Qlobal iqtisadi böhran, neftin dəyərdən düşməsinin məntiqi nəticəsi olaraq əksər ölkələrin milli valyutalarının devalvasiyası bu dəfə Azərbaycanı da öz ağuşuna aldı. Bu gün ölkə insanının rahatlığını pozan manatın getdikcə dəyərsizləşməsi, güzəranın ağırlaşması, bazarda qiymətlərin sürətlə artması nəticəsində perspektivin daha qaranlıq görünməsidir.
Azərbaycanda iqtisadi-siyasi şərhlərinə, təhlillərinə ciddi etimad bəslənilən deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla vəziyyəti geniş şəkildə dəyərləndirmək üçün istiqlalçı millət vəkilini “Yeni Müsavat”a dəvət etdik. Baş redaktor Rauf Arifoğlu, baş direktor Ələsgər Süleymanov, redaktorlardan Zahid Səfəroğlu, Nazim Sabiroğlu və bu sətirlərin müəllifinin iştirakı ilə keçən söhbətimizi sizə təqdim edirik. Bu bölümdə V.Əhmədov zavod direktoru olarkən başına gələn hadisələri və mərhum prezident Heydər Əliyevlə ilginc görüş-söhbətlərini də xatırladı.
Bank sisteminə yeni gələn təcrübəli gənclərin korrupsiya və rüşvətə daha az meylli olduğunu deyən müsahibimizə növbəti sual:
- Vahid bəy, siz bunları indiki bank sistemi ilə müqayisədə deyirsiniz?
- Yox, Elman Rüstəmov barədə mənim fikrim yüksəkdir. Nə mənada? Elman Rüstəmov mütəxəssis kimi çox ixtisaslıdır, öz sahəsini həddən artıq gözəl bilir. O, bizim vaxtımızda işləyirdi. Mən baş nazirin 1-ci müavini olanda Elman Rüstəmov Milli Bankın İdarə Heyəti sədrinin müavini idi, Cavanşir Abdullayev sədr idi, o da müavin. Ondan qabaq da Prezident Aparatında işləyirdi. Makroiqtisadi stabilliyi, makroiqtisadi göstəriciləri bilən bəlkə də bir nömrəli şəxsdir. Biz onun bütün çıxışlarına, hərəkətlərinə diqqət veririk. 2008-ci ildə dünyada böhran gedəndə Azərbaycanda böhranın qarşısını alanlardan biri Mərkəzi Bank, onun atdığı addımlar oldu. Müdaxilə etmədilər, bankları müəyyən səviyyədə saxladılar ki, banklarda böhran yaranmasın. Yəni o, ixtisaslı kadr kimi buna qadirdi... Amma burda bir şeyi nəzərə almaq lazımdır. Hər bir pulun arxasında əmlak, əmtəə olmalıdır. Əmtəə olmasa, o, kağızdır. Bizdə də pulun arxasındakı əmtəə neftdir. Neftlə bağlı belə bir vəziyyət yarandığı üçün Azərbaycan indiki situasiya ilə üzləşib. Bayaq dediyim kimi, faktiki manat devalvasiyaya uğramır, neft uğrayır. Neftin qiyməti dəyişdikcə manatın da qiyməti dəyişir.
- Avropa Oyunlarından bir cümlə dediniz. Bu tədbirin indiki anda iqtisadiyyata faydası olacaq, yoxsa iqtisadiyyatı daha da ayağından aşağı dartacaq?
- Yox, iqtisadiyyata faydasından söhbət gedə bilmir. Hamı bilir ki, Avropa Oyunları müəyyən qədər xərc tələb edən bir sahədir.
|
“Açığını danışaq, Avropa Oyunlarının keçirilməsi daha çox siyasi məsələdir; əgər bilinsəydi ki, neftin qiymətində, ümumiyyətlə, dünya iqtisadiyyatında belə bir problem yaranacaq, bəlkə də heç buna gedilməzdi” |
- Doğrudanmı bu oyunlar üçün 8 milyard ayrılıb?
- Kimsə 8 rəqəmini eşidib, onu milyard olaraq təqdim edib. Dövlət büdcəsində 8 milyardlıq investisiya xərci yoxdur. Büdcədə investisiya xərci cəmi 6 milyarddır. Bu, hardan 8 milyarda çıxdı? İnvestisiya xərclərində əsas iki layihədir: biri Avropa Oyunlarıdır, ikincisi də TANAP, TAP layihəsi. Biz artıq vəsait ayırmamışıq, hardan xərcləyirlər, kim xərcləyir, mən onu deyə bilmərəm. Amma 8 milyard söhbəti həqiqət deyil. Ümumiyyətlə, dövlət büdcəsindən bu sahəyə 1,2 milyard vəsait ayrılıb.
- Adətən bu cür böyük yarışlar keçirilən ölkələrdə, şəhərlərdə canlanma yaranır. O baxımdan, turistlərin ölkəyə cəlb olunması, onların burda para xərcləməsi ilə bağlı perspektiv hesablanıbmı, gözlənti varmı?
- Açığını danışaq, bu, daha çox siyasi məsələdir. Azərbaycanı dünyaya tanıtmaq, Qarabağ məsələsində müəyyən dönüş yaratmaq üçün buna gedilib. 60-a yaxın dövlət burda iştirak edəcək, dövlət başçıları, müəyyən səviyyəli insanlar gələcək, Azərbaycanla tanış olacaqlar, ölkə həyatına bələd olacaqlar. Bu gün danışıqlar gedir, tanıtımla bağlı müəyyən videoçarxlar çəkilir, dünyaya yayılır. Sizə açığını deyim, əgər bilinsəydi ki, neftin qiymətində, ümumiyyətlə, dünya iqtisadiyyatında belə bir problem yaranacaq, bəlkə də heç buna gedilməzdi. Mən şəxsən neftin qiymətində belə bir ciddi problemin olacağını gözləmirdim.
- Kimsə gözləmirdi. Böyük ehtimalla bu, Rusiya amilinə görədir...
- Bəli. Neftin qiymətinin kəskin düşməsi birbaşa Rusiya ilə bağlıdır. Nə qədər ki, Rusiya-Ukrayna məsələləri həll olunmayacaq, bu proses davam edəcək. Mən bu il bu prosesin aşağı enməsini gözləmirəm, ilin axırına kimi davam edəcək. Gedən proseslər onu göstərir ki, Rusiya da öz əməlindən əl çəkmək istəmir, imperiya ambisiyaları hələ yeni-yeni əmələ gəlir. Bir az da fərəhləniblər, həvəsə gəliblər ki, Krımı ilhaq etdilər, indi də Donetski, Luqanskı ala bilərlər və s. Amma mən inanmıram. Bu proses hardasa qurtarmalıdır.
- Vahid bəy, bizimlə müqayisədə Rusiyanın neftdən asılılığı nə dərəcədə güclü və ya zəifdir?
- Eyni səviyyədədir. Amma Rusiyada digər sahələr də var, onu yaddan çıxartmaq olmaz. Maşınqayırması, gözəl metallurgiyası, yaxşı kənd təsərrüfatı var. Rusiya ildə elə taxıl ixracından böyük miqdarda vəsait əldə edir. 1 milyard tona yaxın taxıl istehsal edir. Düzdür, neftdən çox asılıdır, onun da vəziyyəti yaxşı deyil.
- Amma vəziyyəti daxildə stabilləşdirə bilirlər...
- Müəyyən qədər stabilləşdirə biliblər, amma bu proses davam etsə, yenə də rubl devalvasiyaya uğrayacaq.
- Fenomen rusların psixologiyası ilə bağlıdır, onlar blokada görmüş adamlardır, bəlkə buna görədir?
|
“Dialoq öz nəticəsini verəcəksə, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcəksə, istər müxalifətdən, istər iqtidardan normal insanlar parlamentə düşəcəksə, Azərbaycanda heç bir qeyri-adi hadisələr gözləmirəm” |
- Blokada görmüş adamdırlar, bunlarda imperiya həvəsi də çox güclüdür. Dövlət Dumasının bir deputatını mandatdan məhrum etdilər. Nə var-nə var, Ukraynanı müdafiə edib.
- Vahid bəy, bəziləri hesab edir ki, başlayan proseslər ölkədə sosial partlayışlara, etirazlara, kütləvi aksiyalara səbəb ola bilər. Amma biz də gördük ki, keçirilən mitinqlərə qatılan adamların sayı o qədər də çox deyildi. Bəlkə də narazıların sayından qat-qat aşağıydı. Siz bütün Azərbaycan səhnəsini müşahidə etmək imkanına maliksiniz. Eyni zamanda siyasətlə məşğulsunuz, millət vəkilisiniz. Azərbaycanda manatla bağlı hansısa kütləvi etirazlar, aksiyalar gözlənilirmi?
- Mən devalvasiya ilə əlaqədar ölkədə elə bir ciddi proses görmürəm və gözləmirəm də. İkincisi də Azərbaycan müxalifətinin verdiyi proqnozları və sairi çox vaxt qəbul etmirəm. Nəyə görə? Mən ictimai-siyasi həyatı izləyən adamam, beynəlxalq aləmdə gedən iqtisadi-siyasi prosesləri izləyirəm.
Azərbaycanda gedən prosesləri də onlarla müqayisə edirəm. İkincisi, bir müddət əvvəl dövlət Əli Həsənovun rəhbərliyi altında siyasi partiyalarla dialoq təşkil etdi. Əli Həsənov vəzifəli şəxsdir, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisidir. Yadınıza gəlirsə, mən sizin qəzetdə də dəfələrlə demişəm ki, dialoq Azərbaycana çoxdan lazım idi. Çətin vəziyyət ola bilər, bunu heç kim inkar etmir.
Manat devalvasiyaya da uğraya bilər, Azərbaycanda iqtisadi cəhətdən müəyyən gərginliklər yarana bilər. Amma bu, əsas vermir ki, Azərbaycanda belə hərəkətlər edəsən. Biz hamımız Azərbaycan vətəndaşıyıq. Digər tərəfdən, müxalifətdəkilərin əksəriyyəti də Azərbaycanın müstəqilliyini istəyən, buna səs verən insanlardır. İndiki dövrdə, indiki ictimai-siyasi vəziyyətdə müstəqilliyi qorumaq həddən artıq çətindir. Ona görə də bu məsələdə bir yerdə olmaq üçün dialoqa gedilməsinin çox böyük əhəmiyyəti var. Əgər dialoq öz nəticəsini verəcəksə, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcəksə, istər müxalifətdən, istər iqtidardan normal insanlar parlamentə düşəcəksə, Azərbaycanda heç bir qeyri-adi hadisələr gözləmirəm. Buna imkan vermək olmaz.
Rauf bəy növbəti sualla söhbətin axarını deputatın seçki dairəsinə yönəldir:
- Qubada vəziyyət necədir?
- (Gülərək) Qubada yaxşıdır.
- Orda iğtişaşlar oldu, o iğtişaşların səngiməsində sizin böyük rolunuz oldu. Hazırda vəziyyət necədir, hansısa təsirlər varmı?
- Qubada vəziyyət həmişə yaxşı olub. Əgər orda rayonun icra başçısı öz yerindədirsə, insanlarla normal rəftar edirsə, əhalini təhqir etmirsə, heç bir problem yoxdur. Quba camaatı, ümumiyyətlə, bizim şimal bölgəsi çox qonaqpərvər insanlardır, onlar axırıncı qəpiyinə qədər verər, amma dünya dağıla, təhqirə dözən deyillər.
- O vaxt iddialar var idi ki, Ziya Məmmədovun ora təsirləri var. Elə bir şey varmı?
- Sizi inandırım, Ziya Məmmədovun heç bir təsiri yoxdur. O vaxt bəlkə də ola bilərdi, amma indi Ziya Məmmədov ayda-ildə bir dəfə ora gəlmir. Açığını deyim, Ziya Məmmədov orda olanda da yolların çəkilməsinə, müəyyən işlərin görülməsinə çox böyük köməkliklər edirdi. Amma indi mən onun təsirini hiss etmirəm. Artıq ikinci icra başçısıdır dəyişilib.
- Parlament seçkilərində namizədliyinizi verəcəksinizmi?
- Bəli. Qubadan, həmin dairədən.
- Biz bir neçə deputatın öz dairəsində reytinqinin yüksək olduğunu bilirik. O cümlədən sizin. Seçicilərinizlə təmas olurmu?
- Hər ay mənim iki dəfə qəbul günüm olur. Qubada qəşəng ofisim var, o vaxtdan düzəltdirmişəm, seçicilərimi ayda iki dəfə qəbul edirəm. Bundan başqa, bütün tədbirlərdə iştirak edirəm. Mənim dairəmdə Quba şəhəri və 97 kənd var. Elə bir kənd yoxdur ki, mən orda bir iş görməyəm. Ya su çəkdirmişəm, ya məktəb, ya uşaq bağçası, ya tibb məntəqəsi tikdirmişəm. İndi də orda Dünya Bankının xətti ilə bir briqada işləyir, kəndlərə su çəkirlər.
- Rusiyanın təsirləri varmı, hiss olunurmu?
- Əlbəttə. Ümumiyyətlə, şimal bölgəsinə müəyyən təsirləri var. Çünki bizim əhalimizin əksəriyyəti Rusiyadadır. Orda ticarətlə məşğul olurlar, müəyyən vəsait gəlir. Qayıdanlar da çoxdur. Son vaxtlar səngiyib, amma Rusiyada birinci devalvasiya olanda xeyli əhali qayıtdı. Mən ciddi problem görmürəm.
- O bölgə daim radikal cərəyanların basqısı altındadır. Bununla bağlı nə deyə bilərsiniz?
- Şimal bölgəsi dinə çox ehtiram edir, inanclı insanlar həddən artıq çoxdur. Qubanın özündə 5 məscid var, hamısında insanlar ibadət edir. Dindarların da hörməti var. Dövlətini müdafiə edən insanlardır, hansısa bir təriqətə meylli olsunlar və sair, elə ciddi hallar yoxdur. Açığı, Azərbaycan hökuməti nəzarətdə saxlayır, bizim mütəmadi məlumatlarımız var. Elə ciddi problem yoxdur.
- Biz mətbəxi bilmirik, ona görə soruşuruq, məsələn, Quba hadisələrindən sonra, ümumiyyətlə, proseslərin gedişində, regiona səfərində prezident bölgənin deputatı ilə təmasa girirmi, vəziyyətlə bağlı soruşurmu, bilgi alırmı, ona tapşırıqlar verirmi? Qanunla tapşırıq verilməməlidir, deputatdır, amma hər halda, dövlətin başında duran şəxsdən söhbət gedir...
- Təbii ki. Axırıncı dəfə cənab prezident orda olanda əsasən bizimlə gəzirdi obyektləri, bir də icra başçısı idi. Səhərdən-axşama kimi bir yerdə olduq.
- Haraları gəzdiniz?
- Açılışı olan bütün obyektləri.
- Amma məlum məsələdir ki, prezidentə yaxşı yerlər göstərirlər...
- Aydın məsələdir ki, o obyektlər hazırlanır, prezidentin mühafizəsi təşkil olunur.
- Özü keyfiyyətsiz yerləri görürmü, deyirmi, irad tuturmu?
- Çox yaxşı görür, göstərir, təkliflərini də verir. Məsələn, orda olanda mən prezidentdən 5-6 xahiş elədim, o cümlədən Qubada tutulan insanların buraxılması ilə əlaqədar. Göstəriş verdi, insanlar hamısı buraxıldı. Sonra xəstəxana tikintisi ilə əlaqədar xahiş etdim, yerinə yetirdi, Quba-Qonaqkənd yolu ilə əlaqədar sərəncam verildi. Yəni elə bir məsələ olmayıb ki, mən qaldırım, prezident ona “yox” desin.
- Təmas var yəni?
- Çox yaxşı təmas var. Özü də mən sizə açığını deyim, bəzən baxırsan, deyirsən zəhmlidir... Mən 1991-ci ildən bəri çox prezidentlərlə işləmişəm. Rəhmətlik Heydər Əliyevlə də...Heydər Əliyev 1983-cü ildə məni Bakı fəhləsi adına Maşınqayırma Zavoduna direktoru təyin edib. Danışım, istəsəniz yazarsınız.
- Buyurun...
- Deməli, məni zavod direktoru təyin etdi, oranın əvvəlki direktorunu tutmuşdular. Mən işlədim, sonra elə həmin ərazidən büro üzvü seçildin.
- Zavodda nə qədər işçi var idi?
|
“Mən indi Ziya Məmmədovun Qubaya təsirini hiss etmirəm” |
- 3 minə yaxın. Heydər Əliyev 1985-ci ildə Moskvaya gedəndə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini, SSRİ Ali Sovetinin deputatı, Siyasi Büronun üzvlüyünə namizəd idi onda. O zaman biz onu SSRİ Ali Sovetinin deputatlığına namizəd verdik. Onda bizim zavoda gəldi. O idi, Kamran Bağırov, Həsən Seyidov, Bakı şəhərinin 1-ci katibi Fuad Musayev idilər. 4 saat zavodda oldu, mənimlə bir yerdə gəzdi, məlumatlar aldı. Maşına oturanda elə bir ayağı maşında görüşüb-öpüşdük, qayıtdı Kamran Bağırova ki, “Vahiddən muğayat olun, bu, bizə lazım olacaq”. Və çıxıb getdi. Qorbaçov hakimiyyətə gələndən sonra vəziyyət bir az gərginləşdi. O zaman Heydər Əliyevlə əlaqədar Qorbaçov durub Tümenə getdi.
Bütün Tümeni də biz neft-mədən avadanlığı ilə təchiz edirdik. Avadanlıqlar da Keşlə Maşınqayırma və Bakı fəhləsi zavodları hazırlayırdı. Mancanaq dəzgahları var e, biz mühəndislər ona “salamməleykim” deyirdik. Bunun zay hissəsini qoymuşdular Qorbaçovun qabağına, o da əsəbləşmişdi, Heydər Əliyevin ardınca sərt danışmışdı, gəlib Siyasi Büroya tapşırıq vermişdi. Burda aləm bir-birinə qarışdı, Keşlə Maşınqayırma Zavodunun direktorunu tutdular.
Məni çağırdılar, şərt qoydular ki, ya o zavoda gedəcəksən, ya da türməyə. Mən də getmək istəmirdim, çünki burda əziyyət çəkib vəziyyəti düzəltmişdim. O zavod da pis vəziyyətdə idi. Nəsə, axır məcbur həmin zavoda getdim. Onda məhsulları hərbçilər qəbul edirdi. Onda bizi Moskvaya, Siyasi Büroya çağırdılar. Mərkəzi Komitənin katibi Konovalov var idi, onun rəhbərliyi ilə getdik. Əsas şikayət də mənim təzə təyin olunduğum zavoddan idi. Orda Dolqix və Maşerov aparırdı iclası.
Mən də cavan oğlan idim, heç 40 yaşım yox idi. Məni ayağa qaldırdılar ki, bəs sən gecə zay məhsulu göndərirsən, kimə, Heydər Əliyevə güvənirsən? Başqası olsaydı bəlkə də orda infarkt olmuşdu. Mən normal qaydada cavab verdim. Sonra qayıtdıq, gəldik. Mən o zavodda 1992-ci ilə qədər işlədim. Mən Heydər Əliyevlə 1991-ci ildə Naxçıvanda görüşmüşəm, o, Ali Sovetin sədri idi. Burda müstəqilliklə əlaqədar mübahisələr gedirdi ki, Azərbaycan müstəqilliyə səs versin, ya yox. Onda mən dəhlizdə onunla söhbət etdim, fikrini soruşdum. Dedi, heç nədən qorxmaq lazım deyil, SSRİ qurtardı...
(davamı növbəti sayımızda)
Söhbəti qələmə aldı:
Elşad PAŞASOY
Foto: Məhəmməd TÜRKMƏN