İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə-Azərbaycan münasibətləri çox vacib imtahandan keçib" - politoloq

252 13.06.2023 12:32 Siyasət A A

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Musavat.com-a səfəri təhlil edərkən bildirib ki, Türkiyə və Azərbaycan son illər birgə bir çox uğur əldə ediblər, bu səbəbdən də diqqət cəlb ediblər, müzakirə mövzusu olublar. Politoloq hesab edir ki, regionda Türkiyə və Azərbaycanla əməkdaşlıq etməyən dövlət uğurlu nəticələr əldə edə, siyasət həyata keçirə bilməz: “Düşünürəm ki, Azərbaycan və Türkiyə münasibətlərinin regionun gələcəyinə həm regional, həm qlobal, həm də türk dünyası münasibətləri çərçivəsində çox böyük təsirləri olacaq. Rəcəb Tayyib Ərdoğan Azərbaycana Şuşa bəyannaməsinin imzalanmasının ildönümü ərəfəsində səfər edir. İkitərəfli münasibətlərdə həyata keçiriləcək bəzi layihələr var ki, nəqliyyat dəhlizi, enerji layihələri və s. dünyada gedən güc mübarizəsinə və yeni dünya sisteminə də təsir edəcək. Son 6 ayda bir neçə istiqamətdə çox ciddi nəticələr əldə olunub-Türkiyə-Azərbaycan münasibətləri, qanunvericilikdə edilən dəyişikliklər, Qazaxıstan və Türkmənistanla əməkdaşlıq dünyanın geosiyasi xəritəsini dəyişəcək addımlardır. Xüsusilə, Orta Dəhlizi vurğulamaq istərdim”.

47225c8c-529e-4c69-bcb0-354f0f09f753.jpg (104 KB)

C.Vəliyev Türkiyə-Azərbaycan münasibətlərinin çox vacib imtahandan keçdiyini vurğuladı:

“Son 3 ildə Türkiyə-Azərbaycan münasibətləri ciddi sınaqdan keçdi. İranın Azərbaycana qarşı aqressiv siyasətinə Türkiyə ciddi dəstək verdi. Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Türkiyəyə dəstəyini əsirgəmədi. O cümlədən Türkiyədə kritik seçki dövründə Azərbaycanın lideri və xalqı mövqeyini aydın nümayiş etdirdi. Rəcəb Tayyib Ərdoğanın həm türk millətinin, həm də türk dünyasının dəstəyini əldə edən lider kimi daha güclü, iradali siyasət həyata keçirəcəyini düşünürəm. Həmçinin, türk dünyasının prioritet olacağı qənaətindəyəm”.

Politoloq regionda ciddi proseslərin baş verdiyinə diqqət çəkdi: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, 3-cü tərəflərin mövqeyi, Ukrayna-Rusiya müharibəsi, ABŞ-İran münasibətlərinin regiona ciddi təsirləri olacaq. Bu baxımdan düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətlərinin imtahandan uğurla çıxması, türk dövlətləri ilə əməkdaşlığı və koordinasiyalı fəaliyyəti həssas və kritik məqamdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR