox önəmlidir. Siz fikir verin, bu müqavilə imzalanmamışdan qabaq Rusiyanın prezidenti, baş naziri, “Qazprom”un sədri neçə dəfə Azərbaycana gəldi ki, biz qazı Rusiya üzərindən ixrac edək. Amma cənab prezident ona getmədi. Açığını deyim, riskə getdi belə bir qərarı verdi.


- TANAP layihəsi Rusiyanı qıcıqlandırırmı?

- Bəs necə.


- Bunun qarşılığında şimal qonşumuzun hansısa cəhdləri, sürprizləri gözləniləndirmi?

- Cəhdləri oldu da. Rusiya prezidenti Türkiyəyə getdi, Ərdoğanla görüşdü, “Türk axını” ilə bağlı razılaşmaya gəldilər, amma o da iflasa uğradı. Azərbaycanı müdafiə edən dövlətlər də çoxdur. Baxmayın ki, biz indi deyirik içəridə demokratiya, söz azadlığı problemi var. Amma Azərbaycan bu gün çox dövlətlərə lazımdır. Ona görə də Azərbaycanı müdafiə edəcəklər...


Hazırladı: Elşad PAŞASOY
FOTO: Məhəmməd TÜRKMƏN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR