İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın parlaq təklifi – O biri 8 nüvə dövləti tərksilaha razı olacaqmı?

1918 08.03.2025 12:15 Analitika A A

Hər gün yeni-yeni açıqlamaları, gözlənilməz qərarları ilə dünya mediasının gündəmində qalmağı bacaran ABŞ prezidenti Donald Trampın dünənki performansı daha diqqətçəkən idi.

Bu dəfə o, əvvəlcə Rusiya və Çinə, daha sonra İrana müraciət edərək nüvə tərksilahı məsələsini qaldırmışdı.
Trampın Rusiya və Çinə müraciətində belə ifadələr vardı: “Bilirəm ki, Rusiya və bizdə o silahlardan daha çox var, Çin də dörd-beş il ərzində eyni miqdara sahib olacaq”.

İranın əlində hələ nüvə silahı olmasa da, bütün dünya bilir ki, rəsmi Tehran illərdir bu istiqamətdə çalışır, xüsusi nüvə proqramı var, bəzən onu dayandırdığını bəyan etsə də, əl altından Buşəhrdəki yeraltı bunkerlərdə nüvə silahı əldə etmək üçün lazımi işlər görür.

Ona görə də Tramp İran lideri Xamneyiyə məktub yazaraq, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün danışıqlara üstünlük verdiyini, lakin başqa variantların da mövcud olduğunu bildirib.

“Başqa variant” hədə deməkdir, hələ nüvə silahı olmayan ölkəni “başqa variant”la təhdid etmək mümkündür. Ancaq Tramp bunu günaşırı ballistik raket sınağı keçirən Kim Çen Ina – Şimali Koreya liderinə desəydi, ondan “biz də başqa varianta hazırıq” cavabı alardı.

İranın xarici işlər naziri Abbas Əraqçi isə ölkə mətbuatına verdiyi açıqlamada deyib ki, ABŞ-ın maksimum təzyiq siyasəti və təhdidləri davam etdiyi müddətcə İran ABŞ ilə birbaşa danışıqlara girməyəcək.

Rusiyadan Trampın təşəbbüsünə RF prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib. Peskov bildirib ki, nüvə silahlarına nəzarət üzrə müzakirələr zamanı Fransa və Böyük Britaniyanın nüvə arsenallarına göz yummaq mümkün deyil.

Ümumilikdə dünyada nüvə silahına malik 9 dövlət var: Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, Şimali Koreya, İsrail.

Sonuncu ölkə nüvə silahına sahib olduğunu rəsmən etiraf etməyib, amma kəşfiyyat məlumatları təsdiq edir ki, İsrail “təvazökarlıq” edir, hələ 50 il öncədən bu silaha sahibdir və onu yerləşdiyi mürəkkəb regionda təhlükəsizliyinin ən etibarlı təminatçısı hesab edir.

Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya və ABŞ dünya nüvə silahlarının təxminən 90%-nə nəzarət edir və Çin son bir ildə öz arsenalını əhəmiyyətli dərəcədə genişləndirib. Rusiya və ABŞ-nin hərəsinin 5500 civarında (beş aşağı, üç yuxarı) nüvə başlıqlı raketi var.

Ancaq bu qədər böyük nüvə cəbbəxanasının sahibi olan Trampın tərksilaha dair təklifinin havada qalacağı bəri başdan aydındır. Digər 8 dövlət yüz milyardlarla xərc çəkib başa gətirdikləri nüvə sənayesindən, nüvə silahlarından imtina etməzlər, etməyəcəklər.

yadd-r.jpg (141 KB)

Məhz bu silahlar onları yerdə qalan 200 dövlətdən fərqləndirir, önə çıxarır, qüdrətli və toxunulmaz edir.
Rusiyanın nüvə arsenalı olmasaydı, o, Ukraynaya, Gürcüstana hərbi müdaxilə edə, Avropanı və bütün qonşularını təzyiq altında saxlaya bilərdimi? Əsla. Kremlin bu basqıçı tövründən bezən ölkələr ötən əsrlərdə olduğu kimi koalisiya qurub onun üzərinə gələr, tikə-parça edərdilər.

Dünyanın ən kasıb ölkələrindən biri olan Şimali Koreya dünyanın ən varlı ölkələrindən biri olan qan qardaşı Cənubi Koreyanın önündə yalnız ona görə duruş gətirir ki, nüvə silahı var. Nüvə silahının qorxusundan nə ABŞ, nə Yaponiya, nə də Cənubi Koreya bu ölkənin daxilini qarışdırmaq üçün hərəkətə keçmir.

Hindistan Pakistanın, Pakistan da Hindistanın qorxusundan nüvə silahından imtina etməz. Bu iki dövlət arasında düşmənçiliyin ömrü 70 ili aşsa da, məhz nüvə silahı faktoruna görə aktiv hərbi əməliyyatları bərpa etmirlər. Nüvə silahı onların gücünü, şansını bərabərləşdirib.

Ancaq bu, bir həqiqətdir ki, atom silahı bəşər tarixinin ən qorxunc və ən pis kəşfidir. Bu silahın əldə edilməsi üçün xərclənən trilyonları iqtisadiyyatın çiçəklənməsinə, təhsilin, səhiyyənin inkişafına yönəltsəydilər, dünyada nə ac-yalavac, evsiz insan qalardı, nə cahillik bu qədər tüğyan edərdi, nə də xəstəliklərdən kütləvi qırğınlar olardı.

Qəribədir ki, bunu müasir liderlərdən öz ekstravaqantlığı, qeyri-ordinar hərəkətləri ilə məşhur olan Tramp deyir, o biri nüvə dövlətlərinin liderləri isə onun sözünü qəribçiliyə salır, yola verirlər.

Hələ İranın Trampa cavabı lap unikaldır və onun göstəricisidir ki, İran nüvə silahı əldə etməyə doğru aram-aram, öz bildiyi və bacardığı templə gedəcək, onu bu yoldan döndərməyə heç kəsin gücü çatmayacaq.

1994-cü ildə 1900 nüvə silahını Rusiyaya təhvil verib “əliyalın” qalan Ukraynanın 30 ildən sonra başına gələnlər göstərir ki, heç bir dövlət hansısa kampaniyaya qoşulub “əliyalın” qalmaq istəməyəcək.

Bu, “mister Kolt” barədə məşhur zarafatı xatırladan situasiyadır. Məşhur tapança istehsalçısı olan Kolt haqqında həmin zarafat belədir: “Allah insanları zəif və güclü yaradıb, ancaq mister Kolt Allahın səhvini düzəldərək, onların şansını bərabərləşdirib”.

Gerçəkdən də bu gün 1.4 milyard əhalisi olan nüvə dövləti ilə 140 milyon əhalisi olan nüvə dövlətinin müharibə edəcəkləri təqdirdə salamat qalma şansları eynidir. Amma heç birinin nüvə silahı olmasa, kimin qalib gələcəyi mübahisə predmeti olmazdı.

10 milyon əhaliyə malik elə bir ölkə də var ki, nüvə silahı olduğuna görə özünü nüvə silahı olmayan 85 milyonluq ölkədən güclü sayır.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR