İnsanlara hürriyət, millətlərə istiqlal!

Tektonik və tiptronik silah

8267 07.02.2023 14:40 Yazarlar A A

Hər dəfə bir dağıdıcı zəlzələdən sonra mütləq ortaya tektonik silah söhbəti çıxır. Guya ki, bu, təbii fəlakət deyil, böyük dövlətlərin icad və tətbiq etdiyi tektonik silahın işə salınmasının nəticəsidir.

Bu işdə iki ölkənin adı çəkilir. Deyirlər, dünyada yalnız Rusiyanın və ABŞ-ın belə silahı var. Rusiyaya da SSRİ-dən miras qalıb. Bu məsələdə İkram Kərimov ad-soyadlı bir ellimizin də adı çəkilir, deyirlər, tektonik silahı o qayırıb.

Bəlkə də elə ona görə 1988-ci ilin dekabrında Ermənistanın Hamamlı, rəsmən Spitak adlanan şəhərində baş verən zəlzələdən sonra ermənilər haray-həşir salmışdılar ki, bu, təbii zəlzələ deyil, tektonik silahla törədilib və guya bunu Kərimov qəsdən eləyib.

Ondan sonra dəb oldu. Harada yer bir az silkələnirsə, dərhal gümanlar haçalanır, bir hissəsi tektonik silahın üstünə gedir. İnsanların yarısı isə bunu “Allahın işi” hesab edirlər. İş o yerə çatır ki, 40 ilin ateisti olaraq Allah-təalanın müdafiəsinə qalxmalı oluram ki, inandığınız haqqı, bu, onun işi deyil, sadəcə, yerin üst qatının titrəməsidir və tektonik proseslərlə müşayiət olunan təbii hadisədir.

Prinsipcə, müqəddəs kitablarda və dini məxəzlərdə təsvir olunan, rəhman və rəhim olan, ədalətli, dürüst, mərhəmətli, hər şeyi bilən Tanrı günahsız insanlara, xüsusilə də yenicə doğulmuş məsum körpələrə öz qəzəbini göstərməz, onları, türkün sözü, enkaz altında qoymaz.

Ona qalsa, müasir dünyanın ən dürüst, halal, islah adamları Yaponiyada yaşayır, amma dünyada Yaponiyadan çox zəlzələyə məruz qalan ölkə toxdur. Bu, sübut edir ki, zəlzələ Allahın işi olsa, o, bunu əxlaqsızlığın, vəhşiliyin, zülmün ərşə dirəndiyi yerlərdə edər, Yaponiyaya rəva görməz.

Elə zəlzələnin tektonik silahla törədilməsi versiyası da Yaponiyaya gələndə puç olur. Belə bir silah olsaydı, kim olmasa da, dəmir-dümürdən, rezindən, şnurdan yeriyib-yüyürən məxluqatlar düzəldən yaponlar onun bir çarəsini tapardılar. Bəlkə də tektonik silahın tiptronik variantını düzəldərdilər ki, həm avtomatik işləsin, həm də mexaniki.

Nə edəsən ki, Yer üzündə yüz milyonlarla insan tektonik silahın mövcudluğuna inanır. Amma heç kəs onun haqqında heç bir bilgiyə malik deyil.

Doğrudan da bu silah necə şeydir? Nə formadadır, nəyə oxşayır? Atom bombası kimidirmi? Neytron bombasına oxşayırmı? Bəlkə o andır hidrogen bombasını andırır? Necə işə düşür? Necə partlayır? Onu harada, necə yerləşdirirlər? Bilən yoxdur. Dünyadakı bütün silahlara dair istənilən qədər materail var, bir dənə bu silaha dair nə bir məlumat var, nə də bir şəkil.

Tutaq ki, dünən Türkiyədə baş verən dəhşətli zəlzələ tektonik silahla törədilib. Bunu necə ediblər? Mütəxəssislər deyir ki, zəlzələnin dağıdıcı gücü 130 atom bombasının törədə biləcəyi dağıntı qədərdir. Demək, bu boyda dağıntını törətmək üçün 5-6 futbol meydançası boyda, 6-7 kilometr dərinliyində çuxur qazılmalıdır, oraya 100-dən artıq atom bombası yerləşdirilməliidir, sonra “Ogey ana” filmindəki yolçəkənlər dağı dinamitlə partlatdıqları kimi kimlərsə atom bombasının fitilini odlamalıdır. Hər şey o tərəfə, 7 kilometr dərinliyi olan çuxuru kim necə, hansı texnika ilə qaza, o sayda bombanı kim necə daşıya, yerləşdirə bilər? Zırıltı işdir.

SSRİ-nin vaxtında Semipalatinsk poliqonunda yeraltı nüvə partlayışları həyata keçirilirdi, seysmik stansiyalar yaxın ətrafda 3-4 ballıq zəlzələlər qeydə alırdılar. Amma o regionda dəhşətli zəlzələlər olmurdu. Çünki Semipalatinsk seysmik zona deyil.

"Tektonik silah" terminini isə 1992-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü Nikolayev istifadə edib. Alim bildirib ki, tektonik enerjidən istifadə etmək olar, amma Lids universitetinin geofizika professoru Rocer Klark 1996-cı ildə “Nature” jurnalında dərc etdirdiyi məqaələdə göstərib ki, tektonik silahın, yəni zəlzələ törədəcək cihazların yaradılması çox çətindir. Elektromaqnit dalğalarının gücü vibrasiyaya qoyumuş telefonu silkələyə bilər, amma bizim Göyəzən boydağı silkələmək üçün, görün, nə boyda dalğa seli olmalıdır.

Yaxşı, tutaq ki, ABŞ-ın belə bir silahı var və İrandakı, Suriyadakı və Türkiyədəki zəlzələləri bu silahla törədib. Elədirsə, yeri niyə düz seçməyib ABŞ? Əlbəttə, Pentaqondan olsa, Tehranı, Dəməşqi, Ankaranı qoyub Xoyu, Hələbi, Malatyanı dağıtmazdı axı. Çünki bilən bilir ki, ABŞ o regionlarda yaşayan əhalini dəstəkləyir. Yaxud vaxtilə “Taliban” Pakistan sərhədindəki Tora-Bora mağaralarına sığınaraq ABŞ-ın hərbi kontingentinin başına oyun açanda ABŞ həmin tektonik silahla mağaraları dağıdıb məsələni həll edərdi.

Belə iddiaların adına sui-qəsd nəzəriyyələri deyirlər. “Biləndar” adamlar eyzən danışır, dünyanı masonların idarə etdiyinə əmin olan adamlar da inanır və düşünürlər ki, hər şey Amerikanın oyunudur.

Yaxşı ki, hər il Atlantik okeanında yaranan dağıdıcı tornadolar ABŞ-ın öz şəhərlərini dağıdır, yoxsa deyəcəkdilər ki, o, ABŞ-ın qayırdığı iqlim silahıdır.

Onu da unutmayaq ki, dünya binnət olandan bəri elə bir əsr, il, ay, həftə, gün, saat, hətta dəqiqə yoxdur ki, zəlzələlər olmasın. Bax, mən bu yazını yazana qədər azı 45 zəlzələ oldu, amma hiss etmədik. Siz oxuyub quratarana qədər də 5-6-sı olacaq, bilməyəcəksiz.

Sonda durub yazardım ki, Allah qorusun. Amma bir daha deyirəm ki, gözəgörünməzin bu işdən xəbəri yoxdur. Eyzən titrəmək planetimizin fitrətindədir. Bəzən bərk titrəyir, çox vaxt isə yavaş-yavaş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR