İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronu Qazaxıstanla sərhəddəki Rusiya RLS-nə hücum edib

923 27.05.2024 20:11 Dünya A A

Ukrayna dronu mayın 26-da Rusiyanın Orenburq vilayətindəki “Voronej-M” radiolokasiya stansiyasına (RLS) hücum edib.

“Ukrainskaya Pravda” və RBK Ukraina Ukrayna hərbi kəşfiyyatındakı mənbəyə istinadla yazırlar ki, uzaq hədəflərin aşkarlanması radiolokasiya stansiyası Orsk şəhərində yerləşir.

Mənbə bildirib ki, Ukrayna dronu “düşmənin hərbi obyektinə” çatmaq üçün 1800 kilometr məsafə qət edib.

Bu, kamikadze tipli dronlar üçün yeni rekord sayıla bilər.

Mənbə bunu da deyib ki, hazırda RLS-ə dəymiş ziyan öyrənilir.

Bu yaxınlarda “Ural56.ru” teleqram kanalı Qazaxıstanla sərhəddə yerləşən Orskda dronun yerə düşdüyünü xəbər vermişdi. Kanal ehtimal edirdi ki, sözü gedən dronun hədəfi hərbi obyekt olub.

İlkin məlumata görə ölən və xəsarət alanlar, habelə infrastruktur dağıntısı yoxdur.

Dövlət xəbər agentliyi təsdiq edib

Rusiyanın RIA Novosti dövlət xəbər agentliyi mayın 27-də Orsk yaxınlığında dronun yerə düşdüyünü təsdiq edən xəbər yayıb.

Orenburqun yerli hakimiyyət orqanları “mülki obyektlərə və sakinlərə ziyan dəymədiyini” bildiriblər.

Rusiyanın “Voyennı osvedomitel” və “Rıbar” teleqram kanalları da bildirirlər ki, Ukrayna dronu Orsk yaxınlığındakı Qorkovskoye kəndində yerləşən “Voronej-M” RLS-ə hücum cəhdi edib.

“Voronej” tipindən olan radiolokasiya stansiyaları Rusiyanın nüvə təhlükəsizliyi komponentlərindən biridir və vəzifəsi kosmik və aerodinamik obyektlərin, o cümlədən ballistik və qanadlı raketlərin aşkarlanmasıdır.

“Voronej-M” RLS 6 min kilometrlikdəki hədəfləri aşkarlaya və eyni zamanda 500 obyekti izləyə bilir.

Rusiya bu vəzifələrin yerinə yetirilməsi üçün əvvəllər uzun müddət Azərbaycandakı Qəbələ RLS-dən istifadə edib.

Salavat şəhərinin rekordu

Mayın 23-də səhər Rusiyanın Krasnodar diyarında, Armavir yaxınlığındakı Qluboki qəsəbəsində yerləşən “Voronej-DM” üfüqüstü radiolokasiya stansiyası dronların hücumuna məruz qalmışdı.

Həm də bütün bunlar Rusiyanın taktiki nüvə silahı ilə keçirdiyi təlimlərə hazırlıq dövründə baş vermişdi.

Rusiya Müdafiə Nazirliyi bu hücumlar barədə heç bir məlumat verməyib.

Ukrayna sərhədindən Rusiyanın Orsk şəhərinədək olan məsafə 1500 kilometrdən çoxdur.

Mayın 9-da isə Ukrayna dronu Başqırdıstanın Salavat şəhərindəki neftayırma zavoduna hücum etmişdi.

Bu dron zavoda zərbə endirməzdən əvvəl 1500 kilometr məsafə qət etmişdi.

Beləliklə də Salavat Ukrayna dronlarının Rusiya ərazisində hücum etdikləri ən uzaq şəhər olub.

“Putinin sarayına” da hücum edilib

Xəbər verilir ki, mayın 27-ə keçən gecə Ukrayna dronları Krasnodar diyarının Gelencik şəhəri ərazisindəki obyektlərə hücum ediblər.

Diyarın qubernatoru Veniamin Kondratyev bu barədə məlumat vermişdi:

"Krinitsa kəndində aparatlardan birinin qırıntısı tikilməkdə olan binanın üstünə düşüb. Canxot kəndində dronun ağacın üstünə düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb. İlkin məlumata görə xəsarət alanlar yoxdur”.

Bundan əvvəl Rusiya MN bildirirdi ki, Krasnodar diyarı üzərinə dörd dron vurulub.

Снимок.JPG (52 KB)

Gelencikde Putinə aid edilən saray

 

Bir sıra təhqiqat jurnalistlərinin məlumatına görə İdokopas burnundakı Canxot xutorunun yaxınlığında Putinə aid edilən malikanə və saray yerləşir.

Krinitsa kəndində isə bu malikanədəki üzüm bağları üçün “Starı Provans” şərab emalı zavodu tikilirdi.

2021-ci ildə Putin bəyan etmişdi ki, sözü gedən sarayın ona heç bir aidiyyəti yoxdur və o heç vaxt orada olmayıb.

Putinin bu sarayda yaşamasının birbaşa sübutları yoxdur, amma təhqiqatlar prezidentin yaxın çevrəsinin bu sarayla əlaqəsi olduğunu göstərib.

Putinin dostu biznesmen Arkadi Rotenberq bu sarayın ona aid olduğunu demişdi. 2021-ci ildən bəri nə o, nə də Putin bu saray barəsində heç nə danışmayıblar.

Azadlıq Radiosu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR