İnsanlara hürriyət, millətlərə istiqlal!

“SPİD” Azərbaycanda niyə yayılır?

1309 26.01.2024 08:38 Yaşam A A

Ekspertlər bunu müxtəlif səbəblərlə izah edir, əxlaqsızlıq, narkomaniya, xəstəliyin vaxtında aşkar olunmaması...  

1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda 9 258 İİV xəstəsi rəsmi qeydiyyata alınıb. Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib. O bildirib ki, həmin şəxslərdən 69,5 %-i kişilər, yerdə qalanı isə qadınlardır: “Digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV-lə xəstələnmə göstəricisi ən aşağı səviyyədədir. Bundan başqa, mərkəzdə qeydiyyatda olan hamilələrin hamısının dünyaya gətirdiyi körpələr sağlam olub, yəni qadınların heç birində xəstə körpə doğumu qeydə alınmayıb”. 

Günəş Cəfərova deyib ki, İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır. G.Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş anadan uşağa bətndaxili inkişaf dövründə və ya ana südü ilə xəstəliyin keçməsi mümkündür: 

“Vurğulamaq istərdim ki, İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür. Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mərkəzin mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər”.

Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur: “Çünki təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da anadan uşağa ötürülmənin profilaktikası aparılır”. 

Qeyd etmək yerinə düşər ki, dünyada hər il 5 mindən çox insanın bu infeksiyadan öldüyü bildirilir. 1983-cü ildə qabaqcıl QİÇS fəalları Denver Prinsipləri manifestini qəbul ediblər. Bu manifest İİV-lə yaşayan insanların qurban olması fikrini rədd edib və onların QİÇS-ə qarşı cavab tədbirlərinin bütün aspektlərində mərkəzi rol oynamalı olduqlarını açıqlayıb. Bu, İİV-lə yaşayan insanların mənalı iştirakını təşviq edən virusa yoluxmuş insanların daha çox cəlb edilməsi (GIPA) prinsipinə doğru atılmış tarixi ilk addım idi. İcmaların rəhbərlik etdiyi bu prinsip irəliyə doğru əhəmiyyətli addımlar atmağa kömək edib. Bu, dünyada antiretrovirus müalicəsi alan insanların sayının təxminən 4 dəfə artaraq, 2010-cu ildəki 7,7 milyondan 2022-ci ildə 29,8 milyona yüksəlməsində öz əksini tapır. Bununla belə, 2022-ci ildə hər dəqiqə bir QİÇS xəstəsi həyatını itirib və virusa yoluxmuş 9,2 nəfərin müalicə imkanı olmayıb.

UNESCO-nun müraciətində deyilir ki, QİÇS-in ictimai sağlamlıq təhlükəsi kimi aradan qaldırılması istiqamətində xeyli irəliləyiş əldə olunsa da, İİV epidemiyası hələ bitməyib və gənclər qeyri-mütənasib şəkildə risk altında qalırlar. Təkcə 2022-ci ildə 10-24 yaş arası 480 min gənc İİV-ə yoluxub, onlardan 140 mini 10-19 yaş arası yeniyetmələrdir. 2022-ci ildə hər həftə təxminən 4 min qız və gənc qadın bu virusa yoluxub. 

Bəzi ekspertlər bildirir ki, ailələr uşaqlara tam nəzarət edə bilmirlər. Ölkədə əxlaqsız yuvalarının olmadığı bildirilir, amma masaj salonu, kafe, bar adı altında qeyri-leqal fəaliyyət göstərən belə məkanlar var. Oradakı qadınlar tibbi müayinədən keçmirlər, yeniyetmələr arasında cinsi maarifləndirmə işi yox səviyyəsindədir. Poliklinikalarda, bərbərxanalarda, stomatoloji klinikalarda  normalara əməl olunmur.

Emil Maqalov -Uşaqlarda oyun və ya qumar asılılığı. » TehsilForumu.Az -  Təhsilin İnkişafına İctimai Dəstək

Emil Maqalov

Bəzi ekspertlər isə hesab edir ki, şprislərdən düzgün istifadə etməmək bu xəstəliyin artmasına səbəb olur. Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalovun fikrincə, QİÇS-ə yoluxma hallarının artmasının əsas səbəblərindən biri narkomaniyadır: “Narkotik istifadəçiləri mərhələ olur ki, 1 qramlıq insulin şprislərinə keçirlər, o şprisləri tapa bilmirlər, başlayırlar digərlərinin şprisindən istifadə edib bir-birlərinə yaymağa. Bir nəfər QİÇS , iki nəfər  hepatit şübhəsi olan şəxs bu yaxınlarda etiraf etdilər ki, bilərəkdən öz şprisini başqasına verirlər. Niyə bunu edirlər?  Çünki apteklərdə bildirirlər ki, narkomansan, şpris verilmir, bununla da narkomaniyanın guya qarşısını alırlar. Amma əslində yanlışdır. Şprisləri verməməklə xəstəliyi yayırlar. Düzdür, bizim QİÇS mərkəzimiz təmənnasız işləyir, mübarizə aparırlar. Amma xəstəliyin qarşısını ala bilməzlər. Narkomaniyanın qarşısını ala bilmirik, heç olmasa elə etməliyik ki, bu xəstəliklər yayılmasın. Steril olunmuş şprislər onlara verilməlidir”.

Vasif Əliyev: Biz bir düşmənə qarşı savaşarkən digərini yaddan  çıxarmamalıyıq - AZƏRTAC

Vasif Əliyev 

İnfeksionist Vasif Əliyev isə bu xəstəliklə mübarizə aparmaq üçün vaxtında aşkar olunmasının vacibliyini vurğulayıb: “İnsanlar bu problemlə bağlı nə qədər çox eşidərlərsə, məlumatlı olarlarsa, bundan qorunmaq, vaxtında aşkar olunması üçün xəstəxanalara daha tez müraciət edib, rutin olaraq bu testlərdən keçəcəklər. HİV virusu ilk bədənə daxil olduqda daha çox qripəbənzər əlamətlər olur. Boğaz ağrısı, halsızlıq, hərarət, əzələ ağrıları, boyunda limfa düyünlərinin olması, ishal kimi əlamətlər olur ki, əksəriyyət bunu hansısa respirator infeksiyalarla səhv sala bilir. Amma müəyyən müddət keçdikdən sonra  xəstədə bu simptomlar qalmır və o, özünü yaxşı hiss etməyə başlayır. Müəyyən bir müddət keçəndən sonra HİV mərhələsi başlayan zaman bədənin müqaviməti azalmağa başlayır, ikinci infeksiyalar ortaya çıxır. Xəstə bu zaman həkimə müraciət edir, məlum olur  ki, artıq gecdir. Bu mərhələyə gəldikdən sonra müalicə də çətinləşir. Bir neçə infeksiya da yarana bilir. Hətta HİV-lə birgə onkoloji problemlər də ola bilir. Davamlı olaraq QİÇS-lə bağlı maarifləndirmə olmalıdır, vaxtında xəstəlik aşkarlanarsa, həm xəstəliyin ağırlaşmasının, həm də başqalarına keçməsinin qarşısını almaq olar. Əgər xəstə vaxtında müraciət edərsə, müalicə aparıldığı müddətdə ətrafa təhlükəli olmaz. Xəstəliyin zamanında aşkar olunması üçün testlərdən keçməlidirlər”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR