İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarda mövsümlə əlaqədar tənəffüs sistemi xəstəlikləri əsasən hansı əlamətlərlə özünü büruzə verir?

1096 01.11.2023 15:16 Səhiyyə A A

“Tənəffüs sistemimizin qapısı burun-boğaz olduğu üçün əsasən burun tutulma, burun axma, boğaz ağrısı, boğazda qaşınma hissi, boğazın qıcıqlanması kimi əlamətlər üstünlük təşkil edir. Eyni zamanda, orqanizmin müdafiə-qoruyucu refleksləri olan, öskürmə və asqırma da ilk əlamətlərdən sayıla bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, xəstəliyi yoluxduran virusların xarakterindən asılı olaraq bədən hərarətinin artması müşahidə edilə bilər:

“Məsələn, pikarnoviruslara aid olan rinoviruslara yoluxma zamanı bu viruslar yalnız yerli – burun-boğazın selikli qişasında immun aktivliyi artığından, onlar tərəfindən törədilən yuxarı tənəffüs yolları xəstəliklərində temperaturun qalxması müşahidə edilmir. Əksinə qrip (influenza) virusları tərəfindən törədilən xəstəliklərdə isə müdafiəyə orqanizmin bütün müdafiə sistemi qoşulduğu üçün bədən temperaturunun artması səciyyəvidir”.

Tənəffüs yolu xəstəliklərinə yoluxmanın qarşısının alınması üçün uşaqların geyimlərinin necə olması, xəstə uşaqların məktəb və bağçalara buraxılması ilə bağlı normativləri qeyd edən pediatr vurğulayıb ki, geyim havanın temperaturuna uyğun olmalıdır və eyni zamanda uşağa nə soyuq olmalı deyil, nə də ki, çox isti:

“Qalın geyim uşağın bədəninin termorequlyasiyasının pozulması, həddən artıq tərləmə, nəticədə bədənin soyumasına gətirib çıxarar. Nazik geyim nəticəsində isə yenə də bədənin soyuması baş verəcək. Hər iki halda viruslarla mübarizədə bədənin müqavimətinin azalması və xəstələnmə riskinin artması baş verəcək. Ona görə də, optimal variantın seçilməsi əhəmiyyət kəsb edir.

Bağça, məktəb və digər qapalı müəssisələrə gəldikdə, yuxarı tənəffüs yollarının virus xəstəliklərinə tutulan uşaqların müəssisələrə buraxılmaması kimi tədbirlərin həyata keçirilməsi, əksər hallarda, lazım deyil və bunun heç əhəmiyyəti də yoxdur. Çünki, virusa yoluxan insanda xəstəlik əlamətləri həmin an yaranmır. Xəstəlik əlamətlərinin yaranması üçün müəyyən vaxt tələb olunur. Buna tibdə “inkubasion period” deyilir. Bu dövrdə heç bir xəstəlik əlaməti olmur, dövr adətən 4-7 gün çəkir. Başqa sözlə, uşaq virusa yoluxdu, virusun bədəndə artıb çoxalması baş verir, eyni zamanda yoluxan ətrafa virus yayır, ancaq heç bir əlaməti olmur. Müəyyən müddətdən sonra (4-7 gün) virusun sayı orqanizmdə o həddə çatır ki, artıq xəstəlik əlamətləri başlayır. Beləliklə də, əlamət yoxdursa, siz uşağın virus yayıb-yamadığını bilməcəyəsiniz”.

T.Əyyubov bildirib ki, 4-5 yaşadək uşaqların kəskin respirator virus xəstəliklərinə yoluxması il ərzində 10-12 dəfəyə qədər norma sayılır:

“Yəni elə aylar olacaq uşaq xəstələnməyəcək, elə aylar da olacaq uşaq ay ərzində 2-3 dəfə xəstələnəcək. Bundan qorxmaq lazım deyil. Buna görə də, 1 həftə- yaşadək uşaqlarla 4 yaşdan böyük uşaqlar və böyüklərin qan parametrlərində (limfosit və neytrofil) fərqlər var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR