İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzası keçirən, avtobus vuran baş nazir- Pirsonun maraqlı həyat hekayəsi  

1706 06.04.2023 17:40 Yaxın tarix A A

 

Onun yaşı və təcrübəsi hərbi əməliyyatlarda iştirak etmək üçün az olsa da, Lister Pirson I Dünya müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq könüllü Kanada ordusuna yazılıb. Hərbi xidmətini İngiltərədə aviasiya korpusunda keçirən Pirsonun təyyarəsi məşq zamanı qəzaya uğrayıb, amma gələcəyin baş naziri bu qəzadan sağ-salamat çıxıb. Hadisədən bir neçə gün sonra axşam saatlarında Pirsonu Londonda avtobus vurub. Ətrafdakılar, hətta avtobusun sürücüsü də onun öldüyünü zənn ediblər. Ancaq bu dəfə də Pirson elə küçədə tibbi yardım aldıqdan sonra yoluna davam edib.

İki dəfə real ölüm təhlükəsindən qurtulan Pirson xəyallarında özünü ən şanslı adam sayıb. Amma o, sonralar  siyasi fəaliyyətində də Kanadanın tarixinə ən şanslı və ən uğurlu bir siyasətçi kimi düşüb.

Lister Pirson 1897-ci ildə Torontoda anadan olub. Orta təhsilini 16 yaşında başa vurub, sonra Toronto və Oksford universitetlərində ali təhsil alıb.

İlk əmək fəaliyyətinə Pirson Toronto Universitetində tarix müəllimi kimi başlayıb. Həmin dövrdə o, dissertasiya müdafiə edərək elmi dərəcə alıb. Sonrakı fəaliyyətini 1928-ci ildən diplomatik xidmətdə davam etdirib. Bir müddət Kanada Xarici İşlər Nazirliyində müxtəlif vəzifələr tutan Pirson 1945-ci ildə Kanadanın ABŞ-da səfiri təyin edilib.

1948-ci ildən 1956-cı ilə qədər Pirson Kanadanın BMT-dəki daimi nümayəndəliyinə rəhbərlik edib, eyni zamanda 1952-1953-cü illərdə Baş Assambleyanın sədri olub.

Süveyş böhranının sülh yolu ilə həll edilməsində göstərdiyi səylərinə, BMT-nin sülhməramlı qüvvələrinin yaradılmasındakı təşəbbüs və fəallığına görə 1957-ci ildə Pirson Nobel Sülh Mükafatına layiq görülüb.

Diplomatik fəaliyyəti ilə yanaşı Pirson 1948-ci ildə Liberal Partiyası tərəfindən Kanada parlamentinə deputat seçilib. 1958-ci ildən isə həmin partiyaya rəhbərlik edib.

1963-cü ildə Liberal Partiyası seçkilərdə qalib gəlib və Pirson Kanadanın baş naziri seçilib.

Pirson hökumət başçısı olanda Kanadanın bütün sahələrində böyük problemlər yaşanıb. Baş nazir qısa müddət ərzində bu mövcud problemləri mümkün qədər həll edib. Məhz onun baş nazir olduğu illərdə (1963-1968-ci illər) Kanadada tibbi sığorta, universitetlərdə təhsil alan tələbələrə kreditlər, təqaüdlər, zəmanətli əmək haqqı və bu kimi sosial problemlər öz həllini tapıb. O cümlədən ölkə iqtisadiyyatında inkişaf nəzərəçarpacaq dərəcədə yüksəlib. Xüsusilə, əhalinin aztəminatlı  hissəsi Pirsonun apardığı  uğurlu iqtisadi islahatlarından daha çox bəhrələniblər.

1965-ci ildə Pirsonun siyasi iradəsi nəticəsində Kanada ordusu ABŞ tərəfindən Vyetnam müharibəsində iştirakdan qəti şəkildə imtina edib.

Pirsonun həyatında ən maraqla məqamlardan biri də Nobel mükafatı ilə bağlı olub. O, mükafata layiq görüldüyünü hamıdan sonra bilib. Belə ki, ilk dəfə olaraq laureatın kim olduğunu “Toronto Star” qəzeti dərc edib və fürsətdən istifadə edərək ondan müsahibə də alıblar. Jurnalistlərlə müsahibədə o, pul mükafatının 40 min dollardan (həmin dövrdə Nobel laureatlarına məhz bu qədər pul mükafatı verilib) çox olduğunu eşidəndə təəccübünü gizlətməyib:

“Keçmiş universitet professoru və diplomat kimi bu pul mənim üçün olduqca böyük və ağlasığmaz bir məbləğdir və bu mənim həyatımda  gözlənilməz bir hadisədir...”

Pirson həm siyasi fəaliyyəti dövründə, həm də siyasətdən uzaqlaşdıqdan sonra bir neçə kitab yazıb. Onun müəllifi olduğu “Dünya siyasətində demokratiya”, Dünya ailəsində sülh”, “Memuarlar”  bir neçə dilə tərcümə olunaraq daha böyük oxucu auditoriyası qazanıb.

1967-ci ilin sonunda Pirson siyasətdən gedəcəyini bəyan edib. 1968-ci ildə Liberal Partiyanın qurultayında o, bundan sonra neytral mövqe tutacağını bildirərək bütün tutduğu vəzifələrdən istefa verib.

Siyasi kürsülərini təhvil verdikdən sonra Pirson fəaliyyətini Ottava Universitetində müəllim kimi davam etdirib. O, eyni zamanda 1968-ci ilin avqust ayında inkişaf etməkdə olan ölkələrə uzunmüddətli yardım planı ilə bağlı Dünya Bankında komissiyanın yaradılmasına da nail olub.

Kanadada ən böyük beynəlxalq hava limanlarından biri Toronto aeroportu sayılır. Bu gün də həmin aeroport Lister Pirsonun adını daşıyır.

Pirson həyatda olduqca nikbin, güclü yumor hissinə malik bir insan olub. O, on ilə yaxın bir müddətdə xərçəng xəstəliyindən əziyyət çəksə də, heç vaxt giley-güzar etməyib. Həkimlərin səyinə baxmayaraq Pirsonun ömrünü uzatmaq mümkün olmayıb.

Sabiq baş nazir, Nobel mükafatı laureatı Lister Pirson 27 dekabr 1972-ci ildə, 75 yaşında Ottavada vəfat edib. O, vəsiyyətinə uyğun olaraq Ueykfilddə, Makleran qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR