İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkə hesablarımızı necə qoruyaq - DİN-dən xəbərdarlıq

2090 20.10.2022 10:23 Texnologiya A A

Osman Gündüz: “Hər bir internet istifadəçisinin təhlükəsizliyini birinci onun özü qorumalıdır”

Daxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçilərinə müraciət edib.  DİN-in mətbuat xidmətindən Musavat.com-a daxil olan müraciətdə deyilir: “Profilimə kim baxdı”, “gizli hesabları görmə” kimi vədlər verən proqramlardan istifadə etməyin, naməlum linklərə daxil olmayın, istifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatlarınızı əlavə etməyin. Qeyd edək ki, bu tətbiqlərdən istifadə etməyiniz profillərinizin oğurlanması ilə nəticələnə bilər!"

Qeyd edək ki, son vaxtlar sözügedən proqramlar elə sosial şəbəkələr üzərindən rəsmi səhifələr vasitəsilə reklam edilir. Şəbəkə administrasiyası buna niyə imkan verir və istifadəçilərinə təhlükə olan səhifələrə öz platformasında şərait yaradır?

Azərbaycanda internet ciddi təhlükə ilə üz-üzədir - Osman Gündüz

Mövzu ilə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a danışıb:

“Əslində DİN doğru bəyanat yayıb. İnternetdə çox sayda istifadəçiləri aldadan proqramlar var, hansı ki, onlar zərərlidir. Yəni reallıqda qeyd olunan xidmətləri göstərə bilmir, amma elə bir şirnikləşdirici təkliflər verir ki, insanlar üçün maraqlı olur və tora düşürlər. Məsələn, qeyd olunur ki ”başqasının şəxsi həyatını sizə göstərə bilərəm". Bir çox insanlar üçün də başqasının şəxsi həyatı maraqlı olduğu üçün bu proqrama daxil olur. Bu zaman müəyyən məlumatları verməli, özünün fərdi informasiyalarını yerləşdirməlidir və sairə. Beləliklə, əslində özünün şəxsi məlumatlarını verməklə, öz şəxsi həyatını təqdim etmiş olur.

Beləliklə, bu tip proqramlar çoxdur və düşünürəm ki, istifadəçilər, sadəcə, diqqətli, ehtiyatlı olmalıdırlar. Hər bir internet istifadəçisinin təhlükəsizliyini birinci onun özü qorumalıdır. Yəni hökumət, sosial media resursunun, o cümlədən “Facebook”, “İnstagram”ın sahibi deyil, istifadəçisinin özü özünü qorumalıdır. Elementar təhlükəsizlik qaydalarına əməl olunmalı, daxil olan mesaj və məktublara, çağırışlara, şirinkləşdirici təkliflərə uymamalı, ehtiyatlı davranmalı, antivirus proqramlardan istifadə edilməli, hər proqram mobil telefona yüklənməməlidir və sairə. Bütün bunlar istifadəçinin özündən asılı olan məsələlərdir. Yəni hansısa bir proqramı yükləyəndə telefonda olan əməliyyat sistemi onu, sadəcə, xəbərdar edə bilər ki, proqramda təhlükə var. Əgər vətəndaş buna baxmayaraq həmin proqramı telefonuna yükləyirsə, artıq problem onun olur. Bu zaman əlbəttə ki, onun məlumatları oğurlana, sosial media hesabları ələ keçirilə, şantaj oluna bilər. Yəni artıq məsələnin kriminal mərhələsi gəlib çatır. Təbii ki, vətəndaşdan sonra onun təhlükəsizliyini  cavabdeh aidiyyəti qurumlardır. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti fəaliyyət göstərir. Doğrudur, son vaxtlar bu qurum aktivləşsə də, hesab edirik ki, fəaliyyəti qənaətbəxş deyil. Bu qurum daim informasiya, metodiki, maarifləndirici iş aparmalıdır. Çünki Elektron Təhlükəsizlik Xidməti məsuliyyət daşıyır. Ona görə də qurum öz  fəaliyyətini gücləndirməli, xeyli işlər görməlidir".

Məlumata görə, dünya üzrə təkcə 2012-ci ildə 12 milyon insan profili oğurlanma,  məlumat sızmasının qurbanı olub. Bu hadisə ABŞ-da müştərilərin məxfi məlumatlarını idarə edən maliyyə təşkilatlarının ümumilikdə təxminən 21 milyard dollar pul itkisinə səbəb olub. Həmçinin “Facebook”, “Snapchat”, “İnstagram” kimi geniş yayılmış ictimai sosial şəbəkələrdə fotoşəkillərlə yanaşı mövcud yerləri paylaşa bilən xüsusiyyət var. Sosial şəbəkələrdə saxta tətbiqlər və linklər mövcuddur. İstifadəçi həmin linkə daxil olduqda onun mobil nömrəsi, e-mail ünvanı və s. kimi şəxsi məlumatları həmin tətbiqlər tərəfindən oğurlana bilir.

Mütəxəssislər sosial şəbəkələrdə daha təhlükəsiz olmaq üçün aşağıdakıları tövsiyə edir:

Şəxsi məlumatlarınızı hər kəslə bölüşməmək məsləhətdir.

Paylaşdığınız məlumatları istəmədəyiniz şəxslər üçün bağlayın. Paylaşılan video və fotolar təhlükəli məqsədlər üçün istifadə bilər. Xüsusilə müharibə şəraitində yaşadığımıza görə döyüşlər zamanı edilən paylaşımlara xüsusi diqqət yetirilməlidir.

Tanımadığınız şəxslərin dostluq təkliflərini qəbul etməyin. Onların hansı məqsədlə sizə dostluq atdığı, niyyətlərinin nə olduğu məlum deyil.

Güclü parol yaradın və parolunuzu heç kimlə bölüşməyin. Ad, doğum tarixi, telefon nömrəsi kimi məlumatları şirfələmədə istifadə etməyin. Daha çox rəqəmdən, böyük hərflərdən, fərqli simvollardan istifadə edin. Şifrəniz nə qədər güclü olsa, risk daha az olacaq.

İstifadəçilərin diqqətini çəkən “Qazandınız” və “Pulsuz” kimi mesajlardan ehtiyatlı olun.

Sosial profillərinizi tez-tez nəzərdən keçirin və hər bir şəxsi məlumatların qorunmasına diqqət yetirin. Sosial şəbəkələrin gizlilik xidmətlərinə riayət edin.

Saxta tətbiqlər və zərərli ola biləcək linklərə daxil olmayın. Bunlar həm virus, həm də kiberterrorizm xarakterli ola bilər.

Gələn mesajların və sorğuların bloklanması kimi sosial şəbəkə tərəfindən təklif olunan genişləndirilmiş gizlilik seçimlərindən istifadə edin.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR