İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyinatını səhv salmış dəmir yumruq

4290 07.05.2023 12:52 Yazarlar A A

Məşhur və məzəli bir ifadə var, deyir, Allah insanları fiziki olaraq güclü və zəif yaradıb, ancaq mister Kolt Yaradanın bu səhvini düzəldərək, onların şansını bərabərləşdirib.

Bilməyənlər üçün qeyd edim ki, “mister Kolt” deyilən adam amerikalıdır, məşhur “Kolt” tapançasının ixtiraçısıdır (Semyuel Kolt – 1814-1862).

Əlbəttə, bu, dərəbəylik illərində beləydi, sonradan zəif və güclülərin şansını bərabərləşdirən çox institutlar ortaya çıxdı və qol gücü həlledici rol oynamadı.

Düzdür, indinin özündə də arxa küçələrdə, hərbi hissələrdə, türmələrdə qolu güclü olan “blatnoy” və başçı olur, amma ta siyasi, elmi-ədəbi, diplomatik və s. dairələrdə iyerarxiyanı qol gücü həll etmir. Biznesdə isə qoldan güclü olanlar puldan güclü olanların mühafizəçisi olur.

Həyatın müəyyən dönəmlərində qolu güclü olmaq zəruridir, yoxsa adamı, türkün sözü, çurban edərlər. Hərçənd istisnalar da var, bəzən bir gəncin qolu güclü olmur, amma dili pərgar, başı xarab olur, ona görə də heç kəs ona ilişmir, bilirlər ki, bir söz desələr, əlinə keçəni götürüb çırpar adamın təpəsinə, ya da yortar.

Biz tələbə olan vaxtı fiziki cəhətdən olduqca güclü qrup yoldaşımız vardı (indi var). Adam rəsmən pəhləvan idi. Yumruğu başımız boydaydı. Üzü o tərəfə dayanmış “Jiquli”nin arxasını qucağına götürüb bir neçə həmləylə üzü bəri qoya bilirdi. Bir dəfə Goranboyda pambıq toplanışında olarkən institutumuzun fotoqrafı Mamedin maşınını elə etdi, rəhmətlik fotoqraf gəlib gördü ki, üzü divara saxladığı maşın artıq dalı divara dayanıb, elə bildi, maşına açar salan olub.

Amma neynirsən, Silvestr Stallonenin həsəd aparacağı vücuda, 80 kilo çəkiyə, 1.80 boya malik olan tələbə yoldaşımız çox sakit, demək olar ki, əsəbsiz biriydi. Elə olurdu ki, sözümüz çəpləşirdi, 55 kilo çəkimizlə onu təkbətəkə çağırırdıq, yerindən qalxmırdı, deyirdi, “aa, yeriyin, gedin o yana”. Fəqət bir dəfə şəhərdə ona sataşan 4-5 nəfəri bir-birinə qatdığını görəndən sonra ta heç birimiz adamı duelə çağırmadıq. Çünki xuliqanların hərəsinə cəmi bir yumruq vurmuşdu və vurduğunun heç biri yerdən qalxmamışdı.

Yəni təbiət adama boy-buxun və böyük əzələ kütləsi də vermişdi, dəmir əsəb də, hövsələ də, təmkin də. Özü də deyirdi ki, idmançı cırtqoz oldusa, apar, qaytar, ondan adam olmaz.

Ümumiyyətlə, keçmiş vaxtlarda o cür idmançılar çox idi, hələm-hələm öz fiziki üstünlüklərini göstərməzdilər, yanlarında, toyda-filanda, müəyyən yarışlar zamanı dava düşəndə həmişə aralığa girərdilər və şillə-şapalaq, dürtmə-təpik yesələr də, dalaşanları ayırardılar. Sadəcə, dava sakitləşəndən sonra deyərdilər ki, işə baxın e, iki çəlimsiz dalaşdı, ara yerdə mən boyda idmançı döyüldü.

İdmana gedib yarımçıq buraxmış, amma bir-iki fənd bilən gədələr də vardı ki, onlar yeri gəldi-gəlmədi atdanıb-düşür, özlərini göstərirdilər. Amma tezliklə lağ-luğaz hədəfi olurdular. Atalar öz zamanlarında deyib axı, dad yarımçıq əlindən.

Son günlər adları şiddət insidentlərinə qarışan idmançılar isə heç də yarımçıq idmançılar deyillər, medallı, titulludurlar. Biri körpə uşağı tatami üzərinə çırpa-çırpa (ikinci video da dəhşətlidir) öldürüb, ikinci qardaş qazi polkovnik-leytenantın çənəsini sındırıb. İkinciyə baxırsan, pəhləvandır. El arasında belə adamlara “sıpa irtməyi qopardan” deyirlər. Amma belə görünür ki, o, əsəblərinə hakim ola bilmir, əlindən xəta çıxır.

20 il əvvəl nəsə bir mitinq-yürüş keçirilirdi, nümayişçilər kolonla “20 Yanvar” metrostansyasından “Qələbə” meydanına gedirdilər. Səkilərlə 3-4 yüz nəfər hər yaşdan olan idmançılar da irəliləyirdilər. Nisbəyən yaşı az olanlar (16-18 yaş) nəyə görəsə mitinq edənlərə tərs-tərs baxır, hərdən söz atırdılar. Jurnalist dostlardan biri dedi ki, Füzuli Musayevin uşaqlarıdır, komanda verilsə, cumub camaatı döyəcəklər. Deyim ki, inanmadım? Xeyr, uşaqların qırımına, zombiləşmiş sifətlərinə baxanda hiss olunurdu ki, bəli, bunlar doğrudan da əmr gözləyirlər. Yaxşı ki, əmr verən olmadı. Amma o mitinqdən sonra insanların idmançılara münasibəti xeyli dəyişdi, hətta biri hardasa çempion olub qayıdanda deyirdilər, çox çəkməz, çiyninə poqon taxarlar, o da gəlib bizi döyər.

Müharibə yoldaşının çənəsini qıran idmançıyla zərərçəkənin yerini dəyişsək, bəlkə də başqa cür alınardı. Bu dəfə o, təmkinli davranar, şikayətçi polkovnik-leytenantı yola verər, özünü onun fiziki zorakılığına məruz qoymazdı.

Belə anlaşılır ki, insidentin kökündə ehtiyac durur. Atalar düz deyib ki, ehtiyac qul eylər qəhrəmanı da.

Məncə, qazilər barışsınlar, amma zorakılıq edən qardaş da səhvini anlasın, cəzasını bir hissəsini çəksin, digər hissəsi də qurban olsun savaşda qoyduğu canına və travma almış əsəblərinə. O anlamalıdır ki, dəmir yumruq qazi yoldaşının çənəsini sındırmaq üçün deyil. Onun təyinatı başqadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR