İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Suriya yaxınlaşması separatçı kürdləri çətin vəziyyətə salıb

1131 10.01.2023 18:40 Siyasət A A

Ərdoğan-Əsəd barışığı Suriyada kürd muxtariyyəti planını iflasa uğradır

Türkiyə və Suriya arasında başlayan danışıqlar Suriya kürdlərini çətin vəziyyətə salıb. Məlum olduğu kimi, ötən il Türkiyə və Suriya kəşfiyyat orqanları rəhbərliyi arasında bir neçə görüş keçirilib. Dekabrın 28-də isə Moskvada Türkiyə və Suriya müdafiə nazirləri iki ölkənin kəşfiyyat rəsmilərinin iştirakı ilə görüşüb. Türkiyə rəhbərliyinin verdiyi açıqlamalardan belə məlum olur ki, yaxın həftələrdə Türkiyə və Suriya XİN başçıları, sonrakı aylarda isə prezidentlər arasında görüş keçiriləcək.

Türkiyə və Suriya arasında barışıq 12-ci ildir davam edən Suriya vətəndaş müharibəsinin sona çatması baxımından mühüm addım hesab olunur. Çünki proses maneəsiz davam edərsə, iki ölkə rəhbərliyi görüşüb bir sıra məsələlərdə razılaşma əldə edə bilər. Bunlar Suriya-Türkiyə sərhədinin təhlükəsizliyi, suriyalı qaçqınların evlərinə dönməsi, nəhayət, Suriya ərazisində terror qruplarına qarşı mübarizə, ən əsası Suriya kürdlərinin taleyi ilə bağlıdır.

Suriya kürdləri mövzusu hazırda Ankaranı ən çox narahat edən regional məsələlərdən biridir. PKK-nın törəmə qurumu olan PYD və onun Suriyada yaratdığı “Suriya Demokratik Qüvvələri” adlı qeyri-rəsmi muxtariyyət Türkiyə üçün potensial təhdid qaynağıdır. Ankarada hesab olunur ki, PKK-nın törəməsi olan bir qrupun Suriyada muxtariyyət əldə etməsi gələcəkdə Türkiyənin suverenliyi və təhlükəsizliyi üçün təhdidə çevrilə bilər.

WhatsApp Image 2023-01-10 at 17.51.01.jpeg (52 KB)

Məlum olduğu kimi, Türkiyə Suriyadakı separatçı kürd regionuna qarşı bir neçə dəfə hərbi əməliyyat təşkil edib. 2016-cı ildə “Fırat Kalkanı”, 2018-ci ildə “Zeytin Dalı”, 2019-cu ildə isə “Barış Pınarı” əməliyyatları nəticəsində YPG silahlıları Suriya-Türkiyə sərhədindən qovulub, lakin bununla belə YPG regionda hələ də güclüdür. Söhbət təxminən 100 min nəfərlik döyüş təcrübəsi olan və yaxşı silahlanmış qruplardan gedir.

Üstəlik, bu günə qədər Ankaranın hərbi gücü qarşısında kürdlər Dəməşq, Moskva və Vaşinqton arasında manevr edə bilirdi. Vaşinqton hazırda Suriyanın şimalında kürdlərin nəzarət etdiyi ərazidə hərbi bazalar saxlayır. Kürd qüvvələrinin İŞİD-ə qarşı mübarizədə Vaşinqtona verdiyi dəstək cavabsız qalmayıb. Bir çox amerikalı siyasətçilər kürdlərin Yaxın Şərqin gələcəyində ciddi rol oynayacağı fikrini dəstəkləyir.

Eyni zamanda Moskva da regional qruplar arasında ən yaxşı əlaqələri kürdlərlə qurub və keçmişdən qalan əməkdaşlıq vasitəsilə hazırda eyni düşərgədə yer almasa belə, Moskva PYD ilə normal əlaqələri qoruyub saxlayır.

Dəməşqin kürd separatçıları ilə münasibətləri soyuq olsa da, regiondakı YPG hərbi gücü və kürdlərdən boşalan yerlərə İŞİD-in dolması təhlükəsi ilə Dəməşq kürdlərlə dil tapmağa çalışır. Bu səbəbdən də Ankara qarşısında 3 ciddi mərkəz arasında manevr edən PYD mövqelərini qoruyub saxlaya bilirdi.

Məhz bu səbəbdən Türkiyənin ötən il planladığı Suriya əməliyyatı baş tutmadı. Moskva və Vaşinqton Türkiyənin Suriya ərazisində əməliyyat keçirməsinə “yaşıl işıq” yandırmadı.

Ancaq indi situasiya dəyişir. Ankara məhz Moskvanın vasitəçiliyi ilə Dəməşqlə danışıqlara gedir. Əlbəttə, bu danışıqların əsas mövzularından biri PYD-nin faktiki olaraq Suriyanın şimalında qurduğu muxtariyyətin taleyidir. O da məlumdur ki, Ankara qədər Dəməşq də PYD-nin Suriya ərazisində muxtariyyət yaratmasına isti yanaşmır. Ancaq yuxarıda da qeyd olunduğu kimi, kürdləri ABŞ-ın dəstəkləməsi, üstəlik, ölkənin şimal-şərq hissəsində güc sahibi olmaları, onların boşalacağı yerə İŞİD-in daxil olması təhlükəsi Dəməşqi kürdlərə qarşı ehtiyatlı yanaşmağa sövq edir. Ancaq aydındır ki, Ankaranın Dəməşqlə dil tapması nəticəsində kürdlərin manevr imkanları daralacaq.

WhatsApp Image 2023-01-10 at 17.51.02.jpeg (72 KB)

O da bəllidir ki, Moskva və Dəməşqin dəstəyini aldıqdan sonra Vaşinqtonun kürd məsələsində Ankaranın qarşısında inad etməsi çətin olacaq. Vaşinqton nəticə etibarı ilə “bir ovuc” kürd silahlısına görə Türkiyə ilə münasibətləri daha da zədələmək istəməyəcək, üstəlik, indi Dəməşq və Moskva Ankara ilə birgə hərəkət etdiyi təqdirdə Vaşinqton faktiki olaraq təklənəcək.
Bu vəziyyətdə YPG üçün yeganə seçim Dəməşqə sığınmaqdır, əlbəttə bu zaman Dəməşqin, eləcə də Ankaranın əsas tələbi olan muxtariyyət arzusundan imtina etməli olacaq. Çünki daha çox dirəniş Türkiyənin hərbi müdaxiləsini tezləşdirə bilər ki, bu da PYD üçün ciddi təhlükədir.

Yeri gəlmişkən, dekabrın son günlərində İraq kürdlərinin liderlərindən Cəlal Talabaninin oğlu Bafil Talabani və ABŞ-ın İŞİD-ə qarşı qüvvələrinin komandanı general Metyu Makfarlen gözlənilmədən Suriyanın şimalına səfər edib. Burada kürd liderləri, o cümlədən, YPG qüvvələrinin, ümumilikdə SDQ-nin hərbi qüvvələrinin komandanı Mazlum Abdi, PYD-nin keçmiş həmsədri Saleh Müslimlə görüşüb. Səfərin əsl səbəbi məlum olmasa da, bu ərəfəyə təsadüf etməsi maraq doğurur. Bəlkə də, ABŞ artıq kürdlərin yeni situasiyaya hazırlanmasına təlimat verir, nə bilmək olar.

Bu arada İran prezidenti də yaxın vaxtlarda Dəməşqə səfər edəcək. Hazırda Tehranın Suriya gündəmini başqa mövzular təşkil etsə də, aydın məsələdir ki, Əsəd-Ərdoğan barışığı və kürd məsələsi də müzakirə olunacaq. Çünki kürd mövzusu İran üçün da xüsusi əhəmiyyət kəsb edir.

Əlbəttə, 12 illik ağır müharibə və düşmənçilikdən sonra Türkiyə hakimiyyətinin Bəşər Əsədlə barışığı elə də asan olmayacaq. Üstəlik Bəşər Əsədə qarşı müxalif qüvvələrin bu barışığa müqavimət göstərəcəyi məlumdur. Artıq Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə Türkiyə-Suriya barışığını sabotaj etməyə yönəlmiş fəaliyyətlər var.

Ancaq Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, siyasətdə küsülülük olmur. Siyasətdə maraqlar dəyişkəndir. Digər tərəfdən, Əsədlə sonu görünməyən düşmənlikdənsə sərhəd təhlükəsizliyi, kürd separatizmi və qaçqınların evlərinə qayıtması kimi daha vacib problemlərin həlli daha rasional seçimdir.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR