İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyev Milli Şuradan və ACP-dən istefa verdi

2095 17.09.2013 09:30 Siyasət A A
Xatırladaq ki, Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova Rəsul Quliyevin spiker olduğu dövrdə YAP-ın üzvü və deputat olublar. Rəsul Quliyev spiker vəzifəsindən getdikdən və ADP-yə rəhbər gəldikdən sonra onlar da YAP-dan istefa verib ADP-yə keçmişdilər. 2007-ci ildə Rəsul Quliyev tərəfdarları ilə birlikdə ADP-dən çıxanda adıçəkilən xanımlar da getdilər və ACP-nin yaranmasında iştirak etdilər. 2008-ci ildə isə Solmaz Ələsgərova daha bir transferini etdi. Bu dəfə o, ACP-ni tərk edib Çingiz Dəmiroğlunun rəhbərlik etdiyi Tərəqqi Partiyasına qoşuldu. Sülhəddin Əkbər ACP-yə sədr gəldikdən və passiv vəziyyətdə olan partiyanı dirçəltdikdən sonra Solmaz Ələsgərova yenidən ACP-yə qayıtdı. İki gün öncə isə rəfiqəsi Zəminə Dünyamalıyeva ilə birlikdə ACP-dən gediblər. 
Dünən isə ACP ilə bağlı daha sensasiyalı hadisə baş verib. 
Rəsul Quliyevin müşaviri Ağasif Şakiroğlu bildirib ki, eks-spiker qurucusu və lideri olduğu Açıq Cəmiyyət Partiyasından və Milli Şuradan istefa verib. Belə bir bəyanatla R.Quliyev dünən yaydığı videomüraciətdə də çıxış edib. R.Quliyev ACP nizamnaməsinə görə, bu partiyanın lideri statusunu daşıyırdı. O, bu statusdan imtina edib. R.Quliyev ACP-dən imtinası ilə bağlı çox qəribə bir əsas gətirib: “Respublikada olan mənim tərəfdarlarımın maksimum 5 faizi ACP-də cəmləşib. Yerdə qalan 95 faizi müxtəlif partiyalarda olanlar və ən çoxu heç bir partiya üzvü olmayan və olmaq istəməyənlərin arasındadır. Belə bir vəziyyətdə mənim ACP-nin lideri kimi qalmağım düzgün deyildir, əksinə, belə bir qərarı gərək 10 il bundan öncə qəbul edərdim”.
R.Quliyev qeyd edib ki, ACP üzvləri ilə bu məsələni müzakirə edəcək və onun qərarına hörmətlə yanaşacaqlar: “Əlbəttə, mən partiyada olmasam belə, bizim mübarizəmiz bir yerdə davam edəcək. Sadəcə olaraq, mübarizənin masştabını böyütməliyik. O ki qaldı İctimai Palatanın liderlərinə, mən onları heç 2 il bundan öncə də müxalifət hesab etmirdim”.
ACP sədri Sülhəddin Əkbər isə dünən “Yeni Müsavat”a açıqlamasında Rəsul Quliyevin belə bir müraciəti yaymazdan xeyli öncə onunla danışdığını bildirdi: “Mənə belə bir qərara gəldiyi barədə məlumat vermişdi. Mən də onun qərarına hörmətlə yanaşıram. Rəsul Quliyev videomüraciət yayaraq ACP liderliyindən çəkildiyini bəyan edib. Rəsul Quliyevin ACP-nin üzvlüyündən də çıxdığı videomüraciətdə aydın şəkildə bilinməsə də bu məsələ oktyabrın 19-da ACP-nin toplantısında aydınlaşacaq. Mən Rəsul Quliyevin danışığının məntiqindən belə nəticə çıxardım ki, böyük ehtimalla partiya üzvlüyündən də çəkiləcək. Məncə, Rəsul Quliyev düzgün qərar qəbul edir. Özünün də bəyan etdiyi kimi, onun müstəqil fəaliyyət göstərməsi, yalnız bir partiyaya bağlanması onun siyasi mövqeyini daha da gücləndirəcək. Ona daha geniş manevr imkanı verəcək. Mən açıq, səmimi mövqe qoyduğuna görə Rəsul müəllimə təşəkkürümü bildirirəm. Uzun bir dövrdə onunla çox maraqlı və faydalı çalışmamız oldu və bunu çox yüksək qiymətləndirirəm. Bundan sonra da siyasi fəaliyyətini davam etdirəcəyini, demokratiya uğrunda mübarizə aparacağını bildirdi. Mən bu mübarizədə ona uğurlar arzulayıram. Ümumi demokratik mübarizədə də birgə əməkdaşlığımız düşünürəm ki, davam eləyəcək”.
“Rəsul Quliyevin yoxluğu ACP daxilində hansısa problemlərə yol aça bilərmi” sualına cavabında S.Əkbər dedi ki, oktyabrın 17-də partiya rəhbərliyinin toplantısını keçirib, hər kəs bundan sonra da fəaliyyətini davam etdirmək niyyətindədir: “Şənbə günü daha geniş tərkibdə rayon təşkilatlarının sədrlərinin də iştirakı ilə toplantımız olacaq. Rəsul bəyin özünün həmin toplantıya videomüraciəti olacaq. Partiyada böyük itkilərin olacağını düşünmürəm. Heç şübhəsiz ki, Rəsul Quliyevin partiyadan çəkilməsi ilə bağlı kimlərsə partiyadan gedə bilər. Amma böyük itkilərin olacağını düşünmürəm. Hələlik getməklə bağlı müraciət yoxdur”.
“Rəsul Quliyevin getməsində sizinlə hansısa fikir ayrılığının olması rol oynamır” sualına S.Əkbər belə cavab verdi: “Bizim aramızda qətiyyən heç bir anlaşılmazlıq, fikir ayrılığı yox idi. Xüsusilə strateji məsələlərdə heç zaman fikir ayrılığımız olmayıb. Taktiki məsələləri də hər zaman birgə müzakirə edib birgə qərarlar vermişik. Mən partiya lideri kimi Rəsul bəyin fikirlərinə hörmətlə yanaşmışam. O da mənim fikirlərimə hörmətlə yanaşıb. Rəsul bəyin gedişində heç bir partiyadaxili məsələnin rolu yoxdur”.
S.Əkbər sonda bəyan etdi ki, ACP indiyə qədər hansı mövqedə olubsa, həmin mövqeni davam etdirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR