İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin qaz habı Transxəzər boru xəttini reallığa çevirə bilər

1183 16.11.2022 08:10 Siyasət A A

Rusiyanın bu prosesə mane olmaq imkanları çox məhduddur

Bir vaxtlar çox ciddi şəkildə beynəlxalq səviyyədə müzakirə obyekti olan Transxəzər qaz boru xətti yenidən gündəmə qaytarılır. Özü də bu dəfə də ideyanın ilk müəllifi - Türkiyə tərəfindən. İki gün əvvəl jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə təbii qaz qovşağının yaradılmasını müzakirə etməyi planlaşdırır: “Rusiya Prezidenti Vladimir Putin və onun rəsmi təmsilçiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək. Onun yaradılması ilə bağlı məsələlərin gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Ümid edirəm ki, müsbət nəticələr əldə olunacaq”.

Məlumat üçün bildirək ki, Türkmənistan qazının dənizin dibi ilə Azərbaycana, buradan isə Türkiyəyə çatdırılması Türkiyə ilə Türkmənistan arasında 1997-ci ildə imzalanmış alqı-satqı müqaviləsində nəzərdə tutulurdu. Müqaviləyə əsasən Türkiyə ildə 30 milyard kubmetr türkmən qazını almaq öhdəliyi götürürdü. Müqavilənin imzalanmasından dərhal sonra Türkmənistan qazını Xəzərin dibi ilə Azərbaycana çatdıracaq Transxəzər boru xəttinin çəkilməsi ilə bağlı regional və beynəlxalq müstəvidə müzakirələr başladı, ardınca ABŞ və Avropa rəsmilərinin iştirakı ilə konsorsiumun yaradılması elan olundu. Lakin sonradan Rusiyada hakimiyyət dəyişikliyi baş verdi, Putin hakimiyyətə gəldi və bu layihənin tamamilə kənara atılmasına nail oldu.

Tarixin ironiyasına bax ki, indi layihə yenidən Türkiyə tərəfindən gündəmə gətirilir - Rusiyanın aktiv dəstəklədiyi bir layihənin icrası çərçivəsində. Söhbət Türkiyə ərazisində beynəlxalq əhəmiyyətli enerji habının yaradılması layihəsindən gedir. Hansı ki, onun yaradılmasını Rusiya Prezidenti Vladimir Putinin özü təklif edib. O, oktyabrın 12-də “Rusiya enerji həftəsi”ndəki çıxışında Türkiyədə qaz habının yaradılmasını səmərəli layihə olacağını qeyd edərək, məsələni Ankara ilə müzakirə edəcəyini bildirmişdi. Türkiyə tərəfi, prezident Ərdoğan Putinin təklifinə çox müsbət yanaşdığını və təklifi qəbul etdiyini açıqlayıb. O bildirib ki, Türkiyədə qısa zaman ərzində beynəlxalq qaz kəmərlərinin qovşağı yaradılacaq: “Beynəlxalq qaz kəmərləri qovşağı qısa vaxt ərzində Türkiyədə yaradılacaq. Bunun üçün ən uyğun yer ölkənin Avropa hissəsindəki Trakiya bölgəsidir. Rusiya Prezidenti Vladimir Putinlə birgə energetika nazirlərinə lazımi işləri görməyi tapşırmışıq. Heç bir gecikmə olmayacaq. Bizim əməkdaşlar lazımi danışıqları aparıb dərhal işə başlayacaqlar. Qovşağın təhlükəsizliyinin təşkili ilə bağlı bütün məsələlər həyata keçiriləcək”.

Putin Ərdoğanla görüşdə: Türkiyə prezidenti olmasaydı...

Daha sonra Putin Astanada Türkiyə Prezidenti Ərdoğanla görüşündə Türkiyədə Avropa üçün qaz qovşağının (xab) yaradılması məsələsini müzakirə edib: “Birgə yarada biləcəyimiz bu mərkəzin işi zamanı əlbəttə ki, o, təkcə tədarük üçün deyil, həm də qiymətlərin müəyyən edilməsi üçün platforma olardı”. Rusiya lideri qiymət məsələsini çox vacib adlandırıb və bildirib ki, Türkiyə Avropaya qaz nəqli üçün ən etibarlı marşruta çevrilib.

Maraqlıdır ki, Putin Türkiyədəki qaz habını sırf Rusiya qazının satışı üçün planlasa da, Türkiyə tərəfi bu halda layihənin uğursuzluğa düçar olacağını anlayaraq, digər mənbələrdən də qaz alışını təmin etmək üçün hərəkətə keçib. Belə ki, Rusiyanın etibarlı tərəfdaş olmadığını, öz resurslarından şantaj və siyasi məqsədlərlə istifadə etdiyini öz üzərində bütün kəskinliyi ilə qeydə alan, cari ilin fevralından bəri Rusiyadan qaz asılılığını 42 faizdən 7 faizə qədər azaltmaq üçün bütün mümkün vasitələrə əl atan Avropanın sırf Rusiya qazı ilə ticarət olunacaq haba isti yanaşması qeyri-mümkündür. Avropanın istəyi olmazsa, Türkiyənin həmin mərkəzdən qaz satması da həmçinin. Bu reallığı görən və düzgün qiymətləndirən Türkiyə rəhbərliyi yaradılacaq mərkəzdə Azərbaycan, İran, İsrail və Türkmənistan qazının da ticarət olunmasını təmin etmək yolunu tutub. Bu, kifayət qədər ağıllı və uzaqgörən addım sayıla bilər. Çünki Avropa Rusiya qazından asılılığını azaltmaq üçün qaz istehlakını 2022-ci ildə 40 milyard kubmetr azaldıb. Bu, Avropa sənayesi üçün çox ciddi problemlər yaradır. Əlavə mənbələrdən qaz nəqlinin təmin edilməsi şəraitində qiymətlərin də aşağı düşəcəyi bəlli məsələdir. Bu isə Avropanın qaz istehlakının yenidən artmağa başlamasına səbəb olacaq. Hətta alternativ enerji mənbələrinə ən ideal keçid şəraitində belə yaxın 20-25 il ərzində qazın bütün dünyada, o cümlədən Avropada ən çox tələb olunan enerjidaşıyıcısı olaraq qalacağı gözlənilir. Bu isə Türkiyədə yaradılacaq habda ticarət olunan qaza müştəri tapılmasında ciddi problemin olmayacağından xəbər verir. Habda dominantlıq Rusiya qazında olarsa, Avropanın ona marağı da olmayacaq. Məhz bu amilə görə Türkiyə digər mənbələri də layihəyə cəlb etmək istəyir.

Aleksandr Novak: “Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”

Rusiya tərəfi artıq haba nə qədər qaz ötürə biləcəyini açıqlayıb. Ölkənin baş nazir müavini Aleksandr Novak “Anadolu” agentliyinə müsahibəsində Türkiyə üzərindən Avropaya qaz ixracı potensialının ildə 63 milyard kubmetr ətrafında olduğunu deyib: “Biz ”Cənub axınını 63 milyard kubmetrlik ötürücülük gücünə uyğun layihələndirmişdik. Bu potensial tələb olarsa, Qara dəniz və Türkiyə vasitəsilə Avropaya çatdırıla bilər. Bunun üçün əsas şərt kəmərlərdə təhlükəsizliyin tam təmin olunmasıdır".

Qeyd edək ki, “Cənub axını” Rusiyanın Ukraynadankənar ərazilərlə Avropaya qaz nəqli üçün çəkməyə başladığı kəmər idi. Lakin Avropa İttifaqının kəskin etirazı səbəbindən kəmərin Bolqarıstana deyil, daha az ötürücülük gücü ilə (31,5 milyard kubmetr) Türkiyəyə çəkilməsinə qərar verilib.

Türkiyənin öz ərazisindəki habda ticarət etmək üçün İsrail qazını əldə etməsi də kifayət qədər realdır. Xatırladaq ki, 2016-cı ildə iki ölkə Aralıq dənizinin dibi ilə Türkiyəyə boru xəttinin çəkilməsi barədə razılığa gəlib, hətta layihələndirmə işlərini həyata keçirmək üçün işçi qrup da yaradılıb. Lakin sonradan münasibətlərdə radikal soyuqlaşma baş verdi və layihə kənara qoyuldu. Son aylarda Ankara ilə Yerusəlim arasında münasibətlərin sürətlə yaxşılaşması baş verir. Hökumətlərarası səviyyədə təmaslar intensivləşir. Bu proses həm də İsrail qazının Türkiyəyə nəqli məsələsinin müzakirəsi ilə müşayiət olunur.

İsrail Avropa İttifaqı ilə qaz ticarəti ilə bağlı müzakirələri də aktivləşdirib. Avropa İttifaqı İsrail-Kipr-Yunanıstanın birgə həyata keçirməkdə olduğu “EastMed” boru kəməri layihəsini aktiv dəstəkləyir. Bu kəmərin İsrailin “Leviafan” qaz yatağından Kipr adasına, oradan isə Yunanıstana uzanması nəzərdə tutulur. Türkiyə kəmərin keçdiyi suların bir hissəsini öz ərazi suları hesab edir. Eyni zamanda Kiprdəki türklərin maraqlarının da layihədə nəzərə alınmasını tələb edir. Bu il Türkiyə Liviya ilə sərhəd sularının bölüşdürülməsinə dair müqavilə imzalamaqla, kəmərin keçdiyi ərazinin bir hissəsinin öz iqtisadi zonası elan olunmasına nail olub. Bu isə o deməkdir ki, kəmərin çəkilişində iştirak edən, maraqları olan bütün tərəflər Türkiyə ilə hesablaşmalı olacaqlar. Bundan əlavə, hətta kəmər çəkilsə belə, illik 10 milyard kubmetrlik ötürücülük gücü ilə Türkiyədə yaradılacaq haba rəqib ola bilməz. Belə ki, Türkiyədəki mərkəzə mövcud kəmərlər şəbəkəsində qısamüddətli genişləndirmə yolu ilə Rusiya, Azərbaycan və İrandan ildə 70 milyard kubmetrə yaxın qaz ötürülməsi potensialı var. Digər tərəfdən, İsrailin özündə qaz hasilatı sürətlə artır. İsrailin oktyabrda Aralıq dənizində yerləşən Kariş və Kana yataqları ilə bağlı Livanla razılığa gəlməsindən sonra ölkənin ixrac potensialı illik 45 milyard kubmetrə qədər artacaq. Ölkə Misir və İordaniyaya da qaz satır, lakin bu həcmlər də ixrac potensialını tam reallaşdırmaq üçün yetərli deyil. Bu isə İsraillə Türkiyənin birgə qaz kəməri layihəsinin həyata keçirilməsini zəruri edir.

Türkiyədə qaz habının yaradılması Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyət kəsb edir. Əvvəla, ölkə artan qaz həcmlərini satması üçün əlverişli müstəvi əldə edir. Hazırda Türkiyə TANAP və “Bakı-Tiflis-Ərzurum” kəmərləri ilə Azərbaycandan qaz alır. Ölkələr arasında qaz ticarəti qarşılıqlı anlaşma və güzəştlər şəraitində həyata keçirilir. Avropa İttifaqının Azərbaycan qazına ehtiyacının yüksək olması TANAP-ın ötürücülük gücünün 30 milyard kubmetrə qədər artırılması üçün əlverişli şərtlər formalaşdırır. Bundan əlavə, Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya daşıyan TAP-ın genişləndirilməsi üçün də işlərə başlanıb.

Azərbaycan yalnız “Şahdəniz” deyil, “Abşeron”, “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatları, “Ümid” yatağında qaz ehtiyatlarına malikdir. Bundan əlavə, Bakı Türkmənistanla mübahisəli neft-qaz yatağı olan “Dostluq” yatağının birgə işlənməsinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən yataqdan hasil olunan neft və qaz Azərbaycanın üzərindən dünya bazarına çıxarılacaq. Bu baxımdan, ölkələr arasındakı bu razılaşmanın Transxəzər boru xəttinin təməlini qoyduğunu da söyləyə bilərik. Türkmənistan tərəfdən yatağın işlənməsində Rusiyanın “LUKoyl” şirkəti də iştirak edəcək. Bu isə layihəyə Rusiyanın da razılıq verdiyini göstərir. Türkiyə Prezidentinin son açıqlamaları da Putinin Türkmənistan qazının dənizdən keçəcək boru xətti ilə Azərbaycana çatdırılmasına mane olmayacağı ehtimalını artırır. Bəlkə də Rusiyanın belə gücünün qalmadığını söyləmək daha doğru olardı...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR