İnsanlara hürriyət, millətlərə istiqlal!

UNESKO missiyası Qarabağa gəlməkdən boyun qaçırır - təşkilatdan çıxaqmı?

1181 28.09.2022 10:10 Gündəm A A

Ekspert: “Bu təşkilat ona üzvlük haqqı ödəyən bir dövlətin hüquqlarını pozmuş olur”

UNESKO Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə işğal dövründə dəymiş ziyanı qiymətləndirmək üçün hələ də missiya göndərməyib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2020-ci ildə  Ermənistanın işğalına son qoyulmasına baxmayaraq, UNESKO-nun missiyası hələ də bu ərazilərə səfər etməyib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların səviyyəsi bu ərazilərdə Azərbaycanın bütün izlərini məhv etmək istəyini açıq şəkildə göstərir. “Ermənistan 30 il ərzində bu ərazilərdə etnik təmizləmə aparıb, insanları qanunsuz olaraq ora köçürüb ki, bu da beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”, - deyə C.Bayramov bildirib.

Hələ işğal dövründə Azərbaycan dəfələrlə bu təşkilata bölgəyə nümayəndə heyəti göndərməsi üçün müraciət edib. Lakin heç vaxt bununla bağlı addım atılmadı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 30 ildir səssiz qalan UNESCO bölgəyə nümayəndə heyəti göndərmək istədiyini bildirdi və “erməni mədəni irsinin” qorunması iddiaları ilə çıxış etdi.

2022-ci ilin fevral ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılıq əldə edilib. Lakin bir neçə ay keçməsinə baxmayaraq, hələ də UNESCO-nun məlum missiyası gəlməyib. Azərbaycan xarici işlər naziri də məhz bu razılığı nəzərdə tutaraq yenidən UNESCO-ya səslənir və onun öhdəliyini xatırladır.

Aydındır ki, UNESKO mütəxəssisləri gəlib erməni vəhşiliyini, viran qoyulan yerlərimizi, abidlərimizi gözləri ilə görəcəklər. Bu şəhərlərin əksəriyyətində məscidlər, müqəddəs yerlər və digər tarixi abidələr ermənilər tərəfindən donuz və mal-qara üçün tövləyə çevrilmiş və ya tamamilə dağıdılmışdı. Qtiç və ya Ktiş kimi tanınan monastırla yanaşı Qafqaz Albaniyasına aid bir çox qədim xristian kilsələri dağıdılıb və divarları yazılaraq erməni vandalizminə məruz qalıb. Gördükdən sonra məcburdurlar ki, bunları sənədləşdirsinlər və qərar qəbul etsinlər. Məlumdur ki, UNESKO-nun da mərkəzi qərargahı Fransada yerləşir. Bu da istisna deyil ki, təşkilat da bu gün özünü Fransa dövlətinin mövqeyini nümayiş etdirən bir təşkilat kimi aparır. UNESKO-nun Azərbaycana münasibətdə mövqeyi həm də onu göstərdi ki, təşkilat erməni maraqlarına və yerləşdiyi ölkənin maraqlarına xidmət göstərir. Bu da ilk növbədə qurumun özünün nüfuzuna, tərəfsizlik və qərəzsizlik missiyasına böyük xələl gətirir. Məhz bu siyasiləşmə səbəbindən İsrail bu quruma üzvlüyünü dayandırıb. Azərbaycan bütün beynəlxalq təşkilatlar kimi, UNESKO ilə münasibətlərdə maraqlıdır, amma bu təşkilatın son iki ildə göstərdiyi mövqe qəbuledilməzdir.

Hazırda bu təşkilata 195 ölkə daxildir. ABŞ öz statusunu dəyişərək müşahidəçi üzvə çevrildikdən və İsrail bu təşkilatı tərk etdikdən sonra həqiqi üzvlərin sayı 193 olacaq. Təşkilatın 10 müşahidəçi üzvü də var. Bunlar əsasən öz xarici siyasəti olmayan, məsələn Britaniyanın Virgin adaları və Makao kimi ərazilərdir. UNESCO-nun müşahidəçi üzvləri arasında Vatikan və Malta ordeni də var. Təşkilatın büdcəsinin formalaşmasına Azərbaycan da ödəmələr edir. 

Bəs nə edək? Biz də təşkilatdan çıxaqmı və ya statusumuzu müşahidəçi səviyyəsinə endrəkmi? Yoxsa oturub onların Qarabağa nə vaxt missiya göndərəcəyini gözləyək?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bir sıra beynəlxalq təşkilatlar kimi UNESKO da Azərbaycana qarşı münasibətdə qeyri-obyektiv mövqe nümayiş etdirir:  “Azərbaycanın müraciətlərinə susqunluq nümayiş etdirilməsinin özü bu təşkilatın öz üzərinə götürdüyü öhdəliyi, özünün məramnaməsinin tələblərini pozmuş olur. Üzv dövlət öz ərazisində işğalçıların həyata keçirdiyi vandalizm aktlarının maddi sübutlarla ortada olan nəticələrinin araşdırılıb qiymətləndirilməsini rəsmi şəkildə istəyirsə, UNESKO-nun borcudur ki, həmin müraciətə reaksiya versin və araşdırma aparsın. Lakin UNESKO Azərbaycanın müraciətləri əsasında hər hansı bir araşdırma aparılması barədə addım atmayıb, bölgəyə xüsusi araşdırıcı komissiya göndərməyib. Beləliklə, bu təşkilat faktiki olaraq öz missiyasını yerinə yetirməkdən boyun qaçırır, həmçinin ona üzvlük haqqı ödəyən bir dövlətin hüquqlarını pozmuş olur. Azərbaycan torpaqları erməni işğalından azad edildikdən sonra həmin ərazilərdə Azərbaycanın mədəni irsinə dəhşətli dərəcədə zərər vurulduğu, mədəni abidələrin, dini abidələrin, qəbiristanılıqların yerlə yeksan edildiyi  bir daha bəlli oldu. Yəni hər şey gün kimi aydın formada ortadadır. UNESKO isə bunu görmək istəmir. Bu günə qədər bölgəyə araşdırıcı nümayəndə heyəti göndərməyib. İşğal olunmuş ərazilərdə 67 məscidi ermənilər dağıdıblar. UNESKO bu faktları fiksiya etməli və gərəkən addımları atmalıdır. Lakin bunu etmir. Ermənistanın isə heç bir fakta söykənməyən "dini abidələrimiz dağıdılıb" şivəninə UNESKO reaksiya verir. Bu, bir daha həmin təşkilatın qeyri-obyektivliyinin, məsələlərə münasibətdə ayrı-seçkiliklə yanaşdığının sübutudur. Bəlkə də burada UNESKO-nun baş ofisinin Fransada yerləşməsinin də təsiri var".

Hüquq müdafiəçisi vurğuladı ki, İsrail kimi ciddi bir dövlət UNESKO-nu tərk edirsə, ABŞ kimi dünya nəhəngi bu təşkilatda statusunu dəyişirsə, bunun özü suallar və presedent yaradır. Azərbaycanın da hüquqi var ki, müraciətlərinə reaksiya verilməməsini, UNESKO-nun öz üzərinə düşən missiyanı yerinə yetirməməsini əsas göstərib, belə davam etsə, üzvlükdən imtina edəcəyini, üzvlük haqqı ödəməyəcəyini bəyan etsin: “Hətta hüququmuz var ki, üzvlükdən rəsmən imtina edək. Lakin mən hesab edirəm ki, UNESK-dan çıxmaq lazım deyil. Bununla biz heç nəyə nail ola bilmərik. Sadəcə, biz hələlik orada qalmalıyıq və onları məcbur etməliyik ki, mədəni irsimizə Ermənistanın vurduğu zərbələri gəlib görsünlər və qiymətləndirsinlər. Tələblərimizi, müraciətlərimizi ardıcıl davam etdirməliyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR