İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada saxlanılan azərbaycanlı qazi bu gün azadlığa buraxıla bilər

1079 04.11.2022 08:10 Ölkə A A

Diaspor sədri: “Məhkəmə prosesi bizim xeyrimizə tərəf yönəldi”

Bu gün Ukrayna həbsxanasında saxlanılan Qarabağ qazisi Misir Qasımlı azadlığa çıxa bilər. Bu barədə “Yeni Müsavat”a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib. Diaspor rəhbərinin sözlərinə görə, Qarabağ qazisinə hər cür hüquqi yardım göstərilir: “Misir Qasımlının məhkəmədə hüquqlarını müdafiə etmək üçün təşkilatımız tərəfindən iki tanınmış vəkil bu işə cəlb olunub. Bundan başqa, məhkəmə proseslərinin gedişatında tərcüməçilərin iştirakı tərəfimizdən təmin olunub. Şəxsən özüm də məhkəmə prosesində iştirak və çıxış etmişəm. Həmçinin Misir Qasımlının zaminə götürülməsi məsələsi il bağlı məhkəməyə müraciət etmişik. Mən və diasporumuzun idarə heyətinin daha iki üzvü rəsmi  müraciət edərək, onun azadlığa buraxılması üçün zamin durmuşuq”.

Diaspor rəhbəri bu günə qədər Misir Qasımlının hansı səbəbdən zaminə buraxılmamasına da aydınlıq gətirib: “Misir Qasımlıya qarşı qaldırılan iş  cinayət məcəlləsinin ağırlaşdırıcı bölümünə aiddir. Bura daxildir - qanunsuz  odlu silah saxlama, quldurluq və adam oğurlama maddələri. Bunlar da ağır cinayət sayılır.  Ona görə də Misirin zaminliyə çıxarılması məsələsində hakimlər birbaşa  qərar verə bilməzdi. Lakin haqq-ədalət öz yerini tapacaq. Çünki biz bilirik ki, Misirin məsələsi ilə bağlı aparılan istintaq prosesində xeyli qanunazidd hərəkətlər olub. Bütün bunlara görə hüquq-mühafizə orqanlarının işçiləri cavab verəcək.  Qeyd edim ki, şikayətçi xaricdə olduğu üçün məhkəmə proseslərinə qatılmırdı. Lakin son iki məhkəmədə onlayn iştrak etdi, Misir Qasımlı və onun vəkilləri öz suallarını ünvanladılar. Bundan sonra məhkəmə prosesi bizim xeyrimizə tərəf yönəldi.

Beləliklə, hakim ədalətli qərar verməsə, yenidən şikayətimizi ünvanlayacaq, sona qədər də mübarizə aparıb, bu prosesi başa çatdıracağıq. Diaspor rəhbəri kimi bu məsələdə sona qədər Misir Qasımlının yanında olacağam. Çünki o, Qarabağın azadlığı uğrunda döyüşlərdə olub. Onun yanında olmaq diaspor olaraq bizim borcumuz, vəzifəmizdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR