İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet dövrünün “ədalətli” yoldaşlıq məhkəməsi – səhiyyə naziri Kremlin göstərişi ilə bu məhkəmənin güdazına gedib  

1409 09.04.2023 15:40 Yaxın tarix A A

 

1938-ci ildə SSRİ xalq səhiyyə komissarı (naziri) Mixail Boldırev antisovet fəaliyyətdə ittiham olunaraq həbs edildikdən və gülləndikdən sonra Kremldə bu vəzifəyə 14 namizəd irəli sürülüb. Ölkədə repressiyanın tüğyan etdiyi bir vaxtda Mərkəzi Komitə nazir vəzifəsinə təyinat məsələsində tələskənliyə yol verməyib. Müvəqqəti olaraq SSRİ səhiyyəsinə rəhbərlik komissarın birinci müavini Nikolay Qraşenikova həvalə edilib. 1939-cü ilin sentyabr ayında Siyasi Büronun iclasında elm, təhsil və səhiyyə məsələləri müzakirə ediləndə səhiyyə naziri vəzifəsinə təyinat yenidən gündəmə gəlib. Vyaçeslav Molotov iclasda təşəbbüslə çıxış edib:

  • Ölkənin ən vacib sahələrindən biri olan səhiyyə sistemində kifayət qədər problemlər yaranıb. Bu problemləri həll etmək üçün quruma səriştəli və bacarıqlı rəhbər təyin etmək vacibdir. Georgi Mitreyevin namizədliyini irəli sürərək təklif edirəm ki, büro üzvləri bu məsələni müzakirəyə çıxarsınlar. Mən Mitreyevi hələ Kuybışevdə işlədiyi vaxtlardan tanıyıram. O, savadlı bir mütəxəssis olmaqla yanaşı, həm də bacarıqlı səhiyyə təşkilatçısıdır.

Büroda Molotovun təklifi müzakirə edilib və Mitreyevin komissar (nazir) vəzifəsinə təyinatına yekdilliklə səs verilib.

1900-cü ildə Samarada (1935-1991-ci illərdə Kuybışev şəhəri) anadan olan Georgi Mitreyev orta təhsilini başa vurduqdan sonra Samara Pedaqoji Seminariyasında oxuyub. İlk əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra Samarada uşaq evinin direktoru vəzifəsində işləyib. İki il bu vəzifədə işlədikdən sonra o, pedaqoji fəaliyyətindən ayrılaraq Samara Universitetinin tibb fakültəsinə qəbul olunub.

Mitreyev həkimlik fəaliyyətinə Kuybışev xəstəxanasında başlayıb. O, əvvəlcə sıravi həkim, sonra Kuybışev Mərkəzi Xəstəxanasının baş həkimi vəzifələrində işləyib. 1936-cı ildə Moskvadan bir qrup yüksək vəzifəli şəxs, o cümlədən Vyaçeslav Molotov partiya məsələləri ilə bağlı Kuybışevdə ezamiyyətdə olanda vilayətdə səhiyyənin vəziyyəti ilə də tanış olublar. Məhz bu ezamiyyət zamanı Molotov Mitreyevin fəaliyyəti ilə yaxından tanış olub.

1939-cu ildə Mitreyev Moskvaya dəvət olunub. Ona Rusiyanın səhiyyə komissarı vəzifəsi təklif edilib. Kremldəki görüşləri zamanı Mitreyevə onu da bildiriblər ki, bu vəzifə ona müvəqqəti həvalə edilir. İki aydan sonra isə Mitreyev SSRİ səhiyyə komissarı vəzifəsinə təyinat alıb.

Sovet-alman müharibəsi dövründə Mitreyev müharibə şəraiti olan ölkədə səhiyyə işinin təşkilində ən yüksək göstəricilərə nail olub. O, nazirdən daha çox, cəbhə həkimi kimi tanınıb. Kreml məmurları arasında tez-tez belə bir ifadə də işlədilib: “Mitreyevin qəbuluna düşmək üçün cəbhəyə getmək lazımdır...”

Müharibənin ilk aylarında Moskva işğal təhlükəsi altına düşəndə və Dövlət Müdafiə Komitəsi paytaxtın təxliyyəsi ilə bağlı qərar qəbul edəndə Leninin mavzoleydəki balzamlaşdırılmış nəşinin təxliyyə olunması bu qəraraın əsas bəndlərindən biri olub. Həmin qərara uyğun olaraq Leninin nəşi tam məxfi şəkildə Tümenə təxliyə edilib. O, Tümendə Kənd Təsərrüfatı Texnikumunun binasında saxlanılıb. Leninin nəşinin olduğu kimi saxlanılması və ona nəzarət akademik İlya Zbarskiyə həvalə edilib. O, hər on gündən bir proletarların rəhbərinin “vəziyyəti” haqqında telefonla birbaşa Stalinə məruzə edib.

1942-ci ildə Zbarski Leninin nəşinin bəzi hissələrində qara ləkələrin və kiflərin yaranmasını müşahidə edib. O, bu haqda təcili Stalinə məlumat verib. Onun sovet liderinə zəngindən dərhal sonra Stalin Mitreyevi yanına çağırıb. Yarım saatlıq məsləhətləşmələrdən sonra mütəxəssislərdən ibarət komissiya yaradılıb. Komissiyaya Mitreyev rəhbərlik edib. Elə həmin gün onlar Tümenə uçublar. Bir sutkalıq gərgin işdən, müayinələrdən sonra Mitreyev Stalinə zəng vurub:

  • Leninin nəşində heç bir ciddi dəyişiklik müşahidə olunmadı. O, sovet xalqının yaddaşında qalan simasını tam saxlayıb. Heç bir ciddi narahatlığa əsas yoxdur. Tərəfimizdən əlavə tədbirlər də görüləcək.

Mitreyev sovet səhiyyəsinin inkişafındakı xidmətlərinə görə dövlətin ən ali mükafatlarına, 3 dəfə “Lenin”, 4 dəfə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb. Bununla yanaşı o, bir neçə dəfə Stalindən təşəkkür də alıb.

Amma təltiflərə və təşəkkürlərə baxmayaraq Stalin rejiminin qara buludları Mitreyevin də başının üstündən yan keçməyib.

1947-ci ilin fevral ayında Mərkəzi Komitənin geniş tərkibli iclasında heç bir tutarlı əsas olmadan Mitreyev vəzifəsinin öhdəsindən gəlməməkdə günahlandırılıb. Stalin onun “günahlarının” Səhiyyə Nazirliyinin yoldaşlıq məhkəməsində araşdırılmasını göstəriş verib. “Ədalətli” sayılan yoldaşlıq məhkəməsi isə Mitreyevin uzun illər sovet səhiyyəsinə verdiyi töhfələri yox, Stalinin “mövqe”yini daha üstün tutublar. Mitreyev nazir vəzifəsində kənarlaşdırılıb.

Nazir kürsüsündən getdikdən sonra Mitreyev Dövlət Sanitariya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Sonralar Nikita Xruşov öz açıqlamalarında Mitreyevin fəaliyyətini aşağıdakı kimi xarakterizə edib:

“Mitreyev yüksək bacarığa malik səhiyyə təşkilatçısı idi. Müharibə illərində onun danılmaz xidmətləri var idi. Bəli, onun bilik və bacarığından yetərincə istifadə etdilər. Sonda isə yarasız bir nazir kimi vəzifəsindən uzaqlaşdırdılar. Stalin rejimində bu adi hal idi və bu cür hadisələr çox nazirlərin başına gəlmişdi...”

Georgi Mitreyev 1977-ci ildə, 76 yaşında vəfat edib. Sabiq nazir Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR