İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Böyük Kədəri və 140 km-lik hasar əvəzinə dostluq körpüsü

4215 13.02.2023 19:00 Yazarlar A A

Türkiyədəki dağıdıcı zəlzələdən sonra qardaş ölkəyə zəng edən ilk dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev oldu. Zəlzələ bölgəsinə ilk səfər edən xarici işlər naziri də Azərbaycanın baş diplomatı Ceyhun Bayramov oldu, bunu Mövlud Çavuşoğlu qürurla söylədi. Azərbaycanın yardıma ən böyük heyətlə yollandığını Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan şəxsən söylədi, hətta zəlzələ bölgəsində olarkən Azərbaycan nümayəndələri ilə görüşüb, dostu-qardaşı İlham Əliyevə, Mehriban xanım Əliyevaya, bütün Azərbaycana təşəkkürünü ifadə etdi...

5a02db52-0428-3a4e-b140-3e65cec0f710_850.jpg (114 KB)

Bütün bunlar hər birimizi qürurlandırır, bəli, “qardaşlıq borcumuzdur”, həm də tarix yazılır, nəsillərə növbəti örnəkdir. 100 illər keçəcək, bu dönəmlərdə atılan addımları, Türkiyə və Azərbaycanın yaxşı gündə də, ağır gündə də bir yerdə olduğunu sübut edən faktları arxivlərdən oxuyacaqlar.

İki Türk dövlətinin qarşılıqlı münasibətləri bəlli, Türkiyə də eyni cür davranardı, şübhəmiz yoxdur. Özü də təkcə Azərbaycana münasibətdə deyil, istənilən ölkədə bənzər fəlakət olsaydı. Necə ki, tarix boyunca buna şahid olmuşuq. Amma açığı Türkiyədə zəlzələdən bir neçə gün əvvələdək media “Yunanıstan və Türkiyə arasında gərginlik ən pik həddə” - sərlövhəli xəbərlər tirajlayırdı. Afinanın davranışlarına və təhdidlərinə cavabında Türkiyə dövlət başçısı, xarici işlər və müdafiə nazirləri səviyyəsində xəbərdarlıqlar etmişdi.

Zəlzələdən düz bir ay əvvəl, yanvarın 7-də cənab Ərdoğan demişdi ki, “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”. Amma Türkiyə prezidenti bildirmişdi ki, Ankaranın NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir.

bayraq.PNG (772 KB)

Yunanıstandakı panik əhvalın səbəbi nə idi? R.T.Ərdoğan söyləmişdi. Sitat: “Biz 561 km mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Yunanıstanda bu, çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər –red.) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyin və bizim sizinlə işimiz olmayacaq”.

Hətta Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunluğu boyu hasar çəkəcəyini elan etmişdi. Mülki müdafiə naziri Takis Teodorikakos bildirmişdi ki, hasarın ümumi uzunluğu 140 km olacaq, hətta ilk 35 km-in tikintisinə dərhal başlanacağını açıqlamışdı. Bunun üçün Yunanıstan hökumətinin 100 milyon avro ayırmağı planlaşdırdığı bildirilirdi.

Kəsəsi, Türkiyə-Yunanıstan münasibətləri müharibə halındaydı. Aydın məsələydi ki, ortaya girənlər, suları bulandıranlar var. Özü də bu günün söhbəti deyildi ki... Yunan və Türk Kipri arasında - bir adada - uçurumu dərinləşdirən, birinə Avropanın qapılarını taybatay açan, digər hissəni isə kandarda saxlayan güclər ziddiyyətlərin ömürlük olmasında maraqlıdırlar...   

Bütün bunları nəzərə alanda Yunanıstanın, ümumən yunanların Türkiyədəki zəlzələyə münasibəti şaşırdıcı oldu. Heyrətləndik sözün əsl mənasında. Açığı, gözləmirdik. NATO, BMT, Avropa İttifaqı... digər qurumlar tərpənincə, yunanlar artıq dənizləri keçmişdilər, qonşuya yardıma yetişmişdilər. 6 yaşlı türk cocuğunu xilas edəndən sonra yunan xilasedicilərin bir-birinə sarılaraq sevincdən hönkür-hönkür ağlaması hamını təsirləndirdi.

7143744445044568.png (41 KB)

Yunanıstan dövlət televiziyası səhər xəbərlərində türkiyəli müğənni Kazım Koyuncunun “Ben seni sevdiğimi dünyalara bildirdim” mahnısını səsləndirdi, zəlzələ bölgəsindən görüntülər yayımlayaraq. Millət və dövlət olaraq kişi kimi davrandılar, hətta ötənlərdə olan münasibətləri göz önünə gətirərək “adamın da, ölkənin də gərək kişi kimi düşməni olsun”, sözlərini pıçıldadıq qeyri-ixtiyari.

Amma görünən budur ki, Türkiyə Yunanıstana düşmən olmaq istəmədiyi kimi, artıq rəsmi Afinanın da belə bir qəsdi yoxdur. Yunıstanın xarici işlər naziri Nikos Dendiasın türkiyəli həmkarı Mövlud Çavuşoğluya sarıldıqdan sonra “münasibətlərimizi yoluna qoymaq üçün ikinci zəlzələni gözləmək niyyətimiz yoxdur” - söyləməsi əlaqələrin yeni mərhələyə adlayacağının anonsu sayıla bilər. Hasar əvəzinə... körpülər tikilir!

nazirler.PNG (1.06 MB)

“Od qonşusu” misalı var, müqəddəs sayılır. Qonşu yaşayan insanlar bir yerə gedəndə evini qonşusuna etibar edərdilər, indi də bu adət bir çox yerlərdə qorunur. Təəssüf ki, bir sıra dövlətlər “od qonşusu” anlayışına biganədirlər, daha çox fürsətcil qonşu rolunu oynayırlar. Azərbaycan olaraq başımız az çəkməyib. Yunanıstan və Türkiyə həm də sularını bölən qonşudurlar. Türkiyədə, Yunanıstanın “qulağının dibində” baş verən dəhşətli zəlzələ həm də bir xəbərdarlıqdır, bir gün fay qatı üzü rum elinə də yönələ bilər, heç kəs fəlakətlərdən sığortalanmayıb. Kim bilir bəlkə elə ağır, “batmanla gələn” dərd bir çox ölkələrlə ədavəti də aradan qaldıracaq.

Onu da qeyd edək ki, yunan nümunəsi tək olmadı, digər gözlənilməz ünvanlardan, paytaxtlarda da insanlıq nümunəsini gördük. İsrail Türkiyəyə üçüncü böyük heyətlə yardıma yetişən ölkə oldu, bu ölkənin xilasediciləri sanki öz balalarını, qardaş-bacılarını xilas edirdilər. Almaniyadan gəlmiş Markus Maichle isə 1999-cu il zəlzələsində də Türkiyənin harayına yetişibmiş... Belçika səhərini İstiqlal marşı ilə açdı, hətta Roma Papası Türkiyə üçün dua etdi. Messidən tutmuş, Ancelina Coliyədək, Şakirayadək, Madonnayadək dünya ulduzları Türkiyəyə dəstək olurlar... Hətta bu gün ölümünə döyüşən Rusiya və Ukraynanın xilasediciləri də Türkiyədə görüşürlər, hər xilas olunan insana görə birgə sevinir, itkilərdən sarsılırlar.

Azərbaycan istehsalı olan “Uzaq sahillərdə” filmində bir məqam var. Veselinin atası “Mixaylo” üçün xaç çevirir, dua edir. Oğlu deyir ki, ata, o, xristian deyil. “Bəs hansı dinə inanır” - sualının cavabında “qardaşlıq dininə” deyir.

Türkiyəyə, fəlakətin ünvanına yardıma gələnlərin ortaq sevincini, kədərini görəndə o kadrları xatırladım. Fərqi yoxdur, yəhudi, xristian, islam, iudist, buddist… Qardaşlıq dini var! Bir söz var: bizi dərd birləşdirəcək. Bəlkə Türkiyənin bu fəlakəti bir açardır, bəşəriyyəti sülhə gətirəcək qapını açmaq üçün, kim bilir… Bəlkə də aşırı nikbinlikdir, amma o zaman gör nə gözəl olardı dünya!

itki.jpg (142 KB)

Türkiyəmiz dünyanı birləşdirməyi bacardı, böyük kədəri ilə. Hətta 31 ildir üzünə bağladığı sərhəd qapısını Ermənistanın üzünə açdı, “bir də olmasın” - mesajı verildi. Türkün ürəyi bu qədər genişdir. Baxmayaraq ki, elə bu üzüntülü günlərdə ölkələrdən biri kiflənmiş “erməni soyqırımı”nı tanıdığını elan etdi, amma bu da onların namərdliyidir. Türkiyə növbəti dəfə dostlarının etibarını yoxladı, düşmənlərinə şans tanıdı. “Dəftərlərə yazılır”, vaxt gələcək, açılacaq.

Macarıstan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatına namizədliyini irəli sürmüşdü. XİN başçısı Peter Siyarto demişdi ki, təklifin verilməsinə səbəb Türkiyə liderinin Ukraynada sülhə nail olmaq üçün atdığı addımlardır. Bəli, sayın Ərdoğan Rusiya-Ukrayna savaşının dərhal bitməsi üçün əlindən gələni edirdi ilk günlərdən. Böyük bir müharibəni dayandırmağa çalışan lider heç vaxt kimlərləsə, xüsusilə qonşuları ilə savaşmaq istəməzdi, bu, bir daha təsdiqləndi. Baş vermiş zəlzələdən sonra bütün dünyaya yardım üçün müraciət etməklə Türkiyə əslində nə qədər güclü olduğunu, özünə əminliyini nümayiş etdirdi. Başqa ölkə bəlkə də belə bir xitabda bulunmazdı, “düşmən gülər, üstümə ayaqlanar, daxilimdə təxribatlar törədərlər” - deyə, düşünərdi. Amma Türkiyə vətəndaşını xilas naminə müraciət ünvanladı, kimsəyə fərq qoymadan. Düzdür, bir qonşusu da oldu, o boyda dəhşətləri görməzdən gəldi, bəlkə də məzhəb davası aparmağa üstünlük verdi. Hansı ki, Türkiyə bir həftə əvvəl ona dəstək təklif etmişdi. Yəni cılızlar da oldu və tarixə yazıldı. Türkiyə isə hər kəsə qucaq açmaqla, hətta Araz çayı üzərindəki körpüdən Ermənistan TIR-larının keçidinə 30 ildən sonra yaşıl işıq yandırmaqla nə qədər BÖYÜK olduğunu nümayiş etdirdi. Həm də SÜLH tərəfdarı olduğunu! Bu, həm də prezident Ərdoğanın Sülh Mükafatına haqq etdiyini növbəti dəfə təsdiqlədi. Təbii, Ərdoğan mükafat hayında deyil, onu məmləkət və onun insanını mövcud durumdan çıxartmaq düşündürür. İnanırıq ki, tezliklə Türkiyəmiz bu fəlakət sınağından da məğrurcasına çıxacaq, dostlarının sayını artırmaqla.

9f7b3e8d-012c-3b1c-9eb7-4da4c37da6ca_850.jpg (158 KB)

Türkiyəmiz nəhəngdir, sanki bu fəlakət, dərd də qardaş ölkənin “boyuna biçilmişdi”, bu sınaqdan özü boyda fəlakətlə üzləşmək yazılmışdı alnına... İnşallah bu da keçər, Böyük Kədəri ilə dünyanı birləşdirən, bütövləşdirən, düşmənləri dost edən Böyük Türkiyəmiz!!!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR