İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Ermənistana Təbriz üzərindən silah daşınır

1290 23.08.2023 09:28 Gündəm A A

Hindistan Güney Azərbaycanın Təbriz şəhərindən keçməklə, tranzit olaraq Ermənistana silah tədarükünü davam etdirir. Musavat.com haqqin.az-a istinadla xəbər verir ki, Ermənistana silah aparan yük maşınları avqustun 18-də Təbriz sakinləri tərəfindən mobil telefonla lentə alınıb. Belə ki, Təbrizin Şordərə rayonundan üzəri brezentlə örtülmüş hərbi texnikanın olduğu qoşqular keçib.

Xatırladaq ki, daha əvvəl Hindistan istehsalı olan “Pinaka” reaktiv yaylım atəş sistemlərini Ermənistana daşıyan yük maşınları Zəngəzurdan keçərkən Azərbaycan sərhədçilərinin texniki müşahidə avadanlığı tərəfindən qeydə alınmışdı.

Bunu da yada salaq ki, ötən il Ermənistan Hindistandan yüz milyonlarla (təxminən 400 milyon) dollar dəyərində silah və hərbi texnika sifariş edib. Onların arasında reaktiv yaylım atəşi sistemləri, artilleriya və təkərli minaatanlar, həmçinin hava hücumundan müdafiə sistemləri var. Bağlanmış müqavilələr əsasında Hindistan artıq Ermənistana silah tədarük etməyə başlayıb.

Rəsmi Bakı Hindistanın Ermənistanı silahlandırmasına etiraz edərək Dehlinin bu addımının regionda sülhün əldə olunmasına mane olduğunu vurğulayıb.

Bununla belə, kapitulyant ölkənin silahlandırılması davam edib, özü də Güney Azərbaycan üzərindən. Niyə məhz İran və niyə məhz Təbriz? İkincisi, Hindistan silahları Azərbaycan üçün nə dərəcədə təhlükə kəsb edə bilər?

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “Azərbaycan Hindistanla əlaqələrinə yenidən baxmalıdır”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı rəsmi Bakının Dehli ilə münasibətlərinə göz gəzdirməsinin vacibliyini qeyd etdi: “İran dövləti 30 ildir ki, bütün gücü ilə hərbi, enerji, silah-sursatla məscidlərdə donuz saxlayan, müsəlman körpələrinin diri-diri dərisini soyan düşmən Ermənistana yardım edir, dəstək olur. İran Rusiyadan sonra ikinci dövlətdir ki, ermənilərə hərtərəfli kömək edir. Heç bunu gizlətmirlər də. 44 günlük Vətən müharibəsində hərbi texnikaların İrandan Ermənistana daşınmasının şahidi olduq. Azərbaycan Ordusunun Zəngilanda qarşısına çıxması faktına da şahidlik etdik.

Ermənistanı müdafiə etmək İranın dövlət siyasətidir. Torpaqlarımız işğal olunandan sonra Azərbaycanın 20% işğal olunmuş kəndlərində, qəsəbələrində, şəhərlərində yüz, on minlərlə evləri söküb, talançılığı edən də İran olub. Bir daşı daş üstündə qoymayan İran olub. Onlarla belə fakt sadalamaq olar. İndi də biz bir neçə gün bundan qabaq Hindistandan hərbi maşınların Ermənistana daşınması videogörüntülərini gördük. Hindistan dost ölkə olan Pakistana onunla apardığı düşmənçiliyə görə işğalçı Ermənistana bu cür dəstəklər verməkdədir. Ancaq unutmasınlar ki, 30 il ərzində bundan dəfələrlə çox, milyardlarla dollar həcmində, özü də pulsuz olaraq Rusiya Ermənistanı silahlandırdı. “İsgəndər-400" raketini belə, Rusiya ermənilərə vermişdi. 44 günlük müharibədə həmin silahların böyük əksəriyyəti məhv edildi və yaxud da hərbi qənimət kimi ələ keçirildi.

Bu gün Ermənistana silah verən ölkələr ermənilərə ən böyük pisliklərini edirlər. Biz erməni mətbuatını, televiziylarını izləyirik, ağıllı və düşüncəli adamları bildirirlər ki, müharibədə ermənilərin gələcək nəsilləri məhv edilib. Minlərlə gənci müharibədə həyatını itirib, erməniləri genefondu məhv olub. Onu da çox yaxşı bilirlər ki, növbəti müharibə daha böyük fəlakətlərinə səbəb olacaq. Azərbaycan Hindistanla əlaqələrinə yenidən baxmalıdır və rəsmi Dehlini bu yoldan çəkindirməlidir. Bununla yanaşı, Azərbaycan rəsmi Tehrana da öz kəskin mövqeyini bildirməlidir.

Bütün hallarda istənilən silah insan həyatına son qoyur, bu silahı hansı dövlət istehsal etməsindən aslı olmayaraq. Ancaq ermənilər qanmalıdılar ki, Azərbaycan tərəfi dünyanın ən müasir silahına sahib olan İsrail, Türkiyə və digər ölkələrdən silah alır və ən müasir silahla təchiz olunur. Ermənilər başqa ölkələrin əllərində vasitə kimi istifadə olunmalarına son qoymalıdırlar. Əks halda ən böyük ziyanı özləri görəcək".

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi - FOTO - Azinforum.az  İnformasiya Portalı

Səxavət Məmməd: “Azərbaycan tərəfinin aldığı silahlar daha keyfiyyətli və effektivdir”

Hərbi ekspert Səxavət Məmməd Vətən müharibəsindən sonra yeni reallıqların yaranmasından söz açdı: “Ermənistan 44 günlük müharibədən əvvəl silah tədarükünü əsasən Rusiyadan edirdi. Serbiyadan isə xüsusilə minaatanlar və mərmilər alırdı. Müharibədən sonra yeni reallıqlar yarandı. Ermənistan üzünü Hindistan bazarına tutdu. Bunun da bir neçə səbəbi var. Bu səbəblərdən birincisi, bu, Hindistanın regiondakı maraqları ilə bağlıdır. Hindistan Çinlə çox ciddi rəqabət içərisindədir. Yeri gəlmişkən, Hindistanın əhalisi Çin əhalisini ötüb və iqtisadi göstəricilərə görə də Hindistan Çini keçmək üzrədir. Müharibə bitər-bitməz məlum oldu ki, Çin istehsalı məhsulların Avropa bazarlarına çıxarılması üçün böyük layihə var. Hindistan da buna bənzər layihə təqdim edir. Hindistanın layihəsi Çin və İngiltərənin layihəsindən fərqli olaraq fərqli marşrut üzərində qurulub. Hindistan istehsal etdiyi məhsulları İran, Ermənistan və Gürcüstandan keçməklə Avropaya çıxarmağı hədəfləyir. Bu da Hindistanla Ermənistanı yaxılaşdırır. 44 günlük müharibə zamanı Ermənistan ciddi hərbi texnika itirdi. Hindistan da bunu bilir və kiçik də olsa Ermənistan bazarına girməyi hədəflədi.

Ermənistan Hindistandan hərbi texnika, hava hücumundan müdafiə vasitələri xeyli müddət əvvəl almışdı. Həmin məhsullar İrandan gözlənilirdi. Rusiya həmin texnikaların Ermənistana keçməsinə icazə vermirdi. Rusiya müharibədən əvvəl Ermənistanı ucuz qiymətə, uzunmüddətli kreditlə silahlarla təmin edirdi. Ancaq Ermənistan ilk fürsətdə Hindistandan silah almağa başladı. Bundan əlavə, Rusiya ilə İran münasibətləri son dərəcə yaxşı idi. Rusiya İrandan dronlar və raketlər alaraq Ukrayna cəbhəsində istifadə edirdi. Daha sonra Rusiya ilə İran münasibətlərində gərginlik yarandı. Elə bundan sonra İrandan gözlənilən hərbi texnikalar Ermənistana təhvil verildi. Azərbaycanda bəziləri Hindistan silahlarını ciddiyə almır. Bu məsələyə dırnaqarası baxırlar. Düzdür, Hindistan dünyanın adlı-sanlı silah istehsalçısı sayılmasa da, ancaq istehsal etdikləri silahlar göstəricilərinə görə, digər ölkələrdən heç də geri qalmır".

Hərbi ekspert Ermənistanın silah alışı məsələsində Hindistana üz tutmasının əsl səbəblərindən birini də açıqladı: “Azərbaycanla Ermənistanın aldıqları yeni silahları müqayisə etsək, Azərbaycan tərəfinin aldığı silahlar daha keyfiyyətli və effektivdir. Hazırkı qüvvələr nisbətini müqayisə etmək belə doğru deyil. Ermənistanın Hindistana üz tutmasına əsas səbəblərindən biri də, Hindistanın ucuz silah istehsalçısı olmasıdır. Azərbaycan tərəfinin Hindistana etiraz etməsini anlamaq olar. Ancaq onu da bilməliyik ki, silah ticarəti ölkələr arasındakı münasibətlərdən asılıdır. Etirazlar bu ticarət əlaqəsini dayandırmayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR