İnsanlara hürriyət, millətlərə istiqlal!

Turizm Agentliyinin sədr müavini: “Hədəfimiz Qarabağda turizmin inkişafına nail olmaqdır”

2098 18.03.2022 09:30 Müsahibə A A

Azadə Hüseynova: “Dünya ictimaiyyəti Azərbaycanın mədəni sərvətlərinin çox az hissəsi barədə məlumatlıdır. Məqsədlərimiz sırasında mədəni-tarixi irsimizi qorumaqla yanaşı, həm də onların tanıdılmasına nail olmaq prioritet təşkil edir”

Son vaxtlar Bakıda turistlərin sayının çoxaldığını müşahidə edirik. Azərbaycan qapılarını daha çox ölkə üçün artdıqca, bu sahədə nisbi inkişaf müşahidə olunur. Mövcud şəraitdə turistlərin Azərbaycana cəlb edilməsi üçün hansı işlər planlaşdırılır? Bu və digər suallarla bağlı Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın müsahibəsini təqdim edirik.

- Azadə xanım, bu yaxınlarda Dövlət Turizm Agentliyinin sədr müavini vəzifəsinə təyin olunmusunuz. Daha əvvəl Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışmısız. Hər ikisi turizmlə bilavasitə bağlı olsa da, əvvəlki və indiki vəzifə öhdəlikləriniz fərqlənir. Fikrinizcə, turizm sahəsində hansı istiqamətlərdə yeniliklərə, dəyişikliklərə ehtiyac var?

- Artıq 4 ildir ki, birbaşa turizm sahəsində çalışıram. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin rəhbəri olduğum müddətdə agentliyin tabeliyində olan qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrinin mühafizəsini təşkil etməklə, onların  turizm potensialının inkişafı istiqamətində müxtəlif layihələr icra olunub.

Ümumilikdə turizmdən danışsaq, aydındır ki, son iki ildə pandemiya və onun yaratdığı qlobal iqtisadi vəziyyət yalnız ölkəmizdə deyil, bütün dünyada turizm sahəsinə çox böyük ziyan vurdu. Azərbaycana gələn xarici ziyarətçilərin sayında müşahidə olunan artım tempi, təəssüf ki, koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı böhranla əlaqədar olaraq 2020 və 2021-ci illərdə kəskin azalma ilə əvəzləndi.

Bununla belə, deməliyəm ki, son dövrdə ölkə rəhbərliyi səviyyəsində turizmin inkişafına xüsusi diqqətin ayrılması nəticəsində turizm sektorunda geniş institusional islahatlar aparılmış, idarəetmə sistemi təkmilləşdirilmiş, genişmiqyaslı marketinq fəaliyyətləri həyata keçirilmişdir.

- Artıq dünya açılmalara gedir, turist səfərləri bərpa olunur. Azərbaycan da bir çox ölkənin vətəndaşları üçün ölkəyə giriş imkanlarını bərpa edib. Bununla belə, karantin rejimi davam edir. Belə olan təqdirdə 2022-ci ildən gözləntilər nədir?

- Bəli, xüsusi karantin rejiminin davam etməsinə baxmayaraq, ötən ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı davamlı şəkildə artmaqdadır. Bu da onu deməyə əsas verir ki, turizm sənayesinin 2021-ci ildən başlayan bərpa dövrü daha da sürətlənəcək. Statistika da belə düşünməyə əsas verir. Belə ki, 2022-ci ilin yanvar ayının statistikasına baxsaq, ilin ilk ayında ölkəmizə 74 mindən çox əcnəbi səyahət edib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 105% artım deməkdir.

Hazırda 87 ölkənin vətəndaşı tam vaksinasiya olunma (və ya COVİD-19 xəstəliyindən sağalma) barədə rəsmi sənəd, həmçinin neqativ PCR testi təqdim etməklə hava yolu ilə Azərbaycana səyahət edə bilərlər. Ümumilikdə, 2022-ci ildə ötən illə müqayisədə turistlərin sayında təxminən 50 faiz artım olacağı proqnozlaşdırılır.

Hesab edirik ki, ölkənin quru sərhədlərinin açılması turizmin bərpası prosesinin sürətləndirilməsi baxımından önəm kəsb edir.

Onu da vurğulamaq lazımdır ki, daxili turizm bizim üçün prioritet istiqamət olaraq qalır. Əlbəttə, pandemiya daxili turizmə də öz mənfi təsirini göstərdi. Ancaq karantin qaydalarının zamanla yumşaldılması ilə daxili turizm pandemiya dövründə də aktuallığını qorudu. Ötən il 3 milyondan çox insan daxili turizm xidmətlərindən istifadə edib. Bu il ölkə daxilində turizm məqsədilə səfər edən yerli vətəndaşların sayında 20 faizə yaxın artım gözlənilir.

Dövlət Turizm Agentliyi olaraq hər zaman bölgələrimizin turizm imkanlarının genişləndirilməsi, potensialın səmərəli istifadəsi və əhalinin daxili turizm xidmətlərindən yararlanmağa təşviq edilməsi vacib fəaliyyət istiqamətlərindən biri olub. Pandemiyanın yaratdığı yeni şərtlər daxilində bu istiqamətdə fəaliyyətin intensivləşdirilməsi əsas məqsədlərdəndir. İnanırıq ki, postpandemiya dövründə də daxili turizm lokomotiv rolunu oynayacaq.

- Regionların turizm destinasiyaları kimi inkişafında hansı problemlər var? Hazırda bölgələrdə turizmin inkişafına əngəl olan səbəblərin araşdırılması və aradan qaldırılması üçün hansı layihələr həyata keçirilir, nələr planlaşdırılır? 

- Bölgələrimizin regional turizmin inkişafı üçün zəngin potensialı var. Bu potensialın səmərəli istifadəsi üçün müxtəlif istiqamətli işlər görülməlidir. İnfrastrukturun yaradılması, maarifləndirilmənin aparılması, mövcud turizm məhsullarının inkişaf etdirilməsi və yeni məhsulların yaradılması üçün turizm üzrə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, marketinq və təbliğat tədbirlərinin gücləndirilməsi və s. kimi vacib məqamlar regionlarda turizmin inkişafına əsaslı təkan verilməsi üçün önəmlidir.

Bu baxımdan xüsusilə mehmanxanaların tikintisi əsas olmaqla regionlara turizm investisiyalarını cəlb etmək və turizm startaplarını təşviq etmək, habelə regional aeroportların turistlərin cəlb edilməsində rolunun artırılması mühüm rol oynaya bilər.

Bundan əlavə, turizm əhəmiyyətli bir sıra regional yol təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsi, bu sahədə xidmət keyfiyyətinin yaxşılaşdırılması da əsas məqamlardan biridir.

Seçilmiş  bölgələrdə ekoturizm, mədəni turizm və xüsusi maraq qrupu üzrə yeni turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi planlar daxilindədir.

Ancaq əlbəttə, qeyd etdiklərimiz içərisində ən önəmlisi xidmətdə keyfiyyət standartlarının tətbiq edilməsidir. Xüsusən mehmanxanalarda standartlaşdırma və sertifikasiya sisteminin tətbiq edilməsi zəruridir. Bu sahədə də, bildiyiniz kimi, müvafiq işlər görülür.

Turizm sənayesinin kadr potensialının inkişaf etdirilməsi, turizm istiqamətli təhsil və təlim proqramlarının icra edilməsi ilə regionlarda yeni kadrların hazırlanması, mövcud kadrların bilik və bacarıqlarının təkimilləşdirlməsi üzrə təlimlərə cəlb edilməsi də prioritet inkişaf istiqamətləridir.

- İstənilən ölkənin təşviqində onun mətbəxi mühüm yerlərdən birini tutur. Azərbaycan süfrə mədəniyyətinə özünəməxsus adətləri ilə yanaşı, dadlı-ləzzətli, fərqli zövqləri oxşayan yeməklər daxildir. Biz bunları bilirik. Bununla belə, “Qastronomiya turizmi”ni turizmin ayrıca bir bölməsi kimi inkişaf etdirə bilmişikmi? Ümumiyyətlə, bu istiqamətdə hansısa yeniliklər düşünürsüzmü?

- Azərbaycanın zəngin maddi-mədəni irsi ilə yanaşı, süfrə mədəniyyəti də özünəməxsusluğu ilə seçilir. Qastronomiya turizmi turizmin özünəməxsus və fərqli bir sahəsidir. Burada peşəkar və yaradıcı yanaşma mütləqdir. İndiyədək bu sahədə müəyyən işlər görülüb, ancaq qastronomiyanın turizmyönlü inkişafı ilə bağlı ciddi islahatların aparılması məqsədəmüvafiqdir. Bu sahədə işin düzgün təşkili gələcəkdə Azərbaycanın “Qastronomiya ölkəsi” kimi tanınmasına öz töhfəsini verə bilər.

Bildiyiniz kimi, DTA-nın tabeliyində Azərbaycan Milli Kulinariya Mərkəzi fəaliyyət göstərir. Hazırda mərkəzin inkişafı, fəaliyyət istiqamətinin təkmilləşdirilməsi, daha çox turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılması yönündə strategiya sənədinin hazırlanması ilə bağlı işlər aparılır. Ümid edirik yaxın gələcəkdə bu sahədə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verəcək.

- Qeyd etdiniz ki, mədəni-tarixi resurslar turizm sənayesinin inkişafında böyük rol oynayır. Azərbaycanda təkrarolunmaz memarlığı ilə fərqlənən abidələrimiz, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan ərazilərimiz var. Bu cəhətdən DTA-nın tabeliyində olan qoruqlardakı tarixi və mədəni-memarlıq nümunələrinin turizm imkanları necə təbliğ olunur?

- Təəssüflə qeyd etməliyəm ki, dünya ictimaiyyəti Azərbaycanın mədəni sərvətlərinin çox az hissəsi barədə məlumatlıdır. Buna görə bizim məqsədlərimiz sırasında mədəni-tarixi irsimizi qorumaqla yanaşı, həm də onların tanıdılmasına nail olmaq prioritet təşkil edir.

Bildiyiniz kimi, 2019-cu ildə Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tarixi hissəsi “Xan sarayı” da daxil olmaqla UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Ümumdünya İrs Komitəsi bu qərarı verərkən, Dünya İrs Konvensiyasının 2-ci, yəni “memarlıq, sənətkarlıq, şəhərsalma və bu kimi digər sahələrdə müxtəlif tarixi dövrlərin ənənələrinin əks etdirilməsi” meyarı, eləcə də 5-ci, yəni “insanların təbiətdən dayanıqlı istifadəsi” meyarlarına əsaslanıb. Yəni gördüyünüz kimi, Şəki özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən dəyərli mədəni irsimizdir.

Dünya İrs Siyahısına düşmüş bu cür ərazilərimizin sayı nə qədər çox olarsa, mədəni turizmin təbliği istiqamətində bir o qədər çox məhsuldarlığa nail olacağımızı düşünürük.

Bundan əlavə, agentlik tərəfindən “Basqal” qoruğunda turizm infrastrukturunun qurulması ilə bağlı işlər icra edilir. Eyni qaydada Şəki şəhərinin tarixi hissəsini  əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunda bir neçə tarixi binanın təmir-bərpası həyata keçirilir. Növbəti illərdə də bu istiqamətdə işlərin mərhələli şəkildə icrasının davamı nəzərdə tutulur.

- Bildiyimiz qədər DTA tərəfindən işğaldan azad olunan ərazilərimizdə turizm infrastrukturunun yaradılması, oradakı mədəni tarixi abidələrin tanıdılması üçün işlərə başlanılıb. Bu barədə bir qədər məlumat verə bilərsinizmi?

- Əlbəttə, bizim üçün müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi torpaqların turizm potensialının öyrənilməsi, qiymətləndirilməsi və turizm inkişaf konsepsiyalarının hazırlanması olduqca qürurvericidir.

Qeyd edə bilərik ki, ümumilikdə, işğaldan azad edilmiş ərazilərlə bağlı əsas işimiz turizmin inkişafı ilə bağlı strategiya sənədlərinin hazırlanması, həmin sənədlər əsasında turizm infrastrukturunun qurulması və nəhayət, bu yöndə təbliğatın aparılmasından ibarətdir.

DTA tərəfindən işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb. Sözügedən strategiya layihəsinin istiqamətləri müvafiq olaraq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-ci illər üzrə bərpası və dayanıqlı inkişafı üzrə Dövlət Proqramı” layihəsinə inteqrasiya edilib.

Məlumat üçün deyim ki, işğaldan azad edilmiş ərazilərin Ümumi Planına əsasən, Qarabağ regionunda turizm və rekreasiya zonalarının yaradılması planlaşdırılır. Bu məqsədlə Şuşa rayonu üzrə Daşaltı kəndi, Xocavənd rayonu üzrə Hadrut qəsəbəsi, Tuğ, Ağbulaq, Şəkər kəndləri, Kəlbəcər rayonu üzrə İstisu qəsəbəsi, Zülfüqarlı, Lex və Qamışlı kəndləri, Qubadlı rayonu üzrə Bərgüşad kəndi və Zəngilan rayonu üzrə Qaragöl kəndlərinin müəyyən əraziləri turizm və rekreasiya zonaları üçün müəyyənləşdirilib. Bu ərazilərə dair ilkin təqdimat sənədi hazırlanıb və aidiyyəti dövlət qurumlarına ərazilərin inkişaf planlarında nəzərə alınması üçün təqdim olunub. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin region üzrə rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərinin yaradılması istiqamətində turizmin inkişafı ilə bağlı konseptual inkişaf planı hazırlanıb.

Bununla yanaşı, Şuşa şəhərinin, turizm potensialına malik Daşaltı və Tuğ kəndlərinin, Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyaları hazırlanıb. Həmçinin, bildiyiniz kimi, “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavənd” bir günlük turlarının ilkin layihəsi hazırlanıb. Bildiyiniz kimi, artıq bu layihə əsasında saytı vasitəsilə Şuşaya və Ağdama turlar təşkil olunur. 

- Bu yaxınlarda “Turizm haqqında” yeni qanun qəbul edildi. Bu qanun, sizcə, turizm sektorunun inkişafına hansı töhfələri verəcək?

- “Turizm haqqında” yeni qanunun əsas məqsədi turizm sahəsində vacib məqamların hüquqi-institusional bazasını təmin etməklə turizmin dayanıqlı inkişafına, rəqabət qabiliyyətinin gücləndirilməsinə, eləcə də beynəlxalq bazarlarda ölkəmizi üstünlük verilən turizm destinasiyaları sırasına salınmasına nail olmaqdır.

Qanunda bir sıra mütərəqqi yeniliklər var. Bunların sırasında “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşmanın məcburi olması, ölkədə fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortasının müəyyən edilməsi, turizm xidmətlərinin turistlərə satışının yazılı müqavilə əsasında həyata keçirilməsi, ölkənin turizm ehtiyatları və sənayesi barədə məlumatları özündə ehtiva edən vahid turizm informasiya bazasının - turizm sahəsində elektron xidmətlərin göstərilməsini təmin edəcək Turizm Reyestrinin yaradılması, turizm bələdçilərinin sertifikatlaşdırılması kimi indiyədək mövcud olmayan yeni hüquqi mexanizmlər öz əksini tapıb.

İnanırıq ki, yeni qanun turizm sənayesinin inkişafına öz töhfəsini mütləq verəcək, turist məmnunluğunu artıracaq, eləcə də turizm sənayesinin iştirakçıları yeni qanunla daha səmərəli fəaliyyət göstərə biləcəklər.

Xalidə GƏRAY
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR