İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərcümeyi-halı “olmayan” kəşfiyyatçı – İvatuşinin kabinetindən bütün dünya “görünüb”

2466 07.03.2023 16:53 Yaxın tarix A A

24 il ərzində hər gün səhər saat 10-11 radələrində onun imzası ilə təsdiqlənmiş kəşfiyyat göstəricilərilə bağlı məxfi arayış baş katiblərə təqdim edilib. Bu arayışlarda gün ərzindəki kəşfiyyat məlumatları əks edilib. Bu rejimlə Baş Kəşfiyyat İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, ordu generalı Pyotr İvatuşin 5 baş katiblə işləyib...

Beynəlxalq münasibətlərdə kiçik bir gərginlik yarananda ilk növbədə İvatuşini axtarıblar. Hətta Kreml məmurları arasında yarızarafat, yarıciddi tez-tez belə bir ifadə də işlədilib: “İvatuşinin kabinetindən bütün dünya görünür”.

Pyotr İvatuşin 1909-cu ildə Brest şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Qorodnya şəhərində texniki peşə məktəbində təhsil alıb və ilk əmək fəaliyyətinə həmin şəhərdəki dəmiryolu stansiyasında başlayıb. Əmək fəaliyyətinin birinci ilində fəal ictimaiyyətçi olduğuna görə onu Kommunist Partiyasına üzv qəbul ediblər.

1931-ci ildə hərbi xidmətə çağırılan İvatuşin çağırış məntəqəsində olarkən partiya xətti ilə Stalinqrad Hərbi Aviasiya Məktəbinə göndərilib. Bu göndəriş onun hərbi karyerasının başlanğıcı olub.

Hərbi məktəbi bitirdikdən sonra İvatuşini elə həmin məktəbdə təyyarəçi-instruktor vəzifəsində saxlayıblar. İki ildən sonra isə o, xidmətini Moskva Hərbi Dairəsinin aviasiya briqadasında davam etdirib. 1937-1939-cu illərdə Jukovski adına Hərbi Hava Akademiyasında təhsilini artırıb.

1939-cu ildə “NKVD” orqanlarında “təmizlik” işləri  aparılandan sonra bu qurumin sorğusu ilə  Moskva Hərbi Dairəsindən İvatuşinin xidmətini xüsusi xidmət orqanlarında davam etdirilməsi ilə bağlı təqdimat göndərilib. İvatuşin üçün bu təqdimat gözlənilməz olub. Bir neçə gündən sonra o, “NKVD”nin kadrlar idarəsinə dəvət edilib. Sorğu-sualdan, yoxlamalardan sonra o, “NKVD”nin Cənub xüsusi idarəsinə baş zabit, daha sonra isə Leninqrad Hərbi Dairəsinin xüsusi şöbəsinə rəis vəzifəsinə təyinat alıb.

3e65358e005f2228c50255441fe25c4b.jpg (93 KB)

Müharibə illərində İvatuşin Şimali Qafqazda, Krımda, Ukrayna cəbhəsində “NKVD”nin xüsusi şöbələrinə rəhbərlik edib və general-leytenent rütbəsinə qədər yüksəlib.

İvatuşin 1947-ci ildən Almaniyadakı sovet  qoşunlarının əks-kəşfiyyat idarəsinə rəhbərlik edib. 1951-ci ildə o, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin hərbi əks-kəşfiyyat idarəsinə rəis vəzifəsinə gətirilib. Bir ildən sonra isə Ukarayna dövlət təhlükəsizliyi naziri təyin edilib.  Xüsusi xidmət orqanlarında struktur dəyişikliyindən sonra İvatuşinə Ukrayna daxili işlər nazirinin müavini vəzifəsi həvalə edilib.

1954-cü ildə SSRİ-də Dövlət Təhlükəsizliyi Komitəsi yaradıldıqdan sonra İvatuşin xidmətini bu qurumun mərkəzi aparıtında davam etdirib. Əvvəlcə DTK sədrinin müavini, sonra birinci müavin vəzifələrində xidmət edən İvatuşin 1961-ci ildə bir neçə ay DTK sədri vəzifəsini də icra edib.

1963-cü ildə Kremldə Baş Kəşfiyyat İdarəsinə rəis təyinatı müzakirə olunanda namizədlərin arasında İvatuşinə daha böyük etimad göstərilib. 14 may 1963-cü ildə o, Baş Kəşfiyyat İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib.

d555dd57be9f4cdbb8cf18a1651f07d4.jpg (144 KB)

İvatuşinin bu təyinatından sonra kəşfiyyat orqanlarında bir çox yeniliklər aparılıb. İdarənin maddi-texniki bazası gücləndirilib, əməkdaşların sosial rifahı yaxşılaşdırılıb, strukturda çalışanlara əlavə güzəşt və imtiyazlar verilib. Məhz İvatuşin Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər təyin olunduqdan sonra qurum üçün yeni inzibati bina inşa edilib.

İvatuşinin rəhbərliyi ilə ilk dəfə olaraq kosmosa kəşfiyyat sputnikləri göndərilib və qurumda kosmik kəşfiyyat şöbəsi fəaliyyətə başlayıb.

İvatuşinin SSRİ ilə bağlı problemi olan ölkələrə çoxsaylı məxfi ezamiyyətləri olub. O, 1979-1985-ci illərdə 11 dəfə Əfqanıstana səfər edib.

Xarici kəşfiyyat İvatuşin haqqında hansısa bir informasiya əldə etməyə cəhd göstərsə də, onun haqqında heç bir məlumat əldə edə bilməyiblər. Təsadüfi deyil ki, İvatuşini “tərcümeyi-halı olmayan general” adlandırıblar.

kryuchkov_ivashutin.jpg (123 KB)

Baş Kəşfiyyat İdarəsinə rəhbərlik etdiyi 24 il ərzində İvatuşinin heç bir baş katiblə problemi yaranmayıb. Bu da onun peşəkarlığlndan, işinə məsuliyyətindən irəli gəlib.

Müasirləri İvatuşin haqqında həmişə yüksək fikirlər söyləyiblər. SSRİ-nin müdafiə naziri Andrey Qreçko (1967-1976) onu qeyri-adi və unikal bir insan kimi xarakterizə edib:

“İvatuşinin adının qarşısına çox sözlər yazmaq olar, təkcə bacarıqlı hərbçi, peşəkar kəşfiyyatçı, ordu generalı yox, həm də maraqlı insan, səmimi dost, qayğıkeş ailə başçısı, yüksək intellektə sahib ziyalı və s. kimi ifadələri də ona şamil etmək mümkündür. Hərbi strurkturda uzun illər xidmətim zamanı İvatuşin kimi dəqiq və məsuliyyətli zabitlə ilk dəfə qarşılaşırdım. Yüksək mədəniyyətə sahib olan bu general istənilən əhatədə, istər Kreml məmurlarının, istərsə də tabeliyində olan şəxsi heyətin arasında olduqca böyük nüfuza malik idi. O, mənim tabeliyimdə işləyirdi. Onun bütün yazılı və şifahi informasiya və məlumatlarını, arayışlarını, proqnozlarını Mərkəzi Komitəyə mən təqdim edirdim. Vəzifə ranqına görə belə tələb olunurdu. Buna baxmayaraq, bəzən Leonid Brejnev birbaşa onun özü ilə görüşməyi arzulayırdı. Bu görüşlər olduqca maraqlı keçirdi. Bir sözlə ifadə etsəm, İvatuşin hamı tərəfindən hörmətlə qarşılanırdı...”

02082020162916059271.jpg (214 KB)

Pyotr İvatuşin 2002-ci ildə 92 yaşında vəfat edib. O, hərbi şərəflə Moskvada, Trokurovsk qəbiristanlığında dəfn edilib. Ordu generalının məzar daşının üstünə bu sözlər yazılıb: “Həyatının 25 ili Baş Kəşfiyyat İdarəsinin rəisi kimi kəşfiyyata həsr edilib”.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR