İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişinə beynəlxalq təminat tələbi - niyə Türkiyənin adı yoxdur?

3735 28.12.2022 18:38 Siyasət A A

Əhəd Məmmədli: “Türkiyəni prosesdən uzaqda saxlamaq ermənilərin çəkisi üçün deyil”

Elxan Şahinoğlu: “Qardaş dövlətin iştirakı olmadan bölgədə artıq hansısa bir məsələ həll edilə bilməz”

Ermənistan zaman-zaman sülh sazişinin imzalanması ilə bağlı gətirdiyi bəhanələr sırasında beynəlxalq təminat məsələsini də ortaya atır. Əvvəl baş nazir Nikol Paşinyan bəyan etdi ki, sülh sazişinə beynəlxalq təminat olmasa, imzalanmasından 12 saat sonra müharibə başlaya bilər. Nikol Paşinyan deyib ki, konkret təminatlar olmalıdır, çünki təkcə kağıza imza atmaq kifayət deyil.

Milli Assambleyanın spikeri Alen Simonyan da hökumətin sülh sazişi ilə bağlı təkliflərini vasitəçilik edən bütün tərəflərə təqdim etdiyini söyləyib. Erməni mənbələrinə görə, söhbət ABŞ, Fransa və Rusiyanın sülh sazişinə təminat verən ölkələr olmasından gedir. “Yeni Müsavat’’ bildirir ki, bunu rəsmi İrəvan istəyir. Göründüyü kimi, ermənilər regionda əsas oyunçularından biri olan Türkiyənin adını çəkmirlər.

Qeyd edək ki, Rusiya-Ukrayna ilə mümkün razılaşma olacağı halda qarantiya dövlətlər qrupu sırasında ABŞ, Böyük Britaniya, Kanada, Polşa, İtaliya, Almaniya, Fransa ilə yanaşı Türkiyənin də adı var. Ermənilərin təminat üçün imzasını istədikləri Fransa sırf ermənipərəst ölkədir. Balanslaşdırma üçün mütləq Türkiyə də bu formatda olmalıdır. Üstəlik, o səbəb də var ki, Türkiyə imzalanacaq sazişlə Naxçıvan və Ermənistan üzərindən qurulacaq dəhliz vasitəsilə Azərbaycanla birbaşa quru nəqliyyat əlaqəsi əldə etməlidir. Ağdamda isə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Türkiyənin regionda əsas tərəflərdən birinə çevrildiyini artıq Rusiya da qəbul edir. Son olaraq Türkiyə XİN rəhbəri Ermənistana çağırış edib, sülh sazişi imzalamağın vaxtı çatıb deyib.

“Artıq gərginlik və təxribatlara ehtiyac yoxdur. Türkiyə olaraq da biz xüsusi nümayəndəmizi təyin etdik. Azərbaycanla koordinasiyalı şəkildə hava sahəmizi açmaq, karqo uçuşlarına icazə verməklə jest etdik. Başqalarından mədət ummağa ehtiyac yoxdur. Burada biz öz sülh və sabitliyimiz üçün effektiv addımlar atmalıyıq” -deyə, o bildirib.

Ermənistan Qarabağdan min kilometrlərlə uzaqda yerləşən Parisin qarantiyasını istədiyi halda, regionda yerləşən Türkiyənin kənarda saxlamaq cəhdlərinin səbəbi aydındır. Bu elə ABŞ və Fransanın da ürəyincədir. Amma gerçəklik Ermənistanın istədiyi kimi deyil. Fransa “bacısı” sənədə imza atarsa, o halda qardaş Türkiyəni bu prosesdən kənarda saxlamaq mümkün olmayacaq...

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli qardaş Türkiyəni heç bir dünya gücünün durdura bilməyəcəyini söylədi.

ehed.jpg (74 KB)

Onun sözlərinə görə, Ermənistan Türkiyədən qorxur və ona görə də bu prosesdə maksimum Ankaranı uzaqda saxlamaq istəyir: “Düzdür, Türkiyəni prosesdən uzaqda saxlamaq ermənilərin çəkisi üçün deyil, amma onlar öz sahiblərinin tapşırığını yerinə yetirirlər. Ermənistanın da əxlaqsız qadınlar kimi sahibi bir, iki deyil, daha çoxdur. Və bu marionet ölkənin bütün sahibləri də Türkiyəni danışıqlar masasından maksimum uzaq tutmaq istəyirlər. Türkiyə və Azərbaycan məsələsində köhnə rəqiblər, düşmənlər birləşir. Qərblə Rusiya Ukraynaya görə bir-birləri ilə savaşdadırlar, amma mövzu Azərbaycan ya Türkiyə olanda birləşirlər. Amerika ilə İran guya düşməndirlər, amma hər ikisi də Ermənistanın müttəfiqidir. Paradoksdur, amma faktdır. Ermənistan və onun məşuqları nə qədər istəsələr də, Türkiyəni kənarda saxlaya bilməyəcəklər. Çünki Türkiyə artıq ən azı regional superderjavadır. Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya, Şərqi Avropa, bir sözlə hər yerdə Türkiyə var. Və bu Türkiyəni durdurmaq mümkün olmayacaq. Ermənistan xarici havadarlarının hesabına silahlanır. Bu silahlanmanın arxasında Hindistan, Fransa, ABŞ, Rusiya, İran və Yunanıstan durur. Silahlanmanın məqsədi Azərbaycandan revanş almaq, Türkiyəni də bölgədən çıxarmaqdır. Təbii ki, bütün bunlara imkan vermək olmaz, zatən verilməyəcək də. Və bir də ermənilərə havadarlıq edən böyük dövlətlər də artıq Türkiyə reallığını qəbul etməyə məcburdurlar. Unutmaq olmaz ki, hal-hazırda Türkiyə regionumuzda təsiri olan iki dövlətdən biridir. 30 ildir Cənubi Qafqazı öz arxa bağçası sayan Rusiya belə regionumuzda Türkiyə reallığı ilə razılaşmalı olub. Ona görə də, bir neçə sahibinin qulu olan Ermənistan da Türkiyə reallığı ilə razılaşmağa məcbur olacaq, ya da buna Bakı və Ankara tərəfindən məcbur ediləcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qardaş Türkiyənin mütləq şəkildə təminatçılar arasında yer alacağını bildirdi:

elxansahinoglu.jpg (43 KB)

“II Qarabağ savaşında Türkiyənin böyük rolu oldu. Qardaş ölkə Azərbaycana hərtərəfli dəstək verdi. Bölgənin əsas ölkələrindən biri olduğu da təsdiq edildi. Rusiya prezidenti belə etiraf etdi ki, Türkiyə bölgədə yerləşib. Qardaş dövlətin iştirakı olmadan bölgədə artıq hansısa bir məsələ həll edilə bilməz. Üstəgəl, Putinin də dəstəklədiyi “3+3” təklifi də Ərdoğan tərəfindən irəli sürülmüşdü. 3 Qafqaz ölkəsi, 3 qonşu dövlət-İran, Rusiya və Türkiyə bir qurum yaradırlar. Bu da əməkdaşlıq formatında olur. Gələcəkdə Azərbaycan-Ermənistan arasında sülh sazişi əldə olunarsa, qarant ölkələrdən biri də mütləq şəkildə Türkiyə olmalıdır. Bu sözsüz ki, belədir. Əlbəttə, Ermənistan bunun əleyhinə çıxacaq və Fransa kimi ölkələri irəli çəkməyə çalışacaq. Ola bilməz ki, sən birini istəyəsən, başqa birinin əleyhinə çıxasan. Azərbaycan da Türkiyəni istəyəcək, Fransanın birtərəfli şəkildə olmasını istəməyəcək. Çünki bu ölkə birmənalı şəkildə ermənipərəst mövqedən çıxış edir, erməni yalanlarına inanır, Azərbaycan əleyhinə siyasət yürüdür. Gələcəkdə hər hansı bir saziş imzalanacaqsa, qarant ölkələrdən söhbət gedəcəksə, iki ölkə olacaqsa, bunlardan biri mütləq şəkildə Türkiyə olmalıdır. Qardaş ölkə düşünürəm ki, mütləq şəkildə olacaq. Türkiyə bölgənin əsas açar dövlətlərindən birinə çevrilib. Ukrayna münaqişəsinin həlli istiqamətində gedən proseslərdə də qardaş ölkənin rolu böyükdür. Vasitəçi kimi çıxış edirdi. Düzdür, müharibə davam edir. Amma Ukrayna və Rusiya rəsmiləri arasında sonuncu görüş İstanbulda keçirildi. Ermənistan Rusiyadan tamamilə asılı bir dövlətdir. Rusiyanın özü də Türkiyə ilə əməkdaşlığı seçib. Onun üçün də, Türkiyənin bölgədə rolu artdığı, Rusiya ilə əməkdaşlığı, Azərbaycanla strateji müttəfiqliyi üçün təminatçılar arasında mütləq şəkildə Ankara da olacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR