İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümummilli Lider Heydər Əliyevi anarkən...

402 12.12.2022 13:00 Yazarlar A A

12 dekabr Ümummilli Liderin anım günüdür

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əlamətdar tarixlər çoxdur. Ümummilli Liderin fəaliyyəti Azərbaycanın inkişafı, şanı-şöhrəti, çiçəklənməsi ilə sıx bağlı olub. Bu bağlılıq dünən deyil, yaşayan bu gündür, inandığımız gələcəkdir. Heydər Əliyevdə danışarkən biz yalnız tarixdən, irsdən danışmırıq, o tarixi, o irsi doğruldan bu günkü qüdrətli Azərbaycandan danışırıq, daha böyük gələcəyin Azərbaycanını düşünürük. Bu anlamda, Heydər Əliyev adı, o adın, onun irsinin işığı bugün ictimai-siyasi fəaliyyətimizə nizam verdiyi kimi, sabahımıza da işıq salır, yol göstərir, istiqamət verir. Gəlin, Şuşanın azad olunması münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Xalqa müraciətində dediyi tarixi sözləri xatırlayaq: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya azərbaycanlıları”!

*

Heydər Əliyevin titanik səylərini, böyük çalışmalarını biz daha çox müstəqillik illərində müşahidə edə, öyrənə bildik. Lakin o böyük insanın hələ 1969-1982-ci illərdə gördüyü işlər ölkəmizdə dayanıqlı inkişaf üçün zəmin yaratmışdı. Onun əsasını qoyduğu böyük işlər müstəqilliyin əldə olunması da müstəsna yerə, rola malik oldu. Birincisi, o milli ruhun qorunması, dirçəlməsi üçün yaradıcı insanları, milli mövqeli şair-yazıçıları dəstəkləməklə, habelə intellektual potenisalın qorunması yaxud yaradılması və inkişafı üçün irimiqyaslı layihələrlə çıxış etməklə də millətə xidmət örnəyi yaratmışdı. Məhz onun dövründə çiçəklənən, iqtisadi uğurlara imza atan respublikamızın şanı-şöhrəti əhalidə özgüvən, qürur hissləri yaratdı. Keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə hər il göndərilən çoxsaylı azərbaycanlı gənclər həm yeni biliklərə yiyələnərək respublikamızda müxtəlif təsərrüfat sahələrində keyfiyyət dəyişikliyinə nail oldu həm də ümumintellektual səviyyənin qalxmasına şərait yaratdılar. Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının respublikaları arasında bir çox əməli fəaliyyət sahəsi üzrə göstəricilərdə axırıncı yerlərdə idi. Məhz onun ölkəyə rəhbərlik etdiyi dövrdə mədəniyyət, sənət, ümumən yaradıcılıq sahələri, elm-təhsil, eləcə də sənaye, özəlliklə yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dönəmini yaşadı.

*

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Liderin adı ilə bağlıdır. – Bu ilk hüquqi qiymət böyük dövlət və ictimai-siyasi xadimin siyasi iradəsinin nəticəsidir. 21 yanvar 1990-cı ildə totalitar rejimin bütün qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ekran-efir, mətbuat qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.

Yazının girişində vurğuladıq ki, Ümummilli Liderin fəaliyyətində əlamətdar tarixlər çoxdur – əslində, xalqımızın, dövlətimizin əlamətdar günlərinə, faciələrinə, kədərinə, bayramına, sevincinə münasibətdə elə fövqəladə addımlar atıb, elə sənədlər imzalayıb ki, taleyi xalqın taleyi, ömrü xalqın ömrü ilə qırılmaz şəkildə bağlı olub. Bir sıra əlamətdar günlər, taleyüklü hadisələr məhz Heydər Əliyevin imzaladığı sənədlərlə, onun təşəbbüsü, ideyası əsasında təqvimdə öz statusunu alıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 31 dekabr – Azərbaycanlıların Soyqırım Günü, 1 avqust – Azərbaycan dili və Əlifbası Günü, habelə bir sıra bayram günlərinin daha səhih tarixə keçirilməsi Heydər Əliyevin imzası, təşəbbüsü, ideyası ilə olub. Məsələn, 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Gününü misal çəkə bilərik – təqvim səhihləşdirmələrində bir ortaq baxışı görürük, bu, 1918-20-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətimizin irsinə sayğı ilə bağlıdır. Bir çox əməli fəaliyyət sahəsi üzrə peşə bayramları məhz o dövrdəki İLKlərə əsaslanaraq təsis edilib.

Heydər Əliyev milli dövlətçilik ənənələrinin bərpasına xüsusi fikir verir, diqqət yetirirdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 17 noyabr 1990-cı ildə, Ümummilli Lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən onun təşəbbüsü, rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilmişdi. Muxtar Respublika Ali Məclisi respublikamızın o vaxtkı qanunverici orqanı (Azərbaycan SSR Ali Soveti) qarşısında vəsatət qaldıraraq, üçrəngli bayrağımızın Azərbaycanın rəsmi Dövlət rəmzi kimi tanınması kimi çox vacib tarixi hadisəyə imza atmışdı.

Elə tarix də var, sırf onun özü ilə bağlıdır, onun xilaskarlıq missiyasını ifadə edir – bu, 15 iyun Qurtuluş Günüdür.

Uzaqgörən, qədirbilən xalqımızın tələbi ilə Naxçıvandan paytaxt Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan qanunverici orqanının sədri seçildi və az sonra – 24 iyundan etibarən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini də həyata keçirməyə başladı. 03 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi. Ümummilli Liderin ikinci dəfə respublikamızın ali hakimiyyətinə qayıtması və Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa və nəticə etibarı ilə 2020-ci ildəki tarixə Zəfərə aparan yolun ilk önəmli mərhələsiydi. Ümummili Lider 10 oktyabr 1993-cü ildə dövlətə, xalqa sədaqət andı içərək, Azərbaycanımızı sabitlik, iqtisadi inkişaf və inam yoluna çıxardı. Məhz o, qlobal enerji-kommunikasiya layihələrini gerçəkləşdirməklə Vətənə sədaqətlə xidmətin parlaq örnəyini yaratdı. Heydər Əliyev 11 oktyabr 1998-ci ildə keçirilən növbəti Prezident seçkilərində də yüksək nəticə göstərərək, yenidən dövlət başçısı seçildi. Ən ağır dönəmlərdə belə xalqımız əmin idi ki, Heydər Əliyev dövlət müstəqilliyini, ümumxalq və dövlət maraqlarını qoruyacaq, ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərarlar qəbul edəcəkdir. Dövlət-xalq, xalq-dövlət birliyi ölkəmizin sonrakı uğurlarının əsasını təşkil etdi.

Məhz Ümummilli Liderin müdrik siyasəti nəticəsində respublikamız, sözün əsl anlamında, müstəqil, güvənilir dövlətə çevrildi. Heydər Əliyevin başçılığı ilə güclü dövlətçiliyin əsasları qoyuldu, intensiv və səmərəli beynəlxalq əlaqələr quruldu, bir sıra əməli fəaliyyət sahələri üzrə ciddi islahatlara başlanıldı. Yalnız onu xatırladaq ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası da məhz Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biri olaraq meydana çıxdı və bayaq milli təqvimlə dediklərimizə qayıdaraq, vurğulayaq ki, 12 noyabr – Konsitusiya Günü Heydər Əliyevin adı ilə biləvasitə bağlıdır.

*

“Əsrin müqaviləsi” ölkəmizin tarixində yeni inkişaf mərhələsinin təcəssümü oldu. Müqavilə 20 sentyabr 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkəni təmsil edən 10 şirkət arasında bağlandı. Ümummilli Lider Heydər Əliyev özü bu müqavilə haqqında belə deyirdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.

Bəli, “Əsrin müqaviləsi” karbohidrogen ehtiyatlarının miqdarına, habelə qoyulan yatırımların həcminə görə yalnız possovet aləmində deyil, ümumən dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Bu müqavilə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirməsi baxımından da xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, həmin müqavilə daha sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına da yol açdı.

Beləliklə, 1993-2003-cü illərdə respublikamızın sürətli inkişaf dönəmi hazırkı gerçəkliklərin bünövrəsini təşkil etmiş oldu. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan geridönməz inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə öz prinsipial mövqeyini nümayiş etdirdi, böyük hörmət qazandı. Ölkəmizdə həyata keçirilən ciddi islahatlar dövlətimiz, dövlətçiliyimiz üçün həlledici rol oynamış oldu.

Bəli, dünya tarixi sübut edir ki, şəxsiyyətin gücü, ağlı, qətiyyəti, prinsipiallığı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, dövlətin həyatında müstəsna rola malikdir. Əlbəttə, liderdən liderə fərq var, o lider müstəsnalıq təşkil edir ki, milli liderliklə siyasi liderlik keyfiyyətləri bir insanda birləşmiş olsun. Həmin insan dövlət xadimi kimi xüsusi, unikal mövqe qazanır ki, belə liderlərə bəşər tarixində nadir rast gəlinir. Keçmiş SSRİ-nin Xarici işlər naziri, həm Sovet həm müstəqillik dönəmində qonşu Gürcüstana rəhbərlik etmiş görkəmli ictimai-siyasi və dövlət xadimi Eduard Şeverdnadze belə deyirdi: “XX əsr liderlər əsridir, Heydər Əliyev əsrimizin lideridir”.

Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dğvrlərdə və sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdi.

Bu fikirlər dost Ukraynanın keçmiş Prezidenti Leonid Kuçmaya aiddir: “Hörmətli Heydər Əliyevlə ünsiyyət məni həm də bir çox cəhətdən zənginləşdirir. Çünki onun həyat yolu, olduqca böyük siyasi və dövlət fəaliyyəti təcrübəsi mənə də çox şey verir. Bəzən bu və digər problemi, necə deyərlər, sıyrılmış qılıncla həll etmək istəyirsən, müdrik bir insan olan Heydər Əliyev isə tələsməməyi məsləhət görür. Hərçənd dəqiq, sərt mövqe ona həmişə xas olan xüsusiyyətdir.

...Heydər Əliyev məhz bu mürəkkəb keçid dövrü ərzində bütün məsələlərdə ardıcıllıq nümayiş etdirmiş bir insandır. Buna görə də ona MDB liderləri hörmət bəsləyir, ondan nümunə götürürlər. Ona heç də təkcə MDB liderləri hörmət etmirlər, Heydər Əliyev bütün dünyada məşhurdur.

...Heydər Əliyevin tarixdə rolunu və yerini birinci yerə çıxarmaq istəyirəm”.

Gəlin daha bir neçə görkəmli ictimai-siyasi və dövlət xadiminin Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti haqqında vaxtı ilə dediyi sözləri yada salaq:

“Hörmətli Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Bunu onunla yaxın olduğuma görə söyləmirəm. Azərbaycana olan sevgimdən, məhəbbətimdən söyləyirəm. Azərbaycan xalqının rifahı və səadəti baxımından söyləyirəm.
Hörmətli Heydər Əliyev dünyada tanınan adamdır. Hansı qapını döysə, o qapı açılır. İstədiyi zaman Şirakla, istədiyi zaman Buşla, istədiyi zaman istənilən insanla danışır. Azərbaycan dövlətini dünyada etibarlı şəkildə təmsil etməkdədir.” (Qardaş Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl).

“Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm.” (Butros Qali, BMT-nin keçmiş Baş katibi).

“Azərbaycan çox mühüm ölkədir, Siz çox görkəmli lidersiniz. Amerikada bunu getdikcə dərindən başa düşürlər. Elə buna görə də Azərbaycan – Amerika münasibətlərinin yalnız ikitərəfli deyil, həm də böyük regional, strateji əhəmiyyəti var. Sizinlə söhbətlərimdən çox bəhrələnmişəm. Çünki ABŞ üçün mühüm olan ölkələr haqqında Sizin geniş məlumatınız var.” (Zbiqnev Bjezinski, ABŞ Prezidentinin keçmiş müşaviri).

“Azərbaycan Prezidentinin Qafqazda atdığı addımları Birləşmiş Ştatlarda diqqətlə izləyirlər. Azərbaycan çox mürəkkəb coğrafi-siyasi məkanda yerləşən dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan Prezident Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.” (Henri Kissincer, ABŞ-ın keçmiş dövlət katibi).

“Polşada Sizi görkəmli dövlət xadimi və dost dövlətin lideri kimi, bir neçə il əvvəl Mərkəzi və Şərqi Avropada baş vermiş böyük dəyişikliyin arxitektorlarından biri kimi tanıyır və qiymətləndirirlər. Biz Xəzər dənizi hövzəsinin strateji cəhətdən çox mühüm regionunda vəziyyətin normallaşdırılması üçün Sizin göstərdiyiniz diplomatik fəallığı xüsusi diqqətlə izləyirik.” (Aleksandr Kvasnevski, keçmiş Polşa Prezidenti).

Bu məşhur şəxsiyyətlərin Ümummilli Liderimiz haqqında qiymətli fikirləri ilə bir daha gördüyümüz kimi, o, güclü, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi, mahir diplomat və böyük dövlət xadimi kimi beynəlxalq aləmin diqqət mərkəzində, təqdirində olan şəxsiyyət idi. Heydər Əliyevin ən böyük gücü universal biliyində, prinsipiallığında, fədakarlığında, zəngin təcrübəsində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbr və müstəsna təmkinində, uzaqgörənliyində, üfüqügenişliyində idi.

Dünyanın tanıdığı, hörmət duydğu görkəmli insanların da vurğuladığı kimi, Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi idi. Ümummilli Lider deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. – Dediyi kimi də oldu. Bu gün Ümummili Liderimizi Qalib ölkənin qürurlu vətəndaşları olaraq şükranlıqla yad edirik.

Ruhu şad olsun!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

qenire.jpg (71 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR