İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşaqlar üçün də maarifçi proqramları hazırlanmalıdır”

1640 05.10.2022 08:20 Media A A

Qulu Məhərrəmli: “Təəssüf ki, bu cür verilişlərin çəkisi  televiziya məkanımızda azdır”

Televiziya məkanı kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də tamaşaçıların maarifləndirilməsində, onların mənəvi tərbiyəsində mühüm yer tutur. Bu mənada təqdim olunan bədii, elmi-kütləvi və sənədli filmlər, verilişlər, sosialyönümlü proqramlar böyük əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycan televiziyaları yeni mövsümə start verib. Bəs teleməkanımızda mədəni-maarifləndirmə, yaradıcı yeniliklər nə dərəcədə kifayətedicidir?

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, televiziyanın əsas missiyalarından biri maarifləndirmə, maarifçilikdir.  Yəni televiziya əvvəl cəmiyyətə biliklər ötürür, onu məlumatlandırır. Hətta həmin məlumatlandırmanın özündə bir maarifçilik var ki, insanlar bilsinlər dünyada nə və necə baş verir. O ki qaldı yeni mövsümdə televiziyalarımızın təqdim etdiyi maarifçi proqramlara, sözün doğrusu, hələlik diqqətimi cəlb edən proqram yoxdur. Bəlkə də verilişlər efirə getdikcə, göründükcə maraqlı verilişlər müşahidə olunacaq. Konseptual olaraq bizim iki televiziyadan umacağımız daha çoxdur. Bunlar AzTV və İctimai kanaldır. Çünki bu televiziyaların hər iki dövlətdən maliyyələşir və faktiki olaraq televiziyanın klassik funksiyası ilə çalışır.  İctimai televiziyada bir çox proqramlar var ki, onun strukturu, rejissor işi, estetik səviyyəsi insanların ona baxmağa sövq edir.

Qulu Məhərrəmli: "Media haqqında qanun çox ciddi zərurətdən doğub" »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qulu Məhərrəmli 

AzTV isə daha çox ənənəvi, daha çox klassikdir, bəzən yaradıcılıq sərhədlərini pozmağa ehtiyat edir. Amma həmin verilişlərə baxılır.

Böyüklər üçün mədəni-maarif proqramları önəmli olduğu kimi uşaqlar üçün də bu cür verilişlər hazırlanmalıdır. Yaponiyada NHK adlı dövlət televiziyasının birinci kanalı universal istiqamətə, ikincisi isə tədris və maarifçiliyə həsr olunub. Bu mənada ölkəmizdə də təhsil kanalının olmasına böyük ehtiyac var. Hesab edirəm ki, bu kanal İctimai Televiziyanın ikinci kanalı da ola bilər  və həmin kanal dil öyrətsin, ayrı-ayrı fənlərin tədrisini həyata keçirsin, dünyanı dərk edilməsi istiqamətində, elmi publisistik proqramlar hazırlasın.  Beləliklə, əlavə resurs və maliyyə ayırmaqla həmin kanalın xüsusi ixtisaslaşmış qolunu yarada bilərik. Bununla da cəmiyyətə ciddi töhfə vermiş olarıq. Bu, televiziyamızın məzmunca inkişafına və dolğunlaşmasına yol açacaq.

Xatırladım ki, sovet dövründə xüsusi tədris proqramları mövcud idi. Hazırda isə müasir dünya təcrübəsində Almaniya, Yaponiya və Skandinaviya ölkələrinin təcrübəsindən yararlanmaq olar. Tədris kanalının olması ümumən cəmiyyətimizin inkişafına töhfə verəcək.

Təəssüf ki, bu cür verilişlərin çəkisi hələlik televiziya məkanımızda azdır, özəl televiziyalar, ümumiyyətlə, buna az maraq göstərir. Məlum olduğu kimi, bu cür proqramlar xüsusi maliyyə tələb edir.

Maarifçi proqramlar da dedikdə  onu nəzərdə tutmuruq ki, müəllim yazı lövhəsinin qarşısında dayanıb, danışsın. Yüzlərlə  metod var ki, həmin verilişlərin nüvəsindəki biliyi tamaşaçıya çatdırılsın. Məsələn, 90-cı illərin əvvəllərində Rusiya, Türkiyə, eləcə də Azərbaycan televiziyalarında ortalığa bir sıra yeni tipli verilişlər çıxmışdı, məsələn, “Zəif bənd”, “Milyonçu”, “Pole çudes” və sairə. Bu verilişlərin əsas istiqamətlərindən biri əyləncə yolu ilə biliyi auditoriyaya ötürmək idi. Yəni bu cür oynaq, çevik proqramlardan istifadə etməli, onların sayını artırmalıyıq. Yenidən qeyd etmək istərdim, həm televiziyada, həm də radioda uşaq verilişlərinə çox böyük ehtiyac var. Bunu mütləq nəzərə almalıyıq".

Qulu Məhərrəmli televiziya kanallarında köhnə milli kinolarımızın çox az halda nümayiş olunmasından da söz açıb: “Bu yanaşmada iki məqam var: Birincisi, nəsillər arasında mənəvi körpünün saxlanması, bərpa olunmasıdır. İkincisi, bizim mənəvi dəyərlərin təbliğatıdır. Doğrudur, sovet dövründə çəkilmiş filmlərimiz müəyyən ideologiyaya xidmət edirdi. Lakin həmin filmlərdə insan xarakterləri, cəmiyyətin yiyələndiyi dəyərlər, ailəyə bağlılıq və sairə əks olunur. Bu baxımdan həmin filmlərimiz zamanla nümayiş olunmalıdır, özü də xüsusi təqdimatla. Yəni filmin əvvəlində hansısa kinoşünas danışa bilər, həmçinin filmdə rol almış, hazırda həyatda olan aktyor və ya aktrisalar öz xatirələrini bölüşə bilər. Yəni 10-15 dəqiqəli ekspressiv girişlə filmi təqdim edə bilərik. Əlbəttə ki, milli kinolarımız hansı ideologiya çərçivəsində olursa-olsun, yenə də maraqlıdır. Niyə xarici filmlərə bu qədər baxaq ki?”

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Elmi-kütləvi, mədəni-maarif təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb.

Yazını hazırladı: Xalidə Gəray 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR