İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümid Partiyası açıq havada qurultay keçirdi

3265 13.08.2013 09:27 Siyasət A A
Qurultaya hazırlıq işləri üzrə təşkilat komitəsinin sədri Ənvər Ağazadə çıxış edərək bildirdi ki, qurultayı keçirmək üçün partiyaya yer ayırmadılar: “Biz  Qurultaya yer ayrılması üçün bir neçə dəfə müraciət etsək də, icra hakimiyyəti müraciətimizi cavablandırmadı. Ona görə biz qurultayımızı fövqəladə şəraitdə Ümid Partiyasında keçiririk. Seçki prosesi yaxınlaşdıqca hakimiyyətin müxalifətə basqıları artır. Bizim  Saatlı, Qusar, İsmayıllı rayonlarında konfranslarımızı keçirməyə icazə vermədilər”.
Ə.Ağazadə dedi ki, qurultaya 483 nəfər dəvət olunub və onlardan 395 nəfər qurultayda iştirak edir. Bu sayla qurultay səlahiyyətli hesab olunur. 
Ümid Partiyasının sədri İqbal Ağazadə qurultaylararası hesabatla çıxış etdi. Görülən işlər qurultay iştirakçıları tərəfindən qənaətbəxş hesab edildi.  MNTK-nın hesabatı dinlənildi. Sonra isə Ümid Partiyasının Nizamnaməsinə uyğun olaraq təşkilatı məsələlərə baxıldı. Ümidçi gənclərin təşəbbüsü ilə  İqbal Ağazadə yenidən Ümid Partiyasının sədri seçildi.  Habelə Ali Məclisə, MNTK-ya üzvlər seçildi.
9 oktyabrda keçiriləcək prezident seçkilərində Ümid Partiyasının iştirakı və prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi gündəliyə çıxarıldı. Qurultay 9 oktyabr prezident seçkiləriində  Ümid Partiyasının iştirakı ilə bağlı qərar qəbul etdi.  İqbal Ağazadənin Seçki Qərərgahının sədri Taleh Əliyevin təklifi ilə İqbal Ağazadənin Ümid Partiyası tərəfindən  prezidentliyə namizədliyi irəli sürüldü. Ümid Partiyasının Qurultayı prezident seçkilərində iştirakla bağlı müvafiq qərarları qəbul etdikdən sonra öz işini bitirdi.
Ümid Partiyasının sədri İqbal Ağazadənin partiyanın qurultayındakı çıxışını ixtisarla oxuculara təqdim edirik:
“İlk dəfədir ki,  bir partiyanın ali orqanının toplantısını bu cür  keçirməsinin şahidiyəm. Bəlkə bir az qürurlanır, bəlkə də bir az təəssüflənirəm. Təəssüflənirəm ona görə ki, 20-ci əsrin sonlarına doğru mübarizəyə başlayan bir xalq, öz toplantılarını, siyasi tədbirlərini daha möhtəşəm salonlarda keçirirdisə, indi siyasi institutlar  artıq bu şəraitdə öz toplantılarını keçirmək məcburiyyətində qalırlar. Amma bir az da içimdə qürur var. Azərbaycanın demokratikləşməsi istiqamətində bu qədər insan bu istidə,  günəşin  şüaları altında, bəlkə də sağlamlığından keçərək, bu cür şəraitdə əyləşib öz dövlətinin, xalqının, millətinin gələcəyini düşünür. Eşq olsun sizlərə!
Bir az da başqa yöndən qürurvericidir ki, burada mənim uşaqlığım keçib. Mən bu həyətdə böyüyüb, bu həyətdə məktəbə getmişəm. Bir zamanlar düşünməzdim ki, uşaqlığım keçən bu həyətdə bu qədər adam toplaşıb Azərbaycanın gələcəyini düşünəcək. Bəlkə o zaman yalnız özümü və mənə yaxın olan adamaların taleyini düşünürdüm.  Bu gün isə  burada oturanlar Azərbaycanın taleyini düşünürlər.
Keçən qurultaydan sonra Ümid Partiyası böyüyüb. Artıq kiçik zallara sığışmırıq. Kiçik zallardan böyük auditoriyalara, açıq havalara, mitinqlərə çıxacağıq. Güman edirəm bizim növbəti qurultayımız daha möhtəşəm saraylarda, açıq havalarda, açıq səsvermə şəraitində keçiriləcək və  bir millətin taleyini müəyyən edəcək.
Biz ağır, şərəfli və  keşməkeşli bir  yol keçirik. Çətin və mübarizələrlə dolu  günlər yaşayırıq. Azərbaycanın siyasi institutlarının bu mübarizədə problemlərlə üzləşmədiyi bir an belə olmayıb. Həbslərə, basqılara, işdən çıxarmalara, ailələrə, uşaqlara və doğmalara təzyiqlər  olunmasına  baxmayaraq, partiya sıralarında birləşənlər hər gün bu partiyanın böyüyüb, ictimayyət arasında nüfuza malik olması üçün çaba verir, öz əməyini əsirgəmirlər.
Düşünürəm ki, ən böyük hadisələrdən biri kimi 2003-cü ildə biz Ümid Partiyası olaraq  “Bizim Azərbaycan” blokuna qoşulduqsa, 2008-ci ildə biz demokratikləşmə prosesinə töhfə vermək, demokratikləşmə prosesində iştirak üçün  ilk dəfə olaraq bir partiya kimi müstəqil şəkildə prezident seçkilərinə qatıldıq.  Çətin bir nümunə idi. Müxalifətin digər kəsimi tərəfindən basqı ilə qarşılanan bir qərar  idi. Amma biz qərarımızdan dönmədik və çəkinmədik. Çünki demokratiya və demokratikləşmə bizim üçün hadisə deyil, bizim üçün bir prosesdir. Hər aparılan bir proses sonda milləti, dövləti demokratikləşməyə gətirib çıxarır.  Güman edirəm ki, bu qərarımız olduqca doğru bir qərar idi.  Çünki  5 il keçdikdən sonra siyasi institutlar ya blok, ya da təkbaşına seçikilərdə iştirak haqda qərar qəbul ediblər. O zaman bizim qarşımıza qoyulan ən böyük arqument demokratik mühit yoxdursa, Seçki Məcəlləsi dəyişməyibsə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün normal şərait yaradılmayıbsa, seçkilərdə iştirak etmək lazım deyil mesajı idi...
Bizim proseslərdə iştirakımız ona görə vacibdir ki, sonda demokratikləşməni  şərtləndirən bir siyasət ortalığa qoyaq.
2008-ci ildə prezident seçkilərində  aktiv iştirak etdik və bu gün də hesab edirik ki, 2013-cü il seçkilərində iştirak etmək siyasətimiz doğru idi. Çünki 2008-ci ildən bu yana Ümid Partiyası böyüyüb, inkşaf edib, sıralarına insanlar cəlb edib.  Azərbaycanın siyasi sistemini müəyyənləşdirən siyasi partiyalardan birinə çevrilib. 
2009-cu ilin anti-referendium kampaniyasında Ümid Partiyası ciddi şəkildə fəaliyyət göstərdi. Üzərinə düşən məsuliyyətin nə olduğunu dərk edərək, anti-referendium qrupu kimi konsitutsiyaya  edilən əlavə və dəyişikliklərin hamısına yox dedi. Sonda referendiumun nəticələrini tanımadıq.
2009-cu ilin bələdiyyə seçkilərində Ümid Partiyası Azərbaycan siyasi partiyaları içərisində ən çox namizəd verən partiya idi. Bələdiyyə seçkilərinə 3 min 147 nəfər namizəd irəli sürmüşdük.  Bu, Azərbaycanın bələdiyyə seçkiləri tarixində siyasi partiyaların hamısının birgə verdiyi namizədlərin sayı qədər idi. Hakimiyyətin avtoritar mahiyyəti, seçki prosesində etdikləri saxtakarlıqlar nəticə etibarı ilə bizim namizədlərin böyük əksəriyyətini seçkidən kənarda qoydu, onlar seçki marafonuna buraxmadılar. Onlardan yalnız 340 nəfəri seçkiyə buraxıldı. 147 nəfəri isə bələdiyyələrə üzv seçildi. Bunlara baxmayaraq, biz yenə dayanmadan, yolumuza davam etdik. 2010-cu ilin parlament seçkilərində ADP ilə bilikdə Qarabağ blokunda birləşdik və 101 nəfər blok adından parlamentə namizəd verdik. Təəssüflər olsun ki, MSK hakimiyyətin sifarişlərini yerinə yetirib cəmi 31 nəfəri qeydiyyata aldı. Sonradan biz məhkəmə yolu ilə 3 nəfərin də namizədliyini qeydiyyata aldıra bildik. Lakin Qarabağ bloku adından təkcə mən Ümid Partiyasının sədri kimi parlamentdə təmsil olundum. Digər seçilmiş  böyük əksəriyyətin hüquqları isə tanınmadı. Bundan əvvəlki seçkilərdə olduğu kimi Ümid Partiyası parlament seçkilərinin nəticələrini də tanımadığını bəyan etdi.
Biz haqqı tapdalanan hər bir Azərbaycan vətəndaşının yanında olmuşuq. Parlamentdə tək qalmışıq, tək vuruşmuşuq,tək mübarizə aparmışıq. Amma mövqeyimizdən geri çəkilməmişik. Azərbaycanda siyasi mövqeyindən, əqidəsindən, Ümid Partiyasına, onun siyasətinə münasibətindən asılı olmayaraq, haqqı tapdalanan hər bir kəsin yanında olmuşuq. Parlamentdə haqqı tapdalanan hər bir kəsin müdafiəsinə qalxmışıq. Bizim üçün bizə münasibət önəmli olmayıb, bizim üçün insan haqları, demokratiya və qanunlar həmişə öndə olub.
Partiya olaraq biz üzərimizə böyük bir missiya götürmüşük. Bu missiya Azərbaycanın demokratikləşməsinə çalışırıq və Azərbaycanda elə bir çətir yaratmaq istəyirik ki, o çətirin altında dinindən, dilindən, partiya mövqeyindən, əqidəsindən, bizə münasibətindən asılı olmayaraq hər kəsə yer olsun.
Partiya sıralarımız günü-gündən genişlənir. Azərbaycanın elə rayonlar vardır ki, orada yalnız iki partiya var, bir Ümid Partiyası, bir də iqtidarın yaratdığı partiya. 
Mən sevinirəm ki, Ümid Partiyasının səsi ən gur eşidilən yerlərdən biri Naxçıvan Muxtar Respublikasıdır. Çətinliyə, problemlərə, basqılara baxmayaraq, Naxçıvanda Ümid Partiyası bu gün ayaqdadır.  Ümid Partiyası Azərbaycan müxalifətinin bütün yükünü Naxçıvan Muxtar Respublikasında öz üzərinə götürüb.
Azərbaycanın qaçqın, didərgin düşmüş bölgələrində Ümid Partiyası yüksək nüfuza malikdir. Azərbaycanın Şimal Qərbindən, Gəncəbasarından,  Aranından, Muğanından, Milindən, Şirvanından Ümid Partiyasının sədası gəlir. Azərbaycanın hər bir yerində Ümid Partiyası adına onlarla, yüzlərlə qapı var.
Bu gün Ümid Partiyası olmadan Azərbaycanda bütün müxalifətin birliyini təşkil etdik, Azərbaycanda proseslərin kütləviliyini təşkil etdik demək mümkün deyil. 
Azərbaycan cəmiyyətinin bəzi proseslərə münasibətinin dəyişməsi olduqca vacibdir. Biz 5 il əvvəl də demişdik bu iqtidar qaldıqca cəmiyyətin heç bir problemi həll olunmayacaq. Tək çıxış yolu var, dəyişək! Bu bizim 2008-ci ildə də şüarımız olub, 2013-cü ildə də ən böyük şüarımız bu iqtidarı dəyişməkdir.  Dəyişməyəcəyiksə, sosial vəziyyətimiz daha ağır olacaq. Rüşvətxorluq və korrupsiya daha da dərinləşəcək, Qarabağ problemi həll olunmayacaq. Bir daha Azərbaycan vətəndaşlarına səslənirik. Bizim tək çarəmiz var, Azərbaycanın konstitusiyasına, partiyalar haqqında qanunun tələblərinə uyğun olaraq bu iqtidarı dəyişək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR