İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə gücləndi, NATO Rusiyaya savaş mesajı verdi: Kreml isə Ankaradan narazıdır

3460 30.06.2022 18:19 Analitika A A

Türkiyə NATO-nun Madrid sammitinin əsas qalibidir, rəsmi Ankara yeni dünya düzəninin əsas iradə sahiblərindən biri statusuna iddiasını beynəlxalq rəqiblərinə qəbul etdirdi... NATO düşmən elan etdiyi Rusiyaya qarşı hibrid savaşın aparıldığını və bu ölkə ilə bağlı konkret hərbi-siyasi hədəflərinin olduğunu dolayısı ilə də olsa, təsdiqlədi...

NATO-nun Madrid sammiti olduqca önəmli nəticələrlə diqqəti çəkdi. Belə ki, bu hərbi-siyasi alyansın gələcəyə yönəlik bəzi hədəfləri yeniləndi. İndi NATO-nun strateji planlarında əvvəlkindən fərqli məqamlar kifayət qədərdir.

Məsələ ondadır ki, NATO Rusiyaya yönəlik strategiyasına olduqca önəmli düzəlişlər edib. Son vaxtlara qədər NATO və Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq məzmunu daşıyırdı. Düzdür, 2014-cü ildə baş vermiş Ukrayna böhranı ucbatından NATO-nun Rusiya ilə münasibətləri ziddiyyətlər üzərində indeksləşmişdi. Ukrayna savaşı başlandıqdan sonrasa, bu ziddiyyətlər daha da dərinləşdi və qarşılıqlı münasibətlərin məzmununa yenidən baxmaq ehtiyacı yarandı.

Şimali Atlantika blokunun Madrid sammitində Rusiya ilə artıq çoxdan formal xarakter daşıyan strateji tərəfdaşılıq münasibətlərinə son vermək barədə rəsmi qərar qəbul edildi. İndi Rusiya NATO ölkələri üçün əsas beynəlxalq təhlükə mənbəyi elan olunub. Və bu hərbi-siyasi alyansın Rusiya ilə münasibətləri yalnız təhlükəyə qarşı özünümüdafiə sisteminin təkmilləşdirilməsi üzərində qurulacaq.

452eefa4-220d-42dc-a7b5-7624cb6245f9.jpg (252 KB)

Təbii ki, Madrid sammitində Rusiya faktoru qəbul edilmiş əksər qərarlarda xüsusi rol oynadı. Hətta Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtinası belə, Rusiya faktorunun ön plana çıxmasıyla diqqəti çəkir. Birincisi, İsveç və Finlandiyanın NATO-ya üzvlük niyyətinə düşməsi məhz Rusiyanın Ukraynaya qarşı savaşa başlamasının təsirindən qaynaqlanırdı. Bu iki ölkə Rusiyanın gələcək hərbi təcavüz təhlükəsindən yayınmaq üçün NATO-nun “təhlükəsizlik çətiri” altına sığınmaq niyyətinə düşmüşdü.

Ancaq İsveç və Finlandiya PKK/YPG terror qruplaşmasına dəstək verdiyindən Türkiyə bu iki ölkənin NATO-ya yolunu bloklamışdı. Kremldə rəsmi Ankaranın bu qərarından olduqca məmnun qalmışdılar. Çünki Türkiyənin bu iki ölkəni bloklaması Rusiyanın narahat olduğu problemi müvəqqəti də olsa, əhəmiyyətdən salırdı. Yəni, NATO-nun Rusiyanın qərb sərhədlərini şimal qütbünə qədər mühasirəyə alması Türkiyənin sayəsində təxirə düşəcəkdi.

İndisə, bu məsələ ilə bağlı vəziyyət tamamilə dəyişib. Rəsmi Ankara İsveç və Finlandiyanı Türkiyənin şərtlərini rəsmi üçtərəfli saziş imzalamaqla, qəbul etmək məcburiyyətində qoyub. Yəni, rəsmi Ankara qarşı tərəfdən öz istədiyini aldığından, Türkiyə üçün bu məsələdə elə bir ciddi problem qalmayıb. Üstəlik, rəsmi Ankara Türkiyənin həm NATO, həm də dünyada mövqelərini daha da möhkəmləndirməyə nail olub.

Məsələ ondadır ki, həmin üçtərəfli anlaşmanın imzalanmasına qədər Qərb mətbuatı və siyasi dairələri Türkiyəni sərt tənqid etməyə çalışırdılar. Hətta rəsmi Ankaranın NATO-nun genişlənmə perspektivlərini blokladığını bəhanə gətirərək, Türkiyənin bu hərbi-siyasi alyansdan ixrac olunmasını tələb edirdilər. Halbuki, hər hansı üzv dövlətin özü qərar vermədiyi halda, NATO-dan ixrac edilməsi ilə bağlı heç bir hüquqi mexanizm mövcud deyil.

23abcd0c-f487-4fee-8fff-8fe2f234f364.jpg (100 KB)

Ona görə də, rəsmi Ankara Qərbin Türkiyəyə təzyiqi olan bu sərt tənqidlərə heç bir əhəmiyyət vermədi. Öz tələblərinin arxasında israrla dayandı və sonunda hədəflərinə çatdı. Üstəlik, Qərbdəki rəqiblərə sübut etdi ki, Türkiyənin hərbi-siyasi iradəsi ilə mütləq hesablaşmaq lazımdır. Və rəsmi Ankaranın həm NATO daxilində, həm beynəlxalq məkanda öz mövqeyini rəqiblərə qəbul etdirmək qabiliyyəti artıq inkaredilməz reallıqdır.

Bütün bunları nəzərə aldıqda, Türkiyənin NATO-nun Madrid sammitindən daha da güclənərək, çıxdığı qətiyyən şübhə doğurmur. Xüsusilə də, bundan sonra həm NATO daxilində, həm də beynəlxalq məknada Türkiyənin siyasi iradəsinin həlledici faktorlardan olacağı da yeni şərtlərin diqtə etdiyi reallıqdır. Və bundan sonra bu reallığın dünyanın siyasət məkanında güclü Türkiyəni ifadə edəcəyi qətiyyən istisna deyil.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiya liderləri ilə üçtərəfli anlaşmanın imzalanmasından sonra verdiyi açıqlama da Rusiya məmnun etməyəcək məzmun daşıyır. Çünki Türkiyə lideri vurğulayıb ki, NATO-nun genişlənməsi Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın həllində də xüsusi rol oynaya bilər. Və prezident R.T.Ərdoğanın bu açıqlaması Türkiyənin Ukrayna savaşına münasibətdə NATO-nun mövqeyini dəstəklədiyi kimi yozulur.

Təbii ki, rəsmi Ankaranın öz mövqeyini bu qədər açıq şəkildə dəqiqləşdirməsi Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Çünki, Kremldə Türkiyənin NATO-dan fərqli mövqe tutmasına böyük ümidlər bəsləyirlər. Halbuki, rəsmi Ankara NATO üzvü olan Türkiyənin davranışlarını və hədəflərini Rusiyanın maraqları üzərində indeksləşdirməz.

Ümumiyyətlə isə NATO-nun Madrid sammiti Rusiyanı açıq şəkildə hərbi hədəfə almaqla, Kreml üçün daha təhlükəli situasiya vəd edir. Məsələn, Böyük Britaniya NATO ölkələrinin Rusiyaya münasibətdə daha qətiyyətli davranmasına çağırır. Rəsmi London hesab edir ki, əvvəlcə Rusiya məğlub edilməlidir, yalnız bundan sonra Kremllə danışıqlar aparmaq olar.

818778c6-dded-4ba1-8de4-55c6f9f1cf23.jpg (199 KB)

Böyük Britaniyanın baş naziri Boris Conson da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü bütün dünya üçün tarixi hadisə hesab edir. Onun fikrincə, Rusiyanın hərbi manevr imkanlarının məhdudlaşdırılması artıq qaçılmazdır. Britaniyalı baş nazir əmindir ki, Rusiya Ukraynaya qarşı savaşa başlamaqla, NATO-nu öz qərb sərhədlərindən uzaqlaşdırmaq məqsədi güdsə də, reallıqda bunun əksi ilə qarşıladı: “İndi prezident Vladimir Putin Rusiya sərhədlərinin daha geniş hissəsində NATO-nun mövcudluğunu görməli olacaq”.

Yaxın gələcək üçün NATO-Rusiya münasibətlərinin hansı istiqamətlərə yönələ biləcəyini isə baş katib Yens Stoltenberq birmənalı şəkildə ifadə edib. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Rusiya ilə qarşıdurmaya hələ 2014-cü ildən hazırlaşmağa başladığını vurğulayıb. Bu, Rusiyaya qarşı qeyri-rəsmi şəkildə, yəni elan edilməmiş hibrid savaşın aparıldığını göstərir. Və savaş mesajı təsiri bağışlamaqla yanaşı, həm də NATO-nun Rusiya ilə bağlı konkret hərbi-siyasi hədəflərinin olduğunu da növbəti dəfə təsdiqləyir.

Ona görə də, hesab etmək olar ki, Türkiyə NATO-nun Madrid sammitinin əsas qalibidir. İndi rəsmi Ankara bu hərbi-siyasi alyansın qərarlarına təsir etmək mexanizmlərini ön plana çıxartmaqla, yeni dünya düzəninin əsas iradə sahiblərindən biri statusuna iddiasını beynəlxalq rəqiblərinə qəbul etdirib. Və bu, Türkiyəni gücləndirməklə yanaşı, beynəlxalq mövqeyini də möhkəmləndirib.

Təbii ki, Madrid sammitində NATO da öz hədəflərinə böyük ölçüdə nail olub. Hər halda, rəsmi Ankaranın tələblərinin yerinə yetirilməsinin qarşılığında NATO-nun daha da genişlənmək şansı qazanması olduqca önəmli nəticədir. Bu prosesdə yalnız NATO-ya qarşı əsas beynəlxalq təhlükə mənbəyi elan edilən Rusiyanın məğlub tərəf kimi göründüyü isə inkaredilməz reallıqdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR