İnsanlara hürriyət, millətlərə istiqlal!

FƏZAİL AĞAMALI “YENİ MÜSAVAT”a “KQB İTTİHAMI”ndan YAZIR

6099 22.01.2013 16:43 Siyasət A A

E.Əliyev müsahibəsində Əbülfəz Elçibəyin 1975-ci ildə həbs olunması epizoduna da toxunub. Bildirib ki, Elçibəyin həbsinə o vaxt Fəzail Ağamalının bir səhvi səbəb olub. F.Ağamalı isə özü haqda irəli sürülən bu ittihamla bağlı “Yeni Müsavat”a müəllif yazısı göndərib. Onun məqaləsini olduğu kimi çap edirik.

***

Mənim Elçibəyə qarşı istintaqın aparılması və onun həbsi ilə bağlı KİV-ə verdiyim açıqlamalarda epizodik şəkildə, şəxsiyyətinə toxunmadan, aşağılamadan adını çəkdiyim DTK polkovniki Eldəniz Əliyev “Yeni Müsavat”ın 19 yanvar tarixli sayında mənə qarşı qəzəbindən doğan emosiyalarını cilovlaya bilməmiş və bir sıra məsələlərdə ciddi səhvlərə və yanlışlıqlara yol verən açıqlamalarla çıxış etmişdir. Açıqlamalarında təkəbbür, özü haqda yüksək fikir və eqoizm açıq-aydın görünür. Faktlar üzərində manipulyasiya etmək onun peşəsindən doğan bir vərdişdi və təəssüf ki, bu vərdiş həmin müsahibədə də açıq görünməkdədir.
Eldəniz Əliyevin müsahibədə mənimlə bağlı dediyi fikirlərə aydınlıq gətirməyi vacib hesab edirəm. İlk növbədə 1975-ci ilin əvvəllərində Bakıya istintaqa çağırılmağım haqda. Həmin gün təqribən saat 12-13 radələrində qrupda seminar apararkən auditoriyanın qapısı döyüldü və mənim icazəmlə tələbəm, DTK Naxçıvan şöbəsinin agenti kimi şübhələndiyim İlyas adlı şəxs içəri daxil olaraq məni koridorda gözləyənin olduğunu dedi və koridora çıxanda Eldəniz Əliyevi gördüm. O, məni xidməti “UAZ” markalı maşına dəvət etdi və “xəbərin var, Əbülfəz Əliyevin istintaqı gedir” deyə sual etdi. İstintaqdan xəbərim olsa da “xeyr” cavabı verdim. E.Əliyev məni yaşadığım binaya qədər gətirdi və “get hazırlaş, bu gün qatarla Bakıya gedəcəksən, vağzalda görüşərik” deyərək sağollaşdı.
Evə gəldim, yoldaşıma Əbülfəz müəllimin istintaqına çağırıldığımı deyib, kitabların arasında gizlətdiyim bir sıra sənədləri və Əbülfəz müəllimlə yazışmalarımı yandırmağı ona tapşırdım. Yoldaşımla, nənəmlə və 2 azyaşlı oğlumla vidalaşaraq vağzala getdim. Eldəniz Əliyev orada məni gözləyirdi. Noraşen-Bakı qatarında kupeyə olan bileti mənə verib, saat 9-da DTK-nın binasında olmağı, komendantlığa yaxınlaşmağı və müstəntiq Əziz Rəsulova zəng etməyi söylədi. Mən o dediyi kimi də etdim və məni vağzalda kimsə qarşılamadı.
1975-ci ildə E.Əliyev baş leytenant idi. Başqalarını deyə bilmərəm, mən nəinki onun, baş leytenantın, heç generalın da qarşısında baş əyməmişəm. Bəli, E.Əliyev hansı səbəbdənsə instituta gələndə hər kəs təşviş keçirirdi ki, görəsən, kim üçün gəlib. Çünki rejim və onun E.Əliyev kimi daşıyıcıları çox qorxulu və təhlükəli idi.
Qeyd edir ki, Elçibəyin üzərində bütün nəzarəti guya o həyata keçirib. Elçibəyin üzərində nəzarət 1969-1974-cü illərdə tətbiq olunub və o, 1975-ci ildə məhkəmənin hökmü ilə il yarımlıq müddətə həbs edilib. Özünün dediyi kimi, E.Əliyev 1970-ci ildə DTK-nın Naxçıvan komitəsinə işə qəbul olunub. Sual olunur: Bakıdan 700 km-ə qədər məsafədə yerləşən Naxçıvandan Bakıda yaşayan və işləyən Elçibəyə işə təzəcə başlayan leytenant necə nəzarət edə bilərdi? Bu ki absurddu.
Ola bilsin, çox sonralar Bakıda, DTK-nın Respublika Komitəsində fəaliyyətini davam etdirdiyi illərdə o, bu “şərəfli” vəzifəsini nəzərdə tutur. Həmin illərin isə mənə qətiyyən aidiyyəti yoxdu.
Sonra haqlı olaraq göstərir ki, Elçibəy universitetdə müəllimliyə başladığı elə ilk illərdə dərnək yaradıb və o dərnəyin üzvlərindən də biri Fəzail Ağamalı idi. Və bu fakt DTK-ya bəlli olub. Elçibəyin bütün hərəkətləri haqda universitetdə dərs deyən KQB-nin agentləri o zaman KQB-nin universitetdə kuratoru olan Arif Qurbanova çatdırırdılar.
Düz deyir, mən onlardan hələlik bir neçəsinin adını çəkirəm: tarix fakültəsinin əməkdaşlarından etnoqrafiya fənnini tədris edən Adil Sadıqov, Azərbaycan tarixi kafedrasının müdiri Məmməd Əfəndiyev, SSRİ tarixi kafedrasının müəllimi Abdulvahab Abbasov, Əbülfəz müəllimlə eyni kafedrada çalışan Məhəd Sofiyev, tarix fakültəsinin müəllimi Həvil Həvilov, şərqşünaslıq fakültəsinin müəllimi Nafiz Musayev, tarix fakültəsinin tələbələrindən Aydın Hacıyev, Fərhad Vahabov, Fəxrəddin Rəfiyev, Namiq Zeynalov və s. şəxslərdən yazılı və şifahi dosyelər alan DTK üçün Elçibəyin işini leqallaşdırmaq məqsədilə DTK-da yüksək vəzifə tutan zabitin oğlundan ərizə almaq olduqca gülünc görünür. Əvvəla, E.Əliyevdən daha məlumatlı, vəzifəcə ondan qat-qat yuxarı pillədə dayanan Yəmən Yusifov modern.az saytına verdiyi açıqlamada Həsən Həsənovun, Vahabovun (Fərhad) ərizəsi əsasında Elçibəyə 1974-cü ildə iş açıldığını deyir. Digər tərəfdən, “şeytana papaq tikməyi” ustalıqla bacaran KQB üçün istənilən sovet vətəndaşına, o cümlədən sovet imperiyasını, rus şovinizmini, Azərbaycanın azadlığını, bütövlüyünü və türkçülüyü açıq mətnlə dilə gətirən Elçibəy haqda cinayət işini açmaq su içmək qədər asan idi.
Hadisənin qısa təfərrüatı belə idi: universitetin (o vaxtkı Azərbaycan Dövlət Universiteti-red.) E.Əliyevin dediyi kimi, axırıncı deyil, III kursu bitirən bütün tələbələri, o cümlədən mən ehtiyatda olan zabit rütbəsi almaq üçün 1969-cu ilin iyul-avqust aylarında Gəncədəki hərbi hissələrin birində hərbi təlimdə olduq.
Bizim axşam saat 7-dən sonra sərbəst vaxtımız olurdu və çox zaman hərbi hissənin həyətindəki “besetka”ya yığışıb müxtəlif mövzuda söhbətlər edir, ayrı-ayrı məsələlər ətrafında diskussiyalar aparırdıq. Mən bu cür müzakirələrdə sovet imperiyasının dağılacağı, Azərbaycanın müstəqil və bütöv dövlət olacağı haqda fikirlər söyləyirdim. Bu haqda bildiyim, bacardığım qədər tez-tez tələbə yoldaşlarımla söhbətlər edirdim. Bu, mənim üzərimə düşən missiya idi. Həmin fikirləri demək olar ki, hər yerdə təkcə mən deyil, dərnəyin bütün üzvləri deyirdi.
Belə müzakirələrin birində DTK-da yüksək vəzifə tutan İlhüseyn Hüseynovun oğlu Arif Hüseynov da iştirak edirdi. Xatırlayıram ki, hələ o anda adını bilmədiyim Arif mənim fikirlərimin əleyhinə getdi və qısa da olsa aramızda mübahisə baş verdi.
Həmin hadisədən bir neçə gün sonra bizim alayın komandiri, tələbə yoldaşımız Yaşar Məsimov məni təlim rəhbərimiz, milliyyətcə ukraynalı olan polkovnik-leytenant Yefimovun yanına apardı. O, mənim alayımın dəyişildiyini dedi və mənə danışıqlarımda ehtiyatlı olmağı tövsiyə etdi. Beləliklə, Arif Hüseynovla eyni alayda təlimimizi davam etdirdim.
Daha iki gün keçdi və bizi tibbi müayinədən keçirmək üçün tibb məntəqəsinə apardılar və məni “xəstə” diaqnozu ilə beş-altı çarpayısı olan palatada yerləşdirdilər. Səhəri gün yanıma fizika-riyaziyyat fakültəsinin tələbəsi Balaheydər adlı “xəstə”ni yerləşdirdilər. Və o, mənim düşüncələrimi, fikirlərimi yavaş-yavaş, ehtiyatla yaddaşına yazaraq bir neçə saatlıq yoxa çıxır, yenidən mənə palata yoldaşlığı edirdi. O, mənimlə söhbətlərində Ziya Bünyadovun, Elçibəyin, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın adlarını çəkir və mən onlara rəğbətimi gizlətmirdim. Və bu rəğbət açıq mətnlə ifadə olunmurdu. Balaheydər hərbi təlimdən sonra da yaşadığım yataqxanaya tez-tez gələr və məni öz yapalaq “Zaporojets”i ilə şəhər gəzintisinə çıxarardı. Son vaxtlara qədər Balaheydər Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsində çalışırdı.
Sonda bir daha xatırlatmaq istərdim ki, Elçibəyin həbsinə səbəb Eldəniz Əliyevin iddia etdiyi kimi, mənim səhvim olmayıb. Əbülfəz bəyi millətinin azadlığı, vətəninin bütövlüyü uğrunda apardığı mübarizəyə görə həbs etdilər. Bu mübarizə bioqrafiyamızın şərəfli səhifələrindəndir. Zatən biz azadlıq ideyalarını, düşüncələrimizi qıfıl altında saxlamalı deyildik. Onu təbliğ edir, ətrafımıza çoxsaylı soydaşlarımızın cəlb olunması üçün çalışır, təbliğat aparır, B.Vahabzadənin “Gülüstan” poeması, Xəlil Rzanın sandıq ədəbiyyatından nümunələri, Şəhriyarın

“Bəsdir, fəraq odlarından kül ələndi başımıza
Dur ayağa ya azad ol, ya tamam yan, Azərbaycan!"

misraları yazılmış minlərlə fotoşəkilini yayırdıq. Bu, 1968-1971-ci illərə təsadüf edirdi. O zaman kəsiyində Eldəniz Əliyev komsomol işində çalışır və KQB-nin əlifbasını təzə-təzə öyrənirdi.
P.S. KİV-ə verdiyim açıqlamalarımda dediyim kimi, həmin illərə mümkün qədər tam aydınlıq gətirməyə çalışacağam. Artıq bununla bağlı araşdırmalara başlamışam.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR