İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın “qırmızı xətləri” və “qırmızı” yalanları – “Bayraktar”la İran PUA-sının əsas fərqi

3817 18.10.2022 20:51 Yazarlar A A

“Su axar, çuxurunu tapar” - atalar məsəlimizdə deyilir. İndi bizim qonşu İran da. Öz dronları ilə Rusiya tərəfdə Ukraynaya qarşı hərbi təcavüzdə iştiraka qərar verəndə zərrəcə təəccüblənmədik. Nədən ki, İran adlı dövlət özünü abırsızcasına “islam respublikası” adlandırsa da, heç vaxt xarici siyasətdə islami dəyərlərə uyğun davranış sərgiləməyib. Həmişə ümmət yox, dövlət maraqlarından çıxış edib.

Bunu indi az qala uşaq da bilir. Azərbaycan xalqı isə lap əla bilir. Çünki öz taleyində zaman-zaman, əyani yaşayıb, yaşayır.

İşə bax, sən get müsəlmanların şəhər və kəndlərini xarabazara çevirənlərlə, Xocalı soyqırımı törədənlərlə, məscidləri viran qoyanlarla, az-maz salamat qalanları isə tövlə kimi istifadə edib orada donuz saxlayanlarla dostluq elə, simsar ol, onlara silah-sursat, yanacaq ver, sonra da abdəst alıb namaz qıl. Nə çıxar zənin namazından? Kimi aldadırsan?
Peyğəmbər əfəndimizin (s) mübarək kəlamlarından birində deyilir ki, “Bir çoxlarının namazından əyilib-durmaq, orucundan quru aclıq qalar”. Bax, həmin “müsəlmanlardan”, həmin “möminlərdən” danışırıq.

İslam əxlaq dinidir. Dinimiz qul haqqına girməyi rədd edir, zina ilə yanaşı, yalanı, riyanı da sevmir, rədd edir. “Yalan danışanın ruzisi azalar” – buyurub Allahın sonuncu rəsulu. Amma İran hökuməti hamını axmaq yerinə qoymağa davam edərək, Rusiyaya minlərlə dron (PUA) satdığını burdan-bura danır!

O dronlar ki, ruslar hər gün onların vasitəsilə Ukraynanın dinc şəhərlərini, mülki infrastrukturunu dağıdır. Artıq rəsmən bəyan edilib ki, Ukrayna səmasında vurulan PUA-ların 86%-i (!) İran istehsalıdır. Amma Tehran yenə üzə dirənir, danır. Üstəlik, cənub qonşumuz Rusiyaya uzaq mənzilli raketlər satmağa hazırlaşır. Amma bunu da boynuna almır.

Yaxud sərhədimizdə, Araz boyu geniş miqyaslı hərbi təlimlər keçirir, Azərbaycana hücum ssenarisini, Araz çayı üzərindən fantom-körpü ssenarisini məşq edir, amma Bakıdakı səfir bildirir ki, təlimlər Azərbaycana qarşı deyil. Kimə qarşıdır onda? Təlimlərin keçdiyi Araz çayının bu tayında Azərbaycandan savayı başqa dövlət də var?! Nəhayət, 30 il həmin sərhədə işğalçı ermənilər nəzarət edəndə niyə belə təlimlərin bircəciyini görmədik?

İslam əxlaqı bumu? Əlbəttə ki, yox və min dəfə yox! O zaman kimə kələk gəlirsiz? Alnını gündə 3 dəfə möhürə basmaqla deyil ki. Təcavüzdən, işğaldan əziyyət çəkmiş Azərbaycan xalqını, əziyyət çəkən ukraynalıları nə hesab edirsiz?..

Bu gün məlum olub ki, Ukrayna İranla diplomatik əlaqələri kəsməyə və onu terrorçu dövlət kimi tanımağa hazırlaşır. Məntiqli və gözlənilədir. Yalanın, riyanın ömrü 40 gündən çox çəkməz.

Nə oldu bəs, deyirdiniz ölkələrin ərazi bütövlüyü bizim üçün “qırmızı xətdir”. O zaman Ukraynaya təcavüz edən Rusiyaya niyə hərbi kömək göstərirsiz? Bu da sizə növbəti, “qırmızı” yalan.

Doğru, Ukrayna səmasında Türkiyə PUA-ları, “Bayraktarlar” da var. Çoxdur. Ancaq onlar xilaskar PUA-lardı, işğala qarşı mübarizə aparan Ukrayna ordusunun sərəncamındadır, məzlum Ukrayna xalqının özünümüdafiəsi üçündür.

Yeri gəlmişkən, Rusiya qardaş ölkədən də PUA-lar, zərbə dronları, dünyada ad qoymuş “Bayraktar”lar istəmişdi. Ancaq Türkiyə imtina elədi. Bəşəri, islami dəyərləri maddiyyətdən, pul-paradan, kommersiya maraqlarından üstün tutdu. Çünki “Bayraktarlar” İran PUA-larından fərqli olaraq, dinc əhalinin qətliamı, elektrik stansiyalarının məhvi üçün deyil! Zülmə, zalıma dəstək üçün nəzərdə tutulmayıb!

İndi kimdir əsl müsəlman, əsl Allah adamı və bəndəsi, əsl islam dövləti?..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR